Məhkəmə qərarları › İş №2(079)-301/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-301/2024

13.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-301/2024 13.06.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi və Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “04” aprel 2024-cü ildə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 08 sentyabr 1994-cü il tarixdə doğulmuş övladı X8nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, X8 08 sentyabr 1994-cü ildə Babək rayonu, Nehrəm kəndində anadan olmuşdur. O, İ qrup əlildir və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Babək rayon şöbəsində əlilliyi olan şəxs kimi qeydiyyatda dayanır. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. X8 özünü idarə etmək qabiliyyətində deyildir, yəni mənim sayəmdə özünü idarə edir. Bundan başqa mülkiyyət hüquqlarımı, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən X8 həmin hüquqlarını həyat keçirə bilmir. Ərizəçi məhkəmədə verdiyi izahatında 27 sentyabr 1993-cü ildə X10 ilə ailə qurduğunu, birgə nikahlarından iki uşaq dünyaya gəldiyini, Coşqunun evin böyük uşağı olduğunu, onun xəstə olmağını bir yaşından sonra bildiklərini, Coşqun uşaq ikən tez-tez spazma keçirdiyindən onu burada və İranda həkimlərə apardıqlarını, Naxçıvanda Rəşad həkimin də yanına da müalicədə olduqlarını, lakin heç bir müalicənin faydası olmadığını, onun tez-tez əsəb keçirdiyini, Coşqunun danışa bilmədiyini, o, hərəkət etsə də, onları idarə edə bilmədiyini, yeməyi və içməyi özü etsə də, ona yemək verməyənə kimi bunu etmədiyini, uşağının digər tələbatlarını qarşılamaqda özünün ona kömək etdiyini, hazırda onun 30 yaşı olduğunu, hazırda bankın Coşqunun bankomat kartı vermədiyini, onun 5 yaşından pensiya aldığını, 1-ci qrup əlil olduğunu, digər övladının səhhətində heç bir problem olmadığını, Coşqunun adına hər hansı əmlak və nəqliyyat vasitəsi olmadığını qeyd edərək, yekunda müraciətinin təmin edilməsini məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin - X8nun səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 25 aprel 2024-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına X8nun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması tapşırılmışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 “14” may 2024-cü il tarixli, 174 nömrəli ambulator məhkəməpsixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, X8nun hazırki psixi sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə onu məhkəmə iclaslarına dəvət etməmişdi. Məhkəmə iclasında iştirak edən Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X4 verdiyi izahatında komissiya üzvlərinin ərizəçinin yaşadığı evdə olduğunu, baxılan işlə bağlı müvafiq araşdırma apardıqlarını, ərizəçinin evində olan zaman Coşqun Bağırovun onunla birlikdə yaşamasını müəyyən etdiklərini, onun geyimini və ona qarşı olan qayğının diqqətlərini çəkdiyini, Coşqun Bağırovun hərəkətsiz və ya yerdə yataq xəstəsi olmadığını, onu müstəqil qaydada hərəkət etdiyini, Coşqun Bağırovda aqressivlik, həmçinin onun ətrafında olan hadisələri dərk etmədiyini müşahidə etdiklərini, belə ki, Coşqunun onların yanında paltarlarını dəyişmək istədiyini, onun qayğıları ilə əsasən anasının məşğul olduğunu, amma onun yuyundurmasını ərizəçinin həyata keçirdiyini, ərizəçinin evində olarkən qonşularla danışdıqlarını, onların da Coşqunun uşaqlıqdan xəstə olmasını və həmişə valideynlərinin nəzarətində olmasını bildirdiklərini, Coşqunun atası, anası və qardaşı Ceyhun ilə birlikdə yaşadığını, onun ailəli olmasını müşahidə etmədiklərini qeyd edərək komissiyanın X8nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsində hər hansı sui-istifadə hallarının olmamasının müəyyən etdiyini bildirmişdi. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş şəxs X8nun 08 sentyabr 1994-cü ildə Babək rayonu, Nehrəm kəndində dünyaya gəlməsini, onun hazırda Babək rayonu, Nehrəm qəsəbəsində yaşamasını, Ərizəçi X8nun atası olmasını, X8nun 08 iyun 2010-cu ildən “Anadangəlmə əqli zəiflik, idiotiya səviyyəsində. Nitq inkişafının qüsuru. Qıcolma tutmalar” diaqnozları ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 qeydiyyatda olması, onun birinci dərəcə əlil olması, ona bu əlilliyə görə 200 manat Prezident təqaüdü və 270 manat müavinət verilməsini müəyyən edir. Bu faktlar aşağıdakılarla təsdiq olunur: - ərizəyə əlavə edilmiş və Babək rayonu, Nehrəm kənd icra nümayəndəliyi tərəfindən verilmiş 21 sentyabr 1994-cü il tarixli, XVİİİ-JQ seriyalı, 437742 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən və "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan X8nun 08 sentyabr 1994-cü ildə Babək rayonu, Nehrəm kəndində dünyaya gəlməsi və Ərizəçi onun atası, X7 isə anası olması; -ərizəyə əlavə edilmiş və Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin Nehrəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli, 656 nömrəli arayışdan, həmçinin iş materiallarına əlavə olunan Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 21 may 2024-cü il tarixli müayinə aktından, 03 iyun 2024-cü il tarixli, 18 nömrəli rəyindən X8nun hazırda Babək rayonu, Nehrəm qəsəbəsində yaşaması; - ərizəyə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 03 aprel 2024-cü il tarixli, 627 nömrəli məktubundan X8nun 08 iyun 2010-cu ildən “Anadangəlmə əqli zəiflik, idiotiya səviyyəsində. Nitq inkişafının qüsuru. Qıcolma tutmalar” diaqnozları ilə dispanserdə qeydiyyatda olması; - ərizəyə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş 09 sentyabr 2021-ci il tarixli, 56C4UHR0002 nömrəli qərardan elektron sistemdə olan çıxarışdan X8nun “Anadangəlmə əqli zəiflik, idiotiya səviyyəsində.” diaqnozları ilə müddətsiz birinci dərəcə əlil olması; - ərizəyə əlavə edilmiş və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Babək Rayon Şöbəsi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli, 03/281 nömrəli arayışdan X8nun həmin şöbədən İ dərəcə əlilliyə görə 200 manat Prezident təqaüdü və 270 manat müavinət alması aydın olur. Ərizəçinin müraciəti isə övladı X8nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsidir. Onun müraciətini mülki iş materialları, qanunvericiliyin tələbləri və bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsində fiziki şəxsin fəaliyyət qabiliyyətinin anlayışı verilmişdir. Həmin maddəyə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.5-ci maddəsində isə şəxsin məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz sayılmasının əsasları müəyyən olunmuşdur. Qeyd olunun maddənin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmə hazırlıq iclasında bunun müəyyən olunması üçün 25 aprel 2024-cü il tarixli qərardadla məhkəmə- psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 ambulator məhkəmə-psixiatriya ekspertizasının “14” may 2024-cü il tarixli, 174 nömrəli ekspert rəyində qeyd olunur ki, X6 “Ağır dərəcəli əqli gerilik” psixi xəstəlik aşkar olunur. X8 öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntuya yol verilmədiyindən məhkəmə ekspert rəyini sübut kimi qəbul edilən hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Hazırki mülki iş üzrə isə məhkəməyə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə ilə müraciət edən şəxsin isə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş X8nun atası olması yuxarıda qeyd edildiyi kimi sübuta yetirilir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Mülki iş materialları ilə yuxarıda da qeyd edildiyi kimi barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş şəxsin Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olması və həmin qəsəbədə yaşaması müəyyən edilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki işin məhkəmə araşdırması zamanı Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin məhkəmədə verdiyi izahatından məlum olur ki, Ərizəçi tərəfindən X8nun fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. Həmçinin komissiya bunun məhkəməyə təqdim etdiyi 03 iyun 2024-cü il tarixli, 18 nömrəli rəyində də qeyd etmişdi. Məhkəmə bunları nəzərə alaraq belə nəticəyə gəlir ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil və buna görə ərizəçinin müraciəti əsaslı sayılmalı, X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə ərizəçinin müraciətini əsaslı saydığından, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.3-cü maddələrinin tələbinə görə xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilməli olduğundan, həmçinin həmin Məcəllənin 119.1-ci maddəsində isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi nəzərdə tutulduğundan, hazırki iş üzrə isə yalnız ərizəçi işdə iştirak etdiyindən Ərizəçi məhkəməyə müraciət etməsi ilə bağlı ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunmalı; - 08 sentyabr 1994-cü ildə Babək rayonu, Nehrəm kəndində anadan olan və Babək rayonu, Nehrəm qəsəbəsində yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; -məhkəməyə müraciət edilməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunsun. 08 sentyabr 1994-cü ildə Babək rayonu, Nehrəm kəndində anadan olan və Babək rayonu, Nehrəm qəsəbəsində yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar