Məhkəmə qərarları › İş №2(089)-155/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-155/2021

02.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-155/2021 02.07.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Mən hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçı Cavabdeh qarşı alqı-satqı müqqviləsinin etibarsız hesab edilməsi, ½ payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqqviləsinin etibarsız hesab edilməsi, ½ payın müəyyən edilməsi tələbi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinin tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyil. Belə ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmiş, həmçinin iddia ərizəsinə sənədlərin əsli və ya təsdiq edilmiş surəti deyil, sənədlərin surəti əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.2-ci maddəsinə əsasən iddianın qiyməti əmlakın tələb edilməsi haqqındakı iddialarda tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilir. İddia ərizəsinə əlavə adilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı iki ədəd nəqliyyat vasitəsində ½ payının müəyyən edilməsini xahiş etmişdir ki, həmin nəqliyyat vasitələrində iddiaçının payının dəyərinin 500 manatdan az olması mümkün deyil. Belə olan halda hesab edirəm ki, iddiaçı iddia qaldırarkən dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəməli idi. İddia ərizəsinə əlavə edilmiş 21 iyun 2021-ci il tarixli, 5825 nömrəli qəbzdən müəyyən olunur ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 20 manat dövlət rüsumu ödəmişdir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Lakin iddia ərizəsinə sənədlərin əsli və ya təsdiq edilmiş surəti deyil, sənədlərin surəti əlavə edilmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddələrinə əsasən iddia ərizəsində dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi geri qaytarıldığından, hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır Göstərilənlərə əsasən belə nəticəyə gəlirəm ki, qeyd olunan iddia ərizəsinin icraata götürülməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir, geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqqviləsinin etibarsız hesab edilməsi, ½ payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən 21 iyun 2021-ci il tarixli, 5825 nömrəli qəbzlə Kapital Bank ASCnin Naxçıvan filialına (Naxçıvan MR Maliyyə nazirliyinin hesabına) ödənilmiş 20 manat dövlət rüsumu Ü.Qulliyevaya qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar