Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-573/2024 18.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi və Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Ərizəçi oğlu X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi 28 avqust 2024-cü ildə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 26 oktyabr 1998-ci il tarixdə anadan olmuş oğlum X5 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, oğlum X10 26 oktyabr 1998-ci ildə Babək rayonunda anadan olmuşdular. O İ qrup əlildir və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Babək rayon şöbəsində əlilliyi olan şəxs kimi qeydiyyatda dayanır. Onun kənar şəsxin qulluğuna ehtiyacı vardır. X10 özünü idarə etmək qabiliyyətində deyildir. Yəni mənim sayəmdə özünü idarə edir. Bundan başqa mülkiyyət hüquqlarımı, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onların fəaliyyət qabiliyyətinin olmaması səbəbindən oğlum X10 həmin hüquqlarını həyat keçirə bilmir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında oğlu İlkinin adından müəyyən sənədləşdirmə işlərinin aparılması, eləcə də yeni pensiya kartının əldə edilməsi üçün üzərində qəyyumluq təyin edilməsinə ehtiyac yarandığını, oğlunun iş qabiliyyəti olmadığını, ona təyin olunan sosial yardımı əldə etmək üçün əqli və fiziki imkanlara malik olmadığını, İlkinin 26 yaşı olduğunu, oğlunda anadangəlmə beyin iflici diaqnozu olduğunu, onun bütün ehtiyaclarını özünün qarşıladığını, yataq vəziyyətində olmadığını, amma hərəkəti üçün anasının yardımına ehtiyacı olduğunu, bir tərəfinin isə ümumiyyətlə hərəkətsiz olduğunu, 3 yaşından bəri ona pensiya təyin olunduğunu, oğlunun çox cüzi nitqinin olduğunu, tez-tez spazma keçirəndə danışığını başa düşmək olmadığını, gələn il isə yenə kartın müddətinin bitəcəyini, bu səbəbdən qəyyumluq üçün məhkəməyə müraciət etdiyini, oğlunun dispanserdə qeydiyyatda olmadığını, müalicə üçün İrana aparıldığını, Naxçıvanda da müalicə olunduğunu bildirmişdir. Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi Nümayəndə2 izahatında komissiyanın üzvləri ərizəçi və maraqlı şəxsin birlikdə yaşadıqları yaşayış evində olduqlarını, komissiya üzvlərinin məlumatına əsasən X1 olaraq yeriyə bilmədiyini, amma bəzi yüngülvari suallara cavab verə bildiyini, şəxsdə əqli geriliyin müəyyən edildiyini, ailə qonşular arasında yaxşı ailə kimi xarakaterizə olunduqlarını, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin məqsədəuyğun olduğunu, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün müraciət edilməsində hər hansı bir sui-istifadə hallarının mövcud olmadığını bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı barəsində ərizə verdiyi şəxs X6 yaxın qohumu-oğlu olması, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi NMR Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli, 5NA59350002 nömrəli qərarına əsasən X9 uşaq beyin iflicinin qalığı diaqnozunun qoyulduğu işin mübahisəsiz hallarıdır. Sözügedən hallar və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - Babək rayon VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, XX-ЖГ seriyalı, 485089 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Ərizəçi ilə X7 birgə nikahlarından X5 xx.xx.1998-ci ildə Babək rayonu, Babək qəsəbəsində anadan olması; - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən xx.xx.2024-cü ildə edilmiş çıxarışdan X5 birinci dərəcəli əlil olduğu, sağlamlıq imkanlarının məhdudluğunun müddətsiz olduğu; - NMR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin elektron sistemində NMR Tibbi-Sosial Ekspert Komissiyasının qərarından xx.xx.2023-cü ildə edilmiş çıxarışdan X5 birinci dərəcəli əlil olduğu; - Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 115504 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən X5 xx.xx.2017-ci ildən müddətsiz İ qrup əlil olması; - NMR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan X5 İ qrup əlilliyə görə sosial müavinət və prezident təqaüdü aldığı; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 tərəfindən verilmiş arayışdan X5 Naxçıvan MR X2 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı məlum olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319-cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq X5 psixi vəziyyətini müəyyən etmək üçün 23 sentyabr 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında məhkəməpsixiatriya ekspertizası təyin edilmiş, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi təqdim edilənədək dayandırılmış, xx.xx.2024-cü il tarixdə mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi məhkəməyə təqdim edildiyindən təzələnmiş, iş üzrə hazırlıq iclası keçirilərək mülki iş məhkəmə baxışına təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-ci il tarixli 402 saylı rəyi ilə ekspert komissiyası xx.xx.1998-ci il tarixdə anadan olmuş X5 xarici görünüşünün baxımlı olduğu, davranışının yaşına uyğun olmadığı, təmasa girdiyi, söz ehtiyyatının az olduğu, adi vərdişləri icra edə bilmədiyi, əsas həyati məlumatları və bilik ehtiyatlarının çox kasad olduğu, intellektual mnestik sferanın kəsin geriliyinin qeyd olunduğu, emosional iradi sferası yetkin olmadığı, hal-hazırki vəziyyətinə tənqidi münasibət göstərə bilmədiyi, “Ağır dərəcəli əqli gerilik” psixi xəstəliyi olduğu, öz hərəkətlərini dərk edə bilmədiyi, öz hərəktlərini idarə edə bilmək iqtidarında olmadığı, sağlamlıq vəziyyətinin məhkəmə iclasında iştirakına imkan vermədiyi qənaətinə gəlmişdir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən maraqlı şəxs X6 iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası 28 oktyabr 2024-cü il tarixli, 33 nömrəli rəyində komissiya üzvlərinin X6 yaşadığı Babək rayon Babək şəhərində yerləşən evində olmuş, maraqlı şəxs X5 həyat şəraiti və psixoloji vəziyyəti ilə vizual olaraq maraqlanmış, ailənin qonşuları ilə söhbət aparmış və müvafiq akt tərtib etmişdir. Müşahidələr zamanı məlum olmuşdur ki, X10 başqasının köməyi olmadan sərbəst hərəkət edə bilmir. Ona verilən sualları qismən anlayıb cavab versə də, əqli cəhətdən normal olmadığı yəqin olunur. Qonşular ilə söhbətdən aydın olur ki, X5 yemək, təmizlik, geyim və bu kimi gündəlik tələbatlarını anası başda olmaqla ailə üzvləri qarşılayır. Şəxsin təmizliyi və səliqə-səhmanı yaxşı vəziyyətdədir. X5 ailəsi ətraf ərazidə və qonşular arasında yaxşı ailə kimi tanınır. Qəyyumluq və Himayəçilik Komissiyası rəyin nəticə hissəsində X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məqsəuyğun hesab etmişdir. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, X8 mövcud olan ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, 26 oktyabr 1998-ci il tarixdə Babək rayonu ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. 26 oktyabr 1998-ci il tarixdə Babək rayonu ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-573/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-573/2024
18.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver