Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-386/2024 29.07.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi və Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi 15 may 2024-cü ildə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 27 dekabr 1940-cı il tarixdə Naxçıvan rayonu, Qahab kəndində anadan olan anası Bayramova Tükazban Əkbər qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, anam Bayramova Tükazban Əkbər qızı 27 dekabr 1940-cı il tarixdə Naxçıvan rayonu, Qahab kəndində anadan olmuşdur. O, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 13 may 2024-cü il tarixli, 837 saylı arayışına əsasən 07 may 2024-cü il tarixdən “Alsheymer xəstəliyi nəticəsində demensiya” diaqnozu ilə dispanser qeydiyyatına alınmışdır, həmçinin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Babək rayon vətəndaş qəbulu şöbəsinin 10 may 2024-cü il tarixli, 03/415 saylı arayışına əsasən ailə başçısını itirməyə görə əmək pensiyaçısı kimi hər ay 399,68 manat məbləğində pensiya alır. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Anam Tükazban özünü idarə etmək qabiliyyətində deyildir. Yəni mənim sayəmdə özünü idarə edir. Bundan başqa mülkiyyət hüquqlarını, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən anam Tükazbanın həmin hüquqlarını həyat keçirə bilmirəm. Ərizəçi məhkəmədə verdiyi izahatında anası Tükəzbanın yaddaşı itdiyindən onun sənədləri imza edə bilmədiyini, buna görə onun pensiya kartını almaq üçün imza edə bilmədiyini, anasının heç kimi tanımadığını, evi tərk edib getdiyini, onun yanında olanda özünün adını çəkdiyini, lakin onu tanımadığını, atasının və anasının nə vaxt ailə qurduqlarını bilmədiyini, anasının 10 övladının olduğunu, özünün onun 7-ci uşağı olduğunu, anasının özü ilə qaldığını, onun 3-4 il olar ki yaddaşını itirdiyini, əvvəllər insanları tanısa da indi heç kimi tanımadığını, hər gün onun yaddaşının bir az daha itdiyini, həmçinin yaxınlarda ona İ qrup əlillik verildiyini, anasının sərbəst yeməyini yeyə bilmədiyini və üstünü batırdığını, arvadının onun yeməyinə və digər tələbatlarının ödənilməsində ona kömək etdiyini, onun kənar şəxsin köməyi olmadan hərəkət edə bilmədiyini, onun pensiya kartını ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin - Bayramova Tükazban Əkbər qızının səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 06 iyun 2024-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Bayramova Tükazban Əkbər qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması tapşırılmışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 “28” iyun 2024-cü il tarixli, 233 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Bayramova Tükazban Əkbər qızının hazırki psixi sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə Tükazban Bayramovanı məhkəmə iclaslarına dəvət etməmişdi. Məhkəmə iclasında iştirak edən Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə verdiyi izahatında mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələrinin 03 iyul 2024-cü ildə Babək rayonu, Qahab kəndində yerləşən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs Bayramova Tükazban Əkbər qızının yaşadığı evdə olduqlarını, orada qonşuları və icra nümayəndəsi işçilərini dinlədiklərini, evdə olan zaman Bayramova Tükazban Əkbər qızının hərəkətlərini müşahidə etdiklərini, onun dayanmadan danışdığını, tez-tez güldüyünü, qonşuların bildirməsinə görə Tükəzban Bayramovanın 2-3 dəfə evi tərk etdiyini, lakin onu yaxın məsafədən evlərinə qaytardıqlarını, həmçinin onların bildirməsinə görə həyətin yanından keçəndə həyətdə Tükəzban Bayramovanın səsi gələndə artıq onun qapını açıb küçəyə çıxmaq istədiyini öyrəndiklərini, komissiyanın Tükazban Bayramovanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsində hər hansı sui-istifadə hallarının olmamasının müəyyən etdiyini qeyd etmişdir. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Bayramova Tükazban Əkbər qızının 27 dekabr 1940-cı ildə Naxçıvan rayonu, Qahab kəndində dünyaya gəlməsini, onun hazırda həmin kənddə yaşamasını, Ərizəçi Bayramova Tükazban Əkbər qızının anası olmasını, sonuncunun Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 “Alsheymer xəstəliyi nəticəsində demensiya” diaqnozları ilə qeydiyyatda dayanması, Bayramova Tükazban Əkbər qızının ailə başçısını itirməyə görə müavinət alması müəyyən edir. Bu faktlar aşağıdakılarla təsdiq olunur: - "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Bayramova Tükazban Əkbər qızının 27 dekabr 1940-cı ildə Naxçıvan rayonu, Qahab kəndində dünyaya gəlməsi; - ərizəyə əlavə edilmiş və Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin Qahab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli, 301 nömrəli arayışdan, həmçinin iş materiallarına əlavə olunan Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 03 iyul 2024-cü il tarixli müayinə aktından, 12 iyul 2024-cü il tarixli, 23 nömrəli rəyindən Bayramova Tükazban Əkbər qızının hazırda Babək rayonu, Qahab kəndində yaşaması; - ərizəyə əlavə edilmiş 12 dekabr 1973-cü il tarixli, İİ-ЖГ seriyalı, 337314 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən və "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Ərizəçi xx xxxxxx 1973-cü ildə Naxçıvan rayonnu, Qahab kəndində dünyaya gəlməsi, X3 onun atası, Bayramova Tükazban Əkbər qızının isə anası olması; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 13 may 2024-cü il tarixli, 837 nömrəli məktubundan Bayramova Tükazban Əkbər qızının 07 may 2024-cü ildən “Alsheymer xəstəliyi nəticəsində demensiya” diaqnozları ilə dispanserdə qeydiyyatda olması; - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Babək Rayon Şöbəsi tərəfindən verilmiş 10 may 2024-cü il tarixli, 03/415 nömrəli arayışdan Bayramova Tükazban Əkbər qızının həmin şöbədən ailə başçısını itirməyə görə 399.68 manat müavinət alması aydın olur. Ərizəçinin müraciəti isə anası Bayramova Tükazban Əkbər qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsidir. Onun müraciətini mülki iş materialları, qanunvericiliyin tələbləri və bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsində fiziki şəxsin fəaliyyət qabiliyyətinin anlayışı verilmişdir. Həmin maddəyə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.5-ci maddəsində isə şəxsin məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz sayılmasının əsasları müəyyən olunmuşdur. Qeyd olunun maddənin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmə hazırlıq iclasında bunun müəyyən olunması üçün 06 iyun 2024-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 ambulator məhkəmə-psixiatriya ekspertizasının “28” iyun 2024-cü il tarixli, 233 nömrəli ekspert rəyində qeyd olunur ki, Bayramova Tükazban Əkbər qızında “Alsheymer xəstəliyi nəticəsində demensiya” xəstəliyi aşkar olunur. Bayramova Tükazban Əkbər qızı öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntuya yol verilmədiyindən məhkəmə ekspert rəyini sübut kimi qəbul edilən hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Hazırki mülki iş üzrə isə məhkəməyə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə ilə müraciət edən şəxsin isə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Bayramova Tükazban Əkbər qızının anası olması yuxarıda qeyd edildiyi kimi sübuta yetirilir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Mülki iş materialları ilə yuxarıda da qeyd edildiyi kimi barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş şəxsin Babək rayonu, Qahab kəndində qeydiyyatda olması və həmin kəndində yaşaması müəyyən edilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki işin məhkəmə araşdırması zamanı Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin məhkəmədə verdiyi izahatından məlum olmuşdur ki, Ərizəçi tərəfindən Bayramova Tükazban Əkbər qızının fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. Məhkəmə bunları nəzərə alaraq belə nəticəyə gəlir ki, Bayramova Tükazban Əkbər qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil və buna görə ərizəçinin müraciəti əsaslı sayılmalı, Bayramova Tükazban Əkbər qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə ərizəçinin müraciətini əsaslı saydığından, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 108.1 və 108.1.3-cü maddələrinin tələbinə görə xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilməli olduğundan, həmçinin həmin Məcəllənin 119.1-ci maddəsində isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi nəzərdə tutulduğundan, hazırki iş üzrə isə yalnız ərizəçi işdə iştirak etdiyindən Ərizəçi məhkəməyə müraciət etməsi ilə bağlı ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunmalı; - 27 dekabr 1940-cı ildə Naxçıvan rayonu, Qahab kəndində anadan olan və Babək rayonu, Qahab kəndində yaşayan Bayramova Tükazban Əkbər qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; -məhkəməyə müraciət edilməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunsun. 27 dekabr 1940-cı ildə Naxçıvan rayonu, Qahab kəndində anadan olan və Babək rayonu, Qahab kəndində yaşayan Bayramova Tükazban Əkbər qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-386/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-386/2024
29.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver