Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-168/2025 23.04.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, ərizəçi X6 və Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi X6 24 yanvar 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək 05 fevral 2005-ci il tarixdə doğulmuş oğlu X7 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi X6 ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, oğlum X12 05 fevral 2005-ci ildə Babək rayon Qoşadizə qəsəbəsində anadan olmuşdur. O, İ qrup əlildir və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Babək rayon şöbəsində əlilliyi olan şəxs kimi qeydiyyatda durmaqla sosial müavinət alır. Onun kənar şəsxin qulluğuna ehtiyacı vardır. X12 özünü idarə etmək qabiliyyətində deyildir. Yəni mənim sayəmdə özünü idarə edir. Bundan başqa mülkiyyət hüquqlarımı, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən X12 həmin hüquqlarını həyat keçirə bilmir. Ərizəçi X6 məhkəmə iclasında verdiyi izahatında oğlunun anadangəlmə xəstə olduğunu, əsəbi olduğunu, 6-7 yaşından sonra yeriməyə başladığını, oğlunda əqli geriliyin olduğunu, onun xəstəliyini anadan olduqdan 6 ay sonra bildiklərini, hazırda da müalicə aldığını, amma faydasının olmadığını, dərmanların onun səhhətinə daha da pis təsir etdiyini, mütəmadi olaraq dərman qəbul etdiyini, nəyisə anlamadıqda və ya izah edə bilmədikdə daha da əsəbiləşdiyini, ehtiyaclarını özünün həyata keçirməyə çalışdığını, bunun isə alınmadığını, Amilin nitqinin olmadığını, hazırda onun 21 yaşında olduğunu, oğlunun əlilliyinin 2 yaşında müəyyən olunduğunu, hazırda dispanserdə qeydiyyatda dayandığını, tam yeridiyini, lakin nitqinin ümumiyyətlə olmadığını, eşitməsi olsa da deyilənləri anlamaq iqtidarında olmadığını, özünə zərər yetirmədiyini, sadəcə ətrafdakılara qarşı agressiv olduğunu, indiyədək dispanserdə stasionar müalicədə olmadığını, hazırda ətrafını qırıb-dağıtdığını bildirmiş, sonda ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında komissiya üzvlərinin ərizəçi və maraqlı şəxsin birgə yaşadığı Nehrəm qəsəbəsində yerləşən evlərində olduqlarını, qonşuların fikirlərini öyrəndiklərini, həqiqətən də xəstənin öz hərəkətlərini izah edə bilmədiyini, sağlamlığının, boyunun çəkisinin yerində olduğunu, əl verərkən görüşməsinə baxmayaraq bunun mahiyyətini anlamadığını, sadəcə bir instikt olduğunu, komissiya olaraq şəxsin fəaliyyət qabiliyyətsiz hesab olunmasında suiistifadə halının olmadığını müşahidə etdiklərini bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı barəsində ərizə verdiyi şəxs Məmmdəov Amil Azər oğlunun onun yaxın qohumu-oğlu olması, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 23 yanvar 2025-ci il tarixli arayışına əsasən Babək rayon, Qoşadizə kəndində qeydiyyatda olan 2005-ci il təvəllüdlü Məmmdəov Amil Azər oğluna “Ağır dərəcəli anadangəlmə əqli zəiflik” diaqnozunun qoyulduğu işin mübahisəsiz hallarıdır. Sözügedən hallar və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - AZ-İ seriyalı, 206809 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası X10, anası Ərizəçi olan Məmmdəov Amil Azər oğlunın 05 fevral 2005-ci il tarixdə Babək rayonu, Qoşadizə kəndində anadan olması; - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon X9 3-17-9-1/2-M-718/2025 nömrəli, xx.xx.2025-ci il tarixli arayışına əsasən Məmmdəov Amil Azər oğlunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Pensiya” altsisteminə əsasən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 270 AZN (iki yüz yetmiş manat) sosial müavinət və 200 AZN (iki yüz manat) Prezident təqaüdü aldığı; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 3-28-34-4/2-212 nömrəli, 23 yanvar 2025-ci il tarixli arayışına əsasən Babək rayon Qoşadizə kəndində qeydiyyatda olan 2005-ci il təvəllüdlü X7 xx.xx.2008-ci il tarixdən “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə müşayət olunan ağır dərəcəli anadangəlmə əqli zəiflik (İQ=30) F72.1” diaqnozu ilə Naxçıvan MR X2 dispanser qeydiyyatında dayandığı; - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin NMR Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 5RCFB7S0003 nömrəli qərarına əsasən X11 “Ağır dərəcəli əqli gerilik İQ 20-34” diaqnozunun qoyulduğu və əlilliyinin müddətsiz olduğu məlum olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq Məmmdəov Amil Azər oğlunın psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə hazırlıq iclasında məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 117 saylı rəyi ilə ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, X8 “Ağır dərəcəli əqli gerilik. Davranış pozuntusu” psixi xəstəliyi var. Məmmdəov Amil Azər oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Məmmdəov Amil Azər oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən maraqlı şəxs Məmmdəov Amil Azər oğlunun iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası 07 aprel 2025-ci il tarixli, 10 nömrəli rəyində komissiya üzvlərinin iddiaçı və maraqlı şəxsin Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən evində olduğunu, maraqlı şəxs Məmmdəov Amil Azər oğlunun həyat şəraiti və psixoloji vəziyyəti ilə vizual olaraq maraqlandıqlarını, ailənin qonşuları ilə söhbət aparıldığını və müvafiq akt tərtib edildiyini, Məmmdəov Amil Azər oğlunun fiziki cəhətdən normal göründüyünü və sərbəst hərəkət edə bildiyini, lakin onunla söhbət etməyə çalışdıqda ona verilən sualları anlamadığını və təmasa girmədiyini, şəxsin ətraf mühiti dərk etmədiyini, maraqlı şəxsin yemək, təmizlik, geyim və bu kimi gündəlik tələbatlarını anasının qarşıladığını və uşaqlıqdan bu cür olduğunu qonşuların da təsdiq etdiyini, məsələ ilə bağlı sui-istifadə halının olmadığını hesab etmişdir. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, Məmmdəov Amil Azər oğlunda mövcud olan “Ağır dərəcəli əqli gerilik. Davranış pozuntusu” xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, xx.xx.2005-ci il təvəllüdlü Babək şəhəri, Qoşadizə məhəlləsində qeydiyyatda olmaqla yaşayan Məmmdəov Amil Azər oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü Babək şəhəri, Qoşadizə məhəlləsində qeydiyyatda olmaqla yaşayan Məmmdəov Amil Azər oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-168/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-168/2025
23.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver