Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-392/2025 18.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X7 iclas katibliyi, ərizəçinin vəkil-nümayəndəsi Nümayəndə1 və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Məmmədova Türkanə Salman qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi 16 may 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1992ci il tarixdə anadan olmuş X12 Salman qızının fəaliyyət qabiliyyətli olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, Məmmədova Türkanə Salman qızı xx.xx.1992-ci il tarixdə Babək rayon Cəhri kəndində anadan olmuşdur. X12 Salman qızı birinci qrup əlildir və əlillik vəsiqəsində də onun əlilliyi müddətsiz olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron sisteminin arayışında da qeyd olunub ki, Məmmədova Türkanə Salman qızı əlilliyə görə əmək pensiyası və 1-ci dərəcə (orqanizminin funksiyalarının 81-100 faiz pozulması) əlilliyə görə 200 manat Prezident təqaüdü və 393 manat 32 qəpik isə əlilliyə görə pensiya müavinəti alır. Təyinatın bitmə tarixi Müddətsizdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial ekspertiza və realibitasiya agentliyinin publik hüquqi şəxsin 10. 05.2025-ci il tarixli elektron çıxarışına əsasən xx.xx.1992-ci il tarixindən müddətsiz orqanizminin funksiyalarını 81-100 % pozulması ilə əlaqədar əlillik təyin olunmuşdur. Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 12 may 2025-ci il tarixli,3-28-34-4/2-1221/2025-ci il tarixli arayışına əsasən Babək rayon Cəhri qəsəbəsində qeydiyyatda olan xx.xx.1992-ci il təvəllüdlü Məmmədova Türkanə Salman qızı, həqiqətən, Naxçıvan MR X3 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanır. X12 Salman qızı mənimlə bir ailədə yaşayır onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Məmmədova Türkanə Salman qızı özünü idarə etmək qabiliyyətində deyildir. Bundan başqa mülkiyyət hüquqlarımı, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən bacım T.Məmmədovanın həmin hüquqlarını həyat keçirə bilmirəm. Ərizəçinin vəkil-nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında maraqlı şəxsin Bakı şəhərində yaşadığını və onu şəxsən görmədiyini, ekspertiza keçirilməsi üçün qardaşının onu Naxçıvana gətirəcəyini, əlilliyinə görə ona müddətsiz pensiya təyin olunduğunu və Türkanə Məmmədovaya daun xəstəliyi diaqnozu qoyulduğunu və İ qrup əlil olduğunu, onun 1992-ci ildə Babək rayonu, Cəhri kəndində anadan olduğunu, hazırda 35 yaşının olduğunu, onun öz hərəkətlərini idarə etmə qabiliyyətində olmadığını, əlilliyi ilə bağlı prezident təqaüdü və pensiya aldığını, onun pensiya kartının müddətinin bitdiyini və pensiya kartını yeniləmək üçün zəruri sənədlərin tələb edildiyini, maraqlı şəxsin həmin sənədləri imzalamaq qabiliyyətində olmadığını və həmçinin vərəsəliklə bağlı müəyyən problemlər yarandığını, Türkanə Məmmədovanı şəxsən Notariat Ofisinə dəvət etdiklərini, lakin onun bu kimi hərəkətləri etmək iqtidarında olmadığını bildirmiş və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında 16 iyul 2025-ci il tarixdə komissiyanın üzvləri ilə birlikdə maraqlı şəxsin həyat şəraitinin və psixoloji vəziyyətinin öyrənilməsi məqsədilə ərizəçinin yaşadığı evdə olduqlarını, maraqlı şəxsin daun sendromu olmağının vizual olaraq da müşahidə edildiyini, onun qardaşına bağlı olduğunu, onu bəzən “qardaş” deyə çağırdığını və qardaşını çağıranda əlini ürəyinə apardığını, bununla da ona olan sevgisini ifadə edə bildiyini, icra nümayəndəsi və qonşuların ərizəçini yaxşı insan kimi tanındığını, onların daha çox Bakı şəhərində yaşadıqlarını və şəxsin ehtiyaclarını ailə üzvləri olaraq qardaşı və arvadının qarşıladığını bildirdiyini, səxsin fəaliyyət qabiliyyəti olmayan sayılması ilə bağlı ərizənin verilməsində sui-istifadə halı müəyyən etmədiklərini bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı barəsində ərizə verdiyi şəxs Məmmədova Türkanə Salman qızının yaxın qohumu-bacısı olması, Məmmədova Türkanə Salman qızının İ qrup əlil olmaqla xx.xx.1997-ci il tarixdən "Daun xəstəliyi nəticəsində əqli zəiflik" diaqnozu ilə dispanserdə qeydiyyatda dayanması işin mübahisəsiz hallarıdır. Sözügedən hallar və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - Cəhri kənd XDMM komitəsi tərəfindən verilmiş 10 yanvar 1992-ci il tarixli, XVİ-JQ seriyalı, 401796 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası X11, anası X9 olan Məmmədova Türkanə Salman qızının 24 yanvar 1992-ci il tarixdə Babək rayonu, Cəhri kəndində anadan olması; - Babək rayon qeydiyyat Şöbəsi tərəfindən verilmiş Vİ-JQ seriyalı, 371373 nömrəli doğum akt qeydləri kitabından çıxarışdan atası X11, anası X9 olan Ərizəçi xx xxxxxx 1979cu il tarixdə Babək rayonu, Cəhri kəndində anadan olması; - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 may 2025-ci il tarixli, 05/09İS/057417-25 nömrəli arayışa əsasən 24 yanvar 1992-ci il tarixdə Babək rayonu, Cəhri kəndində anadan Məmmədova Türkanə Salman qızının subay olması; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X4 3-28-34-4/2-1221/2025 nömrəli, 12 may 2025-ci il tarixli məktubuna əsasən Babək rayon Cəhri qəsəbəsində qeydiyyatda olan xx.xx.1992-ci il təvəllüdlü Məmmədova Türkanə Salman qızının xx.xx.1997-ci il tarixdən "Daun xəstəliyi nəticəsində əqli zəiflik" diaqnozu ilə dispanserdə dispanser qeydiyyatında durması; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Sosial müavinət və təqaüd haqqında arayış” altsistemindən çıxarışdan Məmmədova Türkanə Salman qızının İ qrup əlil olduğu və Prezident təqaüdü alması; - Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 116754 nömrəli, 02.11.206-cı il tarixli vəsiqənin təsdiq olunmuş surətindən Məmmədova Türkanə Salman qızının uşaqlıqdan xəstəlik səbəbindən 1-ci qrup əlil olduğu, əlilliyin müddətsiz müəyyən olunduğu; - NMR Babək rayon İcra Hakimiyyəti Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 may 2025-ci il tarixli, 585 nömrəli arayışa əsasən Ərizəçi Babək rayonu, Cəhri qəsəbəsində yaşayan ailə üzvlərinə Məmmədova Türkanə Salman qızı-bacısı, X8-arvadı, X16 -qızı, X17-qızının daxil olması müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq Məmmədova Türkanə Salman qızının psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edilmiş, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi təqdim edilənədək dayandırılmış, xx.xx.2025-ci il tarixdə mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi məhkəməyə təqdim edildiyindən təzələnmiş, iş üzrə hazırlıq iclası keçirilərək mülki iş məhkəmə baxışına təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X6 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 337 saylı rəyi ilə ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, Məmmədova Türkanə Salman qızında "Daun xəstəliyi nəticəsində ağır əqli gerilik" psixi xəstəliyi var. Məmmədova Türkanə Salman qızı öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Məmmədova Türkanə Salman qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən maraqlı şəxs Məmmədova Türkanə Salman qızının iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası 31 iyul 2025-ci il tarixli, 16 nömrəli rəyində qeyd etmişdir ki, komissiya üzvləri tərəflərin Babək rayon Cəhri qəsəbəsində yerləşən evində olmuş, maraqlı şəxs Məmmədova Türkanə Salman qızının həyat şəraiti və psixoloji vəziyyəti ilə maraqlanmış, ailənin qonşuları ilə söhbət aparmış və müvafiq akt tərtib etmişdir. Müşahidələr zamanı məlum olmuşdur ki, Məmmədova Türkanə Salman qızı sərbəst hərəkət edə bilir, lakin ona tapşırılan hər hansı işi görmək qabiliyyətində deyil. Ona verilən suallar qarşısında əzbərə bildiyi bir neçə sözü işlədə bilsə də, ümumi olaraq danışa bilmir və əməkdaşların ona verdiyi sualların mahiyyətini anlamır. Şəxsin ətraf mühiti dərk etmədiyi yəqin olunur. Bundan əlavə şəxsin hərəkətlərindən aydın olur ki, qardaşını çox sevir, ona qarşı hər hansı qorxu hissi keçirmir. Qonşuları bildirir ki, ailə Cəhri qəsəbəsində olduğu müddət Türkanənin yemək, təmizlik, geyim və bu kimi gündəlik tələbatlarının qardaşı və qardaşı arvadı tərəfindən qarşılandığını bilirlər. Məmmədova Türkanə Salman qızının ailə üzvləri qonşular arasında və ətraf ərazidə yaxşı insanlar kimi tanınırlar. Qəyyumluq və Himayəçilik Komissiyası rəyin nəticə hissəsində Məmmədova Türkanə Salman qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbi ilə bağlı sui-istifadə halının olmadığını hesab etmişdir. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, Məmmədova Türkanə Salman qızında mövcud olan “Daun xəstəliyi nəticəsində ağır əqli gerilik” xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, xx.xx.1992-ci il tarixdə anadan olmuş Məmmədova Türkanə Salman qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: Ərizə təmin edilsin. xx.xx.1992-ci il tarixdə anadan olmuş Məmmədova Türkanə Salman qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-392/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-392/2025
18.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver