Məhkəmə qərarları › İş №2(090)-103/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-103/2024

28.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-103/2024 28.06.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi və Şahbuz Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasın nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Şahbuz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, 22 noyabr 1974-cü il tarixdə anadan olmuş Xudiyev Babək Məmməd oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun olaraq izahatında oğlu Xudiyev Babək Məmməd oğlunun xx.xx.1974-cü il tarixdə Şahbuz rayonu, Kükü kəndində anadan olduğunu, Babəkin ikinci qrup əlil olduğunu və xx.xx.1989-cu il tarixdən “Əqli zəiflik. Şəxsiyyət dəyişkənliyi” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan Mr X6ndə dispanser qeydiyyatında dayandığını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışda Xudiyev Babək Məmməd oğlunun ikinci dərəcəli əlil olduğunun qeyd olunduğunu, Babəkin əlilliyinin müddətsiz olduğunu, kənar şəxsin qulluğuna ehtiyacı olduğunu, Babəkin özünü idarə etmək qabiliyyətində olmadığını, mülkiyyət hüquqlarını, həmçinin Babəkin öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən Babəkin həmin hüquqlarını həyat keçirə bilmədiyini, sonda Ərizəçi göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran Ərizəçi bildirdi ki, oğlu Xudiyev Babək Məmməd oğlu 11 il ondan ayrı öz ailəsi ilə birlikdə Babək rayonu, Cəhri qəsəbəsində yaşayıbdır, lakin hal-hazırda oğlu onun yanında yaşayır, Babək Xudiyevin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından qəyyumu kimi onun adından çıxış edə bilmir. Məhkəmə iclasında iştirak edən Qəyyumluq və Himayə Komissiyasın nümayəndəsi X4 izahatında ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.1994-cü il tarixli məlumatdan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Xudiyev Babək Məmməd oğluna əlil və ya sağlamlıq imkanlarının məhdudluğuna görə müddətsiz ikinci dərəcəli əlillik verilmiş, ona heboid psixopatiya, əqli zəiflik diaqnozu qoyulmuş və o, əmək qabiliyyətsiz hesab edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X6 tərəfindən verilən 17 yanvar 2024-cü il tarixli, 65 nömrəli arayışa əsasən Şahbuz rayonu, Kükü kəndində qeydiyyatda olan 1974cü il təvəllüdlü Xudiyev Babək Məmməd oğlu həqiqətən də xx.xx.1989-cu il taixdən “Əqli zəiflik. Şəxsiyyət dəyişkənliyi” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan Mr X6ndə dispanser qeydiyyatda dayanır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2024-cü il tarixli, 186 saylı rəyində qeyd edilmişdir ki, Xudiyev Babək Məmməd oğlunda “Anadangəlmə əqli zəiflik. Debillik səviyyəsində. Davranış pozuntusu ilə” psixi xəstəliyi var. Xudiyev Babək Məmməd oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Xudiyev Babək Məmməd oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. İş materiallarında olan 265700 nömrəli doğum haqqında çıxarışdan görünür ki, Xudiyev Babək Məmməd oğlu 22 noyabr 1974-cü ildə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 71 nömrə ilə qeyd edilmiş, ata qrafasında Ərizəçi, ana qrafasında isə X5 yazılmışdır. İş materiallarında olan Şahbuz rayonu Kükü kənd İcra Nümayəndəliyi tərəfindən verilən 309863 nömrəli nikah haqqında çıxarışdan görünür ki, Xudiyev Babək Məmməd oğlu ilə X7 arasında nikah 16 yanvar 1998-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra qadına “Xudiyeva” soyadı verilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 402791 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Xudiyev Babək Məmməd oğlu ilə X8 arasında olan nikaha 29 mart 2024-cü il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Ərizəçi Şahbuz rayonu, Kükü kəndində qeydiyyatdadır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatına, iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Xudiyev Babək Məmməd oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Lakin, onun üzərində qəyyum təyin edilməsi məsələsi məhkəmə tərəfindən həll olunmalı olmadığına görə Babək Xudiyev üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məhkəmə tərəfindən məlumat verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Xudiyev Babək Məmməd oğlunun xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 307, 308, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 22 noyabr 1974-cü ildə anadan olmuş, Şahbuz rayonu, Kükü kəndində qeydiyyatda olan Xudiyev Babək Məmməd oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə Xudiyev Babək Məmməd oğlu üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar