Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-274/2025 13.06.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X8 iclas katibliyi, Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi 17 mart 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1958-ci il tarixdə Babək rayonu, Nəzərabad kəndində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, anam X9 xx.xx.1958-ci il tarixdə Babək rayon Nəzərabad kəndində anadan olmuşdur. O, xx.xx.1983-cü il tarixdən "Şizofreniya. Paranoid forma. Debillik səviyyəsində” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X2 dispanser qeydiyyatda durur. X1 "Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81- 100 faiz pozulması"na görə 200 (iki yüz) manat prezident təqaüdü ödənilir. Həmçinin əlilliyə görə aylıq 393.32 manat pensiya alır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Eskpertiza və Reabilitasiya Agentliyi NMR Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə anam X4 orqanizmin funksiyaları pozulma faizi 100% olaraq qeyd olunmuşdur. Bu səbəblə onun kənar şəxslərin müşahidəsi və qulluğu olmadan yaşaya bilməməsi müəyyən olunmuşdur. Qeyd edim ki, hal-hazırda anamla birlikdə yaşayıram. Anamın mənimlə birgə yaşaması, evin qeydiyyatında olması səbəbindən mülkiyyətim üzərində hüquqlarımı həyata keçirə bilmirəm. Anamın kənar şəxsin qulluğuna ehtiyacı vardır. O, özünü idarə etmək qabiliyyətində deyildir. Yəni mənim sayəmdə özünü idarə edir. Bundan başqa mülkiyyət hüquqlarımı, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən anamın həmin hüquqlarını həyat keçirə bilmirəm. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında anası X4 1958-ci il təvəllüdlü olduğunu, 4 yaşında olanda anasında əqli pozğunluqların yarandığını, onlarda bunun irsi olduğunu, dayısının da hərbi xidmətdən sonra psixi xəstəliyə düçar olduğunu, anasının həddən artıq siqaret çəkdiyini, yemək verdikdə yediyini, verilmədikdə isə aclığını hiss edib öz ehtiyaclarını bildirə və qarşılaya bilmədiyini, tez-tez evdən xəbərsiz çıxıb Nəzərabad qəbiristanlığında anası və qardaşının məzarında saatlarla vaxt keçirdiyini, nitq və hərəkətində məhdudiyyət olmadığını, sadəcə əqli çatışmazlıq səbəbindən özünü idarə edə bilmədiyini, onun yeganə övladı olduğunu və ona özünün baxdığını bildirmişdir. Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında komissiya üzvlərinin ərizəçi və maraqlı şəxsin birgə yaşadığı Nəzərabad kəndində yerləşən evlərində olduğunu, qonşuların fikirlərini öyrəndiklərini, həqiqətən də xəstənin heç bir suala cavab verə bilmədiyini, anlaşılmayan səslər çıxardığını, komissiya olaraq şəxsin fəaliyyət qabiliyyətsiz hesab olunmasında sui-istifadə halının olmadığını müşahidə etdiklərini bildirmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək üzrlü səbəblərdən növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və ərizənin təmin edilməsini xahiş etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı barəsində ərizə verdiyi şəxs X9 yaxın qohumu-anası olması, X4 xx.xx.1983-cü il tarixdən “Şizofreniya. Paranoid forma. Debillik səviyyəsində” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X2 dispanser qeydiyyatında dayanması və X4 orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə pensiya hüququnun olması işin mübahisəsiz hallarıdır. Sözügedən hallar və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - Naxçıvan “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 mart 2025ci il tarixli, AZ seriyalı, 385669 nömrəli V-JQ 378240 nömrəli arayışdan atası X12, anası X10 olan X11 xx.xx.1984-cü il tarixdə anadan olması; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 3-28-34-4/2-823 nömrəli, 13 mart 2025-ci il tarixli məktubuna əsasən Babək rayonu, Nəzərabad kəndində qeydiyyatda olan 1958-ci il təvəllüdlü X4 xx.xx.1983-cü il tarixdən “Şizofreniya. Paranoid forma. Debillik səviyyəsində” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X2 dispanser qeydiyyatında durması; - X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Pensiya” altsisteminə əsasən əlilliyə görə aylıq 393.32 manat pensiya alması; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Sosial müavinət və təqaüd” altsisteminə əsasən ümumi səbəblərdən (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına) əlilliyə görə 200 manat Prezident təqaüdü alması; - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyi NMR Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 2BKFPQA0002 nömrəli qərarına əsasən X6 ümumi xəstəliyə görə orqanizmin funksiyaları pozulma faizi 100% olmaqla (Psixi və davranış pozuntuları, Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları, Şizofreniya=>şizofreniya, fasiləsiz gediş. Müşahidə dövründə remissiyanın qeydə alınmaması, davranışın sayıqlama və hallüsinasiyaların təsiri altında olması; xəstəliyin ilk 5 ili ərzində neqativ simptomların intensiv artması səbəbindən özünəqulluq, ev işləri, ailə və sosial əlaqələr, şəxsi gigiyena və s. sahələrdə fəaliyyət qabiliyyətinin itirilməsi, xəstəliyə və ətraf reallığa qarşı tənqidin tamam olmaması, kənar şəxslərin müşahidəsi və qulluğu olmadan yaşaya bilinməməsi) diaqnozu qoyulduğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq X4 psixi vəziyyətini müəyyən etmək üçün 11 aprel 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi təqdim edilənədək dayandırılmış, xx.xx.2025-ci il tarixdə mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi məhkəməyə təqdim edildiyindən təzələnmiş, iş üzrə hazırlıq iclası keçirilərək mülki iş məhkəmə baxışına təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X7 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 223 saylı rəyi ilə ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, X5 "Şizofreniya. Paranoid forma. Qüsurlu vəziyyət" psixi xəstəliyi var. X9 öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil və onun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən maraqlı şəxs X4 iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası 29 may 2025-ci il tarixli, 12 nömrəli rəyində qeyd etmişdir ki, komissiya üzvləri tərəflərin Babək rayonu, Nəzərabad kəndində yerləşən evində olmuş, maraqlı şəxs X4 həyat şəraiti və psixoloji vəziyyəti ilə maraqlanmış, ailənin qonşuları ilə söhbət aparmış və müvafiq akt tərtib etmişdir. Müşahidələr zamanı məlum olmuşdur ki, X9 qeyri-normal davranışlar sərgiləyir. Belə ki, o verilən suallara cavab vermir, əlaqəsiz şəkildə işlətdiyi bəzi ifadələrdən isə nə dediyi anlaşılmır. Şəxsin ətraf-mühiti dərk etmədiyi yəqin olunur. Qonşuları ilə söhbətdən aydın olur ki, maraqlı şəxsin yemək, təmizlik, geyim və bu kimi gündəlik tələbatlarını onun qızı qarşılayır. Qonşular sözügedən ailəni yaxşı tanıyır. Qəyyumluq və Himayəçilik Komissiyası rəyin nəticə hissəsində X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbi ilə bağlı sui-istifadə halının olmadığını hesab etmişdir. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, X5 mövcud olan "Şizofreniya. Paranoid forma. Qüsurlu vəziyyət" psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, xx.xx.1958-ci il tarixdə Babək rayonu, Nəzərabad kəndində anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: Ərizə təmin edilsin. xx.xx.1958-ci il tarixdə Babək rayonu, Nəzərabad kəndində anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-274/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-274/2025
13.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver