Məhkəmə qərarları › İş №2(079)-437/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-437/2023

13.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-437/2023 13.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi və Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi Babək Rayon Məhkəməsinə müraciət edərək 25 avqust 1987-ci il tarixində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, 1979-cu il tarixində həyat yoldaşım X5 ilə ailə həyatı qurmuşam. Bizim birgə nikahımızdan üç övladımız olmuşdur. Onlardan 25 avqust 1987-ci il tarixində anadan olmuş qızım X9 uşaqlıqdan əlildir. O, “Anadangəlmə əqli zəiflik, idiotiya səviyyəsində” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X1 qeydiyyatda dayanır. Qeyd edirəm ki, qızım Günel özünü tam idarə edə bilmir. Hazırda ona mən baxıb, qulluğunda dururam. Günel bizim dediklərimizi başa düşmür və cavab verə bilmir, özü istədiyini bizə tam anlada bilmir, nitq qabiliyyəti yoxdur. Birinci qrup əlilliyə görə ömürlük təqaüd alır, lakin özünə aid heç bir sənəd hazırlaya bilmir, bütün sənədləri valideyni olaraq mən hazırlayıram. Günel fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə onun qəyyumu olaraq mən, ona qulluq etməklə bərabər, onunla bağlı lazım olan sənədləşmə işlərini apara bilərəm. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında qızı X4 25 avqust 1987-ci ildə anadan olduğunu, hazırda 38 yaşı olduğunu, onda anadangəlmə əqli zəiflik olduğunu, yeriyib, danışa, hərəkət edə bilmədiyini, mütəmadi dərman qəbul etdiyini, dərmandan istifadə etmədikdə gündə bir neçə dəfə tutmaları olduğunu, müddətsiz İ qrup əlil kimi Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda dayandığını, anadan olduğu gündən bu günə qədər onu özlərinin yedirib-içirdiyini, baxımı, təmizliyi ilə məşğul olduqlarını, 5 aydan artıqdır ki, Günelin öz yeni pensiya kartını imza edib götürə bilməməsi ucbatından pensiyasını ala bilmədiyini, X4 adından müvafiq zəruri hərəkətlərin edilməsinə şərait yaradılması, qarşılaşdıqları çətinliklərin təkrarlanmaması üçün ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında komissiyanın üzvləri ilə birlikdə X4 yaşadığı Babək rayonu, Sirab kəndində yerləşən yaşayış evində olduqlarını, onun yaşadığı şərait və psixoloji vəziyyəti ilə tanış olduqlarını, bununla bağlı komissiyanın üzvləri, qonşular və ərizəçinin iştirakı ilə akt tərtib edildiyini, X4 psixoloji vəziyyətinin vizual olaraq çox kritik olduğunu, onun özünün sərbəst hərəkət edə bilmədiyini, deyilənləri anlamaq iqtidarında olmadığını, onun baxımı ilə bacısının məşğul olduğunu, qonşularla söhbət apardıqlarını, onların da Günel Rəhimovanın baxımı ilə bacısının məşğul olduğunu bildirdiklərini, sözügedən hallar nəzərə alınmaqla 25 avqust 1987-ci il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin məqsədəuyğun olduğunu, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün müraciət edilməsində hər hansı bir sui-istifadə hallarının mövcud olmadığını, sözügedən hallarla bağlı müvafiq rəy və aktın məhkəməyə təqdim edildiyini bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı barəsində ərizə verdiyi şəxs X4 yaxın qohumu-atası olması, X4 müddətsiz İ qrup əlil olması mülki işin mübahisəsiz hallarıdır. Sözügedən hallar və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - Xİİ-JQ seriyalı, 409465 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən 25 avqust 1987-ci ildə anadan olmuş X4 atasının Ərizəçi olması; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 903 nömrəli arayışdan X4 xx.xx.2023-cü il tarixdən “Anadangəlmə əqli zəiflik, idiotiya səviyyəsində” diaqnozu ilə X1 qeydiyyatda dayandığı; - Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 015421 nömrəli vəsiqənin təsdiq olunmuş surətindən X4 14 oktyabr 2003-cü ildən uşaqlıqdan əlil olması müəyyən olunur. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi Babək rayon Əhalinin Sosial müdafiəsi Mərkəzi tərəfindən verilmiş 015421 nömrəli vəsiqənin təsdiq olunmuş surətindən X4 müddətsiz İ qrup əlilliyi olan şəxs kimi qeydiyyatda durması; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319-cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq X4 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi təqdim edilənədək dayandırılmış, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi məhkəməyə təqdim edildiyindən təzələnmiş, iş üzrə hazırlıq iclası keçirilərək mülki iş məhkəmə baxışına təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X7 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli 259 saylı rəyi ilə ekspert komissiyası xx.xx.1987-ci il tarixdə anadan olmuş X4 psixi vəziyyəti ilə bağlı təmasa daxil olmadığı, suallara cavab vermədiyi, nitqinin olmadığı, verilən tapşırıqları və sadə vərdişləri icra edə bilmədiyi, intellektual amnestik sferasının kəskin geriliyi, emosional iradə sferasının yetkin olmaması, hazırki vəziyyətinə tənqidi münasibətinin olmadığı nəzərə alınmaqla, X6 “Anadangəlmə əqli zəiflik, idiotiya səviyyəsində” xəstəliyinin müşahidə olunduğu, X4 öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində olmadığı, sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan vermədiyi qənaətinə gəlmişdir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən maraqlı şəxs X4 iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası 15 sentyabr 2023-cü il tarixli, 07 nömrəli rəyində komissiya üzvlərinin X4 yaşadığı Babək rayon Sirab kəndində olduqlarını, onun yaşadığı şərait və psixoloji vəziyyətlə tanış olduqlarını, həmçinin xəstənin qonşuları ilə söhbət apardıqlarını, müvafiq akt tərtib edildiyini, X4 psixoloji vəziyyətinin vizual olaraq da çox kritik olduğunu, belə ki, xəstənin yataqda yatdığını, köməklk olmadan ayağa qalxa bilmədiyini, anlaşılmayan səslər çıxardığını, qeyri-normal əl-qol hərəkətləri etdiyini müşahidə etdiklərini, komissiya üzvlərinin G.Rəhimovanın yaşadığı evin şəraiti ilə də yaxından tanış olduğunu, evin şəraitinin normal vəziyyətdə olduğunun müəyyən olunduğunu, Komissiyanın üzvlərinin həmçinin qonşularla da söhbət apardığını, qonşuların G.Rəhimovanı yedirib-içirən, onun baxımı, təmizliyi ilə məşğul olanın bacısı olduğunu bildirdiklərini qeyd etmişlər. Qəyyumluq və Himayəçilik Komissiyası rəyin nəticə hissəsində 25 avqust 1987-ci il tarixdə anadan olan X4 psixoloji problemlərinin hüquqi və faktiki mövcud olduğunu nəzərə alaraq onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məqsədəmüvafiq hesab etmişdir. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, X6 mövcud olan ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, 25 avqust 1987-ci il tarixdə Babək rayonu, Sirab kəndində anadan olan, Babək rayonu, Sirab kəndində yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. 25 avqust 1987-ci il tarixdə Babək rayonu, Sirab kəndində anadan olan, Babək rayonu, Sirab kəndində yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar