Məhkəmə qərarları › İş №2(079)-405/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-405/2021

20.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-405/2021 20.12.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, Ərizəçi və Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi qardaşı Baxşəliyev Murtuz Əsəd oğlunu fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi 05 avqust 2021-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək qardaşı Baxşəliyev Murtuz Əsəd oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq bildirmişdir ki, atam Baxşəliyev Əsəd Allahverdi oğlu ilə anam X1 birgə nikahlarından yeddi övladı olub. X7 Əsəd oğlu 20 yanvar 1969-cu il təvəllüdlü dünyaya gəlib. M.Baxşəliyev 21 aprel 1981-ci il tarixdən “Anadangəlmə əqli zəiflik. imbesillik səviyyəsində” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X3 qeydiyyatında dayanır. 1985-ci il tarixdən isə birinci qrup əlildir. Qardaşım Murtuz öz hərəkətlərini anlamaq və idarə etmək imkanında deyil. Murtuzu gözdən qoya bilmirəm, öz hərəkətlərini və davranışını idarə edə bilmir. Ərizəçi məhkəmədə verdiyi izahatında anası ilə atasının birgə nikahından 7 övladının dünyaya gəldiyini, qardaşı Murtuzun onların 4-cü övladının olduğunu, Murtuzun 20 yanvar 1969-cu ildə doğulduğunu, onun anadangəlmə əqli zəiflik və imbesillik səviyyəsində diaqnozu ilə xəstə olduğunu, 1981-ci ildən bu xəstəliklə Naxçıvan Muxtar Respublikası X3 qeydiyyatda dayandığını, 1985-ci ildən isə ona birinci dərəcə əlillik verildiyini, Murtuzun fəaliyyət qabiliyyətinin olmadığını, qardaşının yataq xəstəsi olduğunu, onu özünün və anasının idarə etdiklərini, təkbaşına buraxa bilmədiklərini, Murtuzun əqlində zəiflik olduğundan onun adından müəyyən sənədlər almaq lazım olanda çətinliklər yarandığını, Murtuza şəxsiyyət vəsiqəsi və pensiya kartını almaq istəsələr də bu çətinliklərlə qarşılaşdıqlarını, bu səbəbdən də onun adına müəyyən hərəkətlərin edilməsi və ona qəyyum təyin edilməsi üçün fəaliyyət qabiliyyətsiz hesab olunmasına zərurət yarandığını, Murtuzun özünün sərbəst yemək yemədiyini, onun digər şəxsin qulluğuna ehtiyacının olduğunu, onu özlərinin yedirib-içirdiklərini, həmçinin gözdən kənara qoya bilmədiklərini Murtuzun hazırda Babək rayonu, Aşağı Buzqov kəndində yaşadığını və subay olduğunu qeyd edərək, yekunda müraciətinin qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin - Baxşəliyev Murtuz Əsəd oğlunun səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 12 avqust 2021-ci il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Baxşəliyev Murtuz Əsəd oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması tapşırılmışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 “05” noyabr 2021-ci il tarixli, 100 nömrəli ambulator məhkəməpsixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Baxşəliyev Murtuz Əsəd oğlunun hazırki psixi sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə Murtuz Baxşəliyevi məhkəmə iclaslarına dəvət etməmiş və dindirməmişdir. Məhkəmə iclasında Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X5 verdiyi izahatında mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələrinin 13 avqust 2021-ci ildə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, 20 yanvar 1969-cu il tarixdə anadan olan Baxşəliyev Murtuz Əsəd oğlunun yaşadığı evdə olduqlarını, onun yaşadığı evin müayinə edilərək müvafiq akt tərtib edildiyini, X9 rayonu, Aşağı Buzqov kəndində atasına məxsus evdə yaşadığını, şəxsin qaldığı evin yaşayış normalarına uyğun olduğunu, həmin evdə Murtuz Baxşəliyevdən başqa onun anası, qardaşı İbrahim və onun ailəsinin yaşadığını, onun qayğısına da elə bu yaxın qohumlarının qaldığını, Ərizəçi onunla birlikdə yaşamadığını, lakin Murtuz Baxşəliyevin yaxın qohumlarının onun hüquqlarını həyata keçirilməsi ilə bağlı müvafiq sənədləşmə işlərinin aparılmasını ərizəçiyə həvalə etdiklərini dediklərini, komissiya üzvlərinin Ərizəçi psixoloji vəziyyətini vizual olaraq müşahidə etdiyini, onun iki əli ilə başını tutub qışqırdığını, bir yerdə qərar tuta bilmədiyini, aşağıyuxarı gəzişdiyini gördükərini, komissiyanın Murtuz Baxşəliyevin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsində hər hansı sui-istifadə hallarının olmaması müəyyən etdiyini qeyd etmişdir. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə müəyyən edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Baxşəliyev Murtuz Əsəd oğlunun 20 yanvar 1969-cu ildə Naxçıvan rayonu, Aşağı Buzqov kəndində dünyaya gəlməsi, onun hazırda Babək rayonu, Aşağı Buzqov kəndində yaşaması, Ərizəçi Baxşəliyev Murtuz Əsəd oğlunun qardaşı olması, Baxşəliyev Murtuz Əsəd oğlunun Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 “Anadangəlmə əqli zəiflik. imbesillik səviyyəsində” diaqnozu ilə qeydiyyatda olması, onun nikaha daxil olmaması və İ qrup əlil olması mülki işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - ərizəyə əlavə edilmiş və Buzqov kənd soveti tərəfindən verilmiş 20 yanvar 1969cu il tarixli, AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Baxşəliyev Murtuz Əsəd oğlunun 20 yanvar 1969-cu ildə Naxçıvan rayonu, Aşağı Buzqov kəndində dünyaya gəlməsi və Baxşəliyev Əsəd Allahverdi oğlunun onun atası, X1 isə anası olması; -iş materiallarına əlavə edilmiş və Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin Aşağı Buzqov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, 253 nömrəli, 23 avqust 2021-ci il tarixli, 274 nömrəli arayışlardan, həmçinin Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 13 avqust 2021-ci il tarixli aktından, eyni tarixli müayinə aktından, 25 avqust 2021-ci il tarixli, 14 nömrəli rəydən Baxşəliyev Murtuz Əsəd oğlunun hazırda Babək rayonu, Aşağı Buzqov kəndində yaşaması; - ərizəyə əlavə edilmiş və Buzqov kənd soveti tərəfindən verilmiş 30 iyun 1977-ci il tarixli, İV-JQ seriyalı, 339342 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Ərizəçi xx xxxx 1977-ci ildə Naxçıvan rayonu, Buzqov kəndində doğulması və Baxşəliyev Əsəd Allahverdi oğlunun onun atası, X1 isə anası olması; -ərizəyə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 03 avqust 2021-ci il tarixli, 484 nömrəli məktubundan Baxşəliyev Murtuz Əsəd oğlunun dispanserdə “Anadangəlmə əqli zəiflik. imbesillik səviyyəsində” diaqnozu ilə qeydiyyatda olması; - ərizəyə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, 621 nömrəli arayışdan Baxşəliyev Murtuz Əsəd oğlunun barəsində nikah haqqında akt qeydinin olmaması; -ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş vəsiqənin təsdiqlənmiş surətindən Baxşəliyev Murtuz Əsəd oğlunun İ qrup əlil olması aydın olur. Ərizəçinin müraciəti isə qardaşı Baxşəliyev Murtuz Əsəd oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsidir. Onun müraciətini mülki iş materialları, qanunvericiliyin tələbləri və bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsində fiziki şəxsin fəaliyyət qabiliyyətinin anlayışı verilmişdir. Həmin maddəyə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.5-ci maddəsində isə şəxsin məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz sayılmasının əsasları müəyyən olunmuşdur. Qeyd olunun maddənin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmə hazırlıq iclasında bunun müəyyən olunması üçün 12 avqust 2021-ci il tarixli qərardadla məhkəmə- psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 ambulator məhkəmə-psixiatriya ekspertizasının 05 noyabr 2021ci tarixli, 100 nömrəli ekspert rəyində qeyd olunur ki, Baxşəliyev Murtuz Əsəd oğlunda “Dərin əqli zəiflik. İdiotiya səviyyəsində” ağıl zəifliyi xəstəliyi aşkar olunur. Murtuz Baxşəliyev öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntuya yol verilmədiyindən məhkəmə ekspert rəyini sübut kimi qəbul edilən hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Hazırki mülki iş üzrə isə məhkəməyə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə ilə müraciət edən şəxsin isə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Baxşəliyev Murtuz Əsəd oğlunun qardaşı olması yuxarıda qeyd edildiyi kimi sübuta yetirilir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Mülki iş materialları ilə yuxarıda da qeyd edildiyi kimi barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş şəxs Babək rayonu, Aşağı Buzqov kəndində yaşaması müəyyən edilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki işin məhkəmə araşdırması zamanı Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin məhkəmədə verdiyi izahatından məlum olmuşdur ki, Ərizəçi tərəfindən Baxşəliyev Murtuz Əsəd oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. Məhkəmə bunları nəzərə alınaraq belə nəticəyə gəlir ki, Baxşəliyev Murtuz Əsəd oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil və buna görə ərizəçinin müraciəti əsaslı sayılmalı və Baxşəliyev Murtuz Əsəd oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə ərizəçinin tələbini əsaslı saydığından və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi nəzərdə tutulduğundan, Ərizəçi məhkəməyə müraciət etməsi ilə bağlı ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunmalı; -20 yanvar 1969-cu ildə Naxçıvan rayonu, Aşağı Buzqov kəndində anadan olan, Babək rayonu, Aşağı Buzqov kəndində yaşayan Baxşəliyev Murtuz Əsəd oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; -məhkəməyə müraciət edilməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunsun. 20 yanvar 1969-cu ildə Naxçıvan rayonu, Aşağı Buzqov kəndində anadan olan, Babək rayonu, Aşağı Buzqov kəndində yaşayan Baxşəliyev Murtuz Əsəd oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar