Məhkəmə qərarları › İş №2(079)-770/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-770/2025

10.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-770/2025 10.03.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xx.xx.2025-ci il tarixdə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 01 may 2005-ci il tarixdə doğulmuş Məmmədov Rəhman Mehdi oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, oğlu Məmmədov Rəhman Mehdi oğlu 01 may 2005-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Babək rayonu, Nehrəm qəsəbəsində anadan olmuşdur. Məmmədov Rəhman Mehdi oğlunun 18 may 2023-cü il tarixdə əlilliyi müəyyən olunmuşdur. Məmmədov Rəhman Mehdi oğlunda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y. Budaqov adına Naxçıvan MR X1 03 noyabr 2025-ci l tarixli, 3-28-34-4/2-2727 nömrəli arayışına əsasən 26 aprel 2023-cü il tarixdən "Yüngül dərəcəli anadangəlmə əqli gerilik, Davranış pozuntusu" diaqnozu aşkarlanaraq dispanser qeydiyyatına alınmışdır. X5 Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsindən 18 may 2023-cü il tarixdən İ qrup (orqanizmin funksiyalarının 85 faiz pozulmasına) əlilliyə görə pensiya alır. Onun kənar şəxsin qulluğuna ehiyacı vardır. Rəhman özünü idarə etmək qabiliyyətində deyildir. Yəni onun sayəsində özünü idarə edir. Bundan başqa mülkiyyət hüquqlarını, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən oğlu Məmmədov Rəhman Mehdi oğlunun həmin hüquqlarını həyat keçirə bilmir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında Rəhmanın anadangəlmə əqli geriliyi olduğunu, anadan olandan ona özünün baxdığını və Rəhmanın özünü idarə etmək qabiliyyətində olmadığını, anadan gəlmə oğlunun ürəyində qüsurun olduğunu, gec əməliyyat olunduğunu və nəticədə bu vəziyyətin yarandığını, çətin danışa bildiyini, yeməyini özünün ona yedizdirdiyini, yeriyə bildiyini, paltarlarını geyinib-soyunmaqda özünün ona kömək etdiyini, dispanserdə qeydiyyatda olduğunu, ona baxdığına görə sosial müavinət aldığını, hazırda oğlunun 21 yaşı olduğunu, onun bədəninin zəif inkişaf etdiyini, İ qrup əlil olduğunu, özünün Rəhmana qulluq etdiyini bildirib ərizənin nəzərə alınmasını xahiş etmişdir Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında komissiya olaraq sui-istifadə halının olmadığını müşahidə etdiklərini bildirmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı barəsində ərizə verdiyi şəxs Məmmədov Rəhman Mehdi oğlunun onun yaxın qohumu-oğlu olması, Məmmədov Rəhman Mehdi oğlunun 26 aprel 2023-cü il tarixdən "yüngül dərəcəli anadangəlmə əqli gerilik, davranış pozuntusu" diaqnozu ilə dispanserdə qeydiyyata alınması, İ qrup əlil olması işin mübahisəsiz hallarıdır. Sözügedən hallar və iş üçün əhəmiyyət kəsb edən digər hallar iş materiallarına əlavə edilmiş aşağıda sadalanan sübutlarla təsdiq olunur: - V-JQ seriyalı, 457432 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Məmmədov Mehdi Sadıx oğlu ilə Ərizəçi arasında xx.xx.1996-cı il tarixdə nikahın bağlanması, bunun nikah akt qeydləri kitabında 08 nömrə ilə qeydə alınması; - Babək rayon Nehrəm kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 206890 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən atası Məmmədov Mehdi Sadıx oğlu, anası Ərizəçi olan Məmmədov Rəhman Mehdi oğlunun xx.xx.2005-ci il tarixdə anadan olması; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əlilliyə qulluğun qiymətləndirilməsinin nəticəsinə dair arayışlardan Məmmədov Rəhman Mehdi oğlunun ümumi xəstəlik səbəbindən İ dərəcəli əlil olduğu, orqanizm funksiyalarının 85%-nin pozulduğunu və ona “Ürək çatmamazlığı” xəstəliyi diaqnozunun qoyulduğu müəyyən olunur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən xx.xx.2025-ci il tarixli sosial müavinət və təqaüd haqqında arayışa əsasən Məmmədov Rəhman Mehdi oğlunun orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 300 AZN sosial müavinət və 250 AZN Prezident təqaüdü aldığı müəyyən olunur. - “Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X3”nin xx.xx.2025-ci il tarixli, 3- 28-34-4/2-2727 nömrəli arayışına əsasən Babək rayon Nehrəm qəsəbəsində qeydiyyatda olan 2005-ci il təvəllüdlü Məmmədov Rəhman Mehdi oğlunun xx.xx.2023-cü il tarixdən "Yüngül dərəcəli anadangəlmə əqli gerilik. Davranış pozuntusu" diaqnozu ilə Yaqub Budaqov adına Naxçıvan MR X2 dispanser qeydiyyatında dayandığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 319-cu maddəsinə əsasən işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğunu və qanunvericiliyin imperativ tələbini nəzərə alaraq Məmmədov Rəhman Mehdi oğlunun psixi vəziyyətini müəyyən etmək üçün 16 dekabr 2025ci il tarixdə məhkəmə hazırlıq iclasında məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2026-cı il tarixli 42 saylı rəyi ilə ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, Məmmədov Rəhman Mehdi oğlunda “Orta əqli gerilik” psixi xəstəliyi var. Məmmədov Rəhman Mehdi oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəktlərini idarə edə bilmək qabiliyyətində deyil. Məmmədov Rəhman Mehdi oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən maraqlı şəxs Məmmədov Rəhman Mehdi oğlunun iştirakı olmadan baxmışdır. Həmçinin MPM-in 320.2-ci maddəsinə əsasən işə cəlb olunmuş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası 13 fevral 2026-cı il tarixli, 05 nömrəli rəyində qeyd olunmuşdur ki, komissiyanın üzvləri ərizəçi və maraqlı şəxsin Babək rayon Nehrəm qəsəbəsində yerləşən evində olmuş, maraqlı şəxs Məmmədov Rəhman Mehdi oğlunun həyat şəraiti və psixoloji vəziyyəti ilə maraqlanmış, ailənin qonşuları ilə söhbət aparmış və müvafiq akt tərtib etmişdir. Müşahidələr zamanı məlum olmuşdur ki, Rəhman Mehdiyev qeyri-simmetrik bədən quruluşuna malikdir və fiziki əlildir. Lakin sərbəst hərəkət edə bilir. Bəzi sözlərdən istifadə etsə də anlaşılmır və cümlə qurmaq iqtidarında deyil. Ona verilən sualları başa düşmür və mahiyyətini anlamır. Şəxsin ətraf mühiti dərk etmədiyi yəqin olunur. Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası Ərizəçi övladı Məmmədov Rəhman Mehdi oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi ilə bağlı sui-istifadə halının olmadığını düşünür. Sadalanan halları nəzərə alan məhkəmə mülki iş üzrə tətbiq edilməli olan hüquq normalarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. MM-in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MM-in 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. MM-in 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. MM-in 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. MM-in 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Mülki işin yuxarıda sadalanan faktiki hallarını, məhkəmənin nəticəyə gəlməsi üçün mühüm olan bütün faktiki halların aydınlaşdırıldığını, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan bütün halların sübuta yetirildiyini və sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə belə hesab edir ki, Məmmədov Rəhman Mehdi oğlunda mövcud olan “Orta əqli gerilik” psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi müəyyən olunduğundan ərizə təmin olunmalı, 01 may 2005-ci il tarixdə doğulmuş Məmmədov Rəhman Mehdi oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Həmçinin işdə iştirak edən şəxslərə izah edilir ki, MM-in 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: Ərizə təmin edilsin. 01 may 2005-ci il tarixdə doğulmuş Məmmədov Rəhman Mehdi oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar