Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-369/2020 15.10.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, Ərizəçi “hərbi əməliyyatlarda iştirak etmə faktının təsdiq edilməsinə” dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdim: Ərizəçi ərizə ilə Babək rayon Məhkəməsinə müraciət edərək, onun xx xxx 1992ci il tarixdən xx xxxxxx 1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Babək rayon Buzqov-şada kəndində gedən hərbi əməliyyatlarda iştirak etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsində məhkəmə qaydasında müəyyən edilən hüquqi faktların siyahısı verilmişdir. Qeyd olunan siyahıda şəxsin döyüşlərdə iştirak etməsi faktının məhkəmə qaydasında müəyyənedilməli fakt olması göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən isə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların məhkəmə qaydasında müəyyən edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan normalardan göründüyü kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-307.2.10-1-ci maddələrində nəzərdə tutulmuş hüquqi əhəmiyyətli faktlardan başqa digər faktlar yalnız o zaman məhkəmə tərəfindən müəyyən edilə bilər ki, bu faktın müəyyən edilməsi üçün qanunvericilikdə başqa qayda nəzərdə tutulmamış olsun. Ərizəçinin müəyyən edilməsini istədiyi hərbi əməliyyatlarda iştirak etmə faktının müəyyən edilməsi üçün qanunvericilikdə başqa qayda nəzərdə tutulmuşdur. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı Qərarı ilə 2 təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan hərbi əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə hərbi əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd olunan qərarda şəxsin hərbi əməliyyatlarında iştirak etməsinin hansı sənədlər əsasında təsdiq ediləcəyi göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, ərizəçinin döyüşlərdə iştirak etməsi faktı həmin sənədlər əsasında müəyyən edilməli olduğundan bu fakt məhkəmə qaydasında müəyyən edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, hərbi əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Mülki-Prosessual Məcəllənin 153.2-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Odur ki məhkəmə hesab edir ki, hərbi əməliyyatlarında iştirak etmə faktının təsdiq edilməsinin qanunvericilikdə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulduğundan iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli qərarında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və onun müvafiq şöbə və idarələri inzibati orqan kimi müəyyən edilmişdir. Ərizəçiyə izah olunmalıdır ki, müharibə veteranı statusunun verilməsindən müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati icraat qaydasında müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarıldıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ərizəçi tərəfindən “xxxxxxxxxxxx” ASC-nin Babək filialına xx.xx.2020-ci il tarixdə 49997 nömrəli qəbz ilə ödənilmiş 10 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153.2, 153.2.4, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi “hərbi əməliyyatlarda iştirak etmə faktının müəyyən edilməsi” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Ərizənin qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. Ərizəçiyə izah olunsun ki, müharibə veteranı statusunun verilməsindən müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati icraat qaydasında müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququ vardır. Ərizəçi tərəfindən “xxxxxxxxxxxx” ASC-nin Babək filialına xx.xx.2020-ci il tarixdə 49997 nömrəli qəbz ilə ödənilmiş 10 manat dövlət rüsumu ona qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(079)-369/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-369/2020
15.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver