Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-370/2025 11.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi və Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Həsənov Mədət Sadıq oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi 08 may 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək xx.xx.1993-cü il tarixdə anadan olmuş Həsənov Mədət Sadıq oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, Həsənov Mədət Sadıq oğlu xx.xx.1993-cü il tarixdə Babək rayonu, Nehrəm kəndində anadan olmuşdur. X13 birinci qrup əlildir və əlillik vəsiqəsində də onun əlilliyi müddətsiz olaraq qeyd olunmuşdur. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun arayışında da qeyd olunub ki, Həsənov X8 Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Babək rayon şöbəsindən 1-ci dərəcə əlilliyə görə 270 manat müavinət və 200 manat Prezident təqaüdü alır. Təyinatın bitmə tarixi müddətsizdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 arayışa əsasən Babək rayon Nehrəm qəsəbəsində qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü Həsənov Mədət Sadıq oğlu, həqiqətən Naxçıvan MR X3 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanır. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Mədət özünü idarə etmək qabiliyyətində deyildir. Bundan başqa mülkiyyət hüquqlarını, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən Mədətin həmin hüquqlarını həyata keçirə bilmirəm. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında oğlu Mədətin kartının vaxtı bitəndə yenidən almaq üçün müraciət etdiyi zaman qəyyumluğunun olmasının zəruri olduğunun ona bildirildiyini, oğlunun 33 yaşında olduğunu, onun danışa və yeriyə bilmədiyini, 1-ci up əlil olduğunu, oğlu Mədətin dispanserdə qeydiyyatda olduğunu, Mədətin əvvəllər Bakı, İran və Naxçıvanda müalicə aldığını, lakin müalicələrin bir fayda vermədiyini, xəstəliyinin anadangəlmə olduğunu, onun 37 günlüyündə spazma keçirdiyini və həmin vaxtdan inkişafının ləngidiyini, əkiz qardaşının isə sağlam olduğunu, 3-4 yaşından sonra müalicə olunmağa başladığını, Mədətin nitqinin olmadığını, sürünərək hərəkət etdiyini və ayaq üstə dura bilmədiyini, əlil arabasında hərəkət etdiyini, şiddətə meylli olmadığını, anasının onu yuyundurduğunu və baxımı ilə məşğul olduğunu bildirmiş, sonda iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X7 məhkəmə iclasında verdiyi izahatında komissiya üzvlərinin ərizəçi və maraqlı şəxsin birgə yaşadığı Nehrəm qəsəbəsində yerləşən evlərində olduqlarını, həqiqətən də xəstənin hərəkət və nitq qabiliyyətinin olmadığını, suallara anlaşılmayan səslərlə cavab verdiyini, xəstənin geyimi, yeməyi ilə valideynlərinin maraqlandığını, təmizliyinin, səliqə-səhmanının yerində olduğunu, qonşuların fikirlərini öyrəndiklərini, tələbətanın ailəsi - xüsusilə anası tərəfindən qarşılandığını bildirdiklərini, komissiya olaraq şəxsin fəaliyyət qabiliyyətsiz hesab olunmasında sui-istifadə halının olmadığını müşahidə etdiklərini bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, Ərizəçinın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı barəsində ərizə verdiyi şəxs Həsənov Mədət Sadıq oğlunun onun yaxın qohumu-oğlu olması və Həsənov Mədət Sadıq oğlunun İ qrup əlil olması müəyyən edilir. Sözügedən və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - XVİİ-ЖГ seriyalı, 352132 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası Ərizəçi, anası X6 olan Həsənov Mədət Sadıq oğlunun 14 mart 1993-cü il tarixdə Babək rayonu, Nehrəm kəndində anadan olması; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Sosial müavinət və təqaüd haqqında arayış” altsistemindən edilmiş çıxarışdan Həsənov Mədət Sadıq oğlunun İ qrup əlil olduğu, Prezident təqaüdü və müavinət aldığı; - Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 025371 nömrəli, xx.xx.2020-ci il tarixli vəsiqənin təsdiq olunmuş surətindən Həsənov Mədət Sadıq oğlunun ümumi xəstəlik səbəbindən 1-ci qrup əlil olduğu, əlilliyin müddətsiz müəyyən olunduğu məlum olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319-cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq Həsənov Mədət Sadıq oğlunın psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə hazırlıq iclasında məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 303 saylı rəyi ilə ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, Həsənov Mədət Sadıq oğlunda “Dərin əqli gerilik” psixi xəstəliyi var, o, öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil, Həsənov Mədət Sadıq oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən maraqlı şəxs Həsənov Mədət Sadıq oğlunun iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası 25 iyul 2025-ci il tarixli, 15 nömrəli rəyində komissiya üzvlərinin iddiaçı və maraqlı şəxsin Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən evində olduğunu, maraqlı şəxs Həsənov Mədət Sadıq oğlunun həyat şəraiti və psixoloji vəziyyəti ilə maraqlandıqlarını, ailənin qonşuları ilə söhbət aparıldığını və müvafiq akt tərtib edildiyini, Həsənov Mədət Sadıq oğlunun yataq xəstəsi olduğunu və sərbəst hərəkət edə bilmədiyini, ona verilən hər hansı sualı cavablandırmadığını, şəxsin ətraf mühiti dərk etmədiyini, qonşuların bildirdiyinə görə Həsənov Mədət Sadıq oğlunun anadan olandan qısa müddət sonra bu vəziyyətə düşdüyünü, onun yemək, təmizlik, geyim və bu kimi gündəlik tələbatlarını anası başda olmaqla ailəsinin qarşıladığını, Həsənov Mədət Sadıq oğlunun ailə üzvlərinin qonşular arasında və ətraf ərazidə yaxşı insanlar kimi tanındığını müəyyən etmiş, məsələ ilə bağlı sui-istifadə halının olmadığını hesab etmişdir. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, Həsənov Mədət Sadıq oğlunda mövcud olan “Dərin əqli gerilik” xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, xx.xx.1993-cü il təvəllüdlü Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Həsənov Mədət Sadıq oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: Ərizə təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Həsənov Mədət Sadıq oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-370/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-370/2025
11.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver