Məhkəmə qərarları › İş №2(088)-33/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-33/2025

05.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-33/2025 05.03.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Sədərək rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizəsinə Sədərək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı-Sədərək rayon Dəmirçi kənd sakini 16 avqust 2006-cı il təvəllüdlü Sadiqova Zeynəb Coşqun qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs 16 avqust 2006-cı il təvəllüdlü Sadiqova Zeynəb Coşqun qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi xahişini onunla əsaslandırmışdır ki, yetkinlik yaşına çatmış qızı olan Sadiqova Zeynəb Coşqun qızı 16 avqust 2006-cı ildə Şərur rayonu Dəmirçi kəndində anadan olduğunu, Zeynəbin anadangəlmə serebral iflic, nitqi və əqli inkişaf geriliyi xəstəsi olduğunu Zeynəbi uzun müddət müalicə etsələr də. onun sağalması mümkün olmadığını, Zeynəbin səhhəti ilə əlaqədar məktəbə də gedə bilmədiyini, haliyədə Zeynəb yetkinlik yaşına çatmış olsa da onun öz hərəkətlərinə rəhbərlik edə bilmədiyini, hüquqlarının həyata keçirilməsində müəyyən çətinliklər çəkdiyini, 1-ci qrup əlil olduğunu, Zeynəbin müalicəsi ilə əlaqədar həkim yoxlamalarından keçirilməsi və hüquqlarının həyata keçirilməsi üçün başqasının köməyinə ehtiyacı olduğunu, ona görə də Zeynəbin fəaliyyət qabiliyyəti olmayan sayılmasına və üzərində qəyyumun təyin olunmasına ehtiyacı olduğunu, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmasının məhkəmə tərəfindən müəyyən olunduğunu bildirərək 16 avqust 2006-cı il təvəllüdlü Sadiqova Zeynəb Coşqun qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək göstərdi ki, 16 avqust 2006-cı il təvəllüdlü Sadiqova Zeynəb Coşqun qızı onun qızı olduğunu, qızının anadan gəlmə əlil olduğunu və özünü idarə edə bilmədiyini, bu günə kimi onun üzərində qəyyum təyin olunması ilə bağlı heç bir qərar qəbul edilmədiyini, haliyyədə Bankdan onun kartını almaq üçün onun qəyumunun olmasının tələb olunduğunu, Sədərək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etdiyini, həmin komissiyanın onu məhkəməyə yönəltdiyini, Sadiqova Zeynəb Coşqun qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlərin mövcud olduğunu, ərizəni müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Sədərək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Maraqlı şəxs2 ərizəyə etirazının olmadığını bildirərək ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdı. İş materialında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 07 fevral 2025-ci il tarixli, 56 nömrəli rəyindən görünür ki, Sadiqova Zeynəb Coşqun qızı “Dərin əqli gerilik” psixi xəstəliyindən əziyyət çəkir. Sadiqova Zeynəb Coşqun qızı öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində deyil. Sadiqova Zeynəb Coşqun qızı sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Buna görə də Sadiqova Zeynəb Coşqun qızı faaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. İş materialında olan Sədərək rayon Əhalinin Sosial Müdafiəsi mərkəzinin xx.xx.2021-ci il tarixli 043746 nöomrəli əlillik vəsiqəsindən görünür ki, Sadiqova Zeynəb Coşqun qızı anadan gəlmə əlildir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin xahişi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi Sadiqova Zeynəb Coşqun qızının öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. Sadiqova Zeynəb Coşqun qızınun fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 müvafiq rəyi vardır. Ərizəçi qızı Sadiqova Zeynəb Coşqun qızının psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizəçinin xahişi təmin edilməli, 16 avqust 2006-cı il təvəllüdlü Sadiqova Zeynəb Coşqun qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizəçinin xahişi təmin edilsin. Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan 16 avqust 2006-cı il təvəllüdlü Sadiqova Zeynəb Coşqun qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar