Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-122/2025 08.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi və Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi 08 yanvar 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək 21 avqust 2003-cü il tarixdə doğulmuş Əliyeva Günel Qüdrət qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, X9 Qüdrət qızı 21 avqust 2003-cü il tarixdə Naxçıvan MR, Babək rayonu, Nehrəm qəsəbəsində anadan olmuşdur. X9 Qüdrət qızının 08 oktyabr 2021-ci il tarixdə əlilliyi miiəyyənləşmiş, 15 oktyabr 2021-ci il tarixdə isə 1-ci qrup əlil olması ilə bağlı Naxçıvan MR Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 045055 nömrəli əlillik vəsiqəsi verilmişdir. X9 Qüdrət qızında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 29 dekabr 2024-cü il tarixli, 2438 nömrəli arayışına əsasən “Dərin əqli gerilik’' diaqnozu aşkarlanmışdır. X6 Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Babək rayon X4 29 dekabr 2024-cü il tarixli, 3-17-9-1/2-Ə-14202/2024 saylı arayışına əsasən İ qrup (orqanizmin funksiyalarının 81-10 faiz pozulmasına) əlilliyə görə, pensiya alır. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. X9 Qüdrət qızı özünü idarə etmək qabiliyyətində deyildir. Yəni mənim sayəmdə özünü idarə edir. Bundan başqa mülkiyyət hüquqlarını, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən X9 Qüdrət qızının həmin hüquqlarını həyat keçirə bilmirəm. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında qızı Günelin iflic xəstəsi olduğunu, onun 2003-cü ildə anadan olduğunu, əlilliyinin isə sonradan yarandığını, 3-cü sinfə qədər Günelin yaxşı olduğunu, sonradan bədəninin səpdiyini və Türkiyədəki analizin nəticəsinə görə belinə irin yığıldığını öyrəndiklərini, qızılca xəstəliyinin bədənin çölünə yox, içinə verdiyinə görə qızında inkişafın həmin vaxtdan dayandığını, bu xəstəliyə “qızılca batırması” deyildiyini, həmin xəstəliyin uşağın beyninə vurduğunu və beynində çürümə getdiyini, qızı Əliyeva Günel Qüdrət qızının qüsurlu olması səbəbindən imzası tələb olunduqda sənədləşmə işlərində özünün iştirakı məhdud olduğundan çətinlik çəkdiklərini, qızının əvəzindən müvafiq sənədləşdirmə işlərini həyata keçirmək üçün onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etdiyini, hazırda Günelin 22 yaşının olduğunu, qızında nitq və hərəkətin olmadığını, onu öz əlləri ilə götürüb qoyduqlarını, qızının fiziki və əqli cəhətdən inkişafdan dayandığını, Günelin baxımı ilə anasının məşğul olduğunu, yeməyi ona qaşıqla yedizdirdiklərini, digər uşaqlarının sağlam olduqlarını bildirmişdir. Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında komissiya üzvlərinin ərizəçi və maraqlı şəxsin birlikdə yaşadığı Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən yaşayış evində olduqlarını, xəstənin vəziyyəti ilə vizual olaraq tanış olduqlarını, Əliyeva Günel Qüdrət qızının psixoloji vəziyyətinin normal olmadığının müəyyən edildiyini, hərəkətlərinin mənasını anlamaq iqtidarında olmadığını, Günelə verilən suallara cavab verə bilmədiyini, həmçinin qonşularının da fikirlərini öyrəndiklərini, ailənin qonşular arasında yaxşı xarakterizə olunduğunu, sözügedən halları nəzərə alınmaqla 21 avqust 2002-ci il tarixdə anadan olmuş Əliyeva Günel Qüdrət qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin məqsədəuyğun olduğunu, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün müraciət edilməsində hər hansı bir sui-istifadə hallarının mövcud olmadığını, sözügedən hallarla bağlı müvafiq rəy və aktın məhkəməyə təqdim edildiyini bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, Ərizəçi nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı barəsində ərizə verdiyi şəxs Əliyeva Günel Qüdrət qızınun onun yaxın qohumu-oğlu olması, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 23 yanvar 2025-ci il tarixli arayışına əsasən Babək rayon, Qoşadizə kəndində qeydiyyatda olan 2005-ci il təvəllüdlü Əliyeva Günel Qüdrət qızına “Ağır dərəcəli anadangəlmə əqli zəiflik” diaqnozunun qoyulduğu işin mübahisəsiz hallarıdır. Sözügedən hallar və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - AZ-İ seriyalı, 625214 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası Ərizəçi, anası X5 olan Əliyeva Günel Qüdrət qızının 21 avqust 2003-cü il tarixdə Babək rayonu, Nehrəm kəndində anadan olması; - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon X4 3-17-9-1/2-Ə-14202/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışına əsasən Əliyeva Günel Qüdrət qızının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan İ qrup (orqanizmin funksiyalarının 81-10 faiz pozulmasına) əlilliyə görə sosial müavinət və Prezident təqaüdü aldığı; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 2438 nömrəli, 29 dekabr 2024-cü il tarixli arayışına əsasən Babək rayon Nehrəm qəsəbəsində qeydiyyatda olan 2003-cü il təvəllüdlü Əliyeva Günel Qüdrət qızının xx.xx.2024cü il tarixdə dispanserdə müayinə olunduğu və onda “Dərin əqli gerilik” diaqnozunun aşkarlandığı; - xx.xx.2004-cü il tarixdə Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 045055 nömrəli əlillik vəsiqəsindən Əliyeva Günel Qüdrət qızının müddətsiz 1-ci qrup əlil olduğu məlum olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319-cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq Əliyeva Günel Qüdrət qızının psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə hazırlıq iclasında məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 91 saylı rəyi ilə ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, Əliyeva Günel Qüdrət qızında “Dərin əqli gerilik” psixi xəstəliyi var. Əliyeva Günel Qüdrət qızı öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Əliyeva Günel Qüdrət qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən maraqlı şəxs Əliyeva Günel Qüdrət qızının iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası 06 mart 2025-ci il tarixli, 09 nömrəli rəyində komissiya üzvlərinin iddiaçı və maraqlı şəxsin Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən evində olduğunu, maraqlı şəxs Əliyeva Günel Qüdrət qızının həyat şəraiti və psixoloji vəziyyəti ilə vizual olaraq maraqlandıqlarını, ailənin qonşuları ilə söhbət aparıldığını və müvafiq akt tərtib edildiyini, Əliyeva Günel Qüdrət qızının yataq xəstəsi olduğunu və fiziki cəhətdən hərəkət etmək iqtidarında olmadığını, ona verilən sualları anlamadığını və təmasa girmədiyini, şəxsin ətraf mühiti dərk etmədiyini, maraqlı şəxsin yemək, təmizlik, geyim və bu kimi gündəlik tələbatlarını anasının qarşıladığını, qonşuların məsələ ilə bağlı sui-istifadə halının olmadığını hesab etmişdir. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, Əliyeva Günel Qüdrət qızında mövcud olan “Dərin əqli gerilik” xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, 2003-cü il təvəllüdlü Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Əliyeva Günel Qüdrət qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: Ərizə təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Əliyeva Günel Qüdrət qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-122/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-122/2025
08.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver