Məhkəmə qərarları › İş №2(089)-13/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-13/2021

22.01.2021 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-13/2021 22.01.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi, ərizəçinin vəkili X8, maraqlı şəxs Culfa rayon Dövlət Notariat Ofisinin Dövlət notariusu X12, Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi notariat hərəkətlərindən şikayətə dair ərizəsi üzrə mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Məhkəməyə müraciət etmiş, X1 miras qalmış əmlakdan imtina etməsinə dair xx xxxxxx 2020-ci il tarixli ərizəsi üzrə Culfa rayon Dövlət Notariat Ofisində aparılmış notariat hərəkətinin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, xx xxxx 1962-ci ildə Culfa rayonunun Milax kəndində doğulmuş, hazırda da Milax kəndində yaşayır. X4 xx xxxxxxxx 2007-ci il tarixdə Culfa rayonunun Milax kəndində ölmüşdür. X2 mülkiyyətində olan, Culfa rayon Milax kəndində yerləşən 0.3552 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaq, 1 balkondan ibarət olan fərdi yaşayış evi, Culfa Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə verilmiş (104 B və 104 C nömrəli torpaq sahələri) 0.14 ha torpaq sahəsi miras qalmışdır. Həmçinin atası H.Novruzovun mülkiyyətində olan təxminən 800 kv.m torpaq sahəsi 2016-cı ildə Milax kəndində aparılan yenidənqurma, abadlıq işləri ilə əlaqədar başqa ərazidə yerləşən 1300 kv.m torpaq sahəsi ilə əvəzləşdirilmiş, bu barədə Milax kənd bələdiyyəsi xx xxxx 2016-cı il tarixdə 9 nömrəli qərar qəbul etmişdir. Atasının vəfatından sonra həmin torpaq sahələrindən istifadə etmiş, becərmiş, mirası faktiki olaraq qəbul etmişdir. Qardaşları və bacıları Milax kəndində yaşamırlar. Atasından miras qalmış torpaq sahələrindən özü istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdən isə torpaq sahəsinin yarısından istifadə etmir. 2020-ci ilin yanvar ayının təxminən 5-də qardaşı Səyyubla atasından miras qalmış, üzərində yaşayış evi inşa edilmiş torpaq sahəsi və yaşayış evinin Səyyubun, Culfa rayon Milax kənd Bələdiyyəsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə verilmiş 1300 kv.m torpaq sahəsinin onun mülkiyyətinə keçməsi barədə razılaşmışlar. xx xxxxxx 2020-ci il tarixdə qardaşı Maraqlı şəxs2la birlikdə Maraqlı şəxs1nə gəlmiş, Culfa rayon Milax kəndində yerləşən, atasının mülkiyyətində olan evin və evin yerləşdiyi torpaq sahəsinin qardaşı Səyyubun xeyrinə imtina etməsini bildirmiş, ərizəni notariat ofisinin əməkdaşı yazmış, ərizənin məzmunu ona oxunmamış, torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə qeyd edilən torpaq sahələrindən ona çatan paydan imtina etmədiyini bildirmişdir. Özü tərəfindən yazılmamış ərizə notarus S.Əmirov tərəfindən ona oxunmamış, ərizənin mahiyyəti ona izah edilməmiş, sadəcə ərizəyə imza etmiş, Səbuhi Əmirov onun imzasını təsdiq etmiş, ona “hər şey əlindən çıxdı” demişdir. Miras əmlakdan ona çatan paydan imtina ərizəsini qardaşı Səyyubla razılaşdığı üçün yazmış, ərizə yazılandan sonra qardaşı Səyyub razılaşdıqları kimi hərəkət etməmiş, 1300 kv.m torpaq sahəsini ona verməyəcəyini bildirmişdir. Ərizəçi izahatında onu da bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə yazılmış mirasdan imtina barədə ərizəsində qeyd edilənlər onun iradəsinin ifadəsi deyil. Ərizədə qeyd edilənlər notariat kontorunda işləyən xanım tərəfindən yazılmış, ərizəni imza etmişdir. Həmçinin atası H.Novruzovun ölümündən 13 il sonra mirasdan imtina barədə yazılmış ərizədə onun tərəfindən edilmiş imzanın həqiqiliyi notarius tərəfindən təsdiq edilməməli idi. X1 miras qalmış əmlakdan imtina etməsinə dair xx xxxxxx 2020-ci il tarixli ərizəsi üzrə Culfa rayon Dövlət Notariat Ofisində aparılmış notariat hərəkətinin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin vəkili X8 ərizəni müdafiə etmiş, ərizənin əsaslı olduğunu bildirmiş, Ərizəçi X1 miras qalmış əmlakdan imtina etməsinə dair xx xxxxxx 2020-ci il tarixli, 8İ-13 reyestr nömrəsi ilə qeydiyyata alınmış ərizəsi üzrə Culfa rayon Dövlət Notariat Ofisində aparılmış notariat hərəkətinin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Culfa rayon Dövlət notariat ofisinin Dövlət notariusu X12 izahatında bildirmişdir ki, ərizə əsassızdır. Belə ki, Ərizəçi xx xxxxxx 2020-ci il tarixdə X1 miras qalmış əmlakdan imtina etmiş, bu barədə notariat ofisində ərizə yazılmış, ərizə Ərizəçi oxunmuş, nəticəsi ona izah edilmiş, Ərizəçi ərizəni imzalamış, imzanın həqiqiliyi təsdiq edilmiş və 8İ-13 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Culfa rayon Dövlət Notariat Ofisində aparılmış notariat hərəkəti əsaslıdır, qanunun tələblərinə uyğundur, ərizənin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs2 izahatında bildirmişdir ki, ərizə əsassızdır. Culfa rayon Dövlət Notariat Ofisində xx xxxxxx 2020-ci il tarixdə aparılmış notariat hərəkəti əsaslıdır. Ərizənin rədd edilməsini xahiş edir. İş materiallarında olan- 163370 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxx 1962-ci il tarixdə doğulmuş, X4, anası X9r. 117372 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətndən görünür ki, X11 xx xxxxxxxx 2007-ci tarixdə ölmüş, bu barədə ölüm akt qeydləri kitabında xx xxxxxx 2007-ci il tarixdə 06 nömrə ilə qeyd edilmişdir. JN-104B və 104C nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Culfa Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1997ci il tarixli, 13 nömrəli qərarı ilə 0.12 ha və 0.02 ha həyətyanı torpaq sahələri X11 və X6 mülkiyyətinə verilmişdir. 0024628 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Culfa rayonunun Milax kəndində 0.3552 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 76.26 kv.m sahəsi olan fərdi yaşayış evi **********27-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx xxxx 2012-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır. xx xxxxxx 2020-ci il tarixdə Ərizəçi tərəfindən imza edilmiş, Culfa rayon Dövlət notariat ofisinin dövlət notariusu tərəfindən təsdiq edilmiş, 8İ-13 reyestr nömrəsi ilə qeydiyyata alınmış ərizədə qeyd edilmişdir ki, “Bildirirəm ki, mərhum atam X11 xx.xx.2007-ci il də vəfat edibdir. Onun ölümündən sonra miras qalmış vərəsəlik yolu ilə mənə çatan payı qəbul etməmişəm, etmək niyyətində deyiləm. Həmin miras əmlakdan vərəsəlik yolu ilə mənə çatan paydan imtina edirəm. Gələcəkdə mirasın qəbulu üçün ötürülmüş müddətin bərpası ilə bağlı heç bir mülki iddia və tələbim olmayacaq”. Məhkəmə ərizəçinin, vəkilin, maraqlı şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X11 xx xxxxxxxx 2007-ci il tarixdə Culfa rayonunun Milax kəndində ölmüş, H.Novruzovdan Culfa rayon Milax kəndində 0.3552 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 3 otaq, 1 balkondan ibarət olan fərdi yaşayış evi, Culfa Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1997-ci il, 13 nömrəli qərarı ilə verilmiş (104 B və 104 C nömrəli torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamələr) 0.14 ha torpaq sahələri miras qalmışdır. X7 vərəsəsi Ərizəçi xx xxxxxx 2020-ci il tarixdə Culfa rayon Dövlət notariat ofisinə müraciət etmiş, miras əmlakdan ona çatan paydan imtina etmiş, notariat ofisinin notariusu Ərizəçi ərizədə olan imzasının həqiqiliyini təsdiq etmişdir. Ərizəçi notariat hərəkətinin qanunsuz hesab edilməsi barədə məhkəməyə müaciət etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, X1 miras qalmış əmlakdan imtina etməsi barədə ərizədə qeyd edilənlər onun iradəsinin ifadəsi deyil. Notariat ofisinin əməkdaşı istədiyi kimi ərizəni yazmış, ərizə ona oxunmamış, özü ərizəni oxumamış, hüquqi nəticələr ona izah edilməmişdir. Həmçinin atasının ölümündən 13 il sonra mirasdan imtina barədə yazılmış, onun tərəfindən imzalanmış ərizədə olan imzanın həqiqliyi notarius tərəfindən təsdiq edilməməli idi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.8-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işlərə baxır. Məhkəmə ərizəni təmin edərkən aşağıda göstərilən maddi hüquq normaları baxımından da gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin- 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Göstərilən hüquq normalarının məzmunundan belə nəticəyə gəlmək olar ki, miras o zaman vərəsənin mülkiyyəti sayılır ki, miras vərəsə tərəfindən qəbul edilsin. Mirasın qəbulu və mirasdan imtina qanunla müəyyən edilmiş müddətdə həyata keçirilməlidir. Belə ki, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir və vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Yəni vərəsə Ərizəçi vərəsəliyə çağrıldığını bilməli olduğu gündən, xx xxxxxxxx 2007-ci il tarixdən sonra üç ay ərzində, xx xxxxxx 2007-ci il tarixədər mirasdan imtina edə bilərdi. Qanunun normasının mənasından belə nəticəyə gəlmək olar ki, Ərizəçi xx xxxxxx 2007-ci il tarixdən sonra mirasdan imtina edə bilməzdi. Belə olan halda xx xxxxxx 2020-ci il tarixdə mirasdan imtina edən Ərizəçi ərizəsi qəbul edilməməli, həmin ərizədə olan imzasının həqiqiliyi Culfa rayon Dövlət notariat ofisinin notariusu tərəfindən təsdiq edilməməli idi. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən notarius və ya müvafiq icra hakimiyyəti orqanı qanuna zidd və əqdin şərhindən ibarət olmayan, eləcə də özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirməyən sənədlərdə imzanın həqiqiliyini təsdiq edir. Həmçinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimat”ın 98-ci bəndində qeyd edilmişdir ki, mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələr yazılı formada olmalıdır. Bu ərizələrdə vərəsənin imzasının həqiqiliyi notariat hərəkətləri aparan orqan tərəfindən təsdiq edilməlidir. Təlimatın 35-ci maddəsində qeyd edilmişdir ki, notarius, əgər notariat hərəkətlərinin aparılması qanuna ziddirsə, ..., notariat hərəkətlərini aparmaqdan imtina edir. Təlimatın 128-ci maddəsində isə qeyd edilmişdir ki, notarius qanuna zidd və əqdin şərhindən ibarət olmayan, eləcə də özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirməyən sənədlərdə imzanın həqiqiliyini təsdiq edir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsindən və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimat”ın qeyd edilmiş bəndlərindən də göründüyü kimi, notarius, əgər notariat hərəkətlərinin aparılması qanuna ziddirsə notariat hərəkətlərinin aparılmasından imtina edir, həmçinin notarius qanuna zidd olmayan sənədlərdə imzanın həqiqiliyini təsdiq edir. xx xxxxxx 2020-ci il tarixdə Culfa rayon Dövlət notariat ofisində Ərizəçi mirasdan imtina barədə ərizəsində imzanın həqiqiliyinin təsdiq edilməsi ilə bağlı 8İ-13 reyestr nömrəsi ilə qeydiyyata alınmış notariat hərəkəti aparılmışdır. Göstərilənlərdən məhkəmə belə nəticəyə gəlir ki, Culfa rayon Dövlət notariat ofisində 8İ-13 reyestr nömrəsi ilə qeydiyyata alınmış Ərizəçi mirasdan imtina barədə ərizəsi qanuna ziddir. Ərizəçi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsəliyə çağırıldığını bilməli olduğu gündən, yəni xx xxxxxxxx 2007-ci il tarixdən üç ay ərzində mirasın qəbulundan imtina etməli idi. Ərizəçi 13 il sonra mirasdan imtina etməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə zidd olduğundan, Culfa rayon Dövlət notariat ofisində xx xxxxxx 2020-ci il tarixdə qanuna zidd sənəddə olan imzanın həqiqiliyinin təsdiq edilməsindən imtina etməli olduğu halda notariat hərəkəti aparmışdır. Belə olan halda xx xxxxxx 2020-ci ildə 8İ-13 reyestr nömrəsi ilə qeydiyyata alınmış notariat hərəkəti qanuna zidd hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Culfa rayon Dövlət Notariat Ofisinin Ərizəçi X5 miras qalmış əmlakdan imtinasina dair xx xxxxxx 2020-ci il tarixli, 8İ-13 reyestr nömrəsi ilə qeydiyyata alınmış ərizəsində imzanın həqiqiliyinin təsdiq edilməsi barədə aparılmış notariat hərəkəti qanuna zidd hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi halda qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar