Məhkəmə qərarları › İş №2(079)-460/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-460/2023

12.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-460/2023 12.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi və Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi övladı Abdullayeva Zeynəb Abdulla qızını fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi 03 avqust 2023-cü ildə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 22 iyul 1990-cı il tarixdə Babək rayonu, Güznüt kəndində anadan olan övladı Abdullayeva Zeynəb Abdulla qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, qızım Abdullayeva Zeynəb Abdulla qızı 22 iyul 1990-cı il tarixdə Babək rayonu, Güznüt kəndində anadan olmuşdur. O, dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. Abdullayeva Zeynəb Abdulla qızı 1-ci qrup əlil kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durur. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Zeynəb özünü idarə etmək qabiliyyətində deyildir. Yəni mənim sayəmdə özünü idarə edir. Bundan başqa mülkiyyət hüquqlarını, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun sağlamlıq imkanları məhdud olduğu üçün həmin hüquqlarını həyat keçirə bilmirəm. Ərizəçi məhkəmədə verdiyi izahatında X3 ilə 1981-ci ildə ailə qurduğunu, birgə nikahından biri oğlan, ikisi qız olmaqla üç övladının olduğunu, Zeynəbin isə evin sonuncu uşağı olduğunu, onun 1990-cı ildə dünyaya gəldiyini, Zeynəbin 23 yaşına qədər sağlam bir uşaq olduğunu, həmin yaşda olanda onun xəstələndiyini, əvvəlcə axsadığını, sonra yeriyəndə yıxıldığını, daha sonra isə titrəməyə başladığını, buna görə də ona 1-ci qrup əlillik verildiyini, son 3 aydır ki, onun pensiya kartı bağlandığından pulunu çəkə bilmədiklərini, onun pensiya kartı dəyişmək istədiyini, lakin ona qızı Zeynəbin özünün gəlib imza etməli olması ya da məhkəmə qətnaməsi ilə onun imza etmək hüququnun olmasının təsdiqlənməli olmasını bildirdiklərini, Zeynəb isə xəstə olduğundan onu yeni kart alması üçün banka apara bilmədiyini, onun ağır xəstə olduğunu, onun kartında olan pula müalicəyə aparması üçün dəymədiyini, Zeynəbin xəstəliyinin əvvəlcə onun əsməcə tutub yerə yıxılması ilə başladığını, sonra ayağının axsadığını, daha sonra isə titrəyib yerə yıxıldığını, buna görə də onu həkimə apardığını, həkimlərin Zeynəbdə dağınıq skleroz xəstəliyi olduğunu dediklərini, Zeynəb 2013-cü ildən xəstə olduğunu, onun danışmadığını, hərəkət etmədiyini, qızını Naxçıvanda 4- 5 dəfə həkimə apardığını, lakin həkimlər onun xəstəliyinin nədən qaynaqlandığını bilmədiklərini, onu Bakı şəhərinə, sonra Türkiyə Respublikasının Ərzurum şəhərində xəstəxanaya apardığını, orada isə ondan qol kağızı istədiklərini, lakin buna razı olmadığını. daha sonra onu İrana müalicəyə apardığını, lakin orada müalicə olunduqdan sonra səhhətinin daha da pisləşdiyini, Zeynəbin onunla birlikdə qaldığını, onun bütün əziyyətini özü çəkdiyini qeyd edərək, yekunda müraciətinin təmin edilməsini məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin - Abdullayeva Zeynəb Abdulla qızının səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 24 avqust 2023-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Abdullayeva Zeynəb Abdulla qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması tapşırılmışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 “13” sentyabr 2023-cü il tarixli, 258 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Abdullayeva Zeynəb Abdulla qızının hazırki psixi sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə Qətilə Allahverdiyevanı məhkəmə iclaslarına dəvət etməmişdi. Məhkəmə iclasında iştirak edən Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X6 verdiyi izahatında mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələrinin 04 sentyabr 203-cü ildə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs Abdullayeva Zeynəb Abdulla qızının yaşadığı evdə olduqlarını ,orada qonşuları və icra nümayəndəsi dinlədiklərini, evdə olan zaman Abdullayeva Zeynəb Abdulla qızının hərəkətlərini müşahidə etdiklərini, onun ancaq anlaşılmaz səslər çıxardığını və hərəkətlərdən istifadə etdiyini, qonşular və icra nümayəndəsinin də Zeynəb Abdullayevanın neçə ildir xəstə olmasını, onun qayğısına qalan, Ərizəçi olduğunu dediklərini, bu səbəbdən də komissiyanın Qətilə Allahverdiyevanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsində hər hansı sui-istifadə hallarının olmamasının müəyyən etdiyini qeyd etmişdir. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Abdullayeva Zeynəb Abdulla qızının 22 iyul 1990-cı ildə Babək rayonu, Güznüt kəndində dünyaya gəlməsini, onun hazırda həmin kənddə yaşamasını, Ərizəçi Abdullayeva Zeynəb Abdulla qızının anası olmasını, Abdullayeva Zeynəb Abdulla qızının İ qrup əlil olmasını və ona 270 (iki yüz yetmiş) manat sosial müavinət, 200 (iki yüz) manat Prezident təqaüdü verilməsini müəyyən edir. Bu faktlar aşağıdakılarla təsdiq olunur: - ərizəyə əlavə edilmiş və Babək Rayon Nehrəm Kənd soveti tərəfindən verilmiş 26 sentyabr 1990-cü il tarixli, XV-JQ seriyalı, 354207 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən və "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Abdullayeva Zeynəb Abdulla qızının 22 iyul 1990-cı ildə Babək rayonu, Güznüt kəndində dünyaya gəlməsi və X1 onun atası, Ərizəçi isə anası olması; -ərizəyə əlavə edilmiş və Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin Güznüt kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 iyul 2023-cü il tarixli, 2/452 nömrəli arayışdan, həmçinin iş materiallarına əlavə olunan Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 04 sentyabr 2023-cü il tarixli müayinə aktından, 20 sentyabr 2023-cü il tarixli, 09 nömrəli rəyindən Abdullayeva Zeynəb Abdulla qızının hazırda Babək rayonu, Güznüt kəndində yaşaması; -ərizəyə əlavə edilmiş Babək Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 26 may 2014-cü il tarixli, 083463 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən Abdullayeva Zeynəb Abdulla qızının birinci qrup əlil olması; - ərizəyə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli, 03/1066 nömrəli arayışdan və "Elektron Məhkəmə" informasiya sistemində olan məlumatdan Abdullayeva Zeynəb Abdulla qızının mərkəzdə qeydiyyatda durması, birinci dərəcə əlilliyə görə 270 manat sosial müavinət, 200 manat Prezident təqaüdü alması aydın olur. Ərizəçinin müraciəti isə övladı Abdullayeva Zeynəb Abdulla qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsidir. Onun müraciətini mülki iş materialları, qanunvericiliyin tələbləri və bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsində fiziki şəxsin fəaliyyət qabiliyyətinin anlayışı verilmişdir. Həmin maddəyə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.5-ci maddəsində isə şəxsin məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz sayılmasının əsasları müəyyən olunmuşdur. Qeyd olunun maddənin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmə hazırlıq iclasında bunun müəyyən olunması üçün 24 avqust 2023-cü il tarixli qərardadla məhkəmə- psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 ambulator məhkəmə-psixiatriya ekspertizasının “13” sentyabr 2023-cü il tarixli, 258 nömrəli ekspert rəyində qeyd olunur ki, Abdullayeva Zeynəb Abdulla qızında “Dağınıq skleroz nəticəsində demensiya” xəstəliyi aşkar olunur. Abdullayeva Zeynəb Abdulla qızı öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntuya yol verilmədiyindən məhkəmə ekspert rəyini sübut kimi qəbul edilən hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Hazırki mülki iş üzrə isə məhkəməyə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə ilə müraciət edən şəxsin isə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Abdullayeva Zeynəb Abdulla qızının anası olması yuxarıda qeyd edildiyi kimi sübuta yetirilir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Mülki iş materialları ilə yuxarıda da qeyd edildiyi kimi barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş şəxsin Babək rayonu, Güznüt kəndində qeydiyyatda olması və həmin kəndində yaşaması müəyyən edilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki işin məhkəmə araşdırması zamanı Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin məhkəmədə verdiyi izahatından məlum olmuşdur ki, Ərizəçi tərəfindən Abdullayeva Zeynəb Abdulla qızının fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. Məhkəmə bunları nəzərə alaraq belə nəticəyə gəlir ki, Abdullayeva Zeynəb Abdulla qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil və buna görə ərizəçinin müraciəti əsaslı sayılmalı, Abdullayeva Zeynəb Abdulla qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə ərizəçinin müraciətini əsaslı saydığından, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 108.1 və 108.1.3-cü maddələrinin tələbinə görə xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilməli olduğundan, həmçinin həmin Məcəllənin 119.1-ci maddəsində isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi nəzərdə tutulduğundan, hazırki iş üzrə isə yalnız ərizəçi işdə iştirak etdiyindən Ərizəçi məhkəməyə müraciət etməsi ilə bağlı ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunmalı; - 22 iyul 1990-cı ildə Babək rayonu, Güznüt kəndində anadan olan və həmin kənddə yaşayan Abdullayeva Zeynəb Abdulla qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; -məhkəməyə müraciət edilməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunsun. 22 iyul 1990-cı ildə Babək rayonu, Güznüt kəndində anadan olan və həmin kənddə yaşayan Abdullayeva Zeynəb Abdulla qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar