Məhkəmə qərarları › İş №2(079)-108/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-108/2025

17.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-108/2025 17.03.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi və Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Cəfərov Əşrəf Mikayıl oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Babək Rayon Məhkəməsinə müraciət edərək 04 dekabr 1962-ci il tarixdə anadan olmuş həyat yoldaşı Cəfərov Əşrəf Mikayıl oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, həyat yoldaşım Cəfərov Əşrəf Mikayıl oğlu 04 dekabr 1962-ci il tarixdə Babək rayonu, Payız kəndində doğulmuşdur. O İİ qrup əlildir və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Babək rayon şöbəsində əlilliyi olan şəxs kimi qeydiyyatda dayanmaqla əmək pensiyası alır. Onun kənar şəsxin qulluğuna ehtiyacı vardır. Cəfərov Əşrəf Mikayıl oğlu özünü idarə etmək qabiliyyətində deyildir. Yəni mənim sayəmdə özünü idarə edir. Bundan başqa mülkiyyət hüquqlarımı, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzası lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən həyat yoldaşım Cəfərov Əşrəf Mikayıl oğlu həmin hüquqlarını həyat keçirə bilmir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında həyat yoldaşının xəstə olduğunu, sənəd lazım olduqda həyat yoldaşının onu alacaq vəziyyətdə olmadığını, yataq xəstəsi olduğunu, Əşrəfin probleminin yaddaş zəifliyi olduğunu, diaqnozunun isə Alzheymer xəstəliyi olduğunu, danışa bilmədiyini, on sözdən birini ancaq çatdırıb deyə bildiyini, yemək yemə, yerimə qabiliyyətini itirdiyini, heç bir şeyi dərk etmədiyini, beş ildir bu vəziyyətdə olduğunu, 35 il ərzində fizika-riyaziyyat müəllimi işlədiyini və əsəbdən belə bir xəstəliklə üzləşdiyini, son bir ildə isə tamamilə ağırlaşdığını, 2020-ci ildən bu diaqnozun ona qoyulduğunu, hərəkət edə bilmədiyini, onların köməyi ilə gəzdiyini, 2-ci qrup əlilliyə görə pensiya aldığını, dispanserdə qeydiyyatda olduğunu, gəlini və özünün ona qulluq etdiyini, hazırda 63 yaşı olduğunu və buna görə də məhkəməyə müraciət etdiyini bildirmişdir. Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında komissiya üzvlərinin ərizəçinin yaşadığı evə getdiklərini, ərizəçinin ailəsi və qonşuları ilə söhbətlər apardıqlarını, Cəfərov Əşrəf Mikayıl oğlunun fiziki cəhətdən normal görünsə də, onunla söhbət etdikləri vaxt əqli cəhətdən problemlərinin olduğunu gördüklərini, Əşrəfin verilən suallara cavab vermədiyini və orada heç kim yoxmuş kimi davrandığını, qonşuların da ailənin yaxşı olduğunu bildirdiklərini, komissiya olaraq sui-istifadə halının olmadığını müşahidə etdiklərini bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı barəsində ərizə verdiyi şəxs Cəfərov Əşrəf Mikayıl oğlu yaxın qohumu-həyat yoldaşı olması, X1 2362 nömrəli, 20 dekabr 2024-cü il tarixli arayışına əsasən Babək rayon, Payız kəndində qeydiyyatda olan 1962-ci il təvəllüdlü Cəfərov Əşrəf Mikayıl oğlunun “Altseymır xəstəliyi nəticəsində demensiya” diaqnozu ilə dispanser qeydiyyatında dayanması işin mübahisəsiz hallarıdır. Sözügedən hallar və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - iş materiallarına əlavə edilmiş V-JQ 378240 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cəfərov Əşrəf Mikayıl oğlu ilə Ərizəçi 28 iyul 1989-cu il tarixdə nikahlarının bağlanması; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 2362 nömrəli, 20 dekabr 2024-cü il tarixli arayışına əsasən Babək rayon, Payız kəndində qeydiyyatda olan 1962-ci il təvəllüdlü Cəfərov Əşrəf Mikayıl oğlunun 13 dekabr 2024-cü il tarixdən “Altseymır xəstəliyi nəticəsində demensiya” diaqnozu ilə dispanserdə dispanser qeydiyyatında durması; - Cəfərov Əşrəf Mikayıl oğluna məxsus 041519 nömrəli əlillik vəsiqənin surətindən 29 iyun 2021-ci il tarixdən müddətsiz ikinci dərəcə əlil olaraq qeydiyyatda olduğu; - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon X4 19 dekabr 2024-cü il tarixli, 3-17-9-1/2-C- 13687/2024 nömrəli arayışından Cəfərov Əşrəf Mikayıl oğlunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 405.64 AZN ( dörd yüz beş manat, altmış dörd qəpik) məbləğində İİ qrup əlilliyə görə (orqanizmin funksiyalarının 61- 80 faiz pozulmasına görə) əmək pensiyası alması; - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyi NMR Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, 1Y1WSDY0001 nömrəli qərarına əsasən Cəfərov Əşrəf Mikayıl oğluna erkən Alsheymer xəstəliyi (Serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları) diaqnozu qoyulduğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq Cəfərov Əşrəf Mikayıl oğlunun psixi vəziyyətini müəyyən etmək üçün 21 yanvar 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi təqdim edilənədək dayandırılmış, xx.xx.2025-ci il tarixdə mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi məhkəməyə təqdim edildiyindən təzələnmiş, iş üzrə hazırlıq iclası keçirilərək mülki iş məhkəmə baxışına təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 63 saylı rəyi ilə ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, Cəfərov Əşrəf Mikayıl oğlunda “Altsheymer xəstəliyi zamanı erkən demensiya” psixi xəstəliyi var. Cəfərov Əşrəf Mikayıl oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəktlərini idarə edə bilmək qabiliyyətində deyil. Cəfərov Əşrəf Mikayıl oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən maraqlı şəxs Cəfərov Əşrəf Mikayıl oğlunun iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası 04 mart 2025-ci il tarixli, 07 nömrəli rəyində qeyd etmişdir ki, komissiya üzvləri tərəflərin Naxçıvan şəhərində yerləşən evində olmuş, maraqlı şəxs Cəfərov Əşrəf Mikayıl oğlunun həyat şəraiti və psixoloji vəziyyəti ilə maraqlanmış, ailənin qonşuları ilə söhbət aparmış və müvafiq akt tərtib etmişdir. Müşahidələr zamanı məlum olmuşdur ki, Cəfərov Əşrəf Mikayıl oğlu əqli-cəhətdən normal davranışlar sərgiləmir, kömək olmadan hərəkət etmir, ona verilən heç bir suala cavab vermir, evdə heç kəs yoxmuş kimi davranır və şəxsin ətraf-mühiti dərk etmədiyi yəqin olunur. Qəyyumluq və Himayəçilik Komissiyası rəyin nəticə hissəsində Cəfərov Əşrəf Mikayıl oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbi ilə bağlı sui-istifadə halının olmadığını hesab etmişdir. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, Cəfərov Əşrəf Mikayıl oğlunda mövcud olan “Altsheymer xəstəliyi zamanı erkən demensiya” xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, 04 dekabr 1962-ci il tarixdə anadan olmuş Cəfərov Əşrəf Mikayıl oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: Ərizə təmin edilsin. 04 dekabr 1962-ci il tarixdə Naxçıvan rayonu Payız kəndində anadan olmuş Cəfərov Əşrəf Mikayıl oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar