Məhkəmə qərarları › İş №2(089)-271/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-271/2025

14.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-271/2025 14.10.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, ərizəçi İddiaçı "hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması” faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət etmiş, X-12346588 nömrəli, X- 12346588 şassi nömrəli motosikletin mərhum atası X4 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi İddiaçı ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, mərhum atası X7 01 aprel 1948-ci ildə Culfa rayonunun Qazançı kəndində doğulmuş, 25 may 2023-cü il tarixdə vəfat etmiş və ölümü 13 iyun 2023-cü il tarixdə 73 nömrə ilə qeydə alınmışdır. X-12346588 rama nömrəli, X-12346588 şassi nömrəli motosiklet mərhum atası X2 yadigar qalmışdır. Sözügedən nəqliyyat vasitəsi 1988-ci il tarixdə alınmışdır. Həmin motosiklet atasına məxsus olmuş və atası uzun müddət onu istifadə etmişdir. Həmin motosikletin öz adına sənədləşdirilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət etmiş, lakin müraciətinə baxılmasının imkan xaricində olduğu bildirilmişdir. Bacı və qardaşı da motosikletin onun adına sənədləşdirilməsinə etiraz etmir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X13 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında şahid qismində iştirak etmiş X5 izahatında bildirmişdir ki, X- 12346588 rama nömrəli, X-12346588 şassi nömrəli motosiklet əzəldən İddiaçı atası Əliyev Hüseyndə olmuşdur. Əliyev Hüseyni tanımışdır. Həmin motosikleti Nəbinin atası Əliyev Hüseyn almış, lakin hansı tarixdə alındığını bilmir. Motosikleti əvvəl İddiaçı atası, daha sonra isə Nəbinin özü istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X6 izahatında bildirmişdir ki, İddiaçı ilə sinif yoldaşı olmuşlar. Ağlı kəsəndən X-12346588 rama nömrəli, X-12346588 şassi nömrəli motosiklet Nəbigilin qapısında olmuşdur. Həmin motosiklet Nəbinin mərhum atası Əliyev Hüseynə məxsus olmuşdur. İndi isə o motosikleti Nəbi özü istifadə edir. İş materiallarına əlavə edilmiş- 30 yanvar 2022-ci il tarixli, 22 nömrəli arayışdan görünür ki, İddiaçı Culfa rayonunun Qazançı kəndində qeydiyyatda durur və yaşayır. 871493 nömrəli ölüm haqqında şədahətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 25 may 2023-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin iyun ayının 13-də 73 nömrə ilə qeyd edilmişdir. 25 iyul 2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X13 İdarəsinin rəhbərliyinə ünvanladığı müraciətə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X13 İdarəsi tərəfindən baxılmış, müraciətdə qaldırılan məsələ ilə əlaqədar olaraq bildirilmişdir ki, ərizədə qeyd olunan motosikletin sənədləşməsinə dair lazımi sənədlər tam olmadığından həmin motosikletin onun adına qeydiyyata alınması imkan xaricindədir. Nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışdan görünür ki, nəqliyyat vasitəsinin markası- İJ 6113-01, mühərrik nömrəsi- X-12346588, şassi nömrəsi- X- 12346588, rəngi- qırmızı, buraxılış ili- 1988, keçirilmiş yoxlamanın nəticəsi- həbsdə, girovda və axtarışda yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 80-ci maddəsinə əsasən, Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, yuxarıda göstərilən sübutlara görə müəyyən edilmişdir ki, İJ 6113-01 markalı, X-12346588 mühərrik nömrəli, X-12346588 şassi nömrəli nəqliyyat vasitəsi (motosiklet) 1988-ci ildə ərizəçi İddiaçı atası X7 tərəfindən alınmış, lakin alğı-satqı sənədində mərhum X3 adı qeyd edilməmişdir. X7 25 may 2023-cü il tarixdə vəfat etmiş və sözügedən motosikleti o zamandan bəri İddiaçı istifadə etmişdir. Məhkəmə icasında dindirilmiş şahidlərin izahatları ilə təsdiq olundu ki, həmin motosiklet həqiqətən mərhum X4 məxsus olmuş, o vəfat etdikdən sonra isə oğlu İddiaçı istifadəsində olmuşdur. İddiaçı motosikletin öz adına sənədləşdirilməsi üçün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X13 İdarəsinə müraicət etmiş, lakin lazımi sənədlər tam olmadığından nəqliyyat vasitəsinin qeydə alınmasından imtina edilmişdir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, İJ 6113-01 markalı, X-12346588 mühərrik nömrəli, X- 12346588 şassi nömrəli nəqliyyat vasitəsinin (motosiklet) 25 may 2023-cü il tarixdə vəfat etmiş X4 məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İJ 6113-01 markalı, X-12346588 mühərrik nömrəli, X-12346588 şassi nömrəli, buraxılış ili 1988-ci il olan nəqliyyat vasitəsinin (motosiklet) X4 məxsus olması fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar