Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-92/2024 09.04.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə və Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “08” yanvar 2024-cü ildə Babək Rayon Məhkəməsinə müraciət edərək 21 iyul 1978-ci il tarixdə Babək rayonu, Cəhri kəndində anadan olan qardaşı Allahverdiyev Rəsul Nizami oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, Allahverdiyev Rəsul Nizami oğlu 21 iyul 1978-ci ildə Babək rayonu, Cəhri kəndində anadan olmuşdur. X8 Nizami oğlu ‘'Anadangəlmə əqli zəiflik. İdiotiya səviyyəsində" diaqnozu ilə Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X4 dispanser qeydiyyatda dayanır. Allahverdiyev Rəsul birinci qrup əlildir və ona əlillik vəsiqəsi verilmişdi. O, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Babək rayon şöbəsindən 1-ci dərəcə əlilliyə görə 200 manat prezident təqaüdü alır. Babək rayonu, Cəhri qəsəbəsində yerləşən 0.55 hektar sahəyə malik torpaq sahəsi X8 və digərlərinin paylı mülkiyyətindədir. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Rəsul özünü idarə etmək qabiliyyətində deyildir. Bundan başqa mülkiyyət hüquqlarımı, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, Allahverdiyev Rəsul Nizami oğlunun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən onun həmin hüquqlarını həyat keçirə bilmirəm. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmədə verdiyi izahatında anası Ətlazın dörd qardaşı və bir bacısı olduğunu, onlardan dayısı İntizamın rəhmətə getdiyini, dayısı Allahverdiyev Rəsul Nizami oğlunun hazırda digər dayısı Ramazanla birlikdə yaşadığını, nənəsinin deməsinə görə dayısı Rəsulun çağada ikən çarpayıdan yıxıldığını, bundan sonra onun xəstələndiyini, Allahverdiyev Rəsul Nizami oğlu ətrafda baş verənləri görsə də, onları qavramadığını, onun qayğıları ilə nənəsinin məşğul olduğunu, həmçinin ona dayısının arvadının köməklik etdiyini, Rəsulun adı torpağın sənədində olduğundan, həmçinin dayısına verilən sosial yardımlarla bağlı sənədləşmə işləri yarandığından kiminsə onun əvəzindən sənədləri imzalamalı olduğunu, buna görə də onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etdiklərini, Rəsulun subay olduğunu, nənəsi yaşlı və dayısı Ramazana işdə olduğundan olduğundan Allahverdiyev Rəsul Nizami oğlu ilə bağlı müraciəti anasının verdiyini, anasının digər qardaşı İntiqamın İİ qrup əlil olduğunu, Rəsulun hazırda danışa və yeriyə bilmədiyini, Allahverdiyev Rəsul Nizami oğlunun mülkiyyətində başqa daşınar və daşınmaz əmlak olmadığını qeyd edərək, yekunda müraciətinin təmin edilməsini məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin - Allahverdiyev Rəsul Nizami oğlunun səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 01 fevral 2024-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Allahverdiyev Rəsul Nizami oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması tapşırılmışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X5 “23” fevral 2024-cü il tarixli, 64 nömrəli ambulator məhkəməpsixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Allahverdiyev Rəsul Nizami oğlunun hazırki psixi sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə onun məhkəmə iclaslarına dəvət etməmişdi. Məhkəmə iclasında iştirak edən Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X7 verdiyi izahatında mülki işlə əlaqədar olaraq komissiyanın nümayəndələrinin 15 fevral 2024-cü ildə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs Allahverdiyev Rəsul Nizami oğlunun yaşadığı evdə, yəni Babək rayonu, Cəhri qəsəbəsində olduqlarını, qəsəbə icra nümayəndəsinin dediyinə görə ailənin qəsəbədə müsbət xarakterizə olunduğunu, evdə olan zaman Allahverdiyev Rəsul Nizami oğlunun səliqə-səhmanının yaxşı olmasını müşahidə etdiklərini, onun üzünün təmiz və paltarlarının təmin olduğunu, onun qayğıları ilə əsasən anasının məşğul olduğunu, Rəsul Allahverdiyevin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsində hər hansı sui-istifadə hallarının olmamasının müəyyən etdiyini qeyd etmişdir. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Allahverdiyev Rəsul Nizami oğlunun 21 iyul 1978-ci ildə Naxçıvan rayonu, Cəhri kəndində dünyaya gəlməsini, onun hazırda həmin kənddə yaşamasını, Ərizəçi Allahverdiyev Rəsul Nizami oğlunun bacısı olmasını, Allahverdiyev Rəsul Nizami oğlunun 26 dekabr 2023-cü ildən “Anadangəlmə əqli zəiflik, idiotiya səviyyəsində” diaqnozu ilə dispanserdə qeydiyyatda olmasını və onun İ dərəcə əlilliyə görə 200 manat Prezident təqaüdü almasını müəyyən edir. Bu faktlar aşağıdakılarla təsdiq olunur: - ərizəyə əlavə edilmiş və Cəhri kənd X12 İcraiyyə Komitəsi tərəfindən verilmiş 01 avqust 1978-ci il tarixli, V-JQ seriyalı, 346848 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən və "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Allahverdiyev Rəsul Nizami oğlunun 21 iyul 1978-ci ildə Naxçıvan rayonu, Cəhri kəndində dünyaya gəlməsi və Allahverdiyev Nizami İman oğlunun onun atası, X1 isə anası olması; -ərizəyə əlavə edilmiş və Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 dekabr 2023-cü il tarixli, 3179 nömrəli arayışdan, həmçinin iş materiallarına əlavə olunan Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 15 fevral 2024-cü il tarixli müayinə aktından, 29 fevral 2024-cü il tarixli, 05 nömrəli rəyindən Allahverdiyev Rəsul Nizami oğlunun hazırda Babək rayonu, Cəhri qəsəbəsində yaşaması; - ərizəyə əlavə edilmiş və Cəhri kənd X12 İcraiyyə Komitəsi tərəfindən verilmiş 28 dekabr 1976-cı il tarixli, V-JQ seriyalı, 263784 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən və "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan X2 xx xxxxxx 1976-cı ildə Naxçıvan rayonu, Cəhri kəndində dünyaya gəlməsi və Allahverdiyev Nizami İman oğlunun onun atası, X1 isə anası olması; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X5 26 dekabr 2023-cü il tarixli, 1944 nömrəli məktubundan Allahverdiyev Rəsul Nizami oğlunun 26 dekabr 2023-cü ildən “Anadangəlmə əqli zəiflik, idiotiya səviyyəsində “ diaqnozu ilə dispanserdə qeydiyyatda olması; - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Babək Rayon Şöbəsi tərəfindən verilmiş 26 dekabr 2023-cü il tarixli, 03/1417 nömrəli arayışdan Allahverdiyev Rəsul Nizami oğlunun həmin şöbədən İ dərəcə əlilliyə görə 200 manat Prezident təqaüdü alması; -ərizəyə əlavə edilmiş Babək Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 040111 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən Allahverdiyev Rəsul Nizami oğlunun uşaqlıqdan birinci qrup əlil olması aydın olur. Ərizəçinin müraciəti isə Allahverdiyev Rəsul Nizami oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsidir. Onun müraciətini mülki iş materialları, qanunvericiliyin tələbləri və bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsində fiziki şəxsin fəaliyyət qabiliyyətinin anlayışı verilmişdir. Həmin maddəyə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.5-ci maddəsində isə şəxsin məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz sayılmasının əsasları müəyyən olunmuşdur. Qeyd olunun maddənin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmə hazırlıq iclasında bunun müəyyən olunması üçün 01 fevral 2024-cü il tarixli qərardadla məhkəmə- psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X5 ambulator məhkəmə-psixiatriya ekspertizasının “23” fevral 2024cü il tarixli, 64 nömrəli ekspert rəyində qeyd olunur ki, Allahverdiyev Rəsul Nizami oğlunda “Anadangəlmə əqli zəiflik. İdiotiya səviyyəsində” xəstəliyi aşkar olunur. Allahverdiyev Rəsul Nizami oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntuya yol verilmədiyindən məhkəmə ekspert rəyini sübut kimi qəbul edilən hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Hazırki mülki iş üzrə isə məhkəməyə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə ilə müraciət edən şəxsin isə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Allahverdiyev Rəsul Nizami oğlunun bacısı olması yuxarıda qeyd edildiyi kimi sübuta yetirilir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Mülki iş materialları ilə yuxarıda da qeyd edildiyi kimi barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş şəxsin Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olması və həmin qəsəbədə yaşaması müəyyən edilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki işin məhkəmə araşdırması zamanı Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin məhkəmədə verdiyi izahatından məlum olmuşdur ki, Ərizəçi tərəfindən Allahverdiyev Rəsul Nizami oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə halları aşkar olunmamışdır. Həmçinin komissiya məhkəməyə təqdim etdiyi 29 fevral 2024-cü il tarixli, 05 nömrəli rəyində Allahverdiyev Rəsul Nizami oğlunun psixoloji problemlərinin olmasını müşahidə etməsini və ailənin onun psixoloji vəziyyətindən sui-istifadə etmə ehtimalının olmadığını qeyd etmişdi. Həmin orqanın məhkəməyə təqdim etdiyi 15 fevral 2024-cü il tarixli, müayinə aktında isə komissiya üzvlərinin müşahidə etdiklərindən xəstənin psixolojik vəziyyəti vizual olaraq da kritik görsənməsi, onun danışa bilməməsi, köməklik olmadan yeriyə və yemək yeyə bilməməsinin məlum olması göstərilir. Məhkəmə bunları nəzərə alaraq belə nəticəyə gəlir ki, Allahverdiyev Rəsul Nizami oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil və buna görə ərizəçinin müraciəti əsaslı sayılmalı, Allahverdiyev Rəsul Nizami oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə ərizəçinin müraciətini əsaslı saydığından, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 108.1 və 108.1.3-cü maddələrinin tələbinə görə xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilməli olduğundan, həmçinin həmin Məcəllənin 119.1-ci maddəsində isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi nəzərdə tutulduğundan, hazırki iş üzrə isə yalnız ərizəçi işdə iştirak etdiyindən Ərizəçi məhkəməyə müraciət etməsi ilə bağlı ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunmalı; - 21 iyul 1978-ci ildə Naxçıvan rayonu, Cəhri kəndində anadan olan və Babək rayonu, Cəhri qəsəbəsində yaşayan Allahverdiyev Rəsul Nizami oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; -məhkəməyə müraciət edilməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunsun. 21 iyul 1978-ci ildə Naxçıvan rayonu, Cəhri kəndində anadan olan və Babək rayonu, Cəhri qəsəbəsində yaşayan Allahverdiyev Rəsul Nizami oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev. Düzdür.
Məhkəmə qərarları › İş №2(079)-92/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-92/2024
09.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver