Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-444/2025 15.09.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi əvəzi X9 oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, Ərizəçi və Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Rüstəmov Nicat Şirxan oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi 20 iyun 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1995-ci il tarixdə Babək rayonu, Məzrə kəndində anadan olmuş Rüstəmov Nicat Şirxan oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, hazırki ərizə ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etdiyim şəxs Rüstəmov Nicat Şirxan oğlu mənim oğlumdur. Rüstəmov Nicat Şirxan oğlu xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. Oğlum Şirxan anadangəlmə psixi xəstəliyinə görə əziyyət çəkir, öz hərəkətlərini müstəqil olaraq həyata keçirib idarə edə bilmir. Oğlum Şirxan daim qayğı və nəzarət altında yaşayır. Oğlum Şirxan adına dövlət tərəfindən təyin edilmiş müavinət ödənilir ki, həmin müavinətin ödənilməsi bank kartı ilə həyata keçirilir. Müvafiq bank kartının bankdan alınması üçün onun üzərində təyin edilmiş qəyyumu bu kartı ala bilər. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında özünün uşağa baxdığını, özü onun hüquqlarını müdafiə etmək istədiyini, onun pensiya kartını ala bilmədiyini, bu səbəbdən məhkəməyə müraciə etdiyini, ehtiyaclarını oğlunun özünün qarşıladığını bildirmişdir. Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında komissiya üzvləri olaraq ərizəçinin Babək rayonu, Məzrə kəndində yaşadığı evində olduqlarını, ərizəçinin qonşuları ilə söhbətlər apardıqlarını və kəndin icra nümayəndəliyinin əməkdaşlarından ailə barədə məlumatlar öyrəndiklərini, onların ailənin yaxşı ailə olduğunu bildirdiklərini, evdə olduqları zaman özünün də bunu müşahidə etdiyini, evin səliqəli və təmiz olduğunu, Nicat Rüstəmova yaxşı qulluq edildiyini, ona verdikləri suallara cavab verə bilmədiyini, öz hərəkətlərinə rəhbərlik edə bilmədiyini və hərəkətlərinin də məhdud olduğunu, əl uzadıb görüşmək istədikdə isə əlini qaldırmaqda çətinlik çəkdiyini, komissiya olaraq sui-istifadə halının olmasını müşahidə etmədiklərini bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı barəsində ərizə verdiyi şəxs Rüstəmov Nicat Şirxan oğlunun onun yaxın qohumu-oğlu olması, Babək rayon ƏSMN tərəfindən verilmiş vəsiqəyə əsasən İ qrup əlil olması, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 17 iyun 2025-ci il tarixli arayışına əsasən Babək rayon, Məzrə kəndində qeydiyyatda olan 1995-ci il təvəllüdlü Rüstəmov Nicat Şirxan oğlunun Naxçıvan Muxtar Respublikası X3 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmadığı işin mübahisəsiz hallarıdır. Sözügedən hallar və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - AZ-T seriyalı, 315164 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası Rüstəmov Şirxan M.Əli oğlu, anası Ərizəçi olan Rüstəmov Nicat Şirxan oğlunun 20 oktyabr 1995-ci il tarixdə Babək rayonu, Məzrə kəndində anadan olması; - Babək rayon ƏSMM tərəfindən verilmiş 053853 nömrəli, xx.xx.2014-cü il tarixli vəsiqənin təsdiq olunmuş surətindən Rüstəmov Nicat Şirxan oğlunun İ qrup əlil olması, əlilliyinin müddətiz olması; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 3976 nömrəli, 17 iyun 2025-ci il tarixli arayışına əsasən Babək rayon Məzrə kəndində qeydiyyatda olan 1995-ci il təvəllüdlü Rüstəmov Nicat Şirxan oğlunun Naxçıvan Muxtar Respublikası X3 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmadığı; - Babək Rayon Mərkəzi X7 Şəxsi tərəfindən verilmiş 215 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan Babək rayon Məzrə kənd sakini 1995-ci il təvəllüdlü Rüstəmov Nicat Şirxan oğlunun xx.xx.2025-ci il tarixdə Babək Rayon Mərkəzi X7 şəxsində ambulator müayinə olunduğu, xəstəyə “Uşaq beyin iflic tetrapalezi” diaqnozunun aşkar edildiyi, İ qrup əlil olduğu məlum olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq Rüstəmov Nicat Şirxan oğlunun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə hazırlıq iclasında məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X5 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 383 saylı rəyi ilə ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, Rüstəmov Nicat Şirxan oğlunda "Ağır əqli gerilik" psixi xəstəliyi var. Rüstəmov Nicat Şirxan oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Rüstəmov Nicat Şirxan oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən şəxs Rüstəmov Nicat Şirxan oğlunun iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası 26 avqust 2025-ci il tarixli, 18 nömrəli rəyində komissiya üzvlərinin ərizəçinin Babək rayonu, Məzrə kəndində yerləşən evində olduğunu, Rüstəmov Nicat Şirxan oğlunun həyat şəraiti və psixoloji vəziyyəti ilə maraqlandıqlarını, ailənin qonşuları ilə söhbət aparıldığını və müvafiq akt tərtib edildiyini, Rüstəmov Nicat Şirxan oğlunun sərbəst hərəkət edə bildiyini, onunla söhbət etməyə çalışdıqda ona verilən sualları anlamadığını, şəxsin ətraf mühiti dərk etmədiyini, Nicatın yemək, təmizlik, geyim və bu kimi gündəlik tələbatlarını anası başda olmaqla ailənin qarşıladığını, Rüstəmov Nicat Şirxan oğlunun ailə üzvlərinin qonşular arasında və ətraf ərazidə yaxşı insanlar kimi tanındığını, məsələ ilə bağlı sui-istifadə halının olmadığını hesab etmişdir. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, Rüstəmov Nicat Şirxan oğlunda mövcud olan “Uşaq beyin iflic tetrapalezi” xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, xx.xx.1995-ci il təvəllüdlü Babək rayonu, Məzrə kəndində qeydiyyatda olmaqla yaşayan Rüstəmov Nicat Şirxan oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: Ərizə təmin edilsin. xx.xx.1995-ci il təvəllüdlü Babək rayonu, Məzrə kəndində qeydiyyatda olmaqla yaşayan Rüstəmov Nicat Şirxan oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Hazırkı qətnamə Rüstəmov Nicat Şirxan oğlu üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(079)-444/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-444/2025
15.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver