Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-54/2022 18.03.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X10 məhkəmə iclas katibliyi, Ərizəçi və Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi bacısı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Ərizəçi 24 dekabr 2021-ci ildə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək bacısı X1 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, bacısı X4 birinci qrup əlildir, artıq uzun illərdir ki, yataq xəstəsidir və ətrafda baş verən hadisələri dərk etmək qabiliyyətinə malik deyildir. O, işemik insult qalığı xəstəliyindən əziyyət çəkir. Artıq 2005-2006-ci il tarixlərdən bu vəziyyətdədir. Ona uzun müddətdir ki, ərizəçi özü baxır. Elə xəstələnən vaxtdan onu qeyri-rəsmi himayəsinə götürmüşdür və birlikdə yaşayırlar. Sübutlar siyahısına Babək rayon Qeydiyyat Şöbəsinin çıxarışları, Babək rayon Mərkəzi Xəstəxanasının arayışı, yaşayış yerindən arayışlar, əlillik vəsiqəsinin surəti əlavə olunmuşdur. Mülki iş üzrə 09.03.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizədə Ərizəçi təvəllüdü və yaşadığı yer barədə məlumatları qeyd etmədiyini, ona görə tələbinə 10 oktyabr 1958-ci ildə Babək rayon Zeynəddin kəndində anadan olan, Zeynəddin kənd sakini bacısı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi şəklində baxılaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə ərizəçinin dəqiqləşdirmə barədə ərizəsi nəzərə alınmaqla dəqiqləşdirilmiş iddia elementləri nəzərə alınmaqla baxılmışır. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında bacısı X5 rayonu, Zeynəddin kəndində qeydiyyatda olmaqla, hazırda onunla birlikdə həmin kənddə yaşadığını, heç birinin ailə həyatı qurmadığını, Həqiqət Qurbanəliyevanın əvvəllər 46 yaşına qədər tam sağlam olduğunu, 2004-cü ildə qardaşının həyat yoldaşının xəstəxanada anidən vəfat etdiyini, həmin gün onun meyitini evə gətirdiklərini, bacısı Həqiqət Qurbanəliyevanın qəfildən onun ölüm xəbərini aldıqdan sonra özündən getdiyini, bununla bağlı olaraq həkimin ona təzyiq qalxması əleyhinə iynə vurduğunu, ona 1 həftə ərzində təzyiq qalxması əleyhinə iynələr vurulduğunu, bundan sonra bacısının bir tərəfində qıcolmaların başladığını, aparılan müayinələr nəticəsində onun başında şişlər olduğunu öyrəndiklərini, əməliyyatdan çıxa bilməyəcəyi qorxusu ilə və imkansızlıq səbəbindən əməliyyata apara bilmədiklərini, Həqiqətin tədricən nitqini itirdiyini, 10 ilə yaxın müddətdir ki, yerimə qabiliyyətini də tamamilə itirdiyini və yataq şəraitində olduğunu, hazırda yalnız əlil arabasında hərəkət edə bildiyini, ancaq bir qolunu hərəkət etdirə bildiyini, öz hərəkətlərinin mənasını anlaya bilmədiyini, Həqiqət Qurbanəliyevanı özünün yedirib-içirdiyini, onun baxımı ilə özünün məşğul olduğunu, onun köməkliyi olmadan yaşaya bilməyəcəyini, ona qulluq göstərə biləcək başqa birinin olmadığını, belə ki, Həqiqətin ailə həyatı qurmadığını, valideynlərinin hər ikisinin vəfat etdiyini, yeganə qardaşının isə ailəsi ilə birlikdə ayrılıqda yaşadığını, Həqiqətin yalnız əl-qol hərəkətləri ilə bəzi şeyləri ətrafdakılara çatdıra bildiyini, yalnız onu və həkimi tanıdığını, mütəmadi olaraq müalicə aldığını, 2006-cı ildən etibarən İ qrup əlil olduğunu, ondan əvvəl isə İİ qrup əlilliyinin olduğunu, Həqiqət Qurbanəliyevanın öz hərəkətlərini idarə edə bilməməklə fəaliyyət qabiliyyətini tamamilə itirdiyini bildirmiş ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X11 məhkəmə iclasında verdiyi izahatında komissiyanın üzvləri ilə birlikdə X1 yaşadığı Babək rayon Zeynəddin kəndində yerləşən yaşayış evində olduqlarını, onun yaşadığı şərait və psixoloji vəziyyəti ilə tanış olduqlarını, bununla bağlı komissiya üzvləri, ərizəçi və qonşuların iştirakı ilə akt tərtib edildiyini, Qurbanəliyeva Həqiqətin həqiqətən də Ərizəçi ilə birlikdə eyni evdə yaşadıqlarını, məhkəmə iclasında sadalanan əlamətlərin vizual olaraq da xəstədə müşahidə olunduğunu, onunla dialoqa girməyə çalışsalar da qarşılıq vermədiyini, yataq şəraitində olduğunu, Komissiya üzvlərinin xəstənin qonşuları ilə söhbət apardıqlarını, qonşuların da xəstəyə bacısının baxdığını bildirdiklərini, qabaqcadan xəbər verilmədən getmələrinə baxmayaraq Qurbanəliyeva Həqiqətin baxımının kifayət qədər yaxşı olduğunu, onda psixoloji problemlərin hüquqi və faktiki cəhətdən mövcud olduğu nəzərə alınmaqla fəaliyyət qabiliyyəti olmayan sayılmasının məqsədəuyğun olduğunu və komissiya tərəfindən ərizəçinin tələbində hər hansı sui-istifadə halının mövcudluğunun aşkar olunmadığını bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı barəsində ərizə verdiyi şəxs X1 yaxın qohumu-bacısı olması, X1 müddətsiz İ qrup əlil olması, X1 31.07.2006-cı il tarixdən etibarən Babək Rayon Mərkəzi X13 Şəxsində “işemik insultun qalığı, soltərəfli nəzərəçarpan hemiparez, motor afaziya” diaqnozu ilə qeydiyyatda durduğu mülki işin mübahisəsiz hallarıdır. Sözügedən hallar və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışdan Ərizəçi atasının X3, anasının isə X7 olması olması; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum akt qeydləri kitabından çıxarışdan X1 atasının X3, anasının isə X7 olması olması; - Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 025350 nömrəli vəsiqənin surətindən X1 17.01.2020-ci ildən müddətsiz İ qrup əlil olması; - Babək Rayon Mərkəzi X13 Şəxsi tərəfindən verilmiş 08.12.2021-ci il tarixli, 828 nömrəli arayışın surətindən X1 31.07.2006-cı il tarixdən Babək Rayon Mərkəzi X13 Şəxsində “işemik insultun qalığı, soltərəfli nəzərəçarpan hemiparez, motor afaziya” diaqnozu ilə qeydiyyatda durması məlum olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319-cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq X1 psixi vəziyyətini müəyyən etmək üçün 19 yanvar 2022-ci il tarixdə məhkəmə hazırlıq iclasında məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi təqdim edilənədək dayandırılmış, 28.02.2022-ci il tarixdə mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi məhkəməyə təqdim edildiyindən təzələnmiş, iş üzrə hazırlıq iclası keçirilərək mülki iş məhkəmə baxışına təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X9 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 22.02.2022ci il tarixli 18 saylı rəyi ilə ekspert komissiyası 10.10.1958-ci il tarixdə anadan olmuş X1 psixi vəziyyəti ilə bağlı yataq şəraitində olmaqla təmasa daxil olmadığı, verilən suallara cavab vermədiyi, nitqinin olmadığı, intellektual-amnestik sferasının aşağı olması, emosional labilliyi, düşüncə patologiyasının müşahidə olunmadığı, hərəkətlərinin yataq şəraitində olduğu, hazırki vəziyyətə tənqidi münasibətinin mövcud olmadığı nəzərə alınmaqla, onda “İşemik insultun qalığı, demensiya, soltərəfli nəzərəçarpan hemiparez, motor afaziya” xəstəliyinin aşkar olunduğu, X1 öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində olmadığı və onun sağlamlıq vəziyyətinin məhkəmə iclasında iştirak etməsinə imkan vermədiyi qənaətinə gəlmişdir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən maraqlı şəxs X1 iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası 04 mart 2022-ci il tarixli, 08 nömrəli rəyində komissiya üzvlərinin X1 yaşadığı Babək rayonu, Zeynəddin kəndində olduqlarını, onun yaşadığı şərait və psixoloji vəziyyətlə tanış olduqlarını, müvafiq akt tərtib edildiyini, İ qrup əlil olan X1 bacısı Ərizəçi ilə yaşadığı, qeyd olunan əlamətərin vizual olaraq da müşahidə olunduğunu, qonşularla söhbət apardıqlarını, onların da xəstəyə baxan, onun qayğısına qalan, yeməyini yedizdirən, səliqə-səhmanına baxanın bacısı Ərizəçi olduğunu qeyd etmişlər. Qəyyumluq və Himayəçilik Komissiyası rəyin nəticə hissəsində X1 psixoloji problemlərinin hüquqi və faktiki mövcud olduğunu nəzərə alaraq onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məqsədəmüvafiq hesab etmişdir. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, X2 mövcud olan ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, 10 oktyabr 1958-ci il tarixdə Naxçıvan rayonu Zeynəddin kəndində anadan olan, Babək rayon Zeynəddin kənd sakini X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. 10 oktyabr 1958-ci il tarixdə Naxçıvan rayonu Zeynəddin kəndində anadan olan, Babək rayon Zeynəddin kənd sakini X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-54/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-54/2022
18.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver