Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-333/2024 24.06.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi və Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçinın şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi Babək Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2003-cü il tarixdə anadan olmuş Səfərli Nicat Etibar oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, Səfərli Nicat Etibar oğlu xx.xx.2003-cu il tarixdə Babək rayon, Kərimbəyli kəndində anadan olmuşdur. X12 birinci qrup əlildir və əlillik vəsiqəsində də onun əlilliyi müddətsiz olaraq qeyd olunmuşdur. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Babək rayon Şöbəsinin arayışında da qeyd olunub ki, Səfərli X5 Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Babək rayon şöbəsindən 1-ci dərəcə əlilliyə görə müddətsiz 270 manat müavinət və 200 manat Prezident təqaüdü alır. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 arayışa əsasən, Babək rayon Kərimbəyli kəndində qeydiyyatda olan 2003-cü il təvəllüdlü Səfərli Nicat Etibar oğlu, həqiqətən, Naxçıvan MR X2 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Nicat özünü idarə etmək qabiliyyətində deyildir. Bundan başqa mülkiyyət hüquqlarımı, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən Nicatın həmin hüquqlarını həyat keçirə bilmirəm. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında oğlu Səfərli Nicatın 2003-cü ildə serebral iflic diaqnozu ilə doğulduğunu, oğlu 3 aylıqkən həkim müayinəsi zamanı şübhələr müəyyən edildiyindən Bakı şəhərində xəstəxanalarda müayinədən keçib diaqnozu dəqiqləşdirdikdən sonra 7-8 il müəyyən aralıqlarla müalicə olunduğunu, il ərzində iki dəfə Bakı şəhərində xəstəxanada yatdığını, daha sonra xəstəliyin ağır gedişi ilə bağlı olaraq müalicənin təsirinin olmadığının müəyyən edildiyini, sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunduğunu, hazırda Nicatın 21 yaşının olduğunu, tam yataq vəziyyətində olduğunu, yerimə qabiliyyətinin olmadığını, nitqinin olmadığını, sadəcə səslər çıxara bildiyini, qidalanması ilə anasının məşğul olduğunu, immunitetinin də zəif olduğunu, tez-tez xəstələndiyini, 18 yaşına qədər müavinətin anası vasitəsilə alınması səbəbindən problem olmadığını, amma 18 yaşı tamam olub birinci qrup əlilliyi müəyyən olunduqdan sonra pensiyanın yalnız qəyyumu tərəfindən götürülə biləcəyini dediklərini, ona görə də məhkəməyə müraciət etdiklərini bildirmiş, şəxsin fəaliyyət qabiliyyətinin olmayan sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qəyyumluq və Himayə Orqanının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında komissiyanın üzvlərinin ərizəçi və maraqlı şəxsin birlikdə yaşadığı Babək rayonu, Kərimbəyli kəndində yerləşən yaşayış evində olduğunu, xəstənin vəziyyəti ilə vizual olaraq tanış olduqlarını, Səfərli Nicat Etibar oğlunun səliqə-səhmanının və qidalanmasının normal olduğunu, xəstə üçün xüsusi yataq dəstinin quraşdırıldığını, Nicat Səfərlinin ətraf mühiti dərk edə bilmədiyini müəyyən etdiklərini, verilən suallara cavab verə bilmədiyini, qonşuların da fikrini öyrəndiklərini, onların da Səfərli Nicat Etibar oğlunun səliqə-səhmanı və qidalanması ilə anasının məşğul olduğunu bildirdiklərini, sözügedən hallar nəzərə alınmaqla Səfərli Nicat Etibar oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin məqsədəuyğun olduğunu və şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün müraciət edilməsində hər hansı bir sui-istifadə halının mövcud olmadığını bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, Ərizəçinın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı barəsində ərizə verdiyi şəxs Səfərli Nicat Etibar oğlunun yaxın qohumu-atası olması, Səfərli Nicat Etibar oğlunun müddətsiz olaraq birinci qrup əlilliyə görə müavinət alması mülki işin mübahisəsiz hallarıdır. Sözügedən hallar və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - Naxçıvan Muxtar Respublikası Babək rayonun Kərimbəyli kənd XDM tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Ərizəçi ilə X6 arasında 17 oktyabr 1992-ci il tarixində nikahın bağlandığı müəyyən olunur. - Babək Rayon Kərimbəyli kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Səfərli Nicat Etibar oğlunun xx.xx.2003-cü il tarixdə anadan olması, atasının Ərizəçi, anasının isə X7 olması müəyyən olunur. - Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 066069 nömrəli vəsiqədən Səfərli Nicat Etibar oğluna 23 fevral 2021-ci il tarixdə müddətsiz olaraq 1-ci qrup əlilliyin verildiyi müəyyən olunur. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Babək rayon Şöbəsinin 18 aprel 2024-cü il tarixli, 03/312 nömrəli arayışına əsasən Səfərli Nicat Etibar oğlunun müddətsiz olaraq 1-ci dərəcə əlilliyə görə 270 manat müavinət və 200 manat Prezident təqaüdü alması müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq Səfərli Nicat Etibar oğlunun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X3 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 192 saylı rəyi ilə ekspert komissiyası xx.xx.2003-cü il tarixdə Babək qəsəbəsində anadan olmuş Səfərli Nicat Etibar oğlunun psixi vəziyyəti ilə bağlı xarici görünüşünün baxımlı olduğu, davranışının yaşına uyğun olmadığı, təmasa daxil olmadığı, söz ehtiyatının olmadığı, adi vərdişləri icra edə bilmədiyi, əsas həyati məlumatlarının və bilik ehtiyyatlarının olmadığı, intellektual-mnestik sferasının dərin geriliyinin qeyd edildiyi, emosional iradi sferasının yetkin olmadığı, hal-hazırki vəziyyətinə tənqidi münasibət göstərə bilmədiyi nəzərə alınmaqla, Səfərli Nicat Etibar oğlunda “Dərin əqli gerilik” psixi xəstəliyinin olduğu, Səfərli Nicat Etibar oğlunun öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmadığı və sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan vermədiyi qənaətinə gəlmişdir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən maraqlı şəxs Səfərli Nicat Etibar oğlunun iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası 2024-cü il tarixli, 20 nömrəli rəyində komissiya üzvlərinin Səfərli Nicat Etibar oğlunun yaşadığı Babək rayonu, Kərimbəyli kəndində yerləşən evdə olduqlarını, onun həyat şəraiti və psixoloji vəziyyəti ilə tanış olduqlarını, ailənin qonşuları ilə söhbət apardıqlarını, müvafiq akt tərtib edildiyini, Səfərli Nicat Etibar oğlunun sağlamlıq vəziyyətinin vizual olaraq da kritik göründüyü, yataq xəstəsi olduğu, qıcolmalardan əziyyət çəkdiyi, ətraf mühiti dərk etmədiyi, ona verilən suallara cavab vermədiyi, şəxsin səliqə-səhmanının yerində olması, onun bədənində yara izlərinin omadığı, Komissiyanın üzvlərinin qonşularla söhbəti zamanı qonşuların N.Səfərlinin yemək, təmizlik, geyim və bu kimi tələbatlarının anası başda olmaqla bütün ailə üzvlərinin qarşıladığını qeyd etmişlər. Qəyyumluq və Himayəçilik Komissiyası rəyin nəticə hissəsində sui-istifadə halının olmadığı nəzərə alınmaqla 01 yanvar 2003-cü il tarixdə anadan olan Səfərli Nicat Etibar oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqsədəmüvafiq hesab etmişdir. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, Səfərli Nicat Etibar oğlunda mövcud olan ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, 01 yanvar 2003-cü il tarixdə Babək rayonu, Kərimbəyli kəndində anadan olan, həmin kənddə qeydiyyatda olmaqla yaşayan Səfərli Nicat Etibar oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. 01 yanvar 2003-cü il tarixdə Babək rayonu, Kərimbəyli kəndində anadan olan, həmin kənddə qeydiyyatda olmaqla yaşayan Səfərli Nicat Etibar oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-333/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-333/2024
24.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver