Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-114/2022 12.05.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, Ərizəçi və Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi övladı Allahverdiyeva Qətilə Əlövsət qızını fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi 09 fevral 2022-ci ildə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 31 iyun 1993-cü il tarixdə Babək rayonu, Payız kəndində anadan olan övladı Allahverdiyeva Qətilə Əlövsət qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, 31 iyun 1993-cü il tarixdə anadan olan övladım Allahverdiyeva Qətilə Əlövsət qızı birinci qrup əlildir. O, artıq uzun illərdir ki, yataq xəstəsidir və ətrafda baş verən hadisələri dərk etmək və özünü idarə etmək qabiliyyətində deyildir, yəni mənim sayəmdə özünü idarə edir. O, “Y.Budaqov” adına Naxçıvan MR X4 10 oktyabr 2003-cü il tarixdən “Anadangəlmə əqli zəiflik.İmbesillik səviyyəsində” diaqonozu ilə qeydiyyatında dayanır. O, ayda 220 (iki yüz iyirmi) manat sosial müavinət və 130 (bir yüz otuz) manat prezident təqaüdü alır. Onun torpaq sahələrimizdə payı olduğu üçün torpaq sahəsi və digər daşınmaz əmlak üzərində hüquqlarımı həyata keçirə bilmirəm. Ərizəçi 25 aprel 2022-ci ildə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə müraciət edərək ərizədə övladı Allahverdiyeva Qətilə Əlövsət qızının doğum tarixini texniki səhvliklə 31 iyun yazdığını, onu “30 iyun” kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Ərizəçi məhkəmədə verdiyi izahatında 1991-ci ildə ailə qurduğunu, həmin nikahından 7 övladının dünyaya gəldiyini, Qətilənin ikinci övladı olduğunu, onun gec yeriyib-danışdığını, anadangəlmə xəstə olduğunu, 9 yaşından sonra yeriməyə başladığını, 12 yaşında isə danışmağa cəhd etdiyini, Qətilənin 1993-cü ilin iyun ayının 30-da doğulduğunu, 10 yaşından dispanserdə qeydiyyata alındığını, onun sərbəst yemək yeməyinə baxmayaraq, özünün Qətiləyə yemək verməyənə qədər onun gedib yemək götürə bilmədiyini, yəni onun övladına hər şeyi hazır verdiyini, Qətilənin sanki 2 yaşlı uşaq olduğunu, ona dövlət tərəfindən 300 manat miqdarında pensiya təyin edildiyini, hazırda Qətilənin 29 yaşı olduğunu, torpaq islahatı zamanı onlara Babək rayonu, Payız kəndində torpaq sahəsi verildiyini, amma özlərinin Zeynəddin kəndində yaşadıqlarını, həmin torpaq sahəsində Qətilənin də payının olduğunu, torpaq sahəsini başqa şəxslə dəyişdirmək istəmələrinə baxmayaraq, bunu həyata keçirə bilmədiklərini, həmçinin Qətiləyə şəxsiyyət vəsiqəsinin alınması zamanı da çox əziyyət çəkdiyini, bu səbəbdən də onun fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmasını istədiyini qeyd edərək, yekunda müraciətinin təmin edilməsini məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin - Allahverdiyeva Qətilə Əlövsət qızının səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 05 mart 2022-ci il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Allahverdiyeva Qətilə Əlövsət qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması tapşırılmışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X5 “08” aprel 2022-ci il tarixli, 29 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Allahverdiyeva Qətilə Əlövsət qızının hazırki psixi sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə Qətilə Allahverdiyevanı məhkəmə iclaslarına dəvət etməmişdi. Məhkəmə iclasında iştirak edən Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X8 verdiyi izahatında mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələrinin 04 aprel 2022-ci ildə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, 30 iyun 1993-cü il tarixdə anadan olan Allahverdiyeva Qətilə Əlövsət qızının Babək rayonu, Zeynəddin kəndində yaşadığı evdə olduqlarını, onun yaşadığı şəraitlə və psixoloji vəziyyəti ilə yaxından tanış olduqlarını və müvafiq akt tərtib edildiyini, Qətilə Allahverdiyevanın qayğısına qalan, əyin-başının səliqə səhmanına baxan, yeməyini yedizdirən, ümumiyyətlə isə ona nəzarət edənin də elə Nayibə Allahveriyevanın olduğunu müəyyən etdiklərini, həmçinin bu barədə qonşularla da söhbət aparıldığını, qonşuların da Ərizəçi çox fədakar bir ana olduğunu bildirdiklərini, onun gecələr belə yatmadığını, ancaq xəstə uşaqlarına qulluq etdiyini gördüklərini, ərizəçinin başqa bir qızının da əqli qüsurlu olduğunu, onlara baxmaqda Nayibənin çox əziyyət çəkdiyini, bu səbəbdən də komissiyanın Qətilə Allahverdiyevanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsində hər hansı sui-istifadə hallarının olmamasının müəyyən etdiyini qeyd etmişdir. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə müəyyən edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Allahverdiyeva Qətilə Əlövsət qızının 30 iyun 1993-cü ildə Babək rayonu, Payız kəndində dünyaya gəlməsi, onun hazırda Babək rayonu, Zeynəddin kəndində yaşaması, Ərizəçi Allahverdiyeva Qətilə Əlövsət qızının anası olması, Allahverdiyeva Qətilə Əlövsət qızının Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 “Anadangəlmə əqli zəiflik. imbesillik səviyyəsində” diaqnozu ilə qeydiyyatda olması və İ qrup əlil olması mülki işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - ərizəyə əlavə edilmiş və X13 Deputatları Mərkəzi İcraiyyə Komitəsi tərəfindən verilmiş 08 oktyabr 1993-cü il tarixli, XVİİ-JQ seriyalı, 351699 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən və "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Allahverdiyeva Qətilə Əlövsət qızının 30 iyun 1993-cü ildə Babək rayonu, Payız kəndində dünyaya gəlməsi və X1 onun atası, Ərizəçi isə anası olması; - ərizəyə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 fevral- 2022-ci il tarixli, V-JQ seriyalı, 478728 nömrəli çıxarışdan X2 ilə X7 08 dekabr 1991-ci ildə nikaha daxil olması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 109 nömrə ilə qeyd edilməsi, nikah bağlanması zamanı sonra ərizəçinin özünə “Allahverdiyeva” soyadını seçməsi; -ərizəyə əlavə edilmiş və Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin Zeynəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 fevral 2022-ci il tarixli, 174 nömrəli arayışdan, həmçinin iş materiallarına əlavə olunan Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 04 aprel 2022-ci il tarixli müayinə aktından, 13 aprel 2022-ci il tarixli, 09 nömrəli rəyindən Allahverdiyeva Qətilə Əlövsət qızının hazırda Babək rayonu, Zeynəddin kəndində yaşaması; -ərizəyə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X5 03 fevral 2022-ci il tarixli, 70 nömrəli məktubundan Allahverdiyeva Qətilə Əlövsət qızının dispanserdə “Anadangəlmə əqli zəiflik. imbesillik səviyyəsində” diaqnozu ilə qeydiyyatda olması; - ərizəyə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 04 fevral 2022-ci il tarixli, 03/248 nömrəli arayışdan Allahverdiyeva Qətilə Əlövsət qızının mərkəzdə qeydiyyatda durması, birinci dərəcə əlilliyə görə anadangəlmə əqli zəiflik diaqnozu ilə müddətsiz olaraq 220 manat sosial müavinət, 130 manat Prezident təqaüdü alması; -ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 059517 nömrəli, 02 fevral 2022-ci il tarixli vəsiqənin təsdiqlənmiş surətindən Allahverdiyeva Qətilə Əlövsət qızının İ qrup əlil olması aydın olur. Ərizəçinin müraciəti isə övladı Allahverdiyeva Qətilə Əlövsət qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsidir. Onun müraciətini mülki iş materialları, qanunvericiliyin tələbləri və bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsində fiziki şəxsin fəaliyyət qabiliyyətinin anlayışı verilmişdir. Həmin maddəyə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.5-ci maddəsində isə şəxsin məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz sayılmasının əsasları müəyyən olunmuşdur. Qeyd olunun maddənin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmə hazırlıq iclasında bunun müəyyən olunması üçün 05 mart 2022-ci il tarixli qərardadla məhkəmə- psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X5 ambulator məhkəmə-psixiatriya ekspertizasının 08 aprel 2022-ci tarixli, 29 nömrəli ekspert rəyində qeyd olunur ki, Allahverdiyeva Qətilə Əlövsət qızında “Anadangəlmə əqli zəiflik. İmbeçillik səviyyəsində” ruhi xəstəliyi aşkar olunur. Qətilə Allahverdiyeva öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntuya yol verilmədiyindən məhkəmə ekspert rəyini sübut kimi qəbul edilən hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Hazırki mülki iş üzrə isə məhkəməyə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə ilə müraciət edən şəxsin isə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Allahverdiyeva Qətilə Əlövsət qızının anası olması yuxarıda qeyd edildiyi kimi sübuta yetirilir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Mülki iş materialları ilə yuxarıda da qeyd edildiyi kimi barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş şəxsin Babək rayonu, Payız kəndində qeydiyyatda olması və Babək rayonu, Zeynəddin kəndində yaşaması müəyyən edilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki işin məhkəmə araşdırması zamanı Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin məhkəmədə verdiyi izahatından məlum olmuşdur ki, Ərizəçi tərəfindən Allahverdiyeva Qətilə Əlövsət qızının fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. Məhkəmə bunları nəzərə alaraq belə nəticəyə gəlir ki, Allahverdiyeva Qətilə Əlövsət qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil və buna görə ərizəçinin müraciəti əsaslı sayılmalı, Allahverdiyeva Qətilə Əlövsət qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə ərizəçinin müraciətini əsaslı saydığından, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1 və 108.1.3-cü maddələrinin tələbinə görə xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilməli olduğundan, həmçinin həmin Məcəllənin 119.1-ci maddəsində isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi nəzərdə tutulduğundan, hazırki iş üzrə isə yalnız ərizəçi işdə iştirak etdiyindən Ərizəçi məhkəməyə müraciət etməsi ilə bağlı ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunmalı; -30 iyun 1993-cü ildə Babək rayonu, Payız kəndində anadan olan, Babək rayonu, Zeynəddin kəndində yaşayan Allahverdiyeva Qətilə Əlövsət qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; -məhkəməyə müraciət edilməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunsun. 30 iyun 1993-cü ildə Babək rayonu, Payız kəndində anadan olan, Babək rayonu, Zeynəddin kəndində yaşayan Allahverdiyeva Qətilə Əlövsət qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-114/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-114/2022
12.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver