Məhkəmə qərarları › İş №2(079)-444/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-444/2023

29.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-444/2023 29.11.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə1 və Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Ərizəçi Vəliyeva (Zeynalova) Könül Səfər qızının şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi Vəliyeva (Zeynalova) X3 Rayon Məhkəməsinə müraciət edərək 20 may 1999-cu il tarixdə Babək rayonu, Babək qəsəbəsində anadan olmuş, Babək rayonu, Babək şəhərində onunla yaşayan oğlu Zeynalov Əli Cəfər oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, 20 may 1999-cu il tarixdə anadan olmuş oğlum Zeynalov Əli Cəfər oğlu birinci qrup əlildir. O artıq uzun illərdir ki, yataq xəstəsidir və ətrafda baş verən hadisələri dərk etmək və özünü idarə etmək qabiliyyətində deyildir. Yəni mənim sayəmdə özünü idarə edir. Ona uşaq serebral iflici diaqnozu qoyulubdur. Zeynalov Əli Cəfər oğlu birinci dərəcəli ümumi səbəbdən əlil kimi ayda 270 (iki yüz yetmiş) manat əmək pensiyası və uşaq serebral iflici diaqnozu ilə müddətsiz olaraq 200 (iki yüz) manat Prezident təqaüdü alır. Əlinin əqlində zəiflik olduğundan onun adından müəyyən sənədlər almaq lazım olanda çətinliklər yaranır, mən bu çətinliklərlə Əliyə şəxsiyyət vəsiqəsi və pensiya kartı alanda tez-tez qarşılaşıram. Bu məqsədlə də onun adına müəyyən hərəkətlərin edilməsi və ona qəyyum təyin edilməsi üçün fəaliyyət qabiliyyətsiz hesab olunmasını istəyirəm. Əli özü sərbəst yemək yeyə bilmir, mənim şəxsən qulluğuma ehtiyacı vardır. Əlini mən yedirdib-içirdirəm, həmçinin gözdən kənara qoya bilmirəm. Ona görə də Zeynalov Əli Cəfər oğlu məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs kimi elan edilməklə onun üzərində qəyyum təyin edilməlidir. Ərizəçi Vəliyeva (Zeynalova) Könül Səfər qızı məhkəmə hazırlıq iclasında verdiyi izahatında oğlu Zeynalov Əli Cəfər oğlunun 20 may 1999-cu ildə anadan olduğunu, onda anadangəlmə uşaq beyin iflici olduğunu bildirdiklərini, hazırda 24 yaşı olduğunu və onunla birlikdə yaşadığını, yeriyib, danışa, hərəkət edə bilmədiyini, bunun üçün gec müraciət etdiklərindən 2015-ci ildən müddətsiz İ qrup əlil kimi qeydiyyatda dayandığını, anadan olduğu gündən bu günə qədər onu özünün yedirib-içirdiyini, baxımı, təmizliyi ilə məşğul olduğunu, əlil arabasında oturmadığını, buna görə də onu qucağında hərəkət etdirdiyini bildirmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında nəvəsi Əlinin anadangəlmə xəstə olduğunu, yataq şəraitində qalmaqla danışa, yeriyə və yeyib-içə bilmədiyini, ayaqlarında ümumiyyətlə hərəkət olmadığını, yalnız əllərini hərəkət etdirə bildiyini, ərizəçinin işləmədiyini və onun baxımı ilə daimi özünün məşğul olduğunu, Bakı şəhərində yaşadıqlarını, Qəyyumluq və Himayə Komissiyasının üzvlərinin qızı və nəvəsi Babək şəhərində onun yanında qaldıqları vaxt ərzində müayinə prosesini həyata keçirdiklərini, xəstənin vəziyyətinin onlara da bəlli olduğunu bildirmiş, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qəyyumluq və Himayə Orqanının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında komissiyanın üzvləri ilə birlikdə Zeynalov Əli Cəfər oğlunun yaşadığı Babək rayonu, Babək şəhəri, H.Əliyev prospekti 23 ünvanında yerləşən yaşayış evində olduqlarını, onun yaşadığı şərait və psixoloji vəziyyəti ilə tanış olduqlarını, bununla bağlı komissiyanın üzvləri, qonşular və ərizəçinin iştirakı ilə akt tərtib edildiyini, Zeynalov Əli Cəfər oğlunun psixoloji vəziyyətinin vizual olaraq çox kritik olduğunu, onun yataqda olduğunu, hərəkət edə bilmədiyini, deyilənləri anlamaq iqtidarında olmadığını, qeyri-normal hərəkətlər etdiyini, onun baxımı ilə anasının məşğul olduğunu, qonşularla söhbət apardıqlarını, onların da Əli Zeynalovun baxımı ilə bacısının məşğul olduğunu bildirdiklərini, sözügedən hallar nəzərə alınmaqla 20 may 1999-cu il tarixdə anadan olmuş Zeynalov Əli Cəfər oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin məqsədəuyğun olduğunu, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün müraciət edilməsində hər hansı bir sui-istifadə hallarının mövcud olmadığını, sözügedən hallarla bağlı müvafiq rəy və aktın məhkəməyə təqdim edildiyini bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, Vəliyeva (Zeynalova) Könül Səfər qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı barəsində ərizə verdiyi şəxs Zeynalov Əli Cəfər oğlunun yaxın qohumu-anası olması, Zeynalov Əli Cəfər oğlunun müddətsiz İ qrup əlil olması mülki işin mübahisəsiz hallarıdır. Sözügedən hallar və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən 20 may 1999-cu ildə anadan olmuş Zeynalov Əli Cəfər oğlunun anasının Vəliyeva (Zeynalova) Könül Səfər qızı olması; - Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 092679 nömrəli vəsiqənin təsdiq olunmuş surətindən Zeynalov Əli Cəfər oğlunun 02 iyul 2015-ci ildən uşaqlıqdan əlil olması müəyyən olunur. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi Babək rayon Əhalinin Sosial müdafiəsi Mərkəzi tərəfindən verilmiş 015421 nömrəli vəsiqənin təsdiq olunmuş surətindən Zeynalov Əli Cəfər oğlunun müddətsiz İ qrup əlilliyi olan şəxs kimi qeydiyyatda durması; - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan Babək rayon Babək şəhər sakini Zeynalov Əli Cəfər oğlunun Mərkəzdə İ dərəcə əlilliyi olan şəxs kimi qeydiyyatda durması və ona 270.00 manat sosial müavinət və 200.00 manat Prezident təqaüdü ödənilməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319-cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq Zeynalov Əli Cəfər oğlunun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi təqdim edilənədək dayandırılmış, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi məhkəməyə təqdim edildiyindən təzələnmiş, iş üzrə hazırlıq iclası keçirilərək mülki iş məhkəmə baxışına təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli 314 saylı rəyi ilə ekspert komissiyası xx.xx.1999-cu il tarixdə anadan olmuş Zeynalov Əli Cəfər oğlunun psixi vəziyyəti ilə bağlı təmasa daxil olmadığı, suallara cavab vermədiyi, nitqinin olmadığı, intellektinin inkişaf etmədiyini, emosional iradə sferasının inkişaf etmədiyini, düşüncə patologiyasının müşahidə olunmadığını, hazırki vəziyyətinə tənqidi münasibətinin olmadığı nəzərə alınmaqla, Zeynalov Əli Cəfər oğlunda “Uşaq srebral iflicin qalığı. İdiotiya səviyyəsində anadangəlmə ağıl zəifliyi, sağ tərəfli hemiplegiya” ruhi xəstəliyinin müşahidə olunduğu, Zeynalov Əli Cəfər oğlunun öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində olmadığı, Zeynalov Əli Cəfər oğlunun sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan vermədiyi qənaətinə gəlmişdir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən maraqlı şəxs Zeynalov Əli Cəfər oğlunun iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası 13 sentyabr 2023-cü il tarixli, 08 nömrəli rəyində komissiya üzvlərinin Zeynalov Əli Cəfər oğlunun yaşadığı Babək rayon Babək şəhərində olduqlarını, onun yaşadığı şərait və psixoloji vəziyyətlə tanış olduqlarını, həmçinin xəstənin qonşuları ilə söhbət apardıqlarını, müvafiq akt tərtib edildiyini, Zeynalov Əli Cəfər oğlunun psixoloji vəziyyətinin vizual olaraq da çox kritik olduğunu, belə ki, xəstənin yataqda yatdığını, köməklk olmadan ayağa qalxa bilmədiyini, anlaşılmayan səslər çıxardığını, qeyri-normal əl-qol hərəkətləri etdiyini müşahidə etdiklərini, komissiya üzvlərinin Ə.Zeynalovun yaşadığı evin şəraiti ilə də yaxından tanış olduğunu, evin şəraitinin normal vəziyyətdə olduğunun müəyyən olunduğunu, Komissiyanın üzvlərinin həmçinin qonşularla da söhbət apardığını, qonşuların Ə.Zeynalovu yedirib-içirən, onun baxımı, təmizliyi ilə məşğul olanın anası olduğunu bildirdiklərini qeyd etmişlər. Qəyyumluq və Himayəçilik Komissiyası rəyin nəticə hissəsində 20 may 1999-cu il tarixdə anadan olan Zeynalov Əli Cəfər oğlunun psixoloji problemlərinin hüquqi və faktiki mövcud olduğunu nəzərə alaraq onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məqsədəmüvafiq hesab etmişdir. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, Zeynalov Əli Cəfər oğlunda mövcud olan ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, 20 may 1999-cu il tarixdə Babək rayonu, Babək qəsəbəsində anadan olan Zeynalov Əli Cəfər oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. 20 may 1999-cu il tarixdə Babək rayonu, ünvan 2 ünvanında qeydiyyatda olan Zeynalov Əli Cəfər oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar