Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-39/2024 06.03.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X15 məhkəmə iclas katibliyi, İddiaçı1, iddiaçıların vəkili Vəkil oğlu, cavabdeh X11 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12 və X14 iştirakları ilə, İddiaçı1 və İmamquliyeva (Dünyamalıyeva) Aygün Hidayət qızının X8 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə baxış iclasında baxaraq, müəyyənetdi: İddiaçı1 və İmamquliyeva (Dünyamalıyeva) Aygün Hidayət qızı 16 noyabr 2023-cü il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Babək rayon Şıxmahmud kəndində 3322 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 130,20 m2 olan fərdi yaşayış evi barədə Babək rayon dövlət notariat kontorunda 20 aprel 2009-cu il tarixdə X11 ilə İddiaçı1 oğlu arasında bağlanmış 4Ə1-100 nömrəli reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Onlar, tələblərini əsaslandıraraq bildirmişdirlər ki, 2009-cu ildə mən, İ.Hidayət vacib pul lazım olduğundan Seyidov İbrahimdən faiz vermək şərti ilə 3000 manat pul aldım. Danışığımız belə oldu ki, İbrahim evin sənədini istədi və mənə verdiyi pulla evi onun adına alqı-satqı etdik. Mən dedim ki, nə vaxt pulu qaytarsam evin sənədini alacam. 1 aydan sonra mən ona dedim ki, pulun hazırdı gəl götür. O mənə dedi ki, evin sənədini qoymuşam Naxçıvan Banka 10000 (on min) manat pul götürmüşəm. Dedi gözlə bankın pulunu ödəyim qurtarım, sonra səndən pulumu alaram. Bu səbəbdən də mən çıxılmaz vəziyyətdə qaldım. Ona bildirdim ki, onda razılaşdığımız faizi verməyəcəyəm. O isə Babək rayon prokuroruna müraciət etdi. Mənə hədəqorxu gəldi. Məcburiyyət qarşısında qalaraq 2009-cu ildən hər ay İbrahimə 300 manat verməli oldum. 2010, 2011, 2012, 2013-cü illər hər ay 300 manat pul verirdim. Ondan sonra arada imkan olmadı puldan qaytaram. O da faizin üstünə faiz yaza-yaza məbləği artırdı. Bu məbləğ 4500 manat oldu. 2015-ci ildən başlayaraq hər ay 450 (dörd yüz əlli) manat olmaqla İbrahimə 2022-ci ilin avqust ayına qədər qeyd olunan məbləği ödədim. Bundan əlavə bankdan götürüldüyüm pulların hamısını o məndən faiz qismində aldı. Adına sənədləşdirdiyi, tərəfimizdən ona satılmış torpaq sahəsindən 0.04 hektarını satıb 10000 (on min) manat mənimsəmişdir. Beləliklə 3000 manat pulu və faizləri qaytarmağıma baxmayaraq İbrahimə əlavə olaraq 4000 manat bankdan borc pul alıb vermişəm. 10000 (on min) manata torpağımı satıb, pulunu götürmüşdür. 2019-cu ilin may ayından avqust ayınadək, yəni 2022-ci ilə qədər o məndən faiz almışdır. Cəmi 21000 manat. Mən - X22 Miribrahimdən 10 faizlə atam İddiaçı1 vasitəsi və iştirakı ilə birlikdə 2000 manat pul aldıq. Sonra oğlum vətən müharibəsində ağır yaralandı. X18 gətirdilər. İmkan olmadığından oğlumun yanına getmək üçün ondan yenə də 2000 manat aldım. Sonra ayda 400 manat faizini verdim. Kapital bankdan pul götürüb ödədim. Bir gün işdən gələndə atam dedi ki, Babəkdən iki nəfər gəlmişdi. Atama dedilər ki, icradan gəlmişik oğlun qazidi ev şəraitində baxırıq. Onların icradan deyil Naxçıvan MR Daşınmaz Əmlak və torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək rayon İdarəsinin əməkdaşları olduğunu sonradan bildik. Atamın satdığı həyətdə olan ikinci ev tərəfimdən inşa olunmuşdur və həmin evdə ailəmlə birlikdə yaşayıram. Həmin yaşayış evini də İbrahim mülkiyyətinə keçirmək üçün Xidmətin nümayəndələrinə 500 manat pul vəsaiti vermişdir. Xidmətin Babək rayon Şöbəsinin əməkdaşları kəndə gələrək yaşadığımız evdə ölçmə işləri aparmışlar. Həmin zaman biz evdə olmamışdıq. Mən İbrahimə 4000 əvəzində hər ay 400 manat verirdim. 8 ay maaş kartımı da verdim. Həmin kartdan o ayda 600 manat pul çəkirdi. Faizi yubatdığım üçün kartı vermirdi. X26 10000 (on min) manat pul götürüb 5000 manatını ona verib kartı aldım. Mənim ona borcum qalmayıb. İndi evin kupçasını qaytarmır. Özlüyündə mənə şər böhtan atır ki, 18000 (on səkkiz) min pul verməlisən. O ümumilikdə məndən 9800 (doqquz min səkkiz yüz) manat artıq pul almışdır. Yaşayış evimin alqı-satqı sənədləri özümdə olmadığından vəkil tərəfindən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət olundu. Xidmətin məktubunda qeyd olunur ki, İddiaçı1 Babək rayon Şıxmahmud kəndində 3322 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 130,20 m2 olan fərdi yaşayış evini Babək rayon dövlət notariat kontorunun 20 aprel 2009-cu il tarixli 4Ə1-100 nömrəli müqaviləsi əsasında X1. Torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi 06 may 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X6 adına qeydiyyata alınmışdır. İcraat gedişində X12 və X23 mülki iş üzrə cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı1 məhkəməyə ünvanladığı yazılı izahatında bildirmişdir ki, 1995-ci ildə Babək rayonu Xəlilli kəndində 2005-ci ildən yaşadığım evi satıb Şıxmahmud kəndinə köçmüşəm. 2009-cu ildə mənə vacib pul lazım olduğu üçün Seyidov İbrahimdən sələmə 3000 manat pul almışam, o pulu verəndə mənə dedi ki, evin kupçasını mənim adıma salaq verim, məndə razı olanda kişi kimi söz verdi ki pulumu qaytaranda sənədi verəcəm, aradan biraz keçəndən sonra dedim gəl pulunu verim, o isə mənə dedi ki sənədi qoymuşam beynəlxalq banka 10 min pul götürmüşəm gözdə qurtarım. Sonra mən də dedim ki, faizi verməyəcəyəm, o da belə dedi verməsən prokurorluqda cavab verəcəksən. Beləcə məcbur qaldım hər ay o faizi qaldıraqaldıra 4500 manat elədi mən də hər ay 10 il 450 manat pul verdim pulu ya kartına vururdum, ya da başqa-başqa adamlar gəlib bizdən alıb ona yollayırdılar gələn adamların hamısının adlarını da, telefondakı adlarını da sübut edərəm. Axırda o qədər bezdik ki, yoldaşım dedi gəl bankdan pul götürək verək ona sənədləri bankdan gətirsin versin özümüzə. X24 4000 manat pul götürdük, çağırıb dedik gəl 4000 verək sənədləri qaytar, dedi yaxşı, yoldaşım 4000 manatı verdi, dedi ki sizinlə qurtardıq, ancaq pulu alan kimi banka gedib sənədləri bizə vermədi. Zəng edirdik cavab vermirdi, məcbur gözləyirdik Aqrar bankdan 3 adam gəldi ki, bu ev banka qoyulub pul götürülüb vaxtında götürən adamda deyir ki, imkan yoxdur aqrar bankdan gələn adam dedi ki, bu 10 min ödənməlidir, yoxsa evdən məcbur çıxarılacaqsınız. Baxın bu adam bizim başımıza nə müsibətlər gətirib. Axırda banka az-az pul ödədik, sonra qardaşım rusiyadan pul yolladı, 5000 manat çağırıb İbrahimə verdik. Ondan da belə qurtardıq, sonra bu özü bankda otura-otura nəsə elədisə həyət torpağımızı satdı. 8 sotu 16000-ə satıb. Adamlar da gəlib ki, biz bu torpağı almışıq mən dedim ki, iş məhkəmədədi mən ölərəm bu torpağı satmaram, torpaq mənim üçün namusdu, şərəfdi, qeyrətdi, onlar da çıxıb getdilər. 3000 pul verib bizi nə oyuna salıb İbrahim məhkəmədə özünü mələk kimi aparır, bir neçə dəfə prokuror, DTX çağırıb yenə də bildiyini edir, qızım Aygünün maaş kartını 8 ay saxlayıb, hər ay 600 manat götürüb, Hüseynəli müəllim 300-500, daha sonra isə 5000 manat verdi ki, sənədləri versin, dedi ki bankdan alan kimi verəcəyəm, yenə də vermədi, məhkəmədə yalandan dedi ki, yoldaşım Xeyrəngül ağladı, yalvardı ki, mənə 5000 manat pul ver ev alıram, hətta deyir evləri də yox idi, neçə ay atasıgildə qalırdılar. Biz ondan 3000 min pulu 2009-da almışıq, mən isə 2005-ci ildə Şıxmahmudda evi almışdım. Yalandan yoldaşımı şərləyir ki, mən evi verib ayda 100 manat kirayə aldım. Əvvəla aramızda kirayə müqaviləsi olmayıb, mən hər ay 450 manat pul verirdim. Onun sələm yığan adamları hər ay gəlib pulu alıb ona yollayırdılar. Onların hamısının adını da, telefonlarını da mən bilirəm. Sübut edərəm məhkəmədə yalan deyir ki, mən “SOCAR”-da fəhlə işləyirəm. O orada yanacaq işinə baxır. Mənim bir əzizim vətən müharibəsində şəhid oldu, nəvəm də yaralandı, qazi oldu. 1 tank 25 ermənini cəhənnəmə yolladı ki, İbrahim rahat sələmləri yığıb onun bunun torpağını, evini satsın, varlansın. Xəlilli məktəbində vəzifədə işləyirdi, ayda da 700-800 manat pul alırdı. Nə məcbur idi ki, Bakıda fəhlə işləmək səni bu əməllərə görə kənddən yolladılar. Bir günün içində məktəbdən çıxardılar direktorla savaşdın. Mən 20 ildi bu evdə yaşayıram. Evin hər bir sənədi qaz, işıq, su, telefon, internet hamısı mənim adımadır. Hamısını da vaxtlı-vaxtında ödəyirəm. İbrahimin əlində olan tək bir o kupçadı. Onun da pulunu vermişəm. Dələduzluq edir, vermir. Bu evdə 8 nəfər yaşayırıq. Bütün ailəmiz adından sizdən xahiş edirəm ki, onun satdığı torpaqları evimizin kupçasının qaytarılmasına köməklik edəsiniz. İddiaçı1 məhkəmə iclaslarında verdiyi izahatında təcili pul lazım olduğu üçün cavabdehdən 3000 manat pul aldığını, əvəzində isə cavabdehin evinin sənədini ondan istədiyini, evin sənədini cavabdehə verdikdən sonra 3000 manat pul aldığını, bir müddət həmin pulun faizini cavabdehə ödədiyini, ondan sonra həyat yoldaşının Kapital Bankdan 4000 manat kredit götürdüyünü, cavabdehdən həmin pulu qəbul edib evin sənədlərini qaytarmağı tələb etdiyini, lakin cavabdehin evin sənədlərini Beynəlxalq Banka kredit götürmək üçün qoyduğunu, ödəyib bitirdikdən sonra sonra evin sənədini qaytaracağını bildirdiyini, sənədini verməsə faiz ödəmələrini dayandıracağını dediyini, cavabdehin isə prokurorluğa müraciət edib buna görə ona hədə-qorxu gəldiyini, məcbur qalıb 3-4 ilin faizini verməyə davam etdiyini, bir ara isə ödəmə edə bilmədiyi üçün cavabdehin borcun 4500 manat olduğunu dediyini, 10 il ərzində aylıq 450 manat ödəmə etdiyini, daha sonra Aqrar Bankdan əməkdaşların evə gələrək evin ipotekada olduğunu və borcun vaxtında ödənilmədiyini dediklərini, bu zaman cavabdehin evi borc qarşılığında ipoteka qoyduğunu bildiyini, məcbur qalıb qardaşının Moskvadan qızına yolladığı 5000 manat pulu Hüseynəli adlı şəxs vasitəsilə cavabdehə göndərdiyini, ondan sonra cavabdehin çıxıb getdiyini, pul tələbi ilə bağlı məhkəməyə müraciət etdiyini, iş məhkəmənin icraatında ola-ola cavabdehin həyət 0,8 ha hissəsini satdığını, cavabdehin 3000 manat verərək 100000 manatlıq evə sahib çıxmaq istədiyini, qızı Aygünün 600 manatlıq əmək haqqı kartını 8 ay özündə saxladığını, son vaxtlar isə onları evdən çıxarmaq niyyətində olduğunu, istədiyini keçən dəfə isə vəkilinin zəng edərək evdən çıxmalarını tələb etdiyini, alğı-satqı müqaviləsinin etibarsız olduğunu, belə ki, həmi imzanın satıcı Xeyrəngül xanıma aid olmadığını, Şahbuzdan olan Niva markalı maşın sürən bir adama hər ay pul verdiklərini, onun isə cavabdehə verdiyini, İsa adlı şəxslə də pul göndərildiyini, cabdehin baldızları Gülşənə, Xavərə hər ay 300-400 manat verdiklərini, öz evində kirayə qalmaqla bağlı heç bir müqavilə bağlamadıqlarını, qaz, su, işıq, internet və s. xətlərin hamısının 20 ildir öz adına olduğunu, 2 ay bundan əvvəl Torpaq Komitəsinin əməkdaşları ilə birlikdə iki nəfərin gəlib İbrahimin torpağı onlara satdığını və 16000 manat pul aldığını dediklərini, İbrahimin torpağı bir hissəsini satmaqda məqsədinin qalıq borcu da həmin torpaqlardan aldığı pul hesabına bağlayıb evin sənədlərini qaytarsın, bu şəkildə öz aralarında razılaşaraq torpağı satmağa razılıq verdiklərini, cavabdehin yenə pulunu götürüb sənədi vermədiyini bildirmiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İmamquliyeva (Dünyamalıyeva) Aygün Hidayət qızı məhkəmə iclaslarında verdiyi izahatında evi atasıgilin aldığını, onun övladı xəstə olduğu üçün həmin cavabdehdən borc pul aldıqlarını, cavabdehə olan faiz borcunu isə artıqlaması ilə qaytardıqlarını, faiz verilib bitəndə evin sənədlərini qaytaracağına dair razılaşdıqlarını, aybaay 400-500 manat verildiyini, lotereya oynayıb verdiklərini, 4-5 ay yubanma olan kimi cavabdeh zəng edib 18000 manat pul borclu olduqlarını dediyini, 20 ildir ki, evi qaytarması müqabilində oan pul verdiklərini, cavabdehlə kirayə müqaviləsi bağlanmadığını və ona kirayə haqqı vermədiyini, müəllimə işlədiyindən aldığı əmək haqqı kartının 8-9 ay onda qaldığını, bəzən isə pulu göndərdiyi karta yüklədiyini, bəzən isə cavabdehin xalasının qızı Kəmalənin kürəkəni İbrahimə aylıq pulu verdiklərini, cavabdehin baldızı Xavərin bəzən gəlib pulu evdən götürdüyünü, bəzən də özünün aparıb İbrahimə verməsi üçün ona pul verdiyini, həmin həyətin bir hissəsində özünə ev tikdiyini, bu zaman cavabdehin ona qarşı heç bir etiraz bildirmədiyini, hazırda həmin evdə yaşadıqlarını bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X11 məhkəmə iclaslarında verdiyi izahatında Hidayətin əvvəllər Babək rayonu Xəlilli kəndində evinin olduğunu, daha sonra həmin evi satıb Şıxmahmud kəndində ev aldıqlarını, iddiaçılar ilə aralarında pul haqq-hesabı olmadığını, evi təcili satmaq istədiklərini, Cahangir adlı həmkəndlisinin ondan iddiaçıların vəziyyətinin yaxşı olmadığından evin almağı xahiş etdiyini, onun xahişi ilə evi aldığını, Hidayət bəy ondan evi almasını xahiş etdikdə ona “səninlə mənim alverim tutmaz, məndən kənarlaş dedim” dediyini, daha sonra Hidayətin yoldaşı Xeyrəngül xanımla müəllim yoldaşı olduqları üçün onun israrı ilə evi aldığını, 2009-cu ildə rəsmi alqı-satqı etdiyini, Hidayətin yoldaşı Xeyrəngülə etibarnamə verdiyini, müqaviləni nümayəndə vasitəsilə bağladıqlarını, pulu borc versəydi alqı-satqı yox, borc və ipoteka bağlamalı olduğunu, iddiaçılar hər ay onlardan 300 manat aldığını desə də bunun doğru olmadığını, iddiaçı Hidayətdən 2009-cu ildən 2013-cü ilədək hər ay 100 manat, 2013-cü ildən 2022-ci ilədək isə hər ay 200 manat kirayə haqqı aldığını, həmin kirayə haqqını da iddiaçıların özündən deyil, evi satan şəxs, Şahid1 aldığını, hazırda isə kirayə haqqının ödənilməsini dayandırdıqdan sonra məhkəmədə iddiaçılara qarşı məcburi çıxarma tələbi ilə iddia qaldırdığını, hazırda sözügedən işə baxılması ilə əlaqədar həmin işin icraatının dayandırıldığını, iddiaçıların onlardan 21000 manat pul aldığını iddia etsə də aralarında belə bir münasibətin olmadığını, bundan əvvəl də məhkəmədə pul tələbi ilə bağlı iddia qaldırıb daha sonra geri götürdüklərini, hazırda iddia etdikləri pulları hesablayanda 72000 manat pul etməsinə baxmayaraq həmin iddia tələbində 21000 manat tələb etdiklərini, bunun isə hər dəfəsində ziddiyyətli ifadələrlə yalan danışmalarını təsdiq etdiyini, kanalizasiya sistemi çəkiləndə su sayğacının öz adına salınması barədə müraciət etdiyini, iddiaçıların artıq öz adlarına saldırdıqlarını gördüyünü, daha sonra iddiçıların su sayğacını da onun adına keçirdiklərini, iki ildir öz mülkünə gedə bilmədiyini, Aygün xanımın əvvəllər Naxçıvan şəhərində kirayədə qaldığını, daha sonra həmin evdə kirayədə qalmaq istədiklərini bildirdiklərini, bununla razılaşdığını və yalnız bu razılaşmadan sonra evi aldığını, sonralar 2010-cu ildə Aygün xanımın həyətdə ev tikdiyini eşitdiyini, bu barədə Xeyrəngül xanıma bildirib torpaq aldıqdan sonra ev tikməyə razılıq verə biləcəyini dedikdə “əgər torpağı alsalar ev qalsın onlarda, almasalar ev də sənindir” deyə bildirdiyini, bununla razılaşdığından evin tikintisinə etiraz etmədiyini, Hidayətin ona bankdan kredit götürüb 4000 manat pul verdiyini bildirdiyini, lakin heç kimin belə bir zamanda o məbləği şifahi şəkildə başqasına verməsinin ağlabatan olmadığını və ona belə bir pulun verilmədiyini, Əmlak Xidmətinin işçilərinin “icra hakimiyyətinin işçiləri” adı altında güya Aygünün qazi oğlunun ev şəraitinə baxmaları üçün gəlmələrinə dair iddialarının da absurd olduğunu, Daşınmaz Əmlakın işçilərinin həqiqətən də evə gəlib ölçmə işləri apardıqlarını, Babək Rayon Prokuruluğuna müraciət etmədiyini, iddiaçı tərəfindən ondan şikayət edildiyini, hazırda ona 5000 dollar verdiyini, iddia ərizəsində isə 3000 manat pul verdiyini deməklə də ziddiyyətli çıxışlar etdiklərini, Hidayətin özünün kənddə faizə pul verdiyini, nəyəsə görə tutulduğu üçün təcili evi satdıqlarını, bunu indiyə qədər məhkəmədə demək istəməsə də məcbur qaldığını, mülkiyyətində olan torpağın 8 sotunu iki nəfərə ayrı-ayrılıqda satdığını, torpağın 33 sot hissəsindən 4 sot bir, 4 sot da bir nəfərə satdığını, Daşınmaz Əmlakdan gəlib ölçüb-biçib sənədləşmə etdiklərini, alıcıların da, iddiaçıların da həmin vaxt orada olduqlarını, alqı-satqı müqaviləsinin etibarlı müqavilə olduğunu, sadəcə olaraq alqısatqıdan sonra evi iddiaçılara kirayə verib pulunu aldığını, ona göndərilən pulların da həmin kirayə haqları olduğunu, kirayə razılaşmalarının şifahi edildiyini, yazılı müqavilə bağlamadıqlarını bildirmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh şahidlərin dinlənilməsindən sonra verdiyi izahatında Xeyrəngülün ona 4000 manat pul verdiyini deməsinə baxmayaraq indiki dövrdə heç kimin heç kimə o qədər pulu sənədsiz verməsinin mümkün olmadığını, alqı-satqı zamanı Hidayətin notariusda nümayəndə kimi çıxış etdiyini, 2013-cü ilədək hər ay onlardan 100 manat, 2013-cü ildən sonra isə 200 manat kirayə pulu aldığını, əlavə ödəniş edibsə bunu sübut etməli olduğunu, ona kirayə haqqından əlavə 1 manat da əlavə pul vermədiyini bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 məhkəmə iclasında verdiyi izahatında babək rayonu Şıxmahmud kəndində torpaq sahəsinin yerləşdiyi həmin küçədə böyüdüyü üçün oradan torpaq almaq istədiyini, torpağın İbrahim Seyidova məxsus olduğunu bildiyini, belə ki, kənddə tanışlara xəbər etdiyi üçün torpağın satılması barədə ona xəbər etdiklərini, uşaqlığı həmin məhəllədə keçdiyi üçün torpağın yerini təxminən bildiyini və baxmağa ehtiyac olmadığını, həmin torpaq sahəsi ilə üzəüz babasıgilin evi olduğunu, əvvəllər orada Adil adlı şəxsin yaşadığını, daha sonra 2008-2009-cu illərdə Hidayətgilin orada qalmağa başladığını, Bakıda olan İbrahimə zəng etdiyini, telefonda qiymətini razılaşdıqdan sonra Naxçıvana gəldiyini, sənədlərin hamısının Seyidov Miribrahimin adına olduğunu gördükdən sonra alqı-satqının dəyərini 4 sot torpağa görə 4000 manatı şəxsən İbrahim müəllimə verdiyini və notarial qaydada müqavilə bağlayaraq torpağı aldığını, İbrahimdən soruşduqda Hidayətgilin orada kirayədə qaldıqlarını bildirdiyini, torpağı sənədləşdirib yenidən həyətə qayıdan zaman İbrahim və Hidayətin də orada olduqlarını, Hidayət və yoldaşının yanında torpaq ölçülüb, hasar çəkildiyini, sənədlərdə mübahisəli nələrinsə olduğunu və ya tərəflər arasında belə bir mübahisənin olduğu görsə torpağı da almayacağını, lakin belə bir hala rast gəlmədiyini, orada olan Hidayət və Xeyrəngülün heç bir etiraz etmədiklərini, hətta aldığı hissədə iddiaçıların tingləri olduğundan onarı çıxarıb apara biləcəklərini dediyini, tinglər onun tərəfinə düşdüyündən halallıq aldığını, onun yanında Miribrahimin Hidayətə pul vermədiyini, bütün sənədləşmə işlərini və ödənişi İbrahimlə etdiyini bildirmiş, sonda iddianın rədd ounmasını məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəmə iclasında verdiyi izahatında qohum olduğu Hidayətin qızı Aygünün onlara qonaq gəldiyini, onlara torpaq almaq fikirlərinin olduğunu dediyini, bu zaman Aygünün torpaq satdıqlarını bildirdiyini, daha sonra torpağın Seyidov İbrahimin adına olduğunu öyrəndiklərini, İbrahimlə alqı-satqı etdiklərini, İbrahimin arvadının torpağın satılmasına razılığına dair vəkalətnaməsi olmadığı üçün sənədləşdirmə işində gecikmə olduğunu, Aygün torpağı özlərinin satdığını dediyini, daha sonra ondan əvvəl torpaq almış Raufdan torpağın İbrahimin adına olduğunu öyrəndiklərini, İbrahimlə isə yoldaşının danışıb razılaşdıqlarını, torpaq ölçüləndə oraya getmədiyini, alqı-satqı olduqda notariusda iştirak etdiyini, razılaşdıqları pulu da İbrahimə verdiklərini, torpağı 2023-cü ilin mart-aprel aylarında aldığını bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi izahatında iddiaçı ilə heç bir qohumluğunun olmadığını, Miribrahimin isə bacısının əri olduğunu, bu məsələ ilə heç bir əlaqəsinin olmadığını, ona iddiaçılar tərəfindən heç vaxt pul verilmədiyini, evin bacısıgilin, yəni İbrahimin evi olduğunu bildiyini, özlərinin Xəlilli kəndində yaşadıqlarını, İbrahimgilin isə Bakıda yaşadığını, təxminən 10 il əvvəl əmlak almaları barədə eşitdiyini, İbrahimgilin evi kimdən neçəyə aldıqlarını bilmədiyini, Aygünün ona nə zaman pul verdiyini xatırlamadığını, bacısından ev barədə nəsə soruşmadığını, əvvəllər qonşu kəndli, həmçinin müəllimə kimi tanıdığı Aygüngilin orada kirayədə qaldığını bildiyini qeyd etmişdir. Şahid4 məhkəmə iclasında verdiyi izahatında İbrahimin bacısının arvadı olduğunu, cavadehlə isə həmkəndli olduğunu, İbrahimin həmin evi alıb öz adına sənədləşdirdiyini bildiyini, ona evlə bağlı pul verilmədiyini, təsərrüfatında olan heyvanları həyətdə kəsib satdığını, bacısıgilə verdiyi ətə görə ona 200 manat borclu olduqlarını, 2 il bundan qabaq bacısının Aygünün ona pul boclu olduğunu və həmin pulu ona verib borcun əvəzinə çıxa biləcəyini dediyini, yalnız həmin pulu Aygündən aldığını, bacısının həmin pulun kirayə haqqı olduğunu dediyini, həmin pulu özünə götürdüyünü, bacısıgilin illərdir Bakıda qaldığını, Naxçıvana gələndə Nəzərabad kəndində olan evlərində qaldıqlarını, Şıxmahmuddakı evdə niyə özlərinin yaşamadıqları ilə maraqlanmadığını bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi izahatında Hidayətin əri, Aygün isə qızı olduğunu, İbrahimin isə müəllim kimi iş yoldaşı olduğunu, İbrahimdən 2009-cu ildə 5000 dollar faizə pul götürdüyünü, ona “evi mənim adıma keçir, pulu verəcəyəm, borc bitdikdən sonra isə evi qaytaracağam” dediyini, imkansızlığa görə bununla razılaşdığını, dəfələrlə bankdan borc götürüb ona müxtəlif vaxtlarda 2000, 3000, 4000, 5000 manat pul verdiyini, borcun hazırda bitdiyini, 10-15 ildir ki, İbrahimə faizə pul verdiyini, indi isə heç bir səbəb olmadan evin sənədini vermədiyini, arada verməyə gücü çatmadığı üçün faizi dayandırmağı xahiş etsələr də buna razı olmadığını, 2022-ci ilə qədər hər ay 200, 300, 400, 500 manat pul verdiyini, bir dəfə isə cavabdehin evin sənədini banka qoyub 15000 manat pul götürüb faizə verdiyini öyrəndiyini, orada-burada oturub “xam adam tapmışam pulunu soyub yeyirəm” kimi xoşagəlməz ifadələr işlətdiyini, bu illər ərzində qızının da orada ev tikdiyini, İbrahimin buna etirazını bildirmədiyini, hər kəsə həyətin və evin özünə məxsus olduğunu dediyini, evin sənədini məqsədyönlü şəkildə aldığını, bir dəfə isə qardaşı Hüseynin 5700 manat aparıb İbrahimə verdiyini, hər ay faizə 300- 400 manat verdiklərini, İbrahimin pulu 10 faizlə verdiyini, 2-3 ay verə bilməyəndə borcun 5300 manata qalxdığını, daha sonra İbrahimin ayda 200 manat verilməsinə razılaşdığını, bir müddət də həmin pulu da ödədiklərini, hesablayanda 10000-ə yaxın pul etdiyini, başqa-başqa şəxslərin gəlib pulu alıb apardığını, bəzən də öz qohumlarının gəldiyini, il yarımdır ki, artıq faiz vermədiklərini, İbrahimdən əvvəllər də bir neçə dəfə pul götürüb ödədiyini, evin yanında isə özünə 4000 manat pul verdiyini, Hidayətin 2005-2017-ci illər arası Bakıda olduğunu, həmin vaxt Bakıda fəhlə işlədiyi üçün alqı-satqı ilə bağlı ona etibarnamə verdiyini, İbrahimdən pul istəyən zaman evin sənədini istədiyi və pulu ödədikdən sonra evin sənədlərini qaytaracağını bildirdiyi üçün sənədləşdirmə işləri qısa müddətdə tamamlandığını, həmin pulun vacib lazım olduğunu, Seyidov neçə ildir faizlə pul verdiyi üçün ondan aldıqlarını, həm də müəllim yoldaşı olduğunu, əvvəllər 2000-cu ildən 2009-cu ilə qədər evin sənədini alıb özündə saxlayıb pulu verdikdən sonra qaytarsa da sonuncu dəfə evi adına keçirmək istədiyini, əlacsiz qalıb razılıq verdiyini, illərdir məktəb dirketoru olduğundam güvənib evi onun adına keçirdiyini, evin sənədini istədikdə surətini gətirib verdiyini, torpaq satmaq istədiyindən Daşımaz Əmlaka gedəndə sənədin surəti olduğunu, əslini soruşanda isə sənədin Beynəlxalq Bankda olduğunu, 15000 manat pul götürüb faizə buraxdığını öyrəndiyini, dəfələrlə o evin sənədilə pul götürüb faiz verdiyini, 2009-cu ildə 3500 dollar pulu şəxsən özünün İbrahimdən aldığını, müqavilənin rəsmiləşdirilməsi də Babək rayon notariusunda olduğunu, sənədləri verdikdən sonra həmin pulu maşında ona verdiyini, o pula ev satılmadığını, əgər niyyəti satmaq olsa daha baha qiymətə sata biləcəyini, qızına evi həmin həyətdə son dövrlərdə tikdiklərini, 15 il olar ki, orada yaşadıqlarını, Aygüngilin əvvəllər Xəlillidə evi olduğunu, orani satıb bu həyətdə ev tikdiklərini, İbrahimgilin evin tikilməsinə etiraz və heç bir müdaxilə etmədiyini, sonuncu dəfə 4000 manat verəndə qala 400 manatı maaşda verəcəyimi bildirsə də İbrahimin razı olmadığını, 2016-cı ildə olan krediti özünün götürdüyünü, pulu isə İbrahimə verdiyini, 2012-ci ildə yenə bankdan 1000 manat götürüb verdiyini, qardaşı Hüseynlə bankdan pul götürüb İbrahimə verdiyini, ona görə pulların onun adına ödənidiyini, 2022-ci ildə İbrahimə olan borcunu ödəmək üçün torpağın bir hissəsinin satılmasını təklif etdiyini, danışdıqdan sonra 4 sot torpağın alıcısının olduğunu İbrahimə bildirdiyini, sotu 2000 manatdan razılıq verdiyini, ondan sonra torpağın satıldığını, lakin pulu görmədiyini, Rauf adlı birinə 4 sot torpaq satıldığını, həmin hissənin istifadə etdikləri hissəyə aidiyyatı olmadığını, ondan sonra İbrahimin pulu götürüb çıxıb getdiyini, ikinci dəfə torpaq satılanda isə İbrahimin onlara demədiyini, anidən Torpaq komitəsinin işçilərinin gələrək torpağı ölçdüyünü və qızının baldızının torpağı aldığını dediklərini, qabaqcadan bu barədə heç nə deyilmədiyini, həmin vaxt İbrahimin etibarnamə verərək torpağı satdığını, özünün burada olmadığını bildirmişdir. Şahid3 izahatında Hidayətin bacısı Xeyrəngülün əri olduğunu, 2013-cü ildə Xəlilli kənd orta məktəbinə müəllim təyin olunarkən İbrahim və bacısı arasında olan bu problemi bildiyini, İbrahimin faizə pul verib və evin sənədini qaytarmadığından xəbərdar olduğunu, şəxsən İbrahimə bir dəfə 5700 manat, bir dəfə İdman kompleksinin qabağında 4000 manat, bir dəfə isə 450 manat aparıb verdiyini, həmin evin 2000 manata satıldığını, 2013-dən 2019-a qədər isə bacısının ona faiz ödədiyini, bir dəfə onlarda olarkən bacısının aparıb ona 4000 manat pul verdiyini, lakin 400 manat çatmadığı üçün İbrahimin evin sənədini qaytarmağa razılaşmadığını, daha sonra torpaqdan satılıb borcu bağlamalarını təklif etdiyini, onda İbrahimin evin çıxarışının surətini gətirdiyini, əslinin isə banka qoyulduğunu dediyini, ona bir neçə dəfə 5700, 4000, 3000, 1500, 500, 450 manat pul ödənildiyini, torpağın bir hissəsi satılıb pulunu götürsə də yenə də sənədi verməkdən imtina etdiyini, indi isə aldığı pulu inkar etdiyini, bacısı ilə İbrahim arasında borc pul münasibətləri 90-cı illərdən başladığını, borc pul almaq üçün evin sənədini niyə İbrahimə verdiyini soruşduqda İbrahimin ona etibar etmədiyini dediyini, İbrahimin hər ayın sonu pul üçün tələb etdiyini, 16000 manata yaxın İbrahimə faiz borcları olduğunu, sonuncu dəfə torpağı satanda İbrahim ayda 200 manat kirayə haqqını niyə ödəmədiklərini deyəndə iddiaçıların cavabdehə 200 manata kirayə verdiklərini bildiyini, İbrahimin bir neçə dəfə orada olanda Aygünün ev tikməsinə etirazını zarafatyana bildirməsinə şahid olduğunu, ikinci dəfə torpaq satılanda orada olmadığını bildirmişdir. xx.xx.2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında çıxarışdan belə məlum olur ki, Babək rayonu, Şıxmahmud kəndində 0.3322 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 74.36 m2, 85.8 m2 qeyri-yaşayış, 55.86 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olmuşdur. xx.xx.2009-cu il tarixli notarial qaydada verilmiş etibarnamə ilə İddiaçı1 X7 onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, satmaq da daxil olmaqla bütün əqdləri bağlamağı 3 (üç il) müddətinə etibar etmişdir. Babək rayonu Xəlilli kəndində yaşayan İddiaçı1 nümayəndəsi X10 xx.xx.2009-cu il tarixdə ərizə ilə notariusa müraciət edərək həmin alqı-satqı müqaviləsinin təsdiq olunmasını xahiş etmiş və eyni tarixli ərizə ilə həmçinin sözügedən alqı-satqıya etirazının olmadığını bildirmişdir. xx.xx.2009-cu il tarixli, 259793 nömrəli notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi ilə İddiaçı1 etibarnamə əsasında xx.xx.2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışa əsasən ona məxsus olan Babək rayonu, Şıxmahmud kəndində 3322 m2 torpaq sahəsində yerləşən ümumi sahəsi 130.22 m2 olan 3 otaqdan ibarət yaşayış evini X8 5000 manata satmışdır. xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında çıxarışdan Babək rayonu, Şıxmahmud kəndində 0.2038 ha torpaq sahəsində yerləşən sahəsi 130.22 m2 olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə X8 məxsus olduğu müəyyən olunur. xx.xx.2023-cü il tarixli, ******* nömrəli notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X5 rayonu, Şıxmahmud kəndində yerləşən ümumi sahəsi 0.2438 ha olan torpaq sahəsinin ona məxsus olan hissəsindən 400.21 kv/m hissəsini 5200 (beş min iki yüz) manat qiymətinə X2. Sözügedən alqı-satqı müqaviləsinin hüquqmüəyyənedici əsası olaraq xx.xx.2023-cü il tarixdə X8 tam mülkiyyət hüququ üzrə (0.2438 ha torpaq sahəsinə) verilmiş **********06-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli, ******* nömrəli notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X5 rayonu, Şıxmahmud kəndində yerləşən ümumi sahəsi 0.3322 ha olan torpaq sahəsinin ona məxsus olan hissəsindən 400.16 kv/m hissəsini, 483.36 kv/m ümumi istifadə yolu olmaqla 4000 (dörd min) manat qiymətinə X3. Sözügedən alqı-satqı müqaviləsinin hüquqmüəyyənedici əsası olaraq xx.xx.2023-cü il tarixdə X8 tam mülkiyyət hüququ üzrə verilmiş (0.3322 ha torpaq sahəsinə) **********38-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli tam mülkiyyət üzrə dövlət reyestrindən çıxarış qeyd olunmuşdur. İddiaçı1 iddia tələbinin əsası kimi istinad etdiyi hal ondan ibarət olmuşdur ki, sözügedən alqı-satqı müqaviləsi əslində tərəflər arasında bağlanmış borc müqaviləsinin təminatı olaraq və borc müqaviləsini pərdələmək məqsədilə bağlanmış, müqavilə bağlanarkən müqavilə qiyməti olaraq razılaşdıqları məbləği alıcıdan borc olaraq almış və həmin məbləği sonralar cavabdehə tam olaraq qaytarmış, lakin cavabdeh alqı-satqı obyektini qaytarmaqdan imtina etmişdir. Cavabdeh isə İddiaçı1 aralarında olan şifahi razılaşmaya əsasən 2009-cu ildən 2013-cü ilədək hər ay 100 manat, 2013-cü ildən 2022-ci ilədək isə hər ay 200 manat kirayə haqqı aldığını bildirmişdir. Əqd iştirakçılarının iradə ifadələrinin həqiqi məzmununa hüquqi qiymət verən məhkəmə bildirir ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, əhəmiyyətsiz olan yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd edilməlidir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart tarixli Qərar). İddiaçı1 tərəfindən iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi uzun illər alqı-satqı qiyməti olaraq rəsmiləşdirmələrinə baxmayaraq əslində borc olaraq aldığı məbləği onun üzərinə hesablanmış faizi ilə birlikdə cavabdehə geri ödəməsinə dair dəilləri sübuta yetirilməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə dəvət olunmuş cavabdehin qohumu (baldızı) Şahid4 ifadəsində bir dəfə cavabdeh Seyidov Miribrahimin (bacısının əri) ona olan borcunun əvəzi olaraq iddiaçıdan 200 manat pul aldığını, həmin pulun bacısının dediyinə görə iddiaçıların onlara ödəməli olduğu kirayə haqqı olduğunu bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə dəvət olunmuş qohumu (qaynı) Şahid3 isə ifadəsində sonuncu dəfə torpağı satanda İbrahimin iddiaçılardan ayda 200 manat kirayə haqqını niyə ödəmədiklərini soruşanda iddiaçıların cavabdehə 200 manata kirayə verdiklərini bildiyini, yəni Hidayətgilin son vaxtlar mübahisəli evdə qalmaq üçün cavabdehə kirayə haqqı ödədiyini bildirmişdir. Məhkəmə İddiaçı1 arvadı məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsini iddianın təmin olunması məqsədini güdən və qeyri-mötəbər ifadə olaraq qiymətləndirir və sübut kimi nəzərə almır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarında bildirmişdir ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi əqdin yalan olduğunun müəyyən edilməsi üçün vacib ünsürlərdən biri də tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilənin olmasıdır. İddiaçı tərəf aralarında həqiqi iradə ifadəsinin borc müqaviləsi bağlamağa yönəldiyinə istinad etsə də bunu sübuta yetirə bilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). İddiaçıların cavabdehlə aralarında borc münasibətlərinin çox daha əvvəldən başlanması, əvvəllər də cavabdehdən borc alıb qaytarmaları barədə dəlilləri də öz təsdiqini tapmamışdır. İddia ərizəsinə əlavə olunmuş iddiaçılar və onların ailə üzvləri tərəfindən müxtəlif vaxtlarda kredit təşkilatlarından istehlak məqsədilə kredit götürmələrinə dair yazılı sənədlər özlüyündə tərəflər arasında deyil, sözügedən kredit təşkilatları ilə müvafiq şəxslər arasında borc münasibətlərinin yaranmasına aid sübutlar kimi qiymətləndirilə bilər. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 ilə Miribrahim Seyidov arasında bağlanmış olan müqavilə üzrə tərəflər öz öhdəliklərini yerinə yetirmişlər. Yəni satıcı qismində çıxış edən İddiaçı1 satış predmeti olan mənzili alıcı Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh isə bunun müqabilində müqavilədə nəzərdə tutulan pul məbləğini ödəmiş və aldığı mənzili satıcıya kirayə vermişdir. Bu isə tərəflərin alğı-satqı müqaviləsi üzrə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin mövcudluğunu göstərir. Hər hansı müqavilənin başqa əqdi pərdələmək niyyəti ilə bağlanması ilə bağlı nəticəyə gəlinməsi üçün isə zəruri hal tərəflərin müqaviləyə uyğun nəticələrin yaranması ilə bağlı hüquqi niyyətlərinin olmaması, əsl iradənin hüquqi niyyətlərinin gizlədilməsinə (pərdələnməsi) yönəlməsidir. Sözügedən hal həmçinin mübahisələndirilən alqı-satqı müqaviləsinin obyekti olan torpaq sahəsinin mülkiyyətçisi tərəfindən bir hissəsinin xx.xx.2023-cü il tarixdə X9, xx.xx.2022ci il tarixdə isə X4 ilə öz təsdiqini tapır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin və tərəflərin izahatları ilə alqı-satqı zamanı iddiaçıların sözügedən məsələyə etirazını bildirmədiyi, alıcıların alqı-satqı zamanı mülkiyyətçi olaraq Seyidov Miribrahimi tanıdıqları və müqavilənin faktiki tərəfi barədə də onunla razılaşdıqları müəyyən olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Göründüyü kimi əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Alqı-satqı münasibətlərinin 15 il bundan əvvəl yaranmasına və iddia ərizəsinə əsasən alqı-satqı müqaviləsinin bağlanmasından cəmi bir ay sonra İddiaçı1 götürdüyü borcu cavabdehə alqı-satqı obyekti müqabilində qaytarmağı təklif etmələrinə baxmayaraq cavabdehin buna razılıq vermədiyi nəzərə alınarsa indiyə qədər alqı-satqı müqaviləsinin mübahisələndirilməməsi ağlabatan deyildir. Məhkəmə İmamquliyeva (Dünyamalıyeva) Aygün Hidayət qızının iddiasına münasibətdə qeyd edir ki, Aygün İmamquliyevanın istinad etdiyi dəlil ondan ibarətdir ki, alqı-satqı münasibətlərindən sonra o, özünə həmin mübahisəli torpaq sahəsində ev tikmişdir. Cavabdeh torpaq sahəsində alqı-satqı münasibətlərindən sonra Aygün İmamquliyeva tərəfindən evin tikildiyinə, lakin aralarında gələcəkdə həmin evin altında yerləşən torpaq sahəsini ona satacağına dair şifahi razılaşdılarına istinad etmişdir. Məhkəmə əhəmiyyətsizliyi iddia edilən alqı-satqı münasibətlərinin yarandığı zaman İmamquliyeva (Dünyamalıyeva) Aygün Hidayət qızının iradəsinin ifadə olunmadığını, alqı-satqı münasibətlərinin yaranmasından sonra bilə-bilə başqasının mülkiyyətində olan torpaq sahəsində yaşayış evi tikməklə sözügedən əsasla əqdi mübahisələndirməyə subyektiv hüququnun olmadığını nəzərə alaraq həmçinin sözügedən əsasla da iddianı ona münasibətdə də əsaslı hesab etmir. Əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli qərarında qeyd edir ki, burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: - həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; - müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı1 və İmamquliyeva (Dünyamalıyeva) Aygün Hidayət qızının X8 qarşı İddiaçı1 və X11 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 259793 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia qaldırılarkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı1 və İmamquliyeva (Dünyamalıyeva) Aygün Hidayət qızının X8 qarşı İddiaçı1 və X11 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 259793 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İddia qaldırılarkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-39/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-39/2024
06.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver