Məhkəmə qərarları › İş №2(089)-104/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-104/2025

11.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-104/2025 11.02.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov X1 Nəbi Hüseyn oğlunun hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Ərizəçi Culfa Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, X-12346588 rama nömrəli, X-123465-88 şassi nömrəli motosikletin mərhum atası X2 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə bildirir ki, məhkəməyə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə isə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri prosessual qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirib, ilk olaraq qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizələrə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305 və 307-ci maddələrinə əsasən xüsusi icraat qaydasında baxılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydası isə qeyd edilən Məcəllənin 307-311-ci maddələri ilə tənzimlənir ki, yalnız aşağıdakı şərtlərin hamısı birlikdə mövcud olduqda hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizələr icraata qəbul edilməlidir: - məhkəmə tərəfindən müəyyən edilməsi istənilən bu fakt fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə əsas verməli; - bununla bağlı hüquq haqqında mübahisə olmamalı; - ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməli; -qanunvericilikdə bu hüquqi faktın müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamalıdır. Ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, Ərizəçi ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə əsasən ərizədə faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 1.6-cı bəndində də qeyd edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Ərizəçi müraciətini X-12346588 rama nömrəli, X-123465-88 şassi nömrəli motosikletin mərhum atası X2 məxsus olması, motosikletin atasının adına rəsmləşdirə bilməməsi ilə əsaslandırmış, lakin motosikletin atasının adına rəsməşdiliməsinin mümkün olmamasını təsdiq edən sübutu ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda sözü gedən qərarın 1.7-ci bəndinə görə qanuna əsasən hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalıdır. Ərizəçi X-12346588 rama nömrəli, X-123465-88 şassi nömrəli motosikletin mərhum atası X2 məxsus olması faktının müəyyən edilməsini xahiş etsə də ərizəyə atasından qalmış mirasın onun tərəfindən qəbul edilməsini təsdiq edən vərəsəlik şəhadətnaməsini əlavə etməmişdir. Belə olan halda Ərizəçi belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin ərizəni nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, ərizəçi tələbinin “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” kimi qeyd etsə də, məhkəmədən “X-12346588 rama nömrəli, X-123465-88 şassi nömrəli motosikletin mərhum atası X2 məxsus olması faktının müəyyən edilməsini” xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1, 152.1.1-ci maddələrinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizəçi izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumunun geri qaytarılmalı olması nəzərdə tutulduğundan, Ərizəçi 31 yanvar 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 100 manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım : Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçi 31 yanvar 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 100 manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Ərizəçi izah edilsin ki, ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar