Məhkəmə qərarları › İş №2(088)-104/2022

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №2(088)-104/2022

27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 2(088)-104/2022 27.10.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Mən, Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı, Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı 25 oktyabr 2022-ci il tarixdə Sədərək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh təqsirini sübut edən ziyan vurulması və onun hərəkətləri barədə qeyd etdiklərini nəzərə alaraq əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələblər göstərilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 149.2.3 və 149.2.5-ci maddələrinə əsasən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı qanunvericiliklə bir birindən fərqləndirildiyindən ərizəyə əlavə olunan sənədlərdən məhz hansıların iddia tələbini əsaslandıran sübutlar olduğu iddia ərizəsinin məzmununda ayrıca göstərilməlidir. İddia ərizəsi kağız daşıyıcıda verildikdə cavabdehlərin sayına görə həmin sübutların surətləri iddia ərizəsinə əlavə olunmalıdır. Həmin məcəllənin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsinə əlavə edilməlidir. Lakin, həmin pretenziya (xəbərdarlıq) məktubu iddia ərizəsinə əlavə edilməmişdir. Həmin məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilsədə həmin qəbzdə məhkəmənin adı Bakı şəhəri, Nərimanov rayon Məhkəməsi olaraq göstərildiyindən belə hesab olunur ki, dövlət rüsumu müəyyən edilmiş qaydada ödənilməmişdir. MPM-nin 149.1-ci maddəsinəgörə iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda da hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinə əlavə olunmuş 01 dekabr 2020-ci il tarixli etibarnamədən müəyyən edilir ki, mülkiyyətçi X1 Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 52, mənzil 134 xüsusi mülkiyyətinin icarəyə verilməsi ilə əlaqədar bütün səlahiyyətləri İddiaçı etibar etmişdir. Bu baxımdan İddiaçı mülkiyyətçinin adından bu etibarnamə ilə məhkəmədə hər hansı iddia qaldıra bilməz və o, mülkiyyətçinin səlahiyyətli nümayəndəsi hesab edilmir. Əlavə olaraq Azərbaycan Respublikası MPM-nin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir Həmin məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddiaçının "xxxx" ASC-nin X3 vasitəsi ilə ödənilmiş xx.xx.2022-ci il tarixli ********* saylı qəbzə əsasən ödədiyi 30 (otuz manat) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 69.1-1,149,152.1.1, 152.2, 152.3, 263, 264,267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı, Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı "xxxx" ASC-nin X3 vasitəsi ilə ödənilmiş xx.xx.2022-ci il tarixli ********* saylı qəbzə əsasən ödədiyi 30 (otuz manat) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar