Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-482/2024 12.09.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi və Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “03” iyul 2024-cü ildə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 17 dekabr 1999-cu il tarixdə Babək rayonu, Babək qəsəbəsində doğulmuş övladı Quliyeva Zeynəb Məhərrəm qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, 11 iyun 1997-ci ildə Babək rayon vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsində rəsmi olaraq nikahımızı qeydiyyatdan keçirməklə X6 ilə evlənmişik. Bizim birgə nikahımızdan 7 dekabr 1999-cu ildə qızımız Quliyeva Zeynəb Məhərrəm qızı doğuldu. Uşaq doğulandan xəstə olduğu görünürdü, böyüdükcə onun xəstə olması daha aydın olurdu. Belə ki, o nə danışa bilir, nə də biz dediklərimizi anlayır, Bir yerə təsadüfən çıxırdısa gəlib evi tapa bilmir, yeməyini, içməyini hazırlayıb qarşısına qoyandan sonra götürüb yeyə bilir, paltarlarını özü geyə bilmir, mənim vasitəmlə yatağına uzadılır. Mənim köməkliyim olmasa o, özü 1 heç nə götürüb yeyə bilmir. Mən onu bir gün evdə tək qoyub bir yerə gedə bilmərəm. Onu ancaq mən idarə edirəm. 18 aprel 2018-ci ildən İ qrup əlildir. Ona aid olan bütün işləri mən görürəm, pensiya kartının alınmasını, müavinətinin götürülməsini, yoxlamalardan keçirilməsini mən edirəm. Bunun üçün də məndən müvafiq sənəd tələb edirlər. Ərizəçi məhkəmədə verdiyi izahatında Məhərrəmlə 1997-ci ildə ailə qurduğunu, onunla əvvəllər qohumluq əlaqələrinin olmadığını, birgə nikahlarından üç uşaq olduğunu, onlardan ikisinin vəfat etdiyini, sağ qalan isə qızı Zeynəb olduğunu, onun da doğulduğu vaxtdan xəstə olduğunu, Zeynəb anadan olanda ona xəstəxanada uşağın xəstə olduğunu dediklərini, qızının daun xəstəsi olduğunu, Zeynəbin doğulmasından iki-üç il sonra ona pensiya təyin olunduğunu, onun hazırda İ qrup əlil olduğunu, lakin ona əlilliyin nə vaxt verildiyini bilmədiyini, qızının danışa bilmədiyini, bəzi sözləri başa düşdüyünü, ehtiyaclarını onlara işarələrlə başa saldığını, Zeynəbin bütün tələbatlarını özü tərəfindən qarşıladığını, onun bir neçə dəfə evdən çıxıb qonşuya getdiyini, özü Zeynəbin yanında olmayanda onun narahat olaraq ağladığını, Zeynəbin pensiya kartının vaxtının keçdiyini, yeni kart əldə etmək üçün banka müraciət etdiyini, lakin pensiya kartını vermədiklərini, buna görə məhkəməyə müraciət etdiyini qeyd edərək, yekunda müraciətinin təmin edilməsini məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin - Quliyeva Zeynəb Məhərrəm qızının səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 30 iyul 2024-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Quliyeva Zeynəb Məhərrəm qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması tapşırılmışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 “16” avqust 2024-cü il tarixli, 299 nömrəli ambulator məhkəməpsixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Quliyeva Zeynəb Məhərrəm qızının hazırki psixi sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə onu məhkəmə iclaslarına dəvət etməmişdi. Məhkəmə iclasında iştirak edən Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə verdiyi izahatında komissiya üzvlərinin ərizəçinin yaşadığı evdə olduğunu, özü həkim olmasa da Zeynəb Quliyevanın daum sindromundan əziyyət çəkdiyini görə bildiyini, bununla bağlı qonşularla danışıqlar apardıqlarını, qonşuların indiyədək Zeynəbin danışmasını görmədiklərini bildirdiklərini, arasıra anlaşılmaz səslər çıxardığını, onun məhkəmə iclasında iştirak edərkən yerdə oturduğunu, bu hərəkətin anlaqlı insana aid olmadığını, qonşuların bildirməsinə görə Zeynəbi arabir küçədə görəndə onun evlərinə apardıqlarını, onun adına hər hansı bir əmlak olmasını müəyyən etmədiklərini qeyd edərək komissiyanın Quliyeva Zeynəb Məhərrəm qızı nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsində hər hansı sui-istifadə hallarının olmamasının müəyyən etdiyini bildirmişdi. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş şəxs Quliyeva Zeynəb Məhərrəm qızının 17 dekabr 1999-cu ildə Babək rayonu, Babək qəsəbəsində dünyaya gəlməsini, onun hazırda Babək rayonu, Babək şəhəri, Q.Ələkbərov küçəsi, ev 23 ünvanında yaşamasını, Ərizəçi Quliyeva Zeynəb Məhərrəm qızının anası olmasını, Quliyeva Zeynəb Məhərrəm qızının 16 mart 2018-ci ildən “Daun xəstəliyi nəticəsində əqli zəiflik, İmbesillik səviyyəsində” diaqnozları ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 qeydiyyatda olmasını, onun birinci dərəcə əlil olmasını, ona bu əlilliyə görə 200 manat Prezident təqaüdü və 270 manat sosial müavinət verilməsini müəyyən edir. Bu faktlar aşağıdakılarla təsdiq olunur: - ərizəyə əlavə edilmiş və Babək rayon vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi tərəfindən verilmiş 28 fevral 2000-ci il tarixli, İ-AZ seriyalı, 110083 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən və "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Quliyeva Zeynəb Məhərrəm qızının 17 dekabr 1999-cu ildə Babək rayonu, Babək qəsəbəsində dünyaya gəlməsi və X4 onun anası, X3 isə atası olması; - ərizəyə əlavə edilmiş və Babək rayonu vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi tərəfindən verilmiş 11 iyun 1997-ci il tarixli, Vİİ-JQ seriyalı, 329876 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X7 ilə X6 arasında nikah bağlanması, bunun akt qeydləri kitabında 67 nömrə ilə qeyd edilməsi və nikah bağlanması zamanı ərizəçinin özünə ərinin soyadını seçməsi; -ərizəyə əlavə edilmiş və Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin Babək şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyul 2024-cü il tarixli, 780 nömrəli arayışdan, həmçinin iş materiallarına əlavə olunan Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 23 avqust 2024-cü il tarixli müayinə aktından, 30 avqust 2024-cü il tarixli, 28 nömrəli rəyindən Quliyeva Zeynəb Məhərrəm qızının hazırda Babək rayonu, Babək şəhəri, Q.Ələkbərov küçəsi, ev 23 ünvanında yaşaması; - ərizəyə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 01 iyul 2024-cü il tarixli, 1109 nömrəli məktubundan Quliyeva Zeynəb Məhərrəm qızının 16 mart 2018-ci ildən “Daun xəstəliyi nəticəsində əqli zəiflik, İmbesillik səviyyəsində” diaqnozları ilə dispanserdə qeydiyyatda olması; - ərizəyə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Babək Rayon Şöbəsi tərəfindən verilmiş 02 iyul 2024-cü il tarixli, 3-17-9-1/Q-5974 nömrəli arayışdan Quliyeva Zeynəb Məhərrəm qızının həmin şöbədən İ dərəcə əlilliyə görə 200 manat Prezident təqaüdü və 270 manat sosial müavinət alması aydın olur. Ərizəçinin müraciəti isə övladı Quliyeva Zeynəb Məhərrəm qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsidir. Onun müraciətini mülki iş materialları, qanunvericiliyin tələbləri və bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsində fiziki şəxsin fəaliyyət qabiliyyətinin anlayışı verilmişdir. Həmin maddəyə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.5-ci maddəsində isə şəxsin məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz sayılmasının əsasları müəyyən olunmuşdur. Qeyd olunun maddənin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmə hazırlıq iclasında bunun müəyyən olunması üçün 30 iyul 2024-cü il tarixli qərardadla məhkəmə- psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 ambulator məhkəmə-psixiatriya ekspertizasının “16” avqust 2024-cü il tarixli, 299 nömrəli ekspert rəyində qeyd olunur ki, Quliyeva Zeynəb Məhərrəm qızında “Daun xəstəliyi nəticəsində ağır əqli gerilik” psixi xəstəlik aşkar olunur. Quliyeva Zeynəb Məhərrəm qızı öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntuya yol verilmədiyindən məhkəmə ekspert rəyini sübut kimi qəbul edilən hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Hazırki mülki iş üzrə isə məhkəməyə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə ilə müraciət edən şəxsin isə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Quliyeva Zeynəb Məhərrəm qızının anası olması yuxarıda qeyd edildiyi kimi sübuta yetirilir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Mülki iş materialları ilə yuxarıda da qeyd edildiyi kimi barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş şəxsin Babək rayonu, ünvan 2 ünvanda yaşaması müəyyən edilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki işin məhkəmə araşdırması zamanı Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin məhkəmədə verdiyi izahatından məlum olur ki, Ərizəçi tərəfindən Quliyeva Zeynəb Məhərrəm qızının fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. Həmçinin komissiya bunun məhkəməyə təqdim etdiyi 30 avqust 2024-cü il tarixli, 28 nömrəli rəyində də qeyd etmişdi. Məhkəmə bunları nəzərə alaraq belə nəticəyə gəlir ki, Quliyeva Zeynəb Məhərrəm qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil və buna görə ərizəçinin müraciəti əsaslı sayılmalı, Quliyeva Zeynəb Məhərrəm qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə ərizəçinin müraciətini əsaslı saydığından, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.3-cü maddələrinin tələbinə görə xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilməli olduğundan, həmçinin həmin Məcəllənin 119.1-ci maddəsində isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi nəzərdə tutulduğundan, hazırki iş üzrə isə yalnız ərizəçi işdə iştirak etdiyindən Ərizəçi nun məhkəməyə müraciət etməsi ilə bağlı ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunmalı; - 17 dekabr 1999-cu ildə Babək rayonu, ünvan 3 ünvanında yaşayan Quliyeva Zeynəb Məhərrəm qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; -məhkəməyə müraciət edilməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunsun. 17 dekabr 1999-cu ildə Babək rayonu, ünvan 3 ünvanında yaşayan Quliyeva Zeynəb Məhərrəm qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-482/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-482/2024
12.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver