Məhkəmə qərarları › İş №2(080)-148/2022

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-148/2022

26.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-148/2022 26.09.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X12 iclas katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasının qəbulu faktı və miras əmlakdan çatan payın müəyyən olunması, çəkilən xərc tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasının qəbulu faktı və miras əmlakdan çatan payın müəyyən olunması, çəkilən xərc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, “X2 qalmış ünvan 1 ünvanında yerləşən əmlakın onun tərəfindən miras olaraq qəbul edilməsi faktının, ona çata payın müəyyən olunması, görülən işlərə və evin sənədləşdirilməsi üçün çəkilmiş xərc, 15000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, 1956-cı ildə doğulmuşdur. X1, anası X3r. 1975-ci ilə qədər atası tərəfindən inşa edilmiş, mübahisəli fərdi yaşayış evində yaşamış, 1975-ci ildə ailə qurmş, ailə qurmasına baxmayaraq 1982-ci ilədək əri ilə birlikdə valideynlərinin yanında yaşamışdır. X16 23 may 2007-ci il tarixdə ölmüşdür. Atasının ölümüdən sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamamışdır. Həmin evdə qardaşı Nadir və ailə üzvləri yaşamışdır. Qanunla müəyyən edilmiş müddətdə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat kontoruna müraciət etməmişdir. Mirasdan pay əldə etməsi üçün 2021-ci ildə atasının istifadəsində olmuş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyata alınması üçün müraciət etmiş, təxminən 15000 manat pul xərcləmiş və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və fərdi yaşayış evinin texniki pasportunu almışdır. Vərəsəlik şəhadətnaməsinin alınması üçün Ordubad rayon Dövlət notariat ofisinə müraciət etmiş, şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hesab edir ki, atasından qalmış miras əmlakdan ona pay çatır, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, mərhum əri Nadir Məmmədovla 01 fevral 1985-ci ildə ailə qurmuşdur. X10 2007-ci ildə ölmüşdür. Ailə qurduqdan 2018-ci ilədək N.Məmmədovla qayınatasına məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamamışlar. Əri N.Məmmədov isə 03 iyun 2018-ci ildə ölmüşdür. Qayınatası M.Məmmədovun ölümündən, yəni 2007-ci ildən sonra mübahisəli fərdi yaşayış evində onun ailə üzvlərindən başqa kimsə, həmçinin İddiaçı yaşamamışdır. Onların bir evdə yaşamaları ümumiyyətlə mümkün deyil. İddiaçı tələbi tamamilə əsassızdır, rədd edilməsi xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məlumat verilmiş, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- Ordubad rayon Qeydiyyat Şöbəsindən 17 iyun 2020-ci il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, X9 23 may 2007-ci il tarixdə Ordubad şəhərində ölmüş, bu barədə ölüm akt qeydləri kitabında 08 iyun 2007-ci il tarixdə 47 nömrə ilə qeyd edilmişdir. Ordubad rayon Qeydiyyat Şöbəsindən 17 avqust 2021-ci il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, X11 03 iyun 2018-ci il tarixdə Ordubad şəhərində ölmüş, bu barədə ölüm akt qeydləri kitabında 27 iyul 2018-ci il tarixdə 64 nömrə ilə qeyd edilmişdir. 418403 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 və Cavabdeh2 arasında nikah 01 fevral 1985-ci il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında 08 nömrə ilə qeyd edilmişdir. Ordubad rayon Qeydiyyat Şöbəsindən 26 sentyabr 2022-ci il tarixdə verilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, İddiaçı xx xxxxxx 1956-cı il tarixdə doğulmuş, X1, anası X3r. 2260 nömrəli, 03 noyabr 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, X5 vərəsələri X6 (ölüb), Cavabdeh3, İddiaçı, Cavabdeh4, Cavabdeh1 və X7r. 0074877 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.1882 ha torpaq sahəsi, 111.57 kv.m fərdi yaşayış evi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 22 yanvar 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı ərizəsinə cavab olaraq Ordubad rayon Notariat ofisinin 07 nömrəli, 02 iyul 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “23 may 2007-ci il tarixdə vəfat etmiş X4 ölümündən sonra miras qalmış ünvan 1 ünvanında 0.1882 ha torpaq sahəsi üzərində yerləşən 2 otaqlı fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən vərəsəlik yolu ilə çatan payı qanunla müəyyən edilmiş müddət ərzində qəbul etmədiyinizdən, Sizə vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyil, aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz xahiş olunur”. Məhkəmə iddiaçının, Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 23 may 2007-ci il tarixdə ölmüş, ondan ünvan 1 ünvanında yerləşən 0.1882 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində inşa edilmiş 111.57 kv.m sahəsi olan fərdi yaşayış evi miras qalmışdır. Miras o zaman vərəsənin mülkiyyəti sayılır ki, miras vərəsə tərəfindən qəbul edilsin. Mirasın qəbulu və mirasdan imtina qanunla müəyyən edilmiş müddətdə həyata keçirilməlidir. Belə ki, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir və vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Mərhum M.Məmmədov öldükdən sonra sözügedən miras əmlak nə qanunla müəyyən edilmiş müddətdə, nə də ki, miras əmlaka sahiblik etmək, miras əmlakı idarə etməklə qanun üzrə vərəsə İddiaçı tərəfindən qəbul edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının izahatından müəyyən edilmişdir ki, o, 1956-cı ildə doğulmuş, 1975-ci ilə qədər həmin evdə yaşamış, 1975-ci ildə ailə qurmş, ailə qurmasına baxmayaraq 1982-ci ilədək əri ilə birlikdə mübahisəli evdə, sonra isə əv evində yaşamışdır. Məmmədov Məmməd 23 may 2007-ci il tarixdə ölmüş, onun ölümündən sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamamış, həmin evdə qardaşı Nadir və ailə üzvləri yaşamışdır. Qanunla müəyyən edilmiş müddətdə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat kontoruna müraciət etməmişdir. Həmçinin mirasa sahiblik etməsini, mirası idarə etməsini təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 99-cu bəndində miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutun vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənədi, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olması qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası MM-in 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası MM-in 1145-cı maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası MM-in 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Miras 23 may 2007-ci il tarixdə faktiki olaraq açılmışdır. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, mirasin açıldığı gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras mirasın açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. İş materiallarından məlum olur ki, mərhum X8 2007-ci ildə öldükdən sonra ondan qalmış mirası İddiaçı formal, yəni notarial qaydada, qəbul etməmişdir. Mərhum M.Məmmədovdan qalmış mirasın qeyri-formal qaydada, yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə isə, məhkəmə bununla əlaqədar qeyd edir ki, həmin miras əmlak mərhum M.Məmmədovun qızı İddiaçı tərəfindən faktiki idarə edilməmişdir. İddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin rəsmləşdirilməsi ilə bağlı 18 il sonra xərc çəkməsi isə mirasın vərəsə tərəfindən qəbul edilməsi kimi qiymətləndirilə bilməz. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında şərh etmişdir ki, “miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan (miras əmlaka daxil olan) daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları tələb hüquqları) və öhdəliklər MM-in 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir. Mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi, miras açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi) vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzürlü sayarsa uzada bilər (MM-in 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunla göstərilən müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsəlik hüquqlarının həyata keçirilməsini və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübutetməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyana məxsus əmlakı faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə tərəfindən vərəsəlik hüququnun, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən iş üzrə tətbiq edilən hüquq normaları, Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şəhr edilməlidir. Burda nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəldilmişdir”. Yuxarıda göstərilənlərə əsasən Məhəkəmə belə nəticəyə gəlir ki, İddiaçı atası M.Məmmədovdan qalmış mirası qəbul etməmişdir. Məhkəmə iddiaçının miras əmlakdan payının müəyyən edilməsi barədə tələbi ilə bağlı belə nəticəyə gəlir ki, həmin hissədə də iddia təmin edilə bilməz. Belə ki, miras əmlakdan o vərəsə pay əldə edir ki, vərəsə mirası qəbul etmiş olsun. Azərbaycan Respublikası MM-nin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Məhkəmə iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində görülən işlər və evin sənədləşdirilməsi ilə bağlı çəkdiyi 15000 manat xərc tələbi ilə bağlı belə nəticəyə gəlir ki, həmin hissədə də iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəməyə mübahisəli fərdi yaşayış evində gördüyü işlər barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin tərəflər arasında əmlakın sənədləşdirilməsi üçün çəkiləcək xərclərin iddiaçıya verlməsi ilə bağlı hər hansı bir razılaşma və cavabdehlərin bununla bağlı öhdəliyi olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “X2 qalmış ünvan 1 ünvanında yerləşən əmlakın onun tərəfindən miras olaraq qəbul edilməsi faktının, ona çata payın müəyyən olunması, görülən işlərə və evin sənədləşdirilməsi üçün çəkilmiş xərc, 15000 manat məbləğində pulun alınıb ona verilməsi barədə tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar