Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-458/2021 20.12.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1 və Babək Rayon Notariat Ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, onlara dair qeydlərin ləğv edilməsi, miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 14 sentyabr 2021-ci ildə Babək Rayon Məhkəməsinə Cavabdeh1 və Babək Rayon Notariat Ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, onlara dair qeydlərin ləğv edilməsi, miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. O, tələbini əsaslandıraraq bildirmişdir ki, 20 avqust 1963-cü ildə Babək rayonu, Bəyəhməd kəndində anadan olmuşam. Atam təxminən 1963-cü ildə Rusiyada dünyasını dəyişmiş və elə orada da dəfn olunmuşdur. X7 ilə X2 01 fevral 1970-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Biz həmin vaxt anamla Culfa rayonunda yaşayırdıq. Anam evləndikdən sonra biz Babək rayonuna köçdük. Anamla ögey atam evləndikdən sonra Babək rayonunda Zeqəm Vüqarlı adlı müəllimdən 1979-cu ildə Babək rayonu, Q.Əkbərov küçəsində yerləşən fərdi yaşayış evini almışdır. Anam 09 aprel 1998-ci ildə dünyasını dəyişmişdir. O, dünyasını dəyişdikdən sonra yeganə vərəsə olaraq mən ondan qalan miras əmlakları qəbul etmişəm. Anamdan əmanət bankında qalan pulun qəbulu üçün tərəfimdən ərizə verildi və mən buna dair şəhadətnamə aldım. Sonra həmin pulların bir qismini bankdan nağd olaraq qəbul etdim. Bundan sonra ögey atam Niyar adlı şəxslə 29 iyul 1998-ci ildə rəsmi nikah bağlamış və onunla ailə həyatı qurmuşdur. 07 avqust 2003-cü ildə ögey atam İsgəndər vəfat etmişdir. Anamla ögey atam birgə nikah dövründə yuxarıda qeyd etdiyim kimi Babək rayonu, Q.Əkbərov küçəsində yerləşən fərdi yaşayış evini əldə etmişdir. Mənim anam rəhmətə gedən zaman həmin əmlakın yarısı da əslində miras olaraq qalmışdır. Mən anamdan qalan mirasın bir hissəsini qəbul edən zaman bu o deməkdir ki, ondan qalan bütün miras əmlakları qəbul etmiş sayılıram. Lakin sonradan vəkil tərəfindən verilmiş sorğulardan bəlli oldu ki, həmin əmlak X3 adına vərəsəlik qaydasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmişdir. Halbuki bundan mənim ümumiyyətlə xəbərim olmamışdır. Həmçinin hazırki mübahisədə bir sıra ziddiyətli məqamlar da mövcuddur. Belə ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə vərəsəlik icraatı ilə bağlı sorğular verilmiş, lakin həmin soğulara verilmiş cavablardan bəlli olmuşdur ki, bu icraatlar tapılmamışdır. Həmçinin Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti verilmiş cavabda həmin fərdi yaşayış evinin X3 adına qeydiyyatdan keçirildiyini qeyd etsə də, həmin qurumun Babək Rayon Şöbəsi isə bu əmlakın Niyarın qeydiyyatdan keçirilmədiyini qeyd etmişdir. İddiaçı 20 dekabr 2021-ci ildə keçirilən məhkəmə baxışı iclasında ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 və Babək Rayon Notariat Ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, onlara dair qeydlərin ləğv edilməsi, miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair qaldırdığını, cavabdehlə mübahisənin məhkəmədən kənar qaydada həllinə dair razılıq əldə etdiyini və iddia etdiyi torpaq sahəsinin 0,13 hektar sahəsinin onun mülkiyyətinəm verilməsinə dair rəsmiləşdirmə işinin başa çatdığını və buna görə də iddiadan imtina etdiyini bildirərək, mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsaslanaraq məhkəmə Cavabdeh1 və Babək Rayon Notariat Ofisinin nümayəndəsinin olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbindən imtina edilməsi ilə bağlı ərizəsinə hüquqi münasibət bildirən məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddə 52.5). Məhkəmə İddiaçı Cavabdeh1 və Babək Rayon Notariat Ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, onlara dair qeydlərin ləğv edilməsi, miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə iddiadan imtina etməsi haqqında iddiaçının ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə tərəflərə həmçinin izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də İddiaçı iddia qaldırarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 08 sentyabr 2021-ci il tarixli, 5357 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh1 və Babək Rayon Notariat Ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, onlara dair qeydlərin ləğv edilməsi, miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddia qaldırılarkən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 08 sentyabr 2021-ci il tarixli, 5357 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-458/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-458/2021
20.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver