Məhkəmə qərarları › İş №2(089)-2/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-2/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-2/2021 28.07.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 15.933 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə qətnamənin tam icra ediləcəyi günədək əsas borcun illik 10%-i miqdarında pul məbləğinin və 31 manat ödənilmiş dövlət rüsumunu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin idarə heyətinin sədri iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh (alıcı) ilə İddiaçı MMC (satıcı) arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, müəyyən edilmiş şərtlər əsasında malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öhdəsinə götürür. Tərəflərindən üzərlərinə götürdükləri öhdəliklər tamamilə icra olunmuş, Cavabdeh aldığı malların dəyərini ödəməmiş, nəticədə 15.933 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. 04.03.2017-ci il tarixdə tərtib edilmiş üzləşdirmə aktına əsasən Cavabdeh müəssisəyə 15.933 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddələrinə əsasən; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin nisyə satılmış əşyanın ödənilməsinə aid 600-cü maddəsinə əsasən: 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda satıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günün qüvvədə olmuş qiyəmətlər üzrə həyata keçirilir, Nisiyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, ona qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama kimi hərəkətləri etməklə özgəsinin pul vəsaitindən faydalanır. Qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsi də faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olunduğunu nəzərə alaraq Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım bəhər, törəmə şəkilində və başqa formalarda ola bilər. Bu baxımdan Mülki Məcəllənin ‘öhdəlikərin icra olunmamasına görə - məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və qanunsuz istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkətlər (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Cavabdeh müəssisənin tikinti materiallarını sataraq gəlir əldə etməsi, müəssisənin pul vəsaitini özündə saxlamaqla və qanunsuz olaraq qaytarmaqdan yayınmaqla müəssisənin pul vəsaitindən faydalanmışdır. Halbuki həmin vəsaiti müəssisə istifadə etmiş olsaydı ən sadə misalda bank əmanəti faizi ilə məbləğin illik 10%-i miqdarında gəlir əldə edəcəkdi. Odur ki, əldən çıxmış fayda əsası ilə borc məbləğinin 10%-i də qətnamənin tam icra ediləcəyi günədək cavabdehdən tutulmalıdır. Mülki iş üzrə məhkəmə baxışı iclası dəfələrlə digər səbələrdən, həmçinin iddiaçı Fortis Group MMC-in nümayəndəsinin vəsatəti ilə təxirə salınmışdır. Fortis Group MMC-in nümayəndəsi X3 vəsatətlərində pandemiya ilə bağlı təyyarə biletinin alınmasının mümkün olmamasını, məhkəmə iclasında iştirak etmək istədiklərini bildirmişdir. Culfa Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(089)-88/2020 nömrəli qərardadı ilə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinə tapşırıq göndərilmiş, tapşırıqda iddiaçı Fortis Group MMC-in nümayəndəsi X2 və Cavabdeh məhkəməyə dəvət edilməsi, tələblə bağlı izahatlarının alınması, iddiaçının nümayəndəsinə, cavabdehə zəruri əlavə sübutların təqdim edilməsinin təklif olunması qeyd edilmişdir. İddiaçının nümayəndəsi Ə.Bağırov 17 noyabr 2020-ci il tarixdə verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında “online LOGO” proqramından təqdim edilmiş çıxarışa əsəsən 14 may 2016-cı il tarixdən 04 sentyabr 2017-ci il tarixədək alqı-satqı münasibətləri mövcud olmuş, cavabdeh tərəfindən 04 sentyabr 2017-ci il tarixdə 130 manat ödəniş edilmiş, qalıq borc 15837.87 manat qalmışdır. Çıxarışda təqdim edilən malların alınma tarixi, qiyməti, edilən ödənişlər və qalıq borc qeyd edilmişdir. Ədalətli məhkəmə qətnaməsinin çıxarılmasını xahiş edir. Cavabdeh iddianı qəbul etməmiş, 17 noyabr 2020-ci il tarixdə verdiyi izahatında bildirmişdir ki, Fortis Group adlı MMC-ni tanımır, həmin cəmiyyətlə aralarında alqı-satqı müqaviləsi olmamış, təhvil-təslim aktı imzalanmamış, aralarında üzləşmə aktı olmamışdır. Üzləşmə aktı saxtadır. Üzləşmə aktında onun yaşayış ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi qeyd edilməmişdir. İddianın rədd edilməsini xahiş edir. 28 iyul 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsinə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət etmiş, təyyarə biletlərinin məhdud sayda olması səbəbilə məhkəmə iclasında iştirakı mümkün deyil. Səbəbin üzrlü hesab edilməsini, işə iştirakı olmadan baxılmasını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. 28 iyul 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxmışdır. İş materiallarında olan- İddiaçı MMC-nin nizamnaməsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı MMC nizamnaməsində nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsi məqsədi ilə ticarət-kommersiya, tikinti materiallarının alqı-satqısı və istehsalı, xalq istehlakı mallarının istehsalı, təmir-quraşdırma işlərinin görülməsi, müxtəlif növ istehsal sexlərinin istismarı fəaliyyət növlərini həyata keçirir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, “Fortis Group» Məhdud Məsuliyyətli Cəmiyyəti kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınmışdır. 01.01.2016-31.12.2016-cı il tarixləri aralığında 62.01.449 nömrəli, 16 noyabr 2020ci il tarixli cari hesab ekstrasından (İİ cild, səh 96) müəyyən olunur ki, Cavabdeh 14 may 2016-cı il tarixdən 30 iyul 2016-cı il tarixədək topdan satış fakturalarına əsasən 21.097.50 manat dəyərində mal almış, 4.811.63 manat ödəniş etmiş, 16.285.87 manat qalıq qalmışdır. 01.01.2017-31.12.2017-ci il tarixləri aralığında 62.01.449 nömrəli, 16 noyabr 2020ci il tarixli cari hesab ekstrasından (İİ cild, səh 95) müəyyən olunur ki, Cavabdeh 01 yanvar 2017-ci il tarixdə 300 manat, 04 sentyabr 2017-ci il tarixdə 150 manat ödəniş etmiş, 15.835.87 manat qalıq qalmışdır. 04 mart 2017-ci il tarixli (İ cild, səh 70) üzləşdirmə aktından görünür ki, cavabdehin 04 mart 2017-ci il tarixə 15.933 manat məbləğində ödənilməmiş borcu var. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2021-ci il tarixli, 4/481 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “Ekspertizaya təqdim eilmiş 2(089)-02/2021 nömrəli mülki işin 1-ci cildinin 70-ci vərəqindəki “X7” MMC ilə Cavabdeh adlarından olan 04 mart 2017-ci il tarixli üzləşdirmə aktında “Müştəri” qrafasında “Qalıq kredit borc” yazılarından aşağıdakı “15 933” və “On beş min doqquz yüz otuz üç” əlyazmaları və həmin üzrləşdirmə aktının aşağı sağ küncündə “Müştəri tərəfindən” hissəsində “İmza” qrafasındakı “Cavabdeh” əlyazmaları onun qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur”. ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxx 1989-cu il tarixdə Culfa rayonunun Kırna kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını, təqdim edilmiş sübutları araşdıraraq və onlara qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilənlərlə əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh və iddiaçı təşkilat Fortis Group MMC-nin əməkdaşı A.Kammalı arasında 04 mart 2017-ci il tarixdə üzləşmə aktı imzalanmış, cavabdeh 04 mart 2017-ci il tarixə Fortis Group MMC-yə 15933 manat məbləğində borcunun olmasını etiraf etmişdir. S.X6 MMC-yə 15.835.87 manat borcunun olması həmçinin 16 noyabr 2020-ci il tarixli cari hesab ekstrasında göstərilənlərlə təsdiqini tapır. Cavabdeh üzləşmə aktında qeyd edilmiş borc məbləğini isə iddiaçıya ödəməmiş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 15933 manat borcun cavabdehdən alınması barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib, müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisiyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı- satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmişdir. Hazırkı işdə öhdəliyin yaranma əsası kimi borcun etirafı ilə bağlı cavabdeh tərəfindən yazılmış üzləşmə aktına istinad edildiyindən, məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır. Çünki, cavabdeh iddiaçı qarşısında 15933 manat məbləğində borclandığını etiraf etmiş, lakin borc məbləğini iddiaçıya ödəməmişdir. Göründüyü kimi, cavabdehin mövcud borcunu etiraf etməsi, iddiaçı və cavabdeh arasında etibarlı hüquq münasibətinin və sonuncudan qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Başqa sözlə, borc etiraf edildiyindən, həmin borcun olmamasına istinad edilməsi yolverilməzdir. İddiaçı təşkilatın məhkəməyə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin təqdim edilməməsi isə cavabdehin etiraf etdiyi borc məbləğini iddiaçıya ödəməkdən azad etmir. Belə ki, Mülki Məcəllənin 882.1-ci və 882.2-ci maddələrinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Mülki Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçı Fortis Group MMC-yə 15933 manat borcunun olması sübuta yetir, ona görə də Cavabdeh 15933 manat alınıb iddiaçı Fortis Group MMC-yə ödənilməlidir. Cavabdehin Fortis Group MMCyə 15933 manat borcunun olması həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2021-ci il tarixli, 4/481 nömrəli ekspert rəyində qeyd edilənlərlə, yəni 04 mart 2017-ci il tarixli üzləşdirə aktında “Müştəri” qrafasında “Qalıq kredit borc” yazılarından aşağıdakı “15 933” və “On beş min doqquz yüz otuz üç” əlyazmaları və həmin üzrləşdirmə aktının aşağı sağ küncündə “Müştəri tərəfindən” hissəsində “İmza” qrafasındakı “Cavabdeh” əlyazmalarının Cavabdeh tərəfindən icra olunması ilə də öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla, icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəllənin 449-cu maddəsinə əsaslanmaqla iddia ərizəsində cavabdehdən əldən çıxmış faydaya görə qətnamənin tam icra ediləcəyi günədək əsas borcun illik 10%-i miqdarında pulun alınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının borc məbləğinin gecikdirilməsinə görə cavabdehdən əldən çıxmış faydaya görə qətnamənin tam icra ediləcəyi günədək əsas borcun illik 10%-i miqdarında pul tələbi ilə bağlı belə nəticəyə gəlir ki, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Mülki Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MM-in 339.3, 339.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, MM-in 449.1-ci maddəsinə müvafiq olaraq (Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit edilmiş beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ Mülki Məcəllənin 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Beləliklə qanunvericiliyin və Konstitusiya Məhkəməsinin qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq iddiaçı onun pulunun qanunsuz olaraq borclu tərəfindən saxlanılması nəticəsində borc vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut edə bildikdə həmin zərəri Mülki Məcəllənin 21.2 və 449.3-cü maddəsinə əsasən borcludan tələb edə bilər. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçı bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməməli, Cavabdeh 15.933 manat məbləğində pul alınıb İddiaçı MMC-nin hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin məhkəmə xərclərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan 03 may 2019-cu il tarixli, ********* nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 24.27 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 5.73 manat isə iddiaçıya aid edilməlidir. Məhkəmə ekspertizanının keçirilməsi üçün çəkilmiş 140 manat xərclə bağlı belə nəticəyə gəlir ki, ekspertiza xərci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən işdə iştirak edən şəxslərə aid edilməli, iddia qismən təmin edildiyindən 140 manat məbləğində ekspertiza xərcinin 26.74 manat hissəsi iddiaçıdan, 113.26 manat isə cavabdehdən alınmalı, Dövlət xəzinədarlığı agentliyinin AZ41NABZ******************** nömrəli hesabına köçürülməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15.933 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumunun 24.27 manat hissəsi alınıb İddiaçı MMC-nin xeyrinə ödənilsin. 30 manat ödənilmiş dövlət rüsumunun 5.73 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. 140 manat məbləğində aparılmış ekspertiza tədqiqatının dəyərinin 26.74 manat hissəsi İddiaçı MMC-dən, 113.26 manat hissəsi isə Cavabdeh alınıb Dövlət xəzinədarlığı agentliyinin AZ41NABZ******************** nömrəli hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar