Məhkəmə qərarları › İş №2(080)-134/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-134/2023

08.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-134/2023 08.09.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, cavabdeh Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızının vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızına qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızı ilə mülkiyyət hüqüqu üzrə ona məxsus olmuş Ordubad rayonunun Anaqut kəndində yerləşən 0,1872 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş, ümumi sahəsi 145,73 kv/m olan fərdi yaşayış evinin alqı-satqısma dair reyestrdə 4Ə-70 nömrə ilə qeydə alınmış 05 aprel 2019-cu il tarixli müqaviləmin etibarsız hesab edilməsi və cavabdeh X3 adna hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestirindən verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsi-vəkili ilə təmsil edilmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan, nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə baxmışdır. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırılmışdır ki, Ordubad rayonunun Anaquı kəndində yerləşən 0.1872 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəv 145,73 kv/m, yaşayış sahəsi 41.32 kv/m, qeyri-yaşayış sahəsi isə 24.3 kv/m olan mansardlı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə ona məxsus olmuşdur. Həmin yaşayış evini həyat yoldaşı X4 rayon polis şöbəsinin rəisi vəzifəsində işləyərkən Naxçıvan MR Daxili İşlər Nazirliyinin keçmiş rəhbərliyinin təkidi ilə 2015-2016-cı illərdə tikdirmişdir. Evin bir qism tikinti xərcləri həyat yoldaşı Əziz Eynalovun «Naxçıvan Bank»dan götürdüyü kredit hesabına, qalan xərcləri isə onun və onlarla birlikdə yaşayan oğlu X9 əməkhaqları hesabına ödənilmişdir. Torpaq sahəsinin hər sotu, yəni hər 100 kv.metri üçün 1000 manat ödəməklə almışdır. Torpaq sahəsi dörd-bir tərəfdən tam hasarlanmaqla texniki qurğularla təchiz edilmiş və torpaq sahəsində yaşayış evindən başqa müxtəlif təyinatlı yardımçı tikililər inşa edilmişdir. Torpaq sahəsinin və malmatermalların alınmasına, habelə tikinti işlərinin aparılmasına ümumilikdə 100.000 (yüz min) manatda artıq xərc çəkmişdir. Evin tikintisinə 2015-ci ildə başlanılaraq 2016-cı ilin əvvəllərində başa çatdırılmış və xx.xx.2016cı il tarixdə həmin əmlak üzərində onun mülkiyyət hüququ Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınaraq, adına **********79-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. 2017-ci ilin təxminən avqust ayında Naxçıvan MR Daxili işlər naziri Əhməd Əhmədov vəzifədən azad edildi və Naxçıvan MR Daxili işlər naziri vəzifəsinə X7 təyin edildi. Fazil Ələkbərov hələ Daxili işlər naziri təyin edilməzdən əvvəl, Naxçıvan MR Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsini icra edirdi və həmin vaxtı o, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Naxçıvan MR DİN-nin bir qrup vəzifəli şəxsini Naxçıvan MR DTX-nin zirzəmisində qanunsuz saxlamaqla, onların pul və əmlaklarını müxtəlif bəhanələrlə əllərindən alaraq həbsdən azad etməklə, işdən də çıxarmışdı. Bu yolla o, DİN-nin əməkdaşlarını qorxu altında saxlayırdı. Fazil Ələkbərov 2017-ci ilin avqust ayında Naxçıvan MR Daxili işlər naziri təyin edildikdən sonra, təxminən oktyabr ayında həyat yoldaşı Əziz Eynalovu da bəhanə ilə Ordubad rayon polis şöbəsinin rəisi vəzifəsindən azad edərək sərəncama götürdü və bununla da kifayətlənməyib həyat yoldaşından 250.000 (iki yüz əlli min) manat tələb edərək, əks təqdirdə onu həbs edəcəyi ilə hədələməyə başladı. Onun tələb etdiyi pul məbləğini həyat yoldaşı Əziz Eynalov verə bilmədiyindən, Fazil Ələkbərov ondan onun adına Ordubad rayon Anaqut kəndində olan həmin fərdi yaşayış evinin Çıxarışını gətirib ona verməyi tələb etdi. Fazil Ələkbərov uzun müddət ona məxsus evi satdıra bilməmişdir. Çünki evi almaq istəyənlər evin qanunsuz satıldığını bilib almaqdan imtina edirdilər. Nəhayət ki, Fazil Ələkbərov özünə yaxın adamların vasitəsi ‘ilə alıcı taparaq, həyat yoldaşı Əziz Eynalovdan onu Ordubad rayon Notariat ofisinə gətirib alqı-satqı müqaviləsinə imza etdirməyi tələb etmişdir. Lakin o Ordubad rayon Notariat ofisinə getməyib, oğlu X10 etibarnamə verərək, onu Ordubad rayon Notariat ofisinə göndərmiş ki, o, evin alqı-satqı müqaviləsini imzalasın. Evin alıcısı qismində iştirak edən qadın ona təmsil edən oğlu Əmir Eynalova bilirəm, bu işdə xeyir-dua yoxdur, sizi məcbur edirlər, mən də bu evi almaq istəmirdim demişdir. Ancaq özü də istəmədən belə alındı. Hətta alıcı evə görə 70.000 (yetmiş min) manat ödəyəcəyini bildirmiş, evin alqı-satqısı və qiyməti ilə bağlı ətraflı söhbətləri olmamış, evə görə alıcı qadın Əmirə hər hansı məbləğdə pul ödəməmiş, alqı-satqı müqaviləsinin satıcıya verilməli olan nüsxəsi belə Əmirə verilməmişdir. Sadəcə olaraq Əmir alqı-satqı müqaviləsinə məcburiyyət qarşısında imza edərək Naxçıvan şəhərinə qayıtmışdır. Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətli nümayəndəsi Naxçıvan Muxtar Respublikasına təyin edildikdən və Fazil Ələkbərovun artıq kiməsə qanunsuz təsir göstərmək təhlükəsi aradan qalxdıqdan və onlar kimi Fazil Ələkbərovun qanunsuz əməllərindən zərər çəkmiş şəxslər ondan şikayət verməyə başlamışlar.Buna görə də İddiaçı da mülkiyyət hüqüqu üzrə ona məxsus olmuş Ordubad rayon Anaqut kəndində yerləşən fərdi yaşayış evinin kim tərəfindən və hansı qiymətə alındığını və evin alqı-satqısına görə pul məbləğinin hansı qaydada ödənildiyini öyrənmək üçün oğlu Eynalov Əmirdən evin alqı-satqı müqaviləsinin surətini notariat ofisindən almağı xahiş etmişdir. Notariat ofisində Əmirə evin alqı-satqı müqaviləsinin yalnız təsdiq olunmuş surəti təqdim edilmişdir. Reyestrdə 4Ə-70 nömrə ilə qeydə alınmış 05 aprel 2019-cu il tarixli alqısatqısı müqaviləsinə görə Ordubad rayonunun Anaqut kəndində yerləşən 0,1872 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 145,73 kv/m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsus olmuşdur. Müqavilənin 4-cü bəndində qeyd edilmişdir ki, güya satıcı daşınmaz əmlakı 6300 manat 00 qəpik (altı min üç yüz manat sıfır qəpik) qiymətə satdı. Alıcı isə həmin qiymətə aldı. Alıcı Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızı satıcı İddiaçı satdığı tam hissəni (145,73 kv/m) ondan 5300 manat 00 qəpik (beş min üz yüz manat sıfır qəpik) qiymətə aldı. Alıcı X1 İddiaçı satdığı tam hissəni (0,1872 ha) ondan 1000 manat 00 qəpik (bir min manat sıfır qəpik) qiymətə aldı. Müqavilənin 5-ci bəndində göstərilmişdir ki, güya Alıcı bu Müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləği Satıcıya nəqd ödəyir. Müqavilənin istinad edilən bəndləri ilə bağlı qeyd edrəm ki, əvvəla əmlakın real bazar dəyərindən 15-16 qat aşağı qiymətə satılması təsdiq edir ki, hakimiyyətdən sui-istifadə nəticəsində məcburetmə olmadan bu əqdin bağlanmasına İddiaçı razı ola bilməzdi. Bu səbəbdən də Cavabdeh Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızı ilə mülkiyyət hüqüqu üzrə ona məxsus olmuş Ordubad rayonunun Anaqut kəndində yerləşən 0,1872 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş, ümumi sahəsi 145,73 kv/m olan fərdi yaşayış evinin alqısatqısına dair reyestrdə 4Ə-70 nömrə ilə qeydə alınmış 05 aprel 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və cavabdeh X3 adına hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestirindən verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermiş, iddianı müdafiə etmiş, Cavabdeh Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızı ilə mülkiyyət hüqüqu üzrə İddiaçı məxsus olmuş Ordubad rayonunun Anaqut kəndində yerləşən 0,1872 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş, ümumi sahəsi 145,73 kv/m olan fərdi yaşayış evinin alqı-satqısına dair reyestrdə 4Ə-70 nömrə ilə qeydə alınmış 05 aprel 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və cavabdeh X3 adına hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestirindən verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Hüseynova (Bağırova)Şölə Məmmədcəfər qızına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsi-vəkili ilə təmsil edilmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan, nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə baxmışdır. Məhkəmə iclasında iştirak etmiş Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızının vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsində qeyd olunanlara etiraz edərək izahatında iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh tərəfin etirazının dəlilləri ondan ibarət olmuşdur ki, 05 aprel 2019-cu il tarixli müqavilə tərəflərin könüllü iradə ifadəsi əsasında qanunvericiliyə uyğun rəsmi notarial təsdiq olunaraq bağlanılmışdır. İddiaçılar qeyd edilən alqı-satqı müqaviləsinin hədə-qorxu və zorakılıq təsiri altında bağlanması barədə iddiaları təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişlər. Cavabdeh tərəf Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1 və 354.2-ci maddələrində əqdin etibarsızlığının nəticələrinin tətbiqi barədə və əqdin etibarsız hesab edilməsi barədə kəsiçi müddətlərin ötürüldüyünü nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili Vəkil1 vəsatəti əsasında şahid qismində izahat vermiş iddiaçının oğlu X14 izahatında 05 aprel 2019-cu il tarixdə Ordubad rayon Anaqut kəndində olan fərdi yaşayış evinin Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızına satmaq üçün anası ona verdiyi etibarnamə əsasında Ordubad rayon Notariat ofisində alqısatqı etmişlər.Alqı-satqı zamanı Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızı ona “Turalın allah bəlasın versin ki bu evi mənim oğluma aldırıb” dediyini, alqı-satqı dörd nüsxədən tərtib edildiyini, ona alqı-satqı müqaviləsinin nüsxəsindən verilmədiyini, Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızını tanımadığını, atası Ə.Eynalova görə onu tanıdığını, onların evi satmaq istəmədiklərini, 2019-cu ilin mart ayında Rəşad Seyidovun ona zəng edərək Ordubad rayon Anaqut kəndində olan fərdi yaşayış evinin sənədlərinin ona verməyini bildirdiyini, evinin sənədlərinin Rəşad Seyidova verdiyini, Fazil Ələkbərovdan heç bir dövlət qurumuna şikayət etmədiyini, müqaviləyə imza etdikdə müqaviləni oxumadığını, nə 63000 manat nə də 80000 manat heç kimdən pul almadıqlarını, Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızından Ordubad rayon Notariat ofisində alqı-satqı zamanı heçnə soruşmadığını, evin satılmasına səbəb atasının işi olduğunu, anasının heç vaxt dövlət işində işləmədiyini, anasının onun və atasının işləməyinə görə heç bir dövlət orqanına müraciət etmədiyini, onun Naxçıvan MR DTX-də baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, Ordubad rayon Notariat ofisində alqı-satqı zamanı Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızı və onun olduğunu, başqa heç kimin olmadığını, ona orada təzyiq olmadığını, Fazil Ələkbərovla əlbir olmadığını, Fazil Ələkbərovun onların ailəsinin düşməni olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək mübahisə predmeti olan əmlakın iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi görünüş üçün bağlandığını Ordubad rayonunun Anaqut kəndində yerləşən 0,1872 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş, ümumi sahəsi 145,73 kv/m olan fərdi yaşayış evinin cavabdehə 6300 manata satmasının mümkün olmadığını iddiaçının mülkiyyətində olmuş torpaq sahəsinin və fərdi yaşayış evinin faktiki dəyərinə dair gətirdiyi dəlillərin mümkünlüyünün müəyyən ediləməsi üçün iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünas ekspertizasının keçirilməsi barədə vəsatət vermişdir. Məhkəmə vəsatətlə bağlı belə nəticəyə gəlir sübutetmə predmetinə daxil olan vacib halların (tərəflər arasında bağlanmış 05 aprel 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi) təsdiq edilməsi üçün əhəmiyyət kəsb etmədiyindən vəsatəti rədd edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Maddə 354. Etibarsız əqdlər üzrə müddətlər. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. AzərbaycanRespublikasıMülki-ProsessualMəcəlləsi Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 97. Məhkəmənin ekspertiza təyin etməsi 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına istinadən qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Həmin qərarda qeyd edilmişdir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Beləliklə, əqdlərin etibarlı olması üçün qanunda nəzərədə tutulmuş 4 şərtin mövcudluğu vacibdir. Əqdin subyektiv tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqdə iradə və iradənin ifadə edilməsinə adi edilən şərt, əqdin formasina aid edilən şərt. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd etdikləri və istədikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə yuxarıda istinad etdiyi qanunvericilik normalarının müddəalarını və işin faktiki hallarını təhlil edərək belə qənaətə gəlir ki, İddiaçı mülkiyyətlərində olan Ordubad rayonunun Anaqut kəndində yerləşən 0,1872 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş, ümumi sahəsi 145,73 kv/m olan fərdi yaşayış evinin iddiaçının oğlu (iddiaçının oğluna verdiyi etibarnamə əsasında) X14 tərəfindən alıcı Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızına satmış, bunun müqabilində alıcı tərəfindən Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızı, X10 6300 manat ödənilmişdir. Qeyd edilən müqavilədə hər bir tərəf öz iradəsini ifadəsini bildirməklə, notarial qaydada təsdiq edilmiş, daşınmaz əşyaların alq-satqısı müqaviləsinin şərtlərinə uyğun tərtib edilmişdir. Həmin müqavilənin etibarlılığını şübhə altına alan halların mövcud olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızına qarşı, İddiaçı ilə cavabdeh Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızı arasında Ordubad rayonunun Anaqut kəndində yerləşən 0,1872 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş, ümumi sahəsi 145,73 kv/m olan fərdi yaşayış evinin alqı-satqısına dair reyestrdə 4Ə-70 nömrə ilə qeydə alınmış 05 aprel 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və cavabdeh Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızının adına hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestirindən verilmiş Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq Qət etdi: İddiaçı Cavabdeh Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızına qarşı, İddiaçı ilə cavabdeh Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızı arasında Ordubad rayonunun Anaqut kəndində yerləşən 0,1872 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş, ümumi sahəsi 145,73 kv/m olan fərdi yaşayış evinin alqı-satqısına dair reyestrdə 4Ə-70 nömrə ilə qeydə alınmış 05 aprel 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və cavabdeh Hüseynova (Bağırova) Şölə Məmmədcəfər qızının adına hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestirindən verilmiş Çıxarışın ləğv edilməsi tələbi barədə iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar