Məhkəmə qərarları › İş №2(078)-985/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-985/2022

31.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-985/2022 31.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Naxçıvan şəhər 3 saylı Notariat Ofisinə qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 adından Vəkil cavabdehlər Cavabdeh2 və Naxçıvan şəhər 3 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakda İddiaçı1 və İddiaçı2 paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşlar. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi və təmsil etdiyi şəxslər-İddiaçı2 və İddiaçı1 dediklərinə əsasən mərhum anaları X5 xx.xx.2022-ci il tarixində vəfat edib, ölümündən sonra ünvan 2 ünvanında yerləşən əmlak miras qalmışdır. Mərhum anaları S. Hüseynovanın ölümündən sonra iddiaçılar İddiaçı2 və İddiaçı1 mirasın qəbul müddətin yəni üç ayı müddəti buraxmadan notariat kontoruna mirasın qəbul edilməsi ilə əlaqədar ərizə verərək mirası qəbul etmişdir. X1 vərəsələri - Cavabdeh2, İddiaçı2 və İddiaçı1dır. Mərhum anaları X5, ataları X10 ilə 18 dekabr 2000-ci il tarixində boşanmışdır. X1 ölümündən sonra ünvan 3 ünvanında yerləşən mirası qızları İddiaçı2 və İddiaçı1 notariat kontoruna ərizə verməklə qəbul etmişlər, həm də mərumun ölümündən sonra orada qalıb yaşamaqla mirası qəbul ediblər. Cavabdeh2 1980-ci illərdən Naxçıvan şəhərindən getmiş, həmin tarixdəndir ki, bir dəfə də olsun maraqlanmamış və Naxçıvana gəlməmişdir. Vəkil və nümayəndəsi olduğu İddiaçı2 və İddiaçı1 vərəsəlik şəhadətnaməsinin alınması üçün Naxçıvan şəhər üç saylı notariat ofisinə müraciət etmişdir. Üç saylı notariat ofisi 24 avqust 2022-ci il tarixli məktubunda vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək paylan müəyyən edə bilmədinindən məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb iddiaçılar İddiaçı2 və İddiaçı1 miras əmlakda payların müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 və cavabdeh təşkilat Naxçıvan şəhər 3 saylı Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh2 və cavabdeh təşkilat Naxçıvan şəhər 3 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X7 ifadəsində bildirdmişdir ki, İddiaçı1 oğludur. Hazırda sözügedən evdə o yaşayır. Dayısı Rasimi heç vaxt görməmişdir. Heç neçə illərdir ki, anasının da ondan xəbəri yoxdur. Dayısı hələ nənəsinin sağlığında həmin evdən çıxıb. Məhkəmə baxışı iclasında şahid X10 ifadəsində bildirmişdir ki, iddiaçılar onun qızlarıdır. Cavabdeh isə onun oğludur. 20-25 il bundan qabaq oğlu çıxıb Ukrayna Respublikasına getdi. Bir daha da geri gəlmədi. Heç neçə illərdir ki, ondan xəbəri yoxdur. Hələ gedən zaman ona demişdir ki bir daha Azərbaycana qayıtmayacaq. Haliyyədə həmin evdə nəvəsi Anar yaşayır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçıların vəkili və nümayəndəsinin izahatlarını, şahidlərin ifadəsini dinləyib, onları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Mülki işin materiallarında olan Texniki İnventarlaşdırça və Mülkiyyət Hüquqları İdarəsinin Qeydiyyat Vəsiqəsindən aydın olur ki, Naxçıvan şəhəri Azadlıq prospektində yerləşən üç otaq, dəhliz 58.5 kv.metr, o cümlədən yaşayaış sahəsi 45.90 kv.metr ibarət olan bina 64 mənzil 15 yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası Prezidenti və M.Məclisinin 463-464 nömrəli 26 yanvar 1993-cü il tarixli fərman və qərarına əsasən X3 adına qeydə alınmışdır. Mülki işin materiallarında olan AZE 032594 nömrəli xx.xx.1971-ci il tarixli doğum haqqında şəhadətnamədən aydın olur ki, İddiaçı2 07 sentyabr 1971-ci ildə Naxçıvan şəhərində anadan olmuş, atası X10, anası X6r. Mülki işin materiallarında olan JQ 439668 nömrəli xx.xx.1973-cü-cü il tarixli doğum haqqında şəhadətnamədən aydın olur ki, İddiaçı1 xx xxxx 1973-cü ildə Naxçıvan şəhərində anadan olmuş, atası X10, anası X6r. Mülki işin materiallarında olan AZE ******* nömrəli xx.xx.1969-cu il tarixli doğum haqqında şəhadətnamədən aydın olur ki, Cavabdeh2 12 avqust 1969-cu ildə Naxçıvan şəhərində anadan olmuş, atası X10, anası X6r. İş materiallarında olan boşanma haqqında İİ-JQ 337598 nömrəli şəhadətnamədən aydın olur ki, X10 ilə X4 nikahları 18 dekabr 200-ci il tarixdə pozulmuş, bu barədə 48 nömrəli akt qeydi icra edilmişdir. Mülki işin materiallarında olan AZ-İ 872717 nömrəli ölüm haqqında şəhadətnamədən aydın olur ki, X5 16 fevral 2022-ci il tarixdə qanaxma və ya infarkt olduğu dəqiqləşdirilməmiş insult diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə 70 nömrəli akt qeydi icra edilmişdir. Mülki işin materiallarında olan Naxçıvan Şəhər İcra Başçısının 2 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş arayışdan aydın olur ki, X3 vərəsələri bunlardır: 1.Cavabdeh2-1969

2. İddiaçı2-1971 3.İddiaçı1-1973 Mülki işin materiallarında olan notarial qaydada verilmiş ərizələrdən aydın olur ki, İddiaçı1 və İddiaçı2Tofiq qızı xx.xx.2022-ci il tarixdə vəfat etmiş anaları X3 ölümündən sonra ondan qalmış bütün əmlakdan onlara çatan payı 23 may 2022-ci il tarixdə ərizə verərək qəbul etmişlər. Mülki işin materiallarında olan Naxçıvan Şəhər 3 saylı Notariat Ofisi tərəfindən verilən 24 avqust 2022-ci il tarixli 73 nömrəli məktubdan aydın olur ki, tərəflər arasında payın bölünməsi ilə bağlı mübahisə olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Burada nəzərə alınmalıdır ki, bu öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin faktiki qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edilir. Məhkəmə belə hesab edir ki, X1 vəfatında sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 qanunvericilikdə müəyyən edilmiş vaxtda-yəni miras qoyanın vəfatından sonra üç aylıq müddət ərzində notarial qaydada ərizə verərək miras əmlakı qəbul etmişlər. Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Plenum Qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq miras əmlakla bağlı bütün məsələlərin aydınlaşdırılmasını zəruri hesab edir və qeyd edir ki, bu halın müəyyən edilməsi iddia tələbindən kənara çıxarılma olaraq qiymətləndirilməməlidir. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 miras əmlakda hər birinin payının 1/2 hissədə müəyyən olunmasını qanuni və əsaslı hesab edir. Azırbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 05 oktyabr 2012-ci il tarixli Qərarında qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Belə ki, işin yuxarıda şərh olunmuş hallarından aydın olduğu kimi digər vərəsə Cavabdeh2 nə miras qoyanın sağlığında, nə yas mərasimində, nə də vəfatından sonra Naxçıvan şəhərində olmamış, miras əmlakı formal şəkildə qəbul etməsi barədə ərizə təqdim etməmişdir. Cavabdehin faktiki olaraq həmin miras əmlakı qəbul etməsi isə şahidlərin ifadələri ilə istisna olunur. Belə ki, cavabdeh ümumiyyətlə Naxçıvanda olmamışdır. Buna görə də mirası formal qaydada qəbul etmiş iddiaçıların hər birinin payı miras əmlakda ½ hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı2 tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 768 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıya qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia təmin edilsin. ünvan 4 ünvanında yerləşən mərhum X2 miras qalan mənzildə iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin payının ½ hissə olması müəyyən olunsun. İddiaçı2 tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 768 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar