Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-150/2022 14.06.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi və Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi oğlu Nağıyev Məhərrəm Rövşən oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi 24 fevral 2022-ci ildə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 27 iyun 1993-cü il tarixdə Babək rayonu, Babək qəsəbəsində anadan olmuş, Babək rayonu, Babək şəhərində yaşayan oğlu Nağıyev Məhərrəm Rövşən oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, 27 iyun 1993-cü il tarixdə anadan olmuş oğlum Nağıyev Məhərrəm Rövşən oğlu birinci qrup əlildir. O artıq uzun illərdir ki, yataq xəstəsidir və ətrafda baş verən hadisələri dərk etmək və özünü idarə etmək qabiliyyətində deyildir. Yəni mənim sayəmdə özünü idarə edir. Ona uşaq serebral iflici diaqnozu qoyulubdur. Nağıyev Məhərrəm Rövşən oğlu birinci dərəcəli ümumi səbəbdən əlil kimi ayda 165.90 (bir yüz altmış beş manat doxsan qəpik) manat əmək pensiyası və uşaq serebral iflici diaqnozu ilə müddətsiz olaraq 130 (bir yüz otuz) manat Prezident təqaüdü alır. Məhərrəmin əqlində zəiflik olduğundan onun adından müəyyən sənədlər almaq lazım olanda çətinliklər yaranır, mən bu çətinliklərlə Məhərrəmə şəxsiyyət vəsiqəsi və pensiya kartı alanda tez-tez qarşılaşıram. Bu məqsədlə də onun adına müəyyən hərəkətlərin edilməsi və ona qəyyum təyin edilməsi üçün fəaliyyət qabiliyyətsiz hesab olunmasını istəyirəm. Məhərrəm özü sərbəst yemək yeyə bilmir, mənim şəxsən qulluğuma ehtiyacı vardır. Məhərrəmi mən yedirib-içirdirəm, həmçinin gözdən kənara qoya bilmirəm. Ona görə də Nağıyev Məhərrəm Rövşən oğlu məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs kimi elan edilməklə onun üzərində qəyyum təyin edilməlidir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında oğlu Məhərrəm Nağıyevin 27 iyun 1993-cü ildə anadan olduğunu, onun əqli qüsurlu olduğunu təxminən 6-7 yaşında hiss etdiklərini, öz yaşıdları kimi yeriyə və danışa bilmədiyini, maddi imkanı olmadığından Məhərrəmi vaxtında müalicə etdirə bilmədiklərini, belə ki, Məhərrəmin atasını cavan yaşlarında itirdiklərini, bundan sonra özünün uşaqlara baxmaq üçün işləmək məcburiyyətində qaldığını, buna görə də onun müalicəsinə çox gec başladıqlarını, 11 yaşında Məhərrəmi həkimə aparanda həkim onda anadangəlmə serebral iflic xəstəliyinin və başında sümük boşluğunun olduğunu, müalicənin gecikdirildiyini, bundan sonrakı müalicənin isə heç bir fayda verməyəcəyini bildirdiyini, hazırda Məhərrəmin sərbəst şəkildə yeriyə, danışa və öz hərəkətlərini idarə edə bilmədiyini, yataq xəstəsi olduğunu, sərbəst şəkildə öz ehtiyaclarını qarşılamaq iqtidarında olmadığını, köməyə ehtiyacı olduğunu, əvvəllər çətin də olsa yeridiyini, amma hazırda ayaqlarının əyildiyini və yeriyərkən bir-birinə dolaşdığını, bunun isə yeriməni çətinləşdirdiyini, əlil arabasında hərəkət etdiyini, əlini-ayağını sərbəst hərəkət etdirə bilmədiyini, nitqinin isə ümumiyyətlə olmadığını, fəaliyyət qabiliyyətinin olmadığını, Məhərrəmin uşaqlıqdan xəstəliyinə görə pensiya aldığını, müddətsiz birinci qrup əlil olduğunu, həmçinin X2ndə qeydiyyatda durduğunu bildirmiş, Nağıyev Məhərrəm Rövşən oğlunun adından müvafiq zəruri hərəkətlərin edilməsinə şərait yaradılması, illərdir qarşılaşdıqları çətinliklərin təkrarlanmaması üçün iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında komissiyanın üzvləri ilə birlikdə Nağıyev Məhərrəm Rövşən oğlunun yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evində olduqlarını, onun yaşadığı şərait və psixoloji vəziyyəti ilə tanış olduqlarını, bununla bağlı komissiyanın üzvləri, qonşular və ərizəçinin iştirakı ilə akt tərtib edildiyini, Nağıyev Məhərrəm Rövşən oğlunun psixoloji vəziyyətinin vizual olaraq çox kritik olduğunu, onun yataqda olduğunu, hərəkət edə bilmədiyini, deyilənləri anlamaq iqtidarında olmadığını, qeyrinormal hərəkətlər edərək ucadan səbəbsiz güldüyünü, Nağıyevin baxımı ilə anası Ərizəçi məşğul olduğunu, qonşularla söhbət apardıqlarını, onların da Nağıyev Məhərrəmin baxımı ilə anası Ərizəçi məşğul olduğunu bildirdiklərini, sözügedən hallar nəzərə alınmaqla 27 iyun 1993-cü il tarixdə anadan olmuş Nağıyev Məhərrəm Rövşən oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin məqsədəuyğun olduğunu, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün müraciət edilməsində hər hansı bir sui-istifadə hallarının mövcud olmadığını, sözügedən hallarla bağlı müvafiq rəy və aktın məhkəməyə təqdim edildiyini bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı barəsində ərizə verdiyi şəxs Nağıyev Məhərrəm Rövşən oğlunun yaxın qohumu-anası olması, Nağıyev Məhərrəm Rövşən oğlunun müddətsiz İ qrup əlil olması mülki işin mübahisəsiz hallarıdır. Sözügedən hallar və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən 27 iyun 1993-cü ildə anadan olmuş Nağıyev Məhərrəm Rövşən oğlunun atasının Nağıyev Rövşən Nağı oğlu, anasının isə Ərizəçi olması; - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsi tərəfindən verilmiş 03/277 nömrəli, 14.02.2022-ci il tarixli arayışdan Nağıyev Məhərrəm Rövşən oğlunun müddətsiz İ dərəcəli ümumi səbəbdən əlil olması və 165.90 manat əmək pensiyası alması; - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 03/321 nömrəli, 15.02.2022-ci il tarixli arayışdan Nağıyev Məhərrəm Rövşən oğlunun Mərkəzdə İ dərəcə əlilliyi olan şəxs kimi qeydiyyatda durması və uşaq serebral iflici diaqnozu ilə müddətsiz 130.00 manat Prezident təqaüdü alması; - Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 015480 nömrəli vəsiqənin təsdiq olunmuş surətindən Nağıyev Məhərrəm Rövşən oğlunun 30 may 2019-cu ildən müddətsiz İ (birinci) qrup əlil olması müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319-cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq Nağıyev Məhərrəm Rövşən oğlunun psixi vəziyyətini müəyyən etmək üçün 30 mart 2022-ci il tarixdə məhkəmə hazırlıq iclasında məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi təqdim edilənədək dayandırılmış, 26.05.2022-ci il tarixdə mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi məhkəməyə təqdim edildiyindən təzələnmiş, iş üzrə hazırlıq iclası keçirilərək mülki iş məhkəmə baxışına təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 16.05.2022-ci il tarixli 39 saylı rəyi ilə ekspert komissiyası 27.06.1993-ci il tarixdə anadan olmuş Nağıyev Məhərrəm Rövşən oğlunun psixi vəziyyəti ilə bağlı yataq şəraitində olmaqla təmasa daxil olmadığı, verilən suallara cavab vermədiyi, nitqinin inkişaf etmədiyi, spontan olaraq müxtəlif anlaşılmayan səslər çıxardığı, intellektualamnestik sferasının aşağı olması (idiotiya səviyyəsində ağıl zəifliyi), emosional iradi sferasının yetkin olmadığı, düşüncə patologiyasının müşahidə olunmadığı, hərəkətlərinin hipertonus hesabına məhdudluğu, hazırki vəziyyətə tənqidi münasibətinin mövcud olmadığı nəzərə alınmaqla, Nağıyev Məhərrəm Rövşən oğlunda “Uşaq serebral iflicin nəticəsində iki tərəfli hemiplegiya. Anadangəlmə ağıl zəifliyi, idiotiya səviyyəsində” ruhi xəstəliyi müşahidə olunduğu, Nağıyev Məhərrəm Rövşən oğlunun öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində olmadığı, Nağıyev Məhərrəm Rövşən oğlunun sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan vermədiyi qənaətinə gəlmişdir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən maraqlı şəxs Nağıyev Məhərrəm Rövşən oğlunun iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Komissiyası 09 iyun 2022-ci il tarixli, 13 nömrəli rəyində komissiya üzvlərinin Nağıyev Məhərrəm Rövşən oğlunun yaşadığı Babək şəhərində olduqlarını, onun yaşadığı şərait və psixoloji vəziyyətlə tanış olduqlarını, həmçinin xəstənin qonşuları ilə söhbət apardıqlarını, müvafiq akt tərtib edildiyini, Nağıyev Məhərrəm Rövşən oğlunun psixoloji vəziyyətinin vizual olaraq da çox kritik olduğunu, belə ki, komissiya üzvləri orada olduğu zaman M.Nağıyevin yataqda olduğunu, hərəkət edə bilmədiyini, deyilənləri anlaya bilmədiyini, qeyri-normal davranışlar göstərdiyini (qəfildən yüksək səslə dayanmadan güldüyünü) müşahidə etdiklərini, komissiya üzvlərinin M.Nağıyevin yaşadığı evin şəraiti ilə də yaxından tanış olduğunu, evin şəraitinin normal vəziyyətdə olduğunun müəyyən olunduğunu, Komissiyanın üzvlərinin həmçinin qonşularla da söhbət apardığını, qonşuların M.Nağıyevi yedirib-içirən, onun baxımı, təmizliyi ilə məşğul olanın anası - Ərizəçi olduğunu bildirdiklərini qeyd etmişlər. Qəyyumluq və Himayəçilik Komissiyası rəyin nəticə hissəsində 27 iyun 1993-cü il tarixdə anadan olan Nağıyev Məhərrəm Rövşən oğlunun psixoloji problemlərinin hüquqi və faktiki mövcud olduğunu nəzərə alaraq onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məqsədəmüvafiq hesab etmişdir. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, Nağıyev Məhərrəm Rövşən oğlunda mövcud olan ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, 27 iyun 1993-cü il tarixdə Babək rayonu, Babək qəsəbəsində anadan olan, ünvan 1 ünvanında yaşayan Nağıyev Məhərrəm Rövşən oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. 27 iyun 1993-cü il tarixdə Babək rayonu, Babək qəsəbəsində anadan olan, ünvan 1 ünvanında yaşayan Nağıyev Məhərrəm Rövşən oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-150/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-150/2022
14.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver