Məhkəmə qərarları › İş №2(089)-11/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-11/2022

18.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-11/2022 18.07.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, nümayəndəsi X2, vəkili Vəkil, Cavabdeh, mütəxəssis X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın qanunsuz sahiblikdən azad edilməsi, torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi, su xəttinin həyətdən çıxarılması, tövlənin divarından istifadəyə qadağa qoyulması, divarın sökülməsi, həmin sahədə mal-qaranın otarılmasına qadağa qoyulması, tövlənin dam örtüyünün sökülməsi” tələbinə dair mülki işə Culfa rayon İH-nin Ləkətağ kənd İƏD üzrə nümayəndəliyinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, mülkiyyətində olan 69.2 kv.m torpaq sahəsinin 4.13 metr uzunluğunda olan hissəsində cavabdeh tərəfindən inşa edilmiş toyuq hini və qarajın sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi, torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilməsi, ona məxsus olan tövlənin divarından cavabdehin istifadə etməsinə qadağa qoyulması, cavabdehin tövləsinin divarının sökülməsi, tövlənin qapı-pəncərəsinin təyinatı üzrə istifadəsinə maneənin aradan qaldırılması, balkonunun giriş qarısının önündən cavabdehə məxsus mal-qaranın aparılmasına qadağa qoyulması, tövlənin dam örtüyünün şiferinin sökülməsi, cavabdehə məxsus həyətə gedən yeraltı su xəttinin həyətindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddiaçı nümayəndəsi X2 tələbin dəyişdirilməsi barədə ərizə ilə 08 iyul 2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, tələbi dəyişdirdiyini bildirmiş, cavabdehin mülkiyyətində olan 20.44 kv.m torpaq sahəsində inşa edilmiş toyuq hininin ona aid olan tövlənin divarından istifadəsinə (tövlənin divarından toyuq hininin 4-cü divarı kimi istifadəsinə qadağa qoyulması) qadağa qoyulması, mal-heyvan saxladığı tövlənin bir divarından cavabdehin istifadəsinə qadağa qoyulması, onun tövləsinin divarının sökülməsi, ona aid olan tövlənin qapı-pncərəsinin təyinatı üzrə istifadə edilməsinə maneənin aradan qaldırılması, balkonun giriş qapısının önündən cavabdehə məxsus malqaranın aparılmasına qadağa qoyulması, cavabdehin istifadə etdiyi tövlənin qapısındakı ümumi ümumi istifadə üçün nəzərdə tutulmuş torpaq sahəsində mal-qara saxlanılmasına qadağa qoyulması, cavabdehin tövləsinin dam örtüyünün ona məxsus tövlənin dam örtüyünün şiferindən sökülərək ayrılması, cavabdehin həyətinə gedən yeraltı su xəttinin onun həyətindən çıxarılması tələbinə baxılmasını xahiş etmişdir. Məhkəmə tələbin dəyişdirilməsi barədə ərizəni qəbul etmiş, İddiaçı Cavabdeh “cavabdehin mülkiyyətində olan 20.44 kv.m torpaq sahəsində inşa edilmiş toyuq hininin ona aid olan tövlənin divarından istifadəsinə (tövlənin divarından toyuq hininin 4-cü divarı kimi istifadəsinə qadağa qoyulması) qadağa qoyulması, mal-heyvan saxladığı tövlənin bir divarından cavabdehin istifadəsinə qadağa qoyulması, onun tövləsinin divarının sökülməsi, ona aid olan tövlənin qapı-pncərəsinin təyinatı üzrə istifadə edilməsinə maneənin aradan qaldırılması, balkonun giriş qapısının önündən cavabdehə məxsus malqaranın aparılmasına qadağa qoyulması, cavabdehin istifadə etdiyi tövlənin qapısındakı ümumi ümumi istifadə üçün nəzərdə tutulmuş torpaq sahəsində mal-qara saxlanılmasına qadağa qoyulması, cavabdehin tövləsinin dam örtüyünün ona məxsus tövlənin dam örtüyünün şiferindən sökülərək ayrılması, cavabdehin həyətinə gedən yeraltı su xəttinin onun həyətindən çıxarılması” tələbinə baxılmışdır. 18 iyul 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət etmiş, iddiasından imtina etdiyini bildirmiş, iddiadan imtinanın qəbul edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə barışmışlar. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi H.Gəncəliyev, Vəkil iddiaçının iddiadan imtinasının qəbul edilməsini, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddiaçı ilə barışdıqlarını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın qanunsuz sahiblikdən azad edilməsi, torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi, su xəttinin həyətdən çıxarılması, tövlənin divarından istifadəyə qadağa qoyulması, divarın sökülməsi, həmin sahədə mal-qaranın otarılmasına qadağa qoyulması, tövlənin dam örtüyünün sökülməsi” tələbinə dair iddiasından imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın qanunsuz sahiblikdən azad edilməsi, torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi, su xəttinin həyətdən çıxarılması, tövlənin divarından istifadəyə qadağa qoyulması, divarın sökülməsi, həmin sahədə mal-qaranın otarılmasına qadağa qoyulması, tövlənin dam örtüyünün sökülməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. 07 sentyabr 2021-ci il tarixdə 29338 nömrəli qəbzlə İddiaçı tərəfindən Kapital Bank ASC Naxçıvan filialına 10 manat məbləğində ödənilmiş dövlət rüsumu ona qaytarılsın. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar