Məhkəmə qərarları › İş №2(079)-347/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-347/2023

31.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-347/2023 31.07.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Babək Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X6, cavabdeh İsmayılova (Qurbanova) Aynur Əsəd qızı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İsmayılova (Qurbanova) Aynur Əsəd qızına qarşı uşaqla ünsiyyətdə olmaq üçün görüş qaydasının müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 oktyabr 2016-cı il təvəllüdlü qızı X4 və 10 aprel 2018-ci il təvəllüdlü oğlu X5 ilə ünsiyyətdə olmaq üçün hər həftənin şənbə günləri saat 10:00-dan gecə qalmaqla bazar günü saat 16:00 kimi, X2 doğum gününü qeyd etməyi üçün hər ilin 29 oktyabr günü və X3 doğum gününü qeyd etməyi üçün hər ilin 09 aprel günü saat 15:00-dan saat 21:00-dək, hər ilin 06 fevral günü saat 15:00-dan saat 21:00-dək, Yeni il və Novruz bayramı günlərinin ilk günü səhər saat 10:00-dan 3-cü günü saat 21:00-dək onun yanında qalmaları, hər ilin iyul ayının 01 tarixi saat 10:00-dan 31 iyul saat 20:00-dək övladlarının onun yanında qalmaqla görüş qaydasının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdehə Əsəd qızı ilə 29 fevral 2016-cı il tarixdə Babək rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmaqla evlənib nikahımızı nikah akt qeydləri kitabında 40 nömrə ilə qeydiyyatdan keçirmişik. Birgə nikahdan birgə yaşadığımız müddətdə 30 oktyabr 2016-cı il tarixdə qızımız X4 və 10 aprel 2018-ci il tarixdə isə oğlumuz X5 doğulmuşdur. Bizim aramızdakı nikah Babək Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(079)- 27/2023 nömrəli qətnaməsi ilə pozulmuş, azyaşlı övladlarımızın analarının yanında qalması qət edilmişdir. Cavabdeh mənim uşaqlarımla görüşməyimə şərait yaratmır. Onları görməyimə maneəçilik törədir. Bu şəbədən də mən məhkəmə qaydasında uşaqlarımla görüş qaydasının müəyyən olunmasını istəyirəm. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, məhkəmə hazırlıq iclası keçirilərək, mülki iş məhkəmədə baxılmağa təyin olunmuşdur. İddiaçı mülki iş üzrə məhkəmə baxışı iclaslarında iştirak etməmiş, xx.xx.2023cü il tarixə təyin olunmuş məhkəmə iclasının onun iştirakının təmin edilməsi üçün təxirə salınaraq başqa vaxta keçirilməsi ilə bağlı xahişini xx.xx.2023-cü il tarixli teleqramla məhkəməyə çatdırmış, iddiaçının ərizəsi əsas götürülərək məhkəmə baxışı iclası təxirə salınaraq xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə teleqramla məhkəməyə müraciət edərək ölkə ərazisindən kənarda olduğuna görə məhkəmə iclasında iştirak edə bilmədiyini, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməsi ilə bağlı xahişinin olmamasını və qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçıya izah edilir ki, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. MPM-in 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Belə ki, MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır, 260.3-cü maddəsinə görə isə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. MPM-in 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edilmişdir. İddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən iddia qaldırılarkən Kapital Bank ASC-nin Naxçıvan filialı vasitəsi ilə 18 may 2023-cü il tarixli, 2168 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı İsmayılova (Qurbanova) Aynur Əsəd qızına qarşı uşaqla ünsiyyətdə olmaq üçün görüş qaydasının müəyyən olunması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən iddia qaldırılarkən Kapital Bank ASC-nin Naxçıvan filialı vasitəsi ilə 18 may 2023-cü il tarixli, 2168 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar