Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-66/2023 17.04.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi və Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X2 iştirakları ilə, Ərizəçinın oğlu X9 oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi 06 yanvar 2023-cü ildə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 10 oktyabr 2004-cü il tarixində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, 2001-ci il tarixində həyat yoldaşım X5 ilə ailə həyatı qurmuşam. Həyat yoldaşımla rəsmi nikahım olmamışdır. Övladım 10 oktyabr 2004-cü il tarixində anadan olmuş X9 barəsində Babək rayon Qeydiyyat şöbəsində atalığım müəyyən olunmuşdur. Bizim bir övladımız olmuşdur. Onlardan 10 oktyabr 2004-cü il tarixində anadan olmuş oğlum X9 uşaqlıqdan əlildir. O, xx.xx.2015-ci il tarixindən “USİ-nin qalığı. Əqli zəiflik, idiotiya səviyyəsində. Mikrosefaliya” diaqnozu ilə Y. Budaqov adına Naxçıvan MR X1 qeydiyyatda dayanır. Qeyd edirəm ki, oğlum Rasin özünü tam idarə edə bilmir. Hazırda ona mən baxıb, mən qulluğunda dururam. Rasin bizim dediklərimizi başa düşmür və cavab verə bilmir, özü istədiyini bizə tam anlata bilmir, nitq qabiliyyəti yoxdur. Birinci qrup əlilliyə görə ömürlük təqaüd alır, lakin özünə aid heç bir sənəd hazırlaya bilmir, bütün sənədləri valideyni olaraq mən hazırlayıram. Rasin fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə onun qəyyumu olaraq mən, ona qulluq etməklə bərabər, onunla bağlı lazım olan sənədləşmə işlərini apara bilərəm. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında oğlu Ərizəçi 10 oktyabr 2004cü ildə anadan olduğunu, doğulduqdan bir müddət sonra da ayaqları və qollarını idarə edə bilməməsinin onun sağlamlığı ilə bağlı şübhələr doğurduğunu, ona həkim tərəfindən “serebral iflic” diaqnozu qoyulduğunu, 10 yaşından sonra isə “mikrosefaliya” xəstəliyinin olması barədə dəqiq diaqnoz qoyulduğunu, 06 sentyabr 2010-cu il tarixdən müddətsiz İ dərəcə əlilliyinin müəyyən olunduğunu, 2015-ci ildən isə dispanserdə qeydiyyatda dayandığını, hazırda ayaq və qollarının tam hərəkətsiz vəziyyətdə olduğunu, bu səbəbdən ayaqlarında daha çox yığılma müşahidə olunduğunu, nitqinin olmadığını, əlil arabasında hərəkət etdiyini, öz hərəkətlərini idarə edə bilmədiyini, yataq xəstəsi olduğunu, sərbəst şəkildə öz ehtiyaclarını qarşılamaq iqtidarında olmadığını, köməyə ehtiyacı olduğunu, əliniayağını sərbəst hərəkət etdirə bilmədiyini, fəaliyyət qabiliyyətinin olmadığını, heç bir faydası olmadığından hazırda müalicəsini dayandırdıqlarını, baxımı ilə anası və özünün məşğul olduğunu, X9 oğlunun adından müvafiq zəruri hərəkətlərin edilməsinə şərait yaradılması, qarşılaşdıqları çətinliklərin təkrarlanmaması üçün iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında komissiyanın üzvləri ilə birlikdə X7 yaşadığı Babək rayonu, Cəhri qəsəbəsində yerləşən yaşayış evində olduqlarını, onun yaşadığı şərait və psixoloji vəziyyəti ilə tanış olduqlarını, bununla bağlı komissiyanın üzvləri, qonşular və ərizəçinin iştirakı ilə akt tərtib edildiyini, X9 oğlunun psixoloji vəziyyətinin vizual olaraq çox kritik olduğunu, onun yataqda olduğunu, hərəkət edə bilmədiyini, deyilənləri anlamaq iqtidarında olmadığını, qeyri-normal hərəkətlər etdiyini, onun baxımı ilə atası və anasının məşğul olduğunu, qonşularla söhbət apardıqlarını, onların da Rasin Qasımovun baxımı ilə valideynlərinin məşğul olduğunu bildirdiklərini, sözügedən hallar nəzərə alınmaqla 10 oktyabr 2004-cü il tarixdə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin məqsədəuyğun olduğunu, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün müraciət edilməsində hər hansı bir sui-istifadə hallarının mövcud olmadığını, sözügedən hallarla bağlı müvafiq rəy və aktın məhkəməyə təqdim edildiyini bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı barəsində ərizə verdiyi şəxs X7 yaxın qohumu-atası olması, X7 müddətsiz İ qrup əlil olması mülki işin mübahisəsiz hallarıdır. Sözügedən hallar və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən 10 oktyabr 2004-cü ildə anadan olmuş X7 atasının Ərizəçi olması; - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi Babək rayon Əhalinin Sosial müdafiəsi Mərkəzi tərəfindən verilmiş 03/2084 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan X7 Mərkəzdə İ dərəcə əlilliyi olan şəxs kimi qeydiyyatda durması; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 984 nömrəli arayışdan X7 xx.xx.2015-ci il tarixdən “USİ-nin qalığı, əqli zəiflik, idiotiya səviyyəsində Mikrosefaliya” diaqnozu ilə X1 qeydiyyatda dayandığı; - Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 080417 nömrəli vəsiqənin təsdiq olunmuş surətindən X9 oğlunun 06 sentyabr 2010-cu ildən uşaqlıqdan əlil olması müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319-cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq X7 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi təqdim edilənədək dayandırılmış, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı ekspert rəyi məhkəməyə təqdim edildiyindən təzələnmiş, iş üzrə hazırlıq iclası keçirilərək mülki iş məhkəmə baxışına təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli 35 saylı rəyi ilə ekspert komissiyası xx.xx.2004-ci il tarixdə anadan olmuş X7 psixi vəziyyəti ilə bağlı təmasa daxil olmadığı, suallara cavab vermədiyi, nitqinin olmadığı, intellektinin inkişaf etmədiyi, düşüncə patalogiyasının müşahidə olunmadığı, hazırki vəziyyətinə tənqidi münasibətinin olmadığı nəzərə alınmaqla, X9 oğlunda “Uşaq serebral iflicin qalığı. İdiotiya səviyyəsində anadangəlmə ağıl zəifliyi, tetraplegiya” ruhi xəstəliyinin müşahidə olunduğu, X9 oğlunun öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində olmadığı, X9 oğlunun sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan vermədiyi qənaətinə gəlmişdir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən maraqlı şəxs X9 oğlunun iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası 27 mart 2023cü il tarixli, 02 nömrəli rəyində komissiya üzvlərinin X7 yaşadığı Babək rayon Cəhri qəsəbəsində olduqlarını, onun yaşadığı şərait və psixoloji vəziyyətlə tanış olduqlarını, həmçinin xəstənin qonşuları ilə söhbət apardıqlarını, müvafiq akt tərtib edildiyini, X7 psixoloji vəziyyətinin vizual olaraq da çox kritik olduğunu, belə ki, xəstənin yataqda yatdığını, səbəbsiz olaraq güldüyünü, anlaşılmayan səslər çıxardığını, qeyri-normal əl-qol hərəkətləri etdiyini (əllərini tez-tez havada yellətdiyini) müşahidə etdiklərini, komissiya üzvlərinin R.Qasmovin yaşadığı evin şəraiti ilə də yaxından tanış olduğunu, evin şəraitinin normal vəziyyətdə olduğunun müəyyən olunduğunu, Komissiyanın üzvlərinin həmçinin qonşularla da söhbət apardığını, qonşuların R.Qasımovu yedirib-içirən, onun baxımı, təmizliyi ilə məşğul olanın atası və anası olduğunu bildirdiklərini qeyd etmişlər. Qəyyumluq və Himayəçilik Komissiyası rəyin nəticə hissəsində 10 oktyabr 2004-cü il tarixdə anadan olan X7 psixoloji problemlərinin hüquqi və faktiki mövcud olduğunu nəzərə alaraq onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məqsədəmüvafiq hesab etmişdir. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, X8 mövcud olan ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, 10 oktyabr 2004-cü il tarixdə Babək rayonu, Cəhri kəndində anadan olan, Babək rayonu, Cəhri qəsəbəsində yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. 10 oktyabr 2004-cü il tarixdə Babək rayonu, Cəhri kəndində anadan olan, Babək rayonu, Cəhri qəsəbəsində yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-66/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-66/2023
17.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver