Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-28/2024 08.01.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi və Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi Babək Rayon Məhkəməsinə müraciət edərək 24 dekabr 1997-ci il tarixində anadan olmuş Qəribov Kamran Malik oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, Qəribov Malik Abasət oğlu ilə xx.xx.1993-cü il tarixdə Babək rayon Çeşməbasar kənd İcra Nümayəndəliyində rəsmi olaraq nikaha daxil olmuşam, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeydiyyat aparılmışdır. X13 Malik oğlu xx.xx.1997ci ildə Babək rayon Güznüt kəndində anadan olmuşdur. Oğlum uşaqlıqdan Daun sindromludur, ona Babək rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən xx.xx.1999-cu il tarixdə 950009 saylı Pensiya vəsiqəsi verilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X2 xx.xx.2023-cü il tarixli 1263 nömrəli məktubunda qeyd olunmuşdur ki, Babək rayon Güznüt kəndində qeydiyyatda olan 1997-ci il təvəllüdlü Qəribov Kamran Malik oğlu “Daun xəstəliyi nəticəsində əqli zəiflik. İdiotiya səviyyəsində" diaqnozu ilə Y.Budaqov adma Naxçıvan MR X3 dispanser qeydiyyatda dayanır. Beləliklə xəstənin hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun sağlamlıq imkanları məhdud olduğu üçün həmin hüquqlarını həyata keçirə bilmirəm. Ərizəçi məhkəmə hazırlıq iclasında verdiyi izahatında oğlu Qəribov Kamran Malik oğlunun 24 dekabr 1997-ci ildə anadan olduğunu, hazırda 26 yaşı olduğunu, onda anadangəlmə əqli zəiflik olduğunun hiss olunduğunu, yeriyib, danışa, hərəkət edə bilmədiyini, 7 yaşında daun sindromu diaqnozunun qoyulduğunu, həmin vaxtdan müddətsiz İ qrup əlil kimi Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda dayandığını, həmçinin Y.Budaqov adına X3 qeydiyyatda olduğunu, Kamranda fiziki və ya əqli inkişafın olmadığını, anadan olduğu gündən bu günə qədər onu özlərinin yedirib-içirdiyini, baxımı, təmizliyi ilə məşğul olduqlarını bildirmişdir. Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında komissiyanın üzvləri ilə birlikdə Qəribov Kamran Malik oğlunun yaşadığı Babək rayonu, Güznüt kəndində yerləşən yaşayış evində olduqlarını, onun yaşadığı şərait və psixoloji vəziyyəti ilə tanış olduqlarını, bununla bağlı komissiyanın üzvləri, qonşular və ərizəçinin iştirakı ilə akt tərtib edildiyini, Qəribov Kamran Malik oğlunun psixoloji vəziyyətinin vizual olaraq çox kritik olduğunu, xəstənin yeriyə bilmədiyini, sadəcə oturaraq hərəkət etdiyini, onun baxımı ilə anasının məşğul olduğunu, qonşularla söhbət apardıqlarını, onların da Kamran Qəribovun baxımı ilə anasının məşğul olduğunu bildirdiklərini, sözügedən hallar nəzərə alınmaqla xx.xx.1997-ci il tarixdə anadan olmuş Qəribov Kamran Malik oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin məqsədəuyğun olduğunu, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün müraciət edilməsində hər hansı bir sui-istifadə hallarının mövcud olmadığını, sözügedən hallarla bağlı müvafiq rəy və aktın məhkəməyə təqdim edildiyini bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı ərizə verdiyi şəxs Qəribov Kamran Malik oğlunun yaxın qohumu-anası olması və Qəribov Kamran Malik oğlunun müddətsiz İ qrup əlil olması mülki işin mübahisəsiz hallarıdır. Sözügedən hallar və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən 24 dekabr 1997-ci ildə anadan olmuş Qəribov Kamran Malik oğlunun anasının Ərizəçi olması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Qəribov Malik Abasəd oğlu ilə X7 arasında 30 oktyabr 1993-cü il tarixdə nikah akt qeydləri kitabında 16 nömrə ilə qeydə alınmış nikahın Babək Rayon Çeşməbasar kənd İcra Nümayəndəliyində qeydə alındığı; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Yaqub Budaqov adına X2 arayışından Qəribov Kamran Malik oğlunda “Daun xəstəliyi nəticəsində əqli zəiflik. İdiotiya səviyyəsində” diaqnozunun olduğu; - Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan Qəribov Kamran Malik oğlunun müddətsiz birinci dərəcəli əlil kimi qeydiyyata alındığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319-cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq Qəribov Kamran Malik oğlunun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi təqdim edilənədək dayandırılmış, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi məhkəməyə təqdim edildiyindən təzələnmiş, iş üzrə hazırlıq iclası keçirilərək mülki iş məhkəmə baxışına təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli 378 saylı rəyi ilə ekspert komissiyası xx.xx.1997-ci il tarixdə anadan olmuş Qəribov Kamran Malik oğlunun psixi vəziyyəti ilə bağlı görünüşünün baxımlı olduğu, davranışlarının yaşına uyğun olmadığı, təmasa daxil olmadığı, verilən suallara cavab vermədiyi, söz ehtiyyatının olmadığı, anlaşılmaz səslər çıxartdığı, intellektual iradə sferasında dərin geriliyin qeydə alındığı, emosional iradə sferasının yetkin olmadığı, heç bir tapşırığa əməl edə bimədiyini, hazırki vəziyyətinə tənqidi münasibət göstərə bilmədiyini nəzərə alınmaqla, Qəribov Kamran Malik oğlunda “Daun xəstəliyi nəticəsində əqli zəiflik. İdiotiya səviyyəsində” psixi xəstəliyinin müşahidə olunduğu, Qəribov Kamran Malik oğlunun öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində olmadığı, Qəribov Kamran Malik oğlunun sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan vermədiyi qənaətinə gəlmişdir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alınaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən maraqlı şəxs Qəribov Kamran Malik oğlunun iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası 04 dekabr 2023-cü il tarixli, 08 nömrəli rəyində komissiya üzvlərinin İ qrup əlil olan Qəribov Kamran Malik oğlunun yaşadığı Babək rayon Güznüt kəndində olduqlarını, onun yaşadığı şərait və psixoloji vəziyyətlə tanış olduqlarını, həmçinin xəstənin qonşuları ilə söhbət apardıqlarını, müvafiq akt tərtib edildiyini, Qəribov Kamran Malik oğlunun psixoloji vəziyyətinin vizual olaraq da çox kritik olduğunu, belə ki, xəstənin yeriyə bilmədiyini, sadecə oturaraq hərəkət etdiyini, yeriyə bilmədiyini, oturaq vəziyyətdə hərəkət etdiyini, danışa bilmədiyini, oturaq vəziyyətdə hərəkət etdiyini, danışa bilmədiyini, anlaşılmayan səslər çıxardığını, köməklik olmadan yemək yeyə bilmədiyini müşahidə etdiklərini, komissiya üzvlərinin K.Qəribovun yaşadığı evin şəraiti ilə də yaxından tanış olduğunu, evin şəraitinin normal və xəstənin səliqəsəhmanının isə çox yaxşı vəziyyətdə olduğunun müəyyən olunduğunu, Komissiyanın üzvlərinin həmçinin qonşularla da söhbət apardığını, qonşuların K.Qəribovu yedirib-içirən, onun baxımı, təmizliyi ilə məşğul olanın anası olduğunu bildirdiklərini qeyd etmişlər. Qəyyumluq və Himayəçilik Komissiyası rəyin nəticə hissəsində xx.xx.1997-ci il tarixdə anadan olan Qəribov Kamran Malik oğlunun psixoloji problemlərinin mövcud olduğunun müşahidə olunduğunu nəzərə alaraq onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məqsədəmüvafiq hesab etmişdir. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, Qəribov Kamran Malik oğlunda mövcud olan ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, xx.xx.1997-ci il tarixdə Babək rayonu, Güznüt kəndində anadan olan və Babək rayonu, Güznüt kəndində qeydiyyatda olmaqla yaşayan Qəribov Kamran Malik oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1997-ci il tarixdə Babək rayonu, Güznüt kəndində anadan olan, Babək rayonu, Güznüt kəndində qeydiyyatda olmaqla yaşayan Qəribov Kamran Malik oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-28/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-28/2024
08.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver