Məhkəmə qərarları › İş №2(079)-478/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-478/2023

24.08.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-478/2023 24.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi 14 avqust 2023-cü ildə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış 08 dekabr 2022-ci il tarixli, Q-1164 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq bildirmişdir ki, mənimlə Maraqlı şəxs arasında nikah akt qeydi Babək rayon qeydiyyat şöbəsində 26 aprel 2011-ci il tarixdə 59 nömrə ilə qeydə alınmışdır. Bizim birgə nikahdan 27 fevral 2014-cü ildə X10 və 22 iyun 2015-ci ildə X11 doğulmuşdu. Halhazırda nikahımız pozulmasa da 2022-ci ilin iyul ayından ayrı-ayrılıqda, Hüseyn Naxçıvan şəhəri, Qaraçuq kəndində, mən isə iki övladımla birlikdə Babək şəhərində kirayə ev tutub yaşayırıq. X2 iştirakı ilə Maraqlı şəxs ilə 08 dekabr 2022-ci il tarixdə barışıq sazişi imzaladıq. Barışıq sazişinin şərtlərinə əsasən Maraqlı şəxs birgə nikahımızdan 27 fevral 2014-cü il tarixdə doğulmuş X10 və 22 iyun 2015-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər bir uşağa 175 manat olmaqla, iki uşağa 350 manat məbləğində aliment Ərizəçi müvafiq bank (bank kartı) hesabına razılaşıb vəsait ödəyəcəyini öhdəsinə götürür. Bundan başqa Maraqlı şəxs yığılıb qalan borcu 1400 manat pulu hər ayın sonu 50 manat olmaqla 28 aya Ərizəçi əldə və ya kart hesabına ödəməsinə dair razılaşıb, vəsait ödəyəcəyini öhdəsinə götürür. Tərəflər vəsaitin ödənişinin dekabr ayından başlanması və Ərizəçi təqdim edəcəyi bank hesabına köçürülməsi razılığına gəlirlər. Cavabdeh Maraqlı şəxs barışıq sazişində göstərilən aliment məbləğini ödəmir. Barışıq sazişində qeyd olunan müddət keçmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentə dair hissədə təsdiq edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə ərizəçinin müraciətinə dəqiqləşdirilmiş elementlər nəzərə almaqla baxmışdı. Ərizəçi məhkəmədə verdiyi izahatında Hüseyn ilə 2011-ci ildə ailə qurduğunu, onunla birgə nikahından iki uşaq dünyaya gəldiyini, 2022-ci ilin iyul ayından ayrı yaşadıqlarını, aralarında bağlanmış nikahın pozulmadığını, birgə nikahlarından olan uşaqların özü ilə qaldığını, Hüseyn ilə ayrıldıqdan sonra əvvəlcə onun özündən uşaqların saxlanılması üçün aliment istədiyini, lakin o, bundan boyun qaçırdığından 2022-ci ilin noyabr ayında mediasiya xidmətinə müraciət etdiyini, keçən ilin dekabr ayında aralarında barışıq sazişi bağladıqlarını, həmin razılığa əsasən uşaqların biri üçün 175 manat olmaqla, ümumilikdə iki uşağa görə Hüseynin ona hər ay 350 manat aliment verməli olduğunu, bundan başqa özü uşaqlarla birlikdə 4 ay ayrı yaşadığından həmin aylar üçün də yığışmış aliment borcunun ödənilməsi barədə razılığa gəldiklərini, həmin borcun 1400 manat təşkil etdiyini, Hüseynin hər ay ona 50 manat pul verməli olduğunu, lakin 3 aydır ki, aliment ödəmədiyini, həmçinin bununla bağlı olan borcdan da ümumiyyətlə ödəniş etmədiyini, bu səbəbdən də aralarında olan mediasiya sazişinin alimentə dair hissəsinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmədə verdiyi izahatında Ülviyyə ilə 2011-ci ildə ailə qurduğunu, birgə nikahlarından 2 uşaq dünyaya gəldiyini, 2022-ci ilin iyul ayının sonlarından ayrı yaşadıqlarını, birgə nikahlarından olan uşaqların Ülviyyə ilə qaldığını, onların saxlanılması üçün 2022-ci ilin dekabr ayında aralarında alimentlə bağlı razılığa gəldiklərini, lakin özünün bank hesabının yanması səbəbindən 2 ay əmək haqqı ala bilmədiyini, bu səbəbdən də alimenti ödəmədiyini, həmçinin alimentlə bağlı yaranmış 1400 manat borcdan ümumiyyətlə ödəniş etmədiyini, buna səbəb isə banka olan borcundan qaynaqlandığını, mediasiya sazişində qeyd edilən vaxtlarda uşaqları ilə görüşdüyünü bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə tərəflər arasında 26 aprel 2011-ci il tarixdə nikah bağlanmasını, onların birgə nikahından X10 və X3 adlı ümumi uşaqlarının olmasını, tərəflərin hazırda ayrı yaşamasını və onların birgə nikahlarından doğulmuş uşaqların anası, yəni iş üzrə ərizəçinin yanında qalmasını, tərəflər arasında 08 dekabr 2022-ci ildə mediasiya prosesi zamanı onların birgə nikahlarından olan uşaqlarla ünsiyyət qaydasının və onların saxlanılması üçün alimentin ödənilməsi qaydasının müəyyən edilməsi barədə barışıq sazişi bağlanmasını müəyyən edir. Bu faktlar aşağıdakılarla təsdiq olunur: - ərizəyə əlavə olunmuş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 aprel 2011-ci il tarixli, AZ-İ seriyalı, 602605 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X6 ilə Maraqlı şəxs arasında 26 aprel 2011-ci il tarixdə nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 59 nömrə ilə qeyd edilməsi, nikah bağlanan zaman ərizəçinin özünə maraqlı şəxsin soyadını seçməsi; - ərizəyə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 08 iyul 2014cü il tarixli, AZ-İİİ seriyalı, 079709 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin 27 fevral 2014-cü il tarixdə X10 adlı övladının dünyaya gəlməsi; - ərizəyə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 03 avqust 2015-ci il tarixli, AZ-İİİ seriyalı, 306860 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin 22 iyun 2015-ci il tarixdə X17 adlı övladının dünyaya gəlməsi; -ərizəçinin müraciətindən və barışıq sazişinin mahiyyətindən, həmçinin işdə iştirak edən şəxslərin məhkəmədə verdikləri izahatlardan onların ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anasının yanında qalması; -ərizəyə əlavə edilən X4 08 dekabr 2022-ci il tarixli, Q-1164 nömrəli barışıq sazişindən Ərizəçi Maraqlı şəxs uşaqların ananın yanında qalması və aliment tələbi ilə bağlı müraciət etməsi və tərəflər arasında həmin müraciətlə bağlı barışıq sazişinin bağlanması aydın olur. Ərizəçinin tələbi isə Maraqlı şəxs arasında mediasiya prosesi zamanı bağlanmış 08 dekabr 2022-ci il tarixli, Q-1164 nömrəli barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsindən ibarətdir. O, bunu Maraqlı şəxs barışıq sazişində göstərilən uşaqların saxlanması üçün aliment öhdəliyini yerinə yetirməməsi ilə əsaslandırmışdı. Yəni ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin maraqlı şəxs tərəfindən icra edilməyən hissəsinə münasibətdə təsdiq edilməsi istəyir. Ərizəçinin tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilkin olaraq bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Ərizəyə əlavə edilmiş 08 dekabr 2022-ci il tarixli, Q-1164 nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi (saziş üzrə birinci tərəf) ilə Maraqlı şəxs (saziş üzrə ikinci tərəf) arasında onların birgə nikahından olan uşaqlarla ünsiyyət qaydasının və onların saxlanılması alimentin tutulmasının müəyyən edilməsi ilə bağlı aşağıdakı şərtlərlə barışıq sazişi bağlanmışdı: Tərəflərin birgə nikahdan olan övladları 27 fevral 2014-cü il təvəllüdlü X10 və 22 iyun 2015-ci il təvəllüdlü X1 üçün ikinci tərəfdən (ataları Maraqlı şəxs) hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, hər ayın sonunda 350 (üç yüz əlli) manat məvacibindən tutularaq aliment qismində birinci tərəfə nəzərdə tutulan müvafiq bank ( bank kartı) hesabına ödənilməsinə razılaşdılar. İkinci tərəf yığılan borcun 1400 (bir min dörd yüz) manat pulu, hər ayın sonu 50 (əlli) manat olmaqla 28 (iyirmi səkkiz) aya, birinci tərəfə əldə və ya kart hesabına ödəməsinə razılaşdılar. İkinci tərəf övladları 27 fevral 2014-cü il təvəllüdlü X10 və 22 iyun 2015ci il təvəllüdlü X11 ilə hər həftənin şənbə günü 1100 dan, bazar günü 1100dək ünsiyyətdə olmasına və ya birlikdə qalmasına tərəflər razılaşdılar.Hazırki mübahisə üzrə ərizəçi barışıq sazişinin şərtlərinə əməl etməsinə dair sübut etmə vəzifəsi Maraqlı şəxs üzərinə düşsə də o, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində qeyd edilir ki, mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Sözü gedən Qanunun 33.1-ci maddəsi ilə müəyyən edilir ki, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin tələbinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Göründüyü kimi qanunvericilik mediasiya prosesi zamanı tərəflər arasında bağlanmış barışıq sazişinin icrasını məcburi xarakter daşımasını müəyyən etmişdi. Lakin "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunun 33.3-cü maddəsində göstərilir ki, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsi ilə müəyyən edilir ki, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması əsasları öz əksini tapmışdı. Həmin normaya görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Tərəflər arasında bağlanılan barışıq sazişinin qanuniliyini yuxarıda qeyd edilən əsaslar üzrə yoxlayan məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Ailə Məcəlləsinin 94.1-ci maddəsinin tələbinə görə aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi qanunvericilik valideynlər arasında birgə nikahlarından olan uşaqların saxlanılması üçün aliment ödənilməsi barədə saziş bağlamasını istisna etmir. Bu səbəbdən də mübahisə iştirakçıları arasında bağlanmış barışıq sazişini məhkəmə qanuna zidd hesab etmir. Məhkəmə belə hesab edir ki, barışıq sazişinin bağlanmasından sonra onun könüllü icra müddətində icra edilmədiyini, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün əsasların mövcud olmadığını, barışıq sazişinin qanuna zidd olmadığını, uşaqların mənafeyinin təmin edilməsinin zəruriliyi nəzərə alınaraq ərizə əsaslı sayılmalıdır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə ərizə əsaslı olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumunun maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli; -Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 08 dekabr 2022-ci il tarixli, Q-1164 nömrəli barışıq sazişi alimentə dair hissədə təsdiq edilməli; - 08 fevral 2023-cü il tarixdən hesablanmaqla, Maraqlı şəxs 27 fevral 2014-cü il təvəllüdlü X7 və 22 iyun 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, iki uşağa görə 350 (üç yüz əlli) manat miqdarında aliment tutularaq uşaqların anası Ərizəçi ödənilməli; - həmçinin alimentlə bağlı yaranmış 1400 (bir min dörd yüz) manat miqdarında borc hər ayın sonu 50 (əlli) manat olmaqla 28 (iyirmi səkkiz) ay müddətində Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməli; - Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu Maraqlı şəxs alınaraq ərizəçiyə ödənilməli; - qətnamə alimentə və aliment borcuna dair hissədə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 08 dekabr 2022-ci il tarixli, Q-1164 nömrəli barışıq sazişi alimentə dair hissədə təsdiq edilsin. 08 fevral 2023-cü il tarixdən hesablanmaqla, Maraqlı şəxs 27 fevral 2014-cü il təvəllüdlü X7 və 22 iyun 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, iki uşağa görə 350 (üç yüz əlli) manat miqdarında aliment tutularaq uşaqların anası Ərizəçi ödənilsin. Həmçinin alimentlə bağlı yaranmış 1400 (bir min dörd yüz) manat miqdarında borc hər ayın sonu 50 (əlli) manat olmaqla 28 (iyirmi səkkiz) ay müddətində Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu Maraqlı şəxs alınaraq ərizəçiyə ödənilsin. Qətnamə alimentə və aliment borcuna dair hissədə dərhal icra edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar