Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-345/2025 24.10.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X10 məhkəmə iclas katibliyi, iddiaçının vəkil-nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı vəkil-nümayəndəsi vasitəsi ilə “25” aprel 2025-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixdə, Reyestr 2V-199 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyim İddiaçı, bildirdiklərinə və əldə olunmuş sənədlərə əsasən X4 ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlaka Cavabdehnə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməyərək mərhum X1 ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlaka arvadı X6 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyini bildirmişdir. Hüquqlarını müdafiə etdiyim İddiaçı 14 dekabr 2021-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün yazılı olaraq Cavabdehnə müraciət etmiş, Cavabdeh 21 dekabr 2021-ci il tarixində imtina verərək məktubla birlikdə X6 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və ona əlavə olunmuş sənədlərlə birlikdə göndərilmişdir. Bundan sonra hüquqlarını müdafiə etdiyim İddiaçı, digər qardaşı X15 və bacısı X11 mərhum ataları X2 Babək rayon Aşağı Buzqov kəndində miras qalmış daşınmaz əmlakın onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında iddia təmin edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(078)-788/2022-ci il tarixli qətnaməsindən belə aydın olur ki, miras İddiaçı tərəfindən mirasın qəbul faktı müəyyən olunmuş və hazırda mərhum X4 ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlaka digər uşaqların mirasın qəbul edilib edilməməsi nəzərə alınmadan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd etmək istəyirəm ki, 26 oktyabr 2021-ci il tarixində Cavabdeh notariusu Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən digər övladlarının da mirasda pay hüququ göstərilməli idi. Lakin Cavabdeh notariusu 26 oktyabr 2021-ci il tarixində Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni verməklə qanunu pozmuşdur. Cavabdehnə xx.xx.2024-cü il tarixdə ərizə yazaraq xx.xx.2021-ci il tarixdə Reyestr 2V-199 nömrə ilə qeydə alınmış X6 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdim. Cavabdeh xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə yazılan ərizəyə cavab olaraq vərəsəlik işinin qismən ləğv edilməsi müraciətinin təmin edilmir olaraq qeyd edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(079)-345/2025 nömrəli qərardadı ilə X15 və Quluyeva (Şəkərova) Mehriban Tofiq qızı iddiaçı, X12 isə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(079)-345/2025 nömrəli qərardadı ilə X18 cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçının vəkil-nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında X4 ölümündən sonra ondan miras qalan ünvan 3 ünvanında yerləşən miras əmlakla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məqsədilə Cavabdehnə müraciət etdiyini və nəticədə notarius tərəfindən 26 oktyabr 2021-ci il tarixdə miras qoyanın digər övladlarının mirasdan imtina ilə bağlı ərizələri alınmadan miras qoyanın ikinci nikahdan olan arvadı Zərqələm Həbibovaya miras əmlakdan tam pay alması ilə əlaqədar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verdiyini, vərəsələrdən X7 hazırda Babək rayonu Buzqov kəndində, X8 Almaniyada, İddiaçı isə Rusiyada yaşadığını, X4 ölümündən sonra vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etsələr də, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin tam pay hüququ ilə X6 adına verildiyi öyrəndiklərini, daha sonra vərəsələr tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən olunması ilə bağlı Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırıldığını və iddianın təmin edildiyini, bundan sonra Notariat Ofisinə verilmiş şəhadətnamənin qismən etibarsız sayılması ilə bağlı ərizə verilsə də, notariusun bundan imtina etdiyini, Məhərrəm Şəkərov və İddiaçı xarici ölkə vətəndaşı olmasının onların həmin əmlakda paylarının olmadığı və ya paylarından imtina etdikləri mənasına gəlmədiyini, onların həmin əmlakda paylarının olduğunu, şəhadətnamə verilmiş miras əmlakın özkəninkiləşdirilməsindən məhkəmə prosesində xəbərdar olduğunu bildirmiş, sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında Tofiq Şəkərovun 2020-ci ilin noyabr ayında vəfat etdiyini və X5 mərhumun ölümündən 3 ay sonra notariat ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etdiyini, Zərqələm Həbibova tərəfindən əvvəlcə poçt vasitəsilə notariat ofisinə məktub ünvanlandığını, daha sonra özünün şəxsən notariat ofisinə müraciət etdiyini, daxil olan ərizənin qeydiyyata alındığını və ərizəyə müvafiq tarixə daxil olma ştampının vurulduğunu, miras açıldıqdan 6 ay sonra ona tam pay hüququ ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyini, şəhadətnamə verilərkən icra nümayəndəliyi ilə əlaqə saxlanılaraq mərhumun vərəsələrindən burada yaşayanların notariat ofisinə müraciət etmələrinin təklif edildiyini, onların susmuş vərəsələr olduğunu, miras açıldıqdan sonra 6 ay müddətində heç birinin notariat ofisinə vərəsəliklə bağlı müraciət etmədiklərini, hətta digər vərəsələrin olması səbəbindən şəhadətnamənin verilməsini 6 ay da əlavə gecikdirdiyini, daha sonra Zərqələmin vəkilinin müraciət edərək şəhadətnamənin verilməli olduğunu bildirdiyini, bundan sonra icra nümayəndəliyindən mərhumun övladlarının heç birinin həmin miras əmlakda qeydiyyatda olmamaları və faktiki mirası qəbul etməmələri ilə bağlı forma 2 arayışını alaraq Zərqələm Həbibovaya sözügedən əmlakla vərəsəlik hüququ haqqında şəhadətnamə verdiyini, digər vərəsələrin miras əmlakda qeydiyyatda olmadığı müəyyən edildiyindən tam pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyini, Məhərrəm Şəkərov və İddiaçı xarici ölkənin vətəndaşları olduğunu, sistemdə ərizə düşmədiyindən onun yazılması və fotosunun çəkilməsi məqsədilə 1 il sonra 24 sentyabr 2021-ci il tarixdə Zərqələm Həbibova tərəfindən təkrar elektron formada daxil edilmiş ərizəni qeydiyyata aldıqlarını bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəmə iclasında verdiyi izahatında Tofiqlə 7 il ailəli olduqlarını, Tofiqin 18 noyabr 2020-ci ildə koronovirus səbəbindən vəfat etdiyini, evli olduqları vaxt Naxçıvan şəhərində 10 nömrəli məktəbin yanında oğlu Namiqin adına ev aldığını, daha sonra Tofiqin ona “JB” adlanan yerdəki digər evimizə gedək” dediyini, həmin ev köhnə olduğundan orada yaşamağa razı olmadığını, Tofiqin Namiqin adına aldığı evdə vəfat etdiyini, Tofiq vəfat etdikdən sonra iddiaçıya zəng etsə də, onun telefonlara cavab vermədiyini, Namiqin Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırdığını, həmin vaxt məhkəmə iclasında iştirak etdiyini, Tofiqin vəfatından 3 ay keçdikdən sonra “Şərq Qapısı” qəzetində ünvan 3-da yerləşən evin sənədlərini itmiş kimi göstərib yenidən evin sənədlərini çıxardığını və evi öz adına keçirdiyini, evi öz adına sənədləşdirdiyi tarixi xatırlamadığını, Babək Rayonunda notarius Rafət müəllimin yanına gəlib ərizə yazdığını, bundan sonra evin təmirinə 1800 manat pul xərclədiyini və etibarnamə əsasında vəkilin onun əvəzindən alqı-satqı proseslərini həyata keçidiyini və evi Şahbuz rayon sakini Elvin adlı şəxsə 40000 manata satdığını, hazırda kirayələrdə yaşadığını və sağlamlığını itirdiyini bildirmişdir. Üçüncü şəxs X18 məhkəmə iclasında verdiyi izahatında Zərqələmin ünvan 3 ünvanında yerləşən bina evinin satılması ilə bağlı elan paylaşdığını, həmin yerdən nömrəsini götürüb onunla əlaqə saxladığını və sənədlərin düzgün olmasına əmin olduqdan sonra çıxarışı olan ev aldığını, qeyri-qanuni sənədin olması və ya olmamasını Zərqələm xanım və ya hansısa qurumun ona bildirmədiyini, 01 fevral 2024-cü ildə evə baxdığını, bank vasitəsilə 40500 manat ona pul ödədiyini, binanın əvvəl opşitel olduğunu və yaşayış sahəsi kimi yararlı olmadığını, ikinci mərtəbənin kanalizasiya xətlərinin evin ortasından keçdiyini, suyun onların binasından başlayıb bütün evlərə paylandığını, bu səbəbdən evə 10000 manatdan çox vəsait xərclədiyini, alqı-satqı zamanı tərəflər arasında olan mübahisədən heç bir xəbərinin olmadığını, vərəsələrdən heç kimin gəlib bununla bağlı ona hər hansı narazılıq bildirmədiyini, notariat ofisində ona vərəsəliklə bağlı heç nə deyilmədiyini, özünün Zərqələmin uşağının olub-olmamasını soruşduqda isə Zərqələmin uşağının olmadığını və sənədlərin tam şəkildə düzgün olduğunu ona bildirdiklərini, Zərqələm xanımın həmin əmlakı nəyin əsasında almasından məlumatının olmadığını və heç bir orqan və ya şəxsdən maraqlanmadığını, alqı-satqını ASAN Xidmət Mərkəzində etdikləri üçün nədənsə şübhələnmədiyini, hazırda evin öz mülkiyyətində olduğunu, hazırda həmin evdə özündən başqa qeydiyyatda olan şəxs olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, üçüncü şəxslər X15 və Quluyeva (Şəkərova) Mehriban Tofiq qızı, X18 və X12 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, X2 ünvan 5 ünvanında yerləşən mənzil miras qalmış, miras sonuncunun ölümü ilə xx.xx.2020-ci il tarixdə açılmış, həmin miras əmlaka dair miras qoyanın arvadına xx.xx.2021-ci il tarixdə tam pay hüququ ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, miras qoyanın övladlarının X2 qalmış Babək rayonu, Aşağı Buzqov kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən ibarət olan miras əmlakı qəbul etmələrinə dair xx.xx.2022ci il tarixli məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və mübahisələndirilən şəhadətnamə verilmiş miras əmlak özgəninkiləşdirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2014-cü il tarixli çıxarışdan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 51.48 m2 olan mənzilin tam mülkiyyət hüququ ilə X4 mülkiyyətində olması; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 801796 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən X4 xx.xx.2020-ci il tarixdə vəfat etməsi; - xx.xx.2021-ci tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən X4 arvadı X9 ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 51.48 m2 olan 3 otaqlı mənzildən tam hissədə payın verilməsi; - Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(078)-788/2022 nömrəli qətnaməsi ilə X4 mülkiyyətində olan Babək rayonu, Aşağı Buzqov kəndində yerləşən torpaq sahəsinin ölçüsü 0.4222 ha olan fərdi yaşayış evindən ibarət olan miras əmlakın övladları X15, İddiaçı və X13 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş və qətnamə qanuni qüvvəyə minmiş; - 03.02.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən X6 vərəsəlik şəhadətnaməsi əsasında ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 51.48 m2 olan 3 otaqlı mənzildən tam hissəni X3 və hazırda sonuncunun mülkiyyətindədir. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Mülki Məcəllənin 1321.3-cü maddəsinə görə vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). O da nəzərə alınmalıdır ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən etməklə bağlı hərəkətləri həyata keçirməmişdir. Bunun davamında isə miras qoyanın övladları olan birinci növbə vərəsələrinin miras qoyandan qalmış digər əmlakın faktiki qəbulunu müəyyən edən preyudisial əhəmiyyət daşıyan məhkəmə qətnaməsi qəbul edilmiş və qanuni qüvvəyə minmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə sözügedən halları nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakın onun övladları olan birinci növbə vərəsələri tərəfindən qəbul edilməsinə baxmayaraq xx.xx.2021-ci tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 51.48 m2 olan 3 otaqlı mənzilə tam pay hüququ ilə miras qoyanın arvadı X9 verilmiş vərəsəlik şəhadətnaməsi İddiaçı müəyyən olunmamış payına münasibətdə qismən etibarsız hesab edilməlidir. Məhkəmə vərəsəlik şəhadətnaməsinin tamamilə etibarsız sayılmasına dair iddia irəli sürülməsinə baxmayaraq miras əmlakın X12 tərəfindən formal üsulla qəbul edildiyinə dair sübutları nəzərə alaraq iddianı qalmış hissədə əsaslı hesab etmir. Belə ki, vərəsəlik işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixdə qeydə alınmış X12 tərəfindən miras əmlakın qəbuluna dair notariat orqanına verilmiş ərizə bunu deməyə əsas verir. Həmçinin məhkəmə vərəsəlik şəhadətnaməsi ilə tam pay hüququnun müəyyən olunduğu əmlakın üçüncü şəxsin adına özgəninkiləşdirilməsinə münasibətdə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Bu baxımdan məhkəmə iddiaçıya izah edir ki, tam pay hüququ ilə şəhadətnamə verilmiş və əmlakı özgəninkiləşdirmiş X9 qarşı öz payının kompensasiyası üçün gələcəkdə iddia ilə çıxış edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin olunsun. Babək rayon notariusu Nümayəndə2 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, reyestrdə 2V-199 nömrə ilə qeydiyyata alınmış X2 miras qalmış ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 51.48 m2 olan 3 otaqlı mənzilə X5 tam pay hüququnu müəyyən edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə İddiaçı münasibətdə etibarsız hesab edilsin. İddia qalmış hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-345/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-345/2025
24.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver