Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-21/2024 26.01.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ İş № 2(089)-21/2024 Surər Azərbaycan Respublikası adından QƏTNAMƏ 26 yanvar 2024-cü il Culfa şəhərində Culfa Rayon Məhkəməsi Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X10 iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh6 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı mirasın faktiki qəbulu faktının və payın müəyyən edilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı mirasın qəbul edilməsi və mirasdan payın müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 14 iyul 2020-ci il tarixdə ölmüş X1ndan miras qalmış ünvan 1 ünvanında yerləşən 16 nömrəli mənzilin ½ hissəsinin onun tərəfindən qəbul edilməsi faktının və miras əmlakdan ½ payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi İddiaçı ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən 4 otaqlı mənzil valideyinləri, X1 və anası Cavabdeh6 tərəfindən birgə nikah dövründə əldə edilmiş, onların həmin əmlak üzərində mülkiyyət hüquqları Naxçıvan MR Daşınmaz Əmlak və X23 Dövlət Xidmətində qeydiyyata alınmışdır. X1 14 iyul 2020-ci il tarixdə ölmüşdür. Atasının vərəsələri özü, arvadı Cavabdeh6, qızı Cavabdeh5, qızı Cavabdeh4, qızı Cavabdeh3, oğlu Cavabdeh2, qızı Cavabdeh1dır. Atasının sağlığında bacıları və qardaşı ailə qurmuş, həmin mənzildən köçmüş, başqa ünvanlarda yaşayırlar. Mənzildə atası, anası və özü yaşamışdır. Atasının vəfatından sonra isə mənzildə anasə və özü yaşamış, başqa bacıları və qardaşı yaşamamışdır. Mirası, yəni X1ndan qalmış ünvan 1 ünvanında yerləşən 16 nömrəli mənzilin ½ hissəsini qəbul etmiş, mirasa sahiblik etmişdir. Hesab edir ki, həmin əmlakda onun ½ payı müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh6 izahatında bildirmişdir ki, əri mərhum X11 14 iyul 2020-ci il tarixdə ölmüşdür. X4 ölümündən sonra mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 16 nömrəli mənzilin 1/2 hissəsi miras qalmışdır. Mənzil 4 otaqdan ibarətdir. Əri T.Allahverdiyev 14 iyul 2020-ci il tarixdə öldükdən sonra mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində notariat ofisinə ərizə ilə müraciət etməmişdir. Culfa rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(089)-73/2023 nörəli qətnaməsi ilə mirası qəbul etməsi faktı müəyyən edilmişdir. T.Allahverdiyev öldükdən sonra həmin mənzildə özü, oğlu Cavabdeh2 və qızı İddiaçı yaşamışdır. Digər vərəsələr miras açılanadək ailə qurmuş, başqa ünvanlarda yaşamış, mirası qəbul etməmişlər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, 1975-ci ildə Culfa şəhərində doğulmuş, valideynlərinə məxsus olan ünvan 1 ünvanında yerləşən 16 nömrəli mənzildə yaşamış, hazırda da həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Mənzildə onunla bərabər anası Səkinə, bacısı Kəmalə də yaşayır. İddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlməməyin səbəbi və ya mümkünsüzlüyü barədə məhkəməyə bildirməmiş, Cavabdeh4 ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianın təmin olunmasına etirazının olmamasını bildirmişdir. Məhkəmə mülki işə Cavabdeh4 və Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh5, X13 və Cavabdeh1 iştirakı olmadan baxmışdır. İş materiallarında olan- Culfa Rayon Qeydiyyat Şöbəsindən verilmiş nikah akt qeydindən çıxarışdan görünür ki, X11 və Cavabdeh6 arasında nikah 21 mart 1967-ci il tarixdə bağlanmışdır. ölüm akt qeydindən çıxarışdan görünür ki, X11 14 iyul 2020-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 22 iyul 2020-ci il tarixdə 76 nömrə ilə qeyd edilmişdir. 914 nömrəli, 04 aprel 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X4 vərəsələri arvadı Cavabdeh6, qızı İddiaçı, qızı X12, qızı X5, qızı X6, oğlu Cavabdeh2, qızı X3r. Culfa Rayon Qeydiyyat Şöbəsindən verilmiş doğum akt qeydlərindən çıxarışlardan görünür ki, xx xxx 1970-ci il tarixdə doğulmuş X12, xx xxxxxx 1979-cu il tarixdə doğulmuş X7, 04 may 1972-ci il tarixdə doğulmuş X9, xx xxxxxx 1975-ci ildə tarixdə doğulmuş Cavabdeh2, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1968-ci il tarixdə doğulmuş İddiaçı X1dur. 878 nömrəli, 21 mart 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı həqiqətən də ünvan 1, mənzil 16 ünvanında qeydiyyatdadır, 1983-cü ildən həmin mənzildə yaşayır. Naxçıvan MR Daşınmaz Əmlak və X23 dövlət xidmətindən verilmiş 04 aprel 2023cü il tarixli, 110 nömrəli arayışda qeyd edilmişdir ki, ünvan 5 ünvanında ümumi sahəsi 87.64 kv.m, yaşayış sahəsi 50.2 kv.m olan 4 otaqlı mənzilə 03 oktyabr 2022-ci il tarixdə Naxçıvan MR daşınmaz əmlakın dövlət reyestrində X11 ½ hissədə, Cavabdeh6 ½ hissədə mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı ərizəsinə cavab olaraq Culfa rayon notariat ofisinin notariusunun 52 nömrəli, 21 avqust 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Mərhum atanız X2 miras qalmış ünvan 6 ünvanında yerləşən mənzilin 1/2 hissəsinə dair sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı tərəfinizdən Culfa rayon Notariat Ofisinə müraciət daxil olmuşdur. Ərizəyə əlavə edilmiş ölüm haqqında şəhadətnaməyə əsasən mərhumun xx.xx.2020-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Lakin Culfa Rayon Notariat Ofisinə həmin əmlakın ½ payının faktiki olaraq qəbul edilməsi ilə bağlı ərizə ilə müraciət etmədiyinizdən sizə çatan paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyil, aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz.” Məhkəmə iddiaçının, cavabdehlərin izahatını dinləyib, Cavabdeh4 ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə ilk növbədə iddiaçının mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi ilə bağlı bildirir ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, baxılan iş üzrə iddia tələbi iki hissədən ibarətdir-mirasın qəbulu ilə bağlı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, mirasdan çatan payın müəyyən olunması tələbi. Tələbin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi hissəsi ilə bağlı qeyd olunmalıdır ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü təsbit olunmuşdur. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır. Mülki prosessual qanunvericilikdə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən mirasın qəbul edilmə faktının müəyyən olunması mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir. Bununla da qanunverici hüquq tətbiqedici orqanlar üçün müəyyən olunması çətinlik yaradan mübahisəsiz faktların daha sadə yolla məhkəmə qaydasında təsbit olunmasına şərait yaratmaqla həm maraqlı şəxslərin, həm də dövlət orqanlarının işini asanlaşdırmış olur. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa Mülki Prosessual Məcəllənin 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur. Lakin istinad olunan maddələr bu zaman iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olduğu kimi başa düşülməməlidir. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn əldə olunması (məsələn miras payının müəyyən olunması və.s) barədə tələb irəli sürməli və məhkəmədə işə həmin tələb (icraat) çərçivəsində baxılarkən iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməlidir. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri). Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, hüquq barədə mübahisə olduğu halda hər hansı hüquqi faktın müəyyən edilməsi barədə məsələyə xüsusi icraat qaydasında baxılması istisna edildiyi üçün həmin hüquqi fakt iddia icraatı qaydasında irəli sürülən tələbin əsasını təşkil edən hüquqi fakta və ya faktlardan birinə çevrilmiş olur. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı isə öz tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməli, həyata keçirilən icraat nəticəsində işin həmin halı müəyyən edildiyi və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu halda isə iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır. Əks yanaşma yuxarıda sadalanan mülki prosessual normalara uyğun olmamaqla, istənilən faktın (işin halının) müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil iddia tələbinin irəli sürülməsinin mümkün olması mənasını verə bilər. Halbuki belə bir yanaşma mülki işlər üzrə məhkəmə icraatının məqsəd və vəzifələrinə ziddir. Məhkəmə MPM-in yuxarıda sadalanan müddəalarına əsasən hesab edir ki, hüquq barəsində mübahisə olduğu hallarda dairəsi MPM-in 307-ci maddəsində göstərilmiş hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir. Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1- ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan tələblərinə baxmayaraq iş materiallarından da göründüyü kimi iş üzrə iddiaçı iddia icraatı qaydasında məhkəməyə müraciət edərkən ilk öncə mirasın qəbul edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktın müəyyən olunmasını və bununla yanaşı digər tələbi, mirasdan çatan payın müəyyən olunması barədə qərar qəbul olunmasını da xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən iddia qaldırılarkən mirasın qəbulu ilə bağlı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinin müstəqil tələb şəkildə qaldırılmadığını və bu tələblə bərabər digər bir tələbin də olduğunu, mirasdan payın müəyyən edilməsi tələbinin isə iddia icraatı qaydasında baxılmalı olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, yuxarıda sadalanan mövqe baxımından iddiaçının hazırkı icraat çərçivəsində qaldırdığı mirasın qəbul edilməsinə dair hüquqi fakta digər tələb-yəni mirasdan payının müəyyən olunması tələbi (icraat) çərçivəsində hüquqi qiymət verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X11 14 iyul 2020-ci il tarixdə ölmüş, ölümündən sonra mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 16 nömrəli mənzilin 1/2 hissəsi miras qalmışdır. Miras o zaman vərəsənin mülkiyyəti sayılır ki, miras vərəsə tərəfindən qəbul edilsin. Araşdırma zamanı müəyyən edilmişdir ki, T.Allahverdiyev öldükdən sonra İddiaçı sözügedən miras əmlakda yaşamış, mirası idarə etmiş, mirasdan imtina etməmişdir. Onun miras əmlakdan istifadə etməsi, miras əmlaka sahiblik etməsi məhkəmə araşdırması zamanı sübuta yetmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı miras açıldıqdan sonra miras əmlakda yaşamış, əmlakdan istifadə etmişdir ki, bu hallar da cavabdehlərin izahatı və təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 99-cu bəndində miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutun vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənədi, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olması qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası MM-in 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası MM-in 1145-cı maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası MM-in 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Miras 14 iyul 2020-ci il tarixdə faktiki olaraq açılmışdır. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras mirasın açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. İş materiallarından məlum olur ki, mərhum T.Alahverdiyev 2020-ci ildə öldükdən sonra ondan qalmış mirası heç bir vərəsə formal, yəni notarial qaydada, qəbul etməmişdir. Mərhum T.Allahverdiyevdən qalmış mirasın qeyri-formal qaydada, yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə isə, məhkəmə bununla əlaqədar qeyd edir ki, həmin miras əmlak mərhumun qızı K.Allahveriyeva tərəfindən faktiki idarə edilməklə qəbul edilmişdir. Odur ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 16 nömrəli mənzilin ½ hissəsindən payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MM-in 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın doğumundan sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa dötürənlər) bərabər paylar alırlar. Təqdim edilmiş arayışdan və tərəflərləin izahatlarından müəyyən edilmişdir ki, mərhum T.Allahverdiyevin vərəsələri İddiaçı, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1dır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı mirasda payı mirasın ½ hissəsi deyil, 1/7 hissəsi müəyyən edilməliir. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, miras əmlak ünvan 1 ünvanında yerləşən 16 nömrəli mənzilin ½ hissəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 14 iyul 2020-ci il tarixdə ölmüş X2 qalmış miras əmlakın, ünvan 1 ünvanında yerləşən 16 nömrəli mənzilin ½ hissəsindən mirası qəbul etdiyindən İddiaçı 1/7 hissə payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-21/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-21/2024
26.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver