Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-434/2022 21.11.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi və Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi bacısı Rüstəmova Qərənfil Yunis qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Rüstəmova Qərənfil Yunis qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, X4 Yunis qızı, xx.xx.1972-ci il tarixdə Babək rayon Cəhri qəsəbəsində anadan olmuşdur. X4 Yunis qızı xx.xx.1988-ci il tarixindən Y.Budaqov adına Naxçıvan MR X1 “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə müşahidə olunan ağır dərəcəli anadangəlmə əqli zəifik” diaqnozu ilə qeydiyyata alınmışdır. 24 mart 1988-ci il tarixində birinci qrup əlillik vəsiqəsi verilmişdir. Rüstəmova Qərənfil Yunis qızı bütün bərəkətləri mənim iştirakımla mümkündür. Hal-hazırda X4 Yunis qızını mən saxlayıram və mən qulluq göstərirəm. X4 Yunis qızı adından hər-hansı sənədləşdirmə işini apara bilmədiyimdən qəyyumluğun mənə verilməsi üçün X4 Yunis qızının fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəməyə müraciət edirəm. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında bacısı Rüstəmova Qərənfil Yunis qızında anadangəlmə əqli geriliyin olduğunu, uşaqlıqda müayinə və müalicə üçün müraciətlər edilsə də bir nəticəsi olmadığından müalicələrinin dayandırıldığını, onun xx.xx.1988-ci ildən etibarən “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə müşayiət olunan ağır dərəcəli anadangəlmə əqli zəiflik” diaqnozu ilə Y.Budaqov adına X1 qeydiyyata alındığını, İ dərəcə əlilliyi olan şəxs kimi ailə başçısını itirməyə görə əmək pensiyaçısı kimi müddətsiz uçota alındığını, ailə qurmadığını, nitqi olsa da özünü tam və düzgün ifadə edə bilmədiyini, özünü idarə etməkdə çətinlik çəkdiyini, öz-özünə danışıb güldüyünü, onun baxımını, vacib həyati ehtiyaclarını özünün həyata keçirdiyini, sənədləşmə işlərini onun adından illərdir özünün yerinə yetirdiyini, lakin son zamanlar pensiya kartı ilə bağlı əməliyyatlarda rəsmi qəyyuma ehtiyacın yarandığını, belə ki, Qərənfilin özünün mahiyyətini anlayaraq sənədə imza etməsi və növbəti dəfə eyni imzanı təkrarlamasının qeyri-mümkün olduğunu, bu səbəbdən də vəziyyəti nəzərə alınmaqla onun üzərində qəyyumluğun müəyyən edilməsi üçün fəaliyyət qabiliyyətinin olmamasının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəyyumluq və Himayə Orqanının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında komissiyanın üzvləri ilə birlikdə Rüstəmova Qərənfil Yunis qızının yaşadığı Babək rayonu, Cəhri qəsəbəsində yerləşən yaşayış evində olduqlarını, onun yaşadığı şərait və psixoloji vəziyyəti ilə tanış olduqlarını, bununla bağlı komissiyanın üzvləri, qonşular və ərizəçinin iştirakı ilə akt tərtib edildiyini, Rüstəmova Qərənfil Yunis qızının qeyri-normal hərəkətlər edərək səbəbsiz güldüyünü, onun baxımı ilə bacısı Ərizəçi məşğul olduğunu, qonşularla söhbət apardıqlarını, onların da bu halları təsdiq etdiyini, sözügedən hallar nəzərə alınmaqla 08 fevral 1972-cü il tarixdə anadan olmuş Rüstəmova Qərənfil Yunis qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin məqsədəuyğun olduğunu, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün müraciət edilməsində hər hansı bir suiistifadə hallarının mövcud olmadığını, sözügedən hallarla bağlı müvafiq rəy və aktın məhkəməyə təqdim edildiyini bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, Rüstəmova Qərənfil Yunis qızının müddətsiz İ qrup əlil olması və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Yaqub Budaqov adına X1 qeydiyyatda dayanması mülki işin mübahisəsiz hallarıdır. Sözügedən hallar və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - Babək rayon Cəhri kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 505755 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Rüstəmova Qərənfil Yunis qızının 08 fevral 1972-cü ildə anadan olması; - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X5 Şəxsinin Babək Rayon İdarəsi tərəfindən verilmiş 03/1173 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan Rüstəmova Qərənfil Yunis qızının müddətsiz İ dərəcəli əlil olması; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Yaqub Budaqov adına X2 tərəfindən verilmiş 550 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan Rüstəmova Qərənfil Yunis qızının xx.xx.1988-ci ildən etibarən “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə müşayiət olunan ağır dərəcəli anadangəlmə əqli zəiflik” diaqnozu ilə dispanserdə qeydiyyatda dayandığı; - Babək Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 381 saylı, xx.xx.2022-ci il tarixli arayışdan Rüstəmova Qərənfil Yunis qızının nikaha daxil olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319-cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq Rüstəmova Qərənfil Yunis qızının psixi vəziyyətini müəyyən etmək üçün 21 sentyabr 2022-ci il tarixdə məhkəmə hazırlıq iclasında məhkəməpsixiatriya ekspertizası təyin edilmiş, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi təqdim edilənədək dayandırılmış, xx.xx.2022-ci il tarixdə mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi məhkəməyə təqdim edildiyindən təzələnmiş, iş üzrə hazırlıq iclası keçirilərək mülki iş məhkəmə baxışına təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 69 saylı rəyi ilə ekspert komissiyası Rüstəmova Qərənfil Yunis qızının psixi vəziyyəti ilə bağlı xarici görünüşünün baxımlı olduğu, təmasa daxil olduğu, suallara cavab verə bilmədiyi, nitqinin aydın, söz ehtiyatının az olduğu, emosional iradi sferasının yetkin olmadığı, intellektual-amnestik sferasının inkişaf etmədiyi, düşüncə patologiyasının müşahidə olunmadığı, hal-hazırki vəziyyətə tənqidi münasibətinin olmadığı nəzərə alınmaqla, Rüstəmova Qərənfil Yunis qızında “Anadangəlmə ağıl zəifliyi, imbeçillik səviyyəsində” psixi xəstəliyinin müşahidə olunduğu, Rüstəmova Qərənfil Yunis qızının öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində olmadığı, Rüstəmova Qərənfil Yunis qızının sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan vermədiyi qənaətinə gəlmişdir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən maraqlı şəxs Rüstəmova Qərənfil Yunis qızının iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası 01 noyabr 2022-ci il tarixli, 17 nömrəli rəyində komissiya üzvlərinin Rüstəmova Qərənfil Yunis qızının yaşadığı Babək şəhəri Cəhri qəsəbəsində olduqlarını, onun yaşadığı şərait və psixoloji vəziyyətlə tanış olduqlarını, həmçinin xəstənin qonşuları ilə söhbət apardıqlarını, müvafiq akt tərtib edildiyini, Rüstəmova Qərənfil Yunis qızının psixoloji vəziyyətinin vizual olaraq da çox kritik olduğunu, komissiya üzvlərinin Q.Rüstəmovanın yaşadığı evin şəraiti ilə də yaxından tanış olduğunu, evin şəraitinin normal vəziyyətdə olduğunun müəyyən olunduğunu, Komissiyanın üzvlərinin həmçinin qonşularla da söhbət apardığını, qonşuların Q.Rüstəmovanı yedirib-içirən, onun baxımı, təmizliyi ilə məşğul olanın bacısı - Ərizəçi olduğunu bildirdiklərini qeyd etmişlər. Qəyyumluq və Himayəçilik Komissiyası rəyin nəticə hissəsində 08 fevral 1972-cü il tarixdə anadan olan Rüstəmova Qərənfil Yunis qızının psixoloji problemlərinin hüquqi və faktiki mövcud olduğunu nəzərə alaraq onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məqsədəmüvafiq hesab etmişdir. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, Rüstəmova Qərənfil Yunis qızında mövcud olan ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, 08 fevral 1972-cü il tarixdə Babək rayonu, Babək qəsəbəsində anadan olan, ünvan 1 ünvanında yaşayan Rüstəmova Qərənfil Yunis qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. 08 fevral 1972-cü il tarixdə Naxçıva rayonu, Cəhri kəndində anadan olan, Babək rayonu, Cəhri qəsəbəsində yaşayan Rüstəmova Qərənfil Yunis qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-434/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-434/2022
21.11.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver