Məhkəmə qərarları › İş №2(079)-174/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-174/2024

08.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-174/2024 08.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi və Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi Babək Rayon Məhkəməsinə müraciət edərək Əliyev Murad İlham oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, X9 İlham oğlu xx.xx.2002-ci il tarixdə ünvan 1 ünvanında anadan olmuşdur. Əliyev Murad İlham oğlu 27 iyul 2004-cü il tarixində uşaq serebral iflici aşağı paraparez nitqin və intellektin kəskin səngiməsi diaqnoz xəstəliyi ilə qeydə alınmışdır. Əliyev Murad İlham oğlunun 18 yaşı tamam olduğundan, ona 19 oktyabr 2020-ci il tarixində 023147 nömrə ilə qeydə alınan müddətsiz birinci qrup əlillik vəsiqəsi verilmişdir. Əliyev Murad İlham oğlunun bütün hərəkətləri mənim iştirakımla mümkündür. Hal-hazırda X9 İlham oğluna mən qulluq göstərirəm. X9 İlham oğlu xəstəlik səbəbindən hərəkətsizdir, imza etmək, yazmaq iqtidarında deyil. X10 İlham oğlunun adına hər hansı sənədləşdirmə işini apara bilmədiyimdən qəyyumluğun mənə verilməsi üçün Əliyev Murad İlham oğlıınun fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəməyə müraciət edirəm. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında övladı Əliyev Murad İlham oğlunun anadangəlmə serebral iflic xəstəsi olaraq dünyaya gəldiyini, 9 aylığından etibarən müayinə və müalicələrdə olduğunu, onun Naxçıvanda müalicə aldığını, daha sonra isə müalicə üçün Bakı şəhərinə aparıldığını, daha sonra xəstəliyin müalicəsinin olmadığını bildirdiklərini, ən son 2007-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən gələn məktub əsasında onu Bakı şəhərində 20 günlük müalicə etdirdiklərini, lakin müalicənin faydasının olmadığını, 1-ci qrup əlil olduğunu, hazırda 22 yaşında olmasına baxmayaraq balaca uşaqla eyni düşüncədə olduğunu və bu cür hərəkətlər etdiyini, anlaşılmaz səslər çıxarmaqla nitqinin olmadığını, “ana” sözünü belə deməyə qadir olmadığını, yeriyə bilmədiyini, danışmadığını, heç nəyi başa düşmədiyini, bütün günü oturaq şəraitdə ancaq cizgi filminə baxaraq keçirdiyini, özünü idarə etmək iqtidarında olmadığını, balaca uşaq kimi səslər çıxardığını, özü üçün oynadığını, acanda ağladığını, onun qidalanmasını özünün həyata keçirdiyini, Muradın fiziki inkişafdan da qaldığını, boyu ucalsa da, əllərinin uşaq əli kimi olduğunu, oğlunun pensiya kartı yenisi ilə əvəz olunduğundan və vəziyyətinə görə yenisini özü götürə bilmədiyindən sözügedən iddia ilə məhkəməyə müraciət etdiklərini bildirmişdir. Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında komissiyanın üzvləri ilə birlikdə ərizəçi və maraqlı şəxsin birlikdə yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evində olduqlarını, xəstənin vəziyyəti ilə vizual olaraq tanış olduqlarını, Əliyev Murad İlham oğlunun psixoloji vəziyyətinin vizual olaraq da kritik olduğunu, onun yataqda olduğunu, hərəkətinin olmadığını və azyaşlı uşaq kimi bir şey istədikdə ağladığını, anlaşılmaz səslər çıxardığını, qonşuların, həmçinin icra nümayəndəsinin də fikrini öyrəndiklərini, onların da Əliyev Murad İlham oğlunun səliqəsəhmanı və qidalanması ilə anasının məşğul olduğunu bildirdiklərini, sözügedən hallar nəzərə alınmaqla 21 avqust 2002-ci il tarixdə anadan olmuş Əliyev Murad İlham oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin məqsədəuyğun olduğunu, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün müraciət edilməsində hər hansı bir sui-istifadə hallarının mövcud olmadığını, sözügedən hallarla bağlı müvafiq rəy və aktın məhkəməyə təqdim edildiyini bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı barəsində ərizə verdiyi şəxs Əliyev Murad İlham oğlunun yaxın qohumu-anası olması, Əliyev Murad İlham oğlunun müddətsiz olaraq birinci qrup əlilliyə görə müavinət alması mülki işin mübahisəsiz hallarıdır. Sözügedən hallar və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - Babək Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən 21 avqust 2002-ci ildə anadan olmuş Əliyev Murad İlham oğlunun atasının Əliyev İlham Cəmşid oğlu, anasının isə Ərizəçi olması müəyyən olunur; - Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 023147 nömrəli vəsiqənin təsdiq olunmuş surətindən Əliyev Murad İlham oğlunun 30 sentyabr 2020-ci ildən müddətsiz olaraq ümumi səbəbə görə 1-ci dərəcə əlil olması müəyyən olunur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Uşaq Bərpa Mərkəzi tərəfindən verilmiş X1 xx.xx.2002-ci tarixli çıxarışa əsasən Əliyev Murad İlham oğlunun anadan olandan xəstə hesab olunduğu, nevroloji vəziyyətinin xəstəliyin ağır hamiləlik və doğuşla əlaqələndirildiyi, nitqin və intellektin kəskin səngiməsi ilə bağlı olan uşaq serebral iflicinin olduğu müəyyən olunur; - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Babək Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 03/143 nömrəli arayışdan Əliyev Murad İlham oğlunun Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Babək Rayon Şöbəsində müddətsiz olaraq 1ci dərəcə əlilliyə görə müavinət alan kimi qeydiyyatda durması müəyyən olunur; - Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyəti Babək şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 253 nömrəli arayışa əsasən Ərizəçi Babək şəhərində qeydiyyatda olduğu və yaşadığı müəyyən olunur; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319-cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq Əliyev Murad İlham oğlunun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edilmiş, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi təqdim edilənədək dayandırılmış, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi məhkəməyə təqdim edildiyindən təzələnmiş, iş üzrə hazırlıq iclası keçirilərək mülki iş məhkəmə baxışına təyin edilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 107 saylı rəyi ilə ekspert komissiyası xx.xx.2022-ci il tarixdə Babək qəsəbəsində anadan olmuş Əliyev Murad İlham oğlunun psixi vəziyyəti ilə bağlı xarici görünüşünün baxımlı olduğu, davranışının yaşına uyğun olmadığı, təmasa daxil olmadığı, söz ehtiyyatının olmadığı, bəzən müxtəlif səslər çıxardığı, verilən tapşırıqları və sadə vərdişləri icra edə bilmədiyi, əsas həyati məlumatları və bilik ehtiyyatlarının olmadığı, intellektual-mnestik sferasının dərin geriliyinin qeyd edildiyi, emosional iradi sferasının yetkin olmadığı, hal-hazırki vəziyyətinə tənqidi münasibət göstərə bilmədiyi nəzərə alınmaqla, Əliyev Murad İlham oğlunda “Anadangəlmə əqli zəiflik. İdiotiya səviyyəsində” psixi xəstəliyinin olduğu, Əliyev Murad İlham oğlunun öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmadığı, Əliyev Murad İlham oğlunun sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan vermədiyi qənaətinə gəlmişdir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən maraqlı şəxs Əliyev Murad İlham oğlunun iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası 15 aprel 2024-cü il tarixli, 11 nömrəli rəyində komissiya üzvlərinin Əliyev Murad İlham oğlunun yaşadığı Babək şəhərində yerləşən evdə olduqlarını, onun yaşadığı şərait və psixoloji vəziyyətlə tanış olduqlarını, həmçinin xəstənin qonşuları ilə söhbət apardıqlarını, müvafiq akt tərtib edildiyini, Əliyev Murad İlham oğlunun psixoloji vəziyyətinin vizual olaraq da çox kritik olduğunu, belə ki, xəstənin yeriyə bilmədiyini, danışa bilmədiyini, köməklik olmadan yemək yeyə bilmədiyini müşahidə etdiklərini, komissiya üzvlərinin M.Əliyevin yaşadığı evin şəraiti ilə də yaxından tanış olduğunu, evin şəraitinin normal vəziyyətdə olduğunun müəyyən olunduğunu, Komissiyanın üzvlərinin həmçinin qonşularla da söhbət apardığını, qonşuların M.Əliyevi yedirib-içirən, onun baxımı, təmizliyi ilə məşğul olanın anası – Ərizəçi olduğunu bildirdiklərini qeyd etmişlər. Qəyyumluq və Himayəçilik Komissiyası rəyin nəticə hissəsində 21 avqust 2002-ci il tarixdə anadan olan Əliyev Murad İlham oğlunun psixoloji problemlərinin olmasını müşahidə etdiyini və ailənin onun psixoloji vəziyyətindən suiistifadə etmə ehtimalının olmadığını hesab etdiklərini hesab etmişdir. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, Əliyev Murad İlham oğlunda mövcud olan ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, 21 avqust 2002-ci il tarixdə Babək rayonu, ünvan 3 ünvanında qeydiyyatda olan Əliyev Murad İlham oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. 21 avqust 2002-ci il tarixdə Babək rayonu, ünvan 3 ünvanında qeydiyyatda olan Əliyev Murad İlham oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar