Məhkəmə qərarları › İş №2(079)-58/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-58/2025

06.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-58/2025 06.03.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi və Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi 29 noyabr 2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1996-cı il tarixdə anandan olmuş Rəsulov Məmməd Tağı oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi X5 ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, 27 oktyabr 1997-ci ildə Rəsulov Tağı Məmməd oğlu ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşam. X8 Tağı oğlu xx.xx.1996-cı il tarixdə dünyaya gəlmişdir. Oğlum birinci qrup əlildir. Rəsulov Məmməd Tağı oğlu xx.xx.2003-cü il tarixdən "Anadangəlmə əqli zəiflik. Debillik səviyyəsində. Tez-tez müşahidə olunan epileptik tutmalarla" diaqnozu ilə dispanserdə qeydiyyatda dayanır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin arayışına əsasən, mənə İ dərəcə əlilliyi olan şəxsə qulluğa görə müddətsiz olaraq 80.00 manat Prezident təqaüdü ödənilir. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Məmməd özünü idarə etmək qabiliyyətində deyildir. Yəni mənim sayəmdə özünü idarə edir. Bundan başqa mülkiyyət hüquqlarımı, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən Məmmədin həmin hüquqlarını həyat keçirə bilmirəm. Ərizəçi X5 məhkəmə iclasında verdiyi izahatında Məmmədin 29 yaşı olduğunu, onun anadangəlmə epilepsiya xəstəsi və 2003-cü ildən İ qrup əlil olduğunu, oğlunun hərəkət etsə də, onun bütün ehtiyaclarını qarşılamağa özünün kömək etdiyini, hərəkət etsə də əqli cəhətdən inkişafdan geri qaldığından özünü sərbəst idarə etmək qabiliyyətində olmadığını, Məmmədin cümlə qura bilmədiyini, 9 aylıq olarkən Məmməddə belə bir xəstəliyin olduğunu öyrəndiklərini, onun təhsilinin olmadığını, Rəsulov Məmməd Tağı oğlunu hər hansı bir yerə apararkən onun narahatlıq keçirdiyini, hazırda müalicə aldığını, dərmanlarını içmədiyi zaman oğlunda xəstəliyin şiddətləndiyini, bu səbəbdən də onun adından müvafiq hərəkətləri yerinə yetirilməsi üçün onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir. Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında komissiya üzvlərinin ərizəçinin yaşadığı evə getdiklərini, baxılan işlə bağlı müvafiq araşdırma apardıqlarını, ərizəçinin qonşularının fikrini öyrəndiklərini, həmin vaxt maraqlı şəxs Rəsulov Məmməd Tağı oğlunun onlardan çəkindiyini, suallara cavab vermədiyini, anasını tanıdığını və yalnız anasının dediklərini təkrar etdiyini, maraqlı şəxsin öz hərəkətlərinin mənasının anlamadığını, komissiya olaraq sui-istifadə halının olmadığını müşahidə etdiklərini bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı ərizə verdiyi şəxs Rəsulov Məmməd Tağı oğlunun yaxın qohumu-oğlu olması, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 2054 nömrəli, 07 noyabr 2024-cü il tarixli məktubuna əsasən Babək rayon, Nehrəm qəsəbəsində qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü Rəsulov Məmməd Tağı oğlunun xx.xx.2003-cü il tarixdən “Anadangəlmə əqli zəiflik. Debillik səviyyəsində. Tez-tez müşahidə olunan epileptik tutmalarla” diaqnozu ilə dispanser qeydiyyatında durması və Rəsulov Məmməd Tağı oğlunun xx.xx.2014-cü il tarixdən birinci dərəcə əlil olaraq qeydiyyatda olması işin mübahisəsiz hallarıdır. Sözügedən hallar və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - iş materiallarına əlavə edilmiş XXİ-JQ seriyalı, 258556 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası Rəsulov Tağı Məmməd oğlu, anası Ərizəçi olan Rəsulov Məmməd Tağı oğlunun 19 avqust 1996-cı il tarixdə Babək rayonu, Nehrəm kəndində anadan olması; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 2054 nömrəli, 07 noyabr 2024-cü il tarixli məktubuna əsasən Babək rayon, Nehrəm qəsəbəsində qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü Rəsulov Məmməd Tağı oğlunun xx.xx.2003-cü il tarixdən “Anadangəlmə əqli zəiflik. Debillik səviyyəsində. Tez-tez müşahidə olunan epileptik tutmalarla” diaqnozu ilə dispanser qeydiyyatında durması; - Rəsulov Məmməd Tağı oğluna məxsus 083537 nömrəli əlillik vəsiqənin surətindən xx.xx.2014-cü il tarixdən müddətsiz birinci dərəcə əlil olaraq qeydiyyatda olduğu; - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 06 oktyabr 2022-ci il tarixli, 03/1651 nömrəli arayışından Babək rayon, Nehrəm qəsəbə sakini Ərizəçi Mərkəzdə qeydiyyatda durması və ona İ dərəcə əlilliyi olan şəxsə qulluğa görə müddətsiz olaraq 80 manat Prezident təqaüdünün ödənilməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq Rəsulov Məmməd Tağı oğlunun psixi vəziyyətini müəyyən etmək üçün 29 dekabr 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi təqdim edilənədək dayandırılmış, xx.xx.2025-ci il tarixdə mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi məhkəməyə təqdim edildiyindən təzələnmiş, iş üzrə hazırlıq iclası keçirilərək mülki iş məhkəmə baxışına təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 49 saylı rəyi ilə ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, Rəsulov Məmməd Tağı oğlunda “Ağır dərəcəli əqli gerilik” psixi xəstəliyi var. Rəsulov Məmməd Tağı oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəktlərini idarə edə bilmək qabiliyyətində deyil. Rəsulov Məmməd Tağı oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən maraqlı şəxs Rəsulov Məmməd Tağı oğlunun iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası 21 fevral 2025-ci il tarixli, 05 nömrəli rəyində komissiya üzvlərinin iddiaçı və maraqlı şəxsin Babək rayon, Nehrəm qəsəbəsində yerləşən evində olmuş, maraqlı şəxs Rəsulov Məmməd Tağı oğlunun həyat şəraiti və psixoloji vəziyyəti ilə vizual olaraq maraqlanmış, ailənin qonşuları ilə söhbət aparmış və müvafiq akt tərtib etmişdir. Müşahidələr zamanı məlum olmuşdur ki, Rəsulov Məmməd Tağı oğlu fiziki cəhətdən normal görünür. Bununla belə o, əqli-cəhətdən qeyrinormal davranışlar sərgiləyir. Belə ki, ona verilən suallara cavab vermir və anlaşılmayan səslər çıxarır. Şəxsin ətraf-mühiti dərk etmədiyi yəqin olunur. Qonşular ilə söhbətdən aydın olur ki, maraqlı şəxsin yemək, təmizlik, geyim və bu kimi gündəlik tələbatlarını anası qarşılayır. Ev sakinləri ərazidə əxlaqi keyfiyyətə malik insanlar kimi tanınır. Qəyyumluq və Himayəçilik Komissiyası rəyin nəticə hissəsində Rəsulov Məmməd Tağı oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbi ilə bağlı sui-istifadə halının olmadığını hesab etmişdir. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, Rəsulov Məmməd Tağı oğlunda mövcud olan “Ağır dərəcəli əqli gerilik” xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, xx.xx.1996-cı il təvəllüdlü Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Rəsulov Məmməd Tağı oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: Ərizə təmin edilsin. xx.xx.1996-cı il təvəllüdlü Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Rəsulov Məmməd Tağı oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar