Məhkəmə qərarları › İş №2(079)-128/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-128/2025

02.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-128/2025 02.04.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi və Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi 09 yanvar 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1998-ci il tarixdə anadan olmuş Əliyeva Nuranə Akif qızının fəaliyyət qabiliyyətli olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, Əliyeva Nuranə Akif qızı xx.xx.1998-ci ildə Babək rayon Nehrəm qəsəbəsində anadan olmuşdur. Nuranə birinci qrup əlildir və onun əlilliyi ömürlük təyin olunmuşdur. Əliyeva Nuranə “Dərin əqli gerilik. “Davranış pozuntusu” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X1 dispanser qeydiyyatda dayanır. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Nuranə özünü idarə etmək qabiliyyətində deyildir. Bundan başqa mülkiyyət hüquqlarımı, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən Nuranənin həmin hüquqlarını həyat keçirə bilmirəm. Ərizəçi məhkəmə hazırlıq iclasında verdiyi izahatında qızının doğumundan 7 gün sonra iflic olduğunu, onda danışıq və hərəkətin olmadığını, qızını özünün yedirib-içirdiyini, yataq vəziyyətində olmaqla nitq və hərəkət qabiliyyətinin olmadığını, qızının onları az-maz tanıya bildiyini, hazırda isə 26 yaşı olduğunu, fiziki cəhətdən cüzi inkişaf etdiyini, əqli inkişafının isə ümumiyyətlə olmadığını, onu hərəkət etdirməyin mümkün olmadığını və qızının pensiya kartının vaxtı keçdiyindən bununla bağlı müvafiq orqanlara müraciət etməli olmasını ona bildirdiklərini, hər dəfə sözügedən problemlə qarşılaşmamaq üçün məhkəməyə müraciət etdiyini bildirmişdir. Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında komissiya üzvlərinin ərizəçi və maraqlı şəxsin yaşadığı evə getdiklərini, Əliyeva Nuranə Akif qızının yataq xəstəsi olduğunu, vəziyyətinin kritik olduğunu, ərizəçinin qonşularının fikrini öyrəndiklərini, xəstənin yeməyinə, içməyinə, təmizliyinə anasının və ailəsinin dəstək olduğunu, komissiya olaraq şəxsin fəaliyyət qabiliyyətsiz hesab olunmasında sui-istifadə halının olmadığını müşahidə etdiklərini bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı barəsində ərizə verdiyi şəxs Əliyeva Nuranə Akif qızının onun yaxın qohumu-qızı olması, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 24 nömrəli, 08 yanvar 2025-ci il tarixli arayışına əsasən Babək rayon, Nehrəm qəsəbəsində qeydiyyatda olan 1998-ci il təvəllüdlü Əliyeva Nuranə Akif qızına “Dərin əqli gerilik. Davranış pozuntusu” diaqnozunun qoyulduğu işin mübahisəsiz hallarıdır. Sözügedən hallar və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - XXİ-ЖГ seriyalı, 259335 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası X8, anası X7 olan Əliyeva Nuranə Akif qızının 16 yanvar 1998-ci il tarixdə Babək rayonu, Nehrəm kəndində anadan olması; - 092794 nömrəli əllillik vəsiqəsindən Əliyeva Nuranə Akif qızına xx.xx.2016-cı il tarixdə müddətsiz 1-ci qrup əlilliyin verildiyi; - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon X6 3-17-9-1/2-Ə-173/2025 nömrəli, xx.xx.2025-ci il tarixli arayışına əsasən Əliyeva Nuranə Akif qızının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Pensiya” altsisteminə əsasən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan İ qrup (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına) əlilliyə görə sosial müavinət və Prezident təqaüdü aldığı; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 24 nömrəli, 08 yanvar 2025-ci il tarixli arayışına əsasən Babək rayon Nehrəm qəsəbəsində qeydiyyatda olan 1998-ci il təvəllüdlü Əliyeva Nuranə Akif qızının xx.xx.2025-ci il tarixdə Naxçıvan MR X3 ambulator şəraitdə müayinə olunduğu və onda “Dərin əqli gerilik. Davranış pozuntusu” diaqnozunun qoyulması məlum olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319-cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq Əliyeva Nuranə Akif qızının psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə hazırlıq iclasında məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 85 saylı rəyi ilə ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, Əliyeva Nuranə Akif qızında “Dərin əqli gerilik” psixi xəstəliyi var. Əliyeva Nuranə Akif qızı öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Əliyeva Nuranə Akif qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən maraqlı şəxs Əliyeva Nuranə Akif qızının iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası 06 mart 2025-ci il tarixli, 08 nömrəli rəyində komissiya üzvlərinin iddiaçı və maraqlı şəxsin Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən evində olduğunu, maraqlı şəxs Əliyeva Nuranə Akif qızının həyat şəraiti və psixoloji vəziyyəti ilə vizual olaraq maraqlandıqlarını, ailənin qonşuları ilə söhbət aparıldığını və müvafiq akt tərtib edildiyini, Əliyeva Nuranə Akif qızının yataq xəstəsi olduğunu və fiziki cəhətdən hərəkət etmək iqtidarında olmadığını, ona verilən sualları anlamadığını və təmasa girmədiyini, şəxsin ətraf mühiti dərk etmədiyini, maraqlı şəxsin yemək, təmizlik, geyim və bu kimi gündəlik tələbatlarını ana başda olmaqla ailə üzvlərinin qarşıladığını qonşuların da təsdiq etdiyini, qonşuların məsələ ilə bağlı sui-istifadə halının olmadığını hesab etmişdir. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, Əliyeva Nuranə Akif qızında mövcud olan “Dərin əqli gerilik. Davranış pozuntusu” xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, 1998-ci il təvəllüdlü Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Əliyeva Nuranə Akif qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: Ərizə təmin edilsin. xx.xx.1998-ci il təvəllüdlü Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Əliyeva Nuranə Akif qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar