Məhkəmə qərarları › İş №2(079)-391/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-391/2021

16.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-391/2021 16.11.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi anasının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi 27 iyul 2021-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək anası Hacıyeva Xalidə Məcid qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq bildirmişdir ki, anam Hacıyeva Xalidə Məcid qızı baş beynin və beyinciyin involyutiv-atrofik dəyişiklikləri, baş beynin hər iki yarımkürələrində işemik və postişemik fokal qliotik ocaqlar (serebral) vaskulopatiya əlamətləri diaqonozu ilə müalicə almaqla onda tamamilə ağıl zəifliyi əmələ gəlmiş, özünün idarə etmək qabiliyyətində deyildir. Yəni mənim sayəmdə özünü idarə edir. Ərizəçi məhkəmədə verdiyi izahatında anası Hacıyeva Xalidə Məcid qızının 1952-ci ilin may ayının 15-də dünyaya gəldiyini, onun beş övladının olduğunu, əvvəllər anasının səhhəti normal olsa da, son dörd il ərzində onun səhhətində problemlər yarandığını, belə ki, anasının danışa bilmədiyini, insanları tanımadığını, öz ehtiyaclarını qarşılaya bilmədiyini, digər bacı-qardaşları Bakı şəhərində yaşadığından anasının hazırda öz yanında qaldığını və ona özünün qulluq etdiyini, anasının müalicə olunması ilə bağlı həm Naxçıvan, həm də Bakı şəhərində həkimlərə apardığını, amma bir nəticəsi olmadığını, yekunda isə həkimlərin ona anasının beyin hüceyrələrində quruma getdiyini bildirdiklərini, dayısından miras qalan torpaq sahəsini onun vərəsəsi kimi anasının adına sənədləşdirmək istəsə də, anasının sənədləri imzalamaq iqtidarında olmadığından onun üzərində qəyyum təyin edilməsi üçün anasının fəaliyyət qabiliyyətsiz hesab edilməsinə zərurət yarandığını qeyd edərək, yekunda məhkəmədən müraciətinin qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçinin vəkili Vəkil qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutan məhkəmə mülki işə ərizəçinin vəkili Vəkil iştirakı olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin - Hacıyeva Xalidə Məcid qızının səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 11 avqust 2021-ci il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Hacıyeva Xalidə Məcid qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması tapşırılmışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 “28” sentyabr 2021-ci il tarixli, 86 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Hacıyeva Xalidə Məcid qızının hazırki psixi sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə Xalidə Hacıyevanı məhkəmə iclaslarına dəvət etməmiş və dindirməmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi vəkili Vəkil ərizəyə uyğun izahat verməklə ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs yanında Qəyyumluq və himayə komissiyasının nümayəndəsi X3 məhkəmədə vermiş olduğu izahatında mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələrinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs 15 may 1952-ci il tarixdə anadan olmuş Hacıyeva Xalidə Məcid qızının yaşadığı Culfa rayonu, Saltaq kəndində yerləşən evinin həyat şəraitini və mənzil-məişət şəraitini müayinə etmək məqsədi ilə Culfa Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına məktubla müraciət edildiyini, ərizəçinin anası ilə birgə yaşadığı evin müayinə edilərək müvafiq akt tərtib edildiyini, Culfa Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının üzvləri tərəfindən tərtib edilmiş aktdan X6 Culfa rayonu, Saltaq kəndində qızı Ərizəçi ilə birgə yaşaması və mənzil-məişət şəraitinin yaşayış normalarına uyğun olduğunun müəyyən edilməsi, onun Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmasını, adına hər hansı bir daşınmaz əmlakın olmadığını, komissiyanın Xalidə Hacıyevanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsində hər hansı sui-istifadə hallarının olmaması müəyyən etdiyini qeyd etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Hacıyeva Xalidə Məcid qızının 15 may 1952-ci ildə Naxçıvan şəhərində dünyaya gəlməsi, onun hazırda Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olması, X10 ilə nikaha daxil olmaması, Ərizəçi Hacıyeva Xalidə Məcid qızının övladı olması mülki işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -"Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan və iddia əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis şöbəsi tərəfindən verilmiş 17 iyul 2003-cü il tarixli, AZE seriyalı, 00445019 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən Hacıyeva Xalidə Məcid qızının 15 may 1952-ci ildə Naxçıvan şəhərində dünyaya gəlməsi, onun hazırda Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olması, lakin ərizəçi ilə birlikdə Culfa rayonu, Saltaq kəndində yaşaması; -iddia ərizəsinə əlavə edilmiş və Naxçıvan rayonu, Nehrəm kənd soveti tərəfindən verilmiş 18 aprel 1974-cü il tarixli, AZ seriyalı, 281369 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X10 ilə X4 arasında nikahın bağlanması, bu zaman sonuncunun özünə ərinin soyadını seçməsi; -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan rayonu, Nehrəm kənd soveti tərəfindən verilmiş 29 yanvar 1976-cı il tarixli, İV-JQ seriyalı, 286032 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Hacıyeva Xalidə Məcid qızının Ərizəçi anası, X7 isə onun atası olması; -işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan, həmçinin Culfa Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə komissiyasının 07 sentyabr 2021-ci il tarixli həyat şəraitinin müayinə aktından, Maraqlı şəxs yanında Qəyyumluq və Himayə komissiyasının 01 oktyabr 2021-ci il tarixli, 18 nömrəli rəyindən Hacıyeva Xalidə Məcid qızının ərizəçi ilə birlikdə Culfa rayonu, Saltaq kəndində yaşaması aydın olur. İddiaçının müraciəti isə anası Hacıyeva Xalidə Məcid qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsidir. Onun müraciətini mülki iş materialları, qanunvericiliyin tələbləri və bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsində fiziki şəxsin fəaliyyət qabiliyyətinin anlayışı verilmişdir. Həmin maddəyə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.5-ci maddəsində isə şəxsin məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz sayılmasının əsasları müəyyən olunmuşdur. Qeyd olunun maddənin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması isə xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmənin hazırlıq iclasında bunun müəyyən olunması üçün 11 avqust 2021-ci il tarixli qərardadla məhkəmə- psixiatriya ekspertizası təyin olunmuşdur. Təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntuya yol verilmədiyi üçün sübut kimi qəbul edilən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 ambulator məhkəmə-psixiatriya ekspertizasının 28 sentyabr 2021-ci tarixli, 86 nömrəli ekspert rəyində qeyd olunur ki, Hacıyeva Xalidə Məcid qızında “Damar mənşəli və altsheymer xəstəli nəticəsində demensiya (qazanılmış ağıl zəifliyi), sağ tərəfli hemiparez” xəstəliyi aşkar olunur. Xalidə Hacıyeva öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Onun hazırki psixi sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Hazırki mülki iş üzrə isə məhkəməyə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə ilə müraciət edən şəxsin isə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Hacıyeva Xalidə Məcid qızının övladı olması yuxarıda qeyd edildiyi kimi sübuta yetirilir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Mülki iş materialları ilə yuxarıda da qeyd edildiyi kimi barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş şəxs Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olması müəyyən edilir. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki işin məhkəmə araşdırması zamanı Maraqlı şəxs yanında Qəyyumluq və himayə komissiyasının nümayəndəsinin məhkəmədə verdiyi izahatından məlum olmuşdur ki, Ərizəçi tərəfindən Hacıyeva Xalidə Məcid qızının fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. Bunları nəzərə alınaraq belə nəticəyə gəlinir ki, Hacıyeva Xalidə Məcid qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil və buna görə ərizəçinin müraciəti əsaslı sayılmalı və Hacıyeva Xalidə Məcid qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə ərizəçinin tələbini əsaslı saydığından və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi nəzərdə tutulduğundan, Ərizəçi məhkəməyə müraciət etməsi ilə bağlı ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunmalı; -15 may 1952-ci ildə Naxçıvan şəhərində anadan olan, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olan Hacıyeva Xalidə Məcid qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; -məhkəməyə müraciət edilməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunsun. 15 may 1952-ci ildə Naxçıvan şəhərində anadan olan, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olan Hacıyeva Xalidə Məcid qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar