Məhkəmə qərarları › İş №2(090)-145/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-145/2021

31.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-145/2021 31.08.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Həsənov Kəramət Sevindik oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3nə, Babayeva (Məmmədova) Üfalə Teyyub qızına və Cavabdeh1 qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi” tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Şahbuz Rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh1 ilə X6 arasında 31 mart 2016-cı il tarixdə Şahbuz Rayon Dövlət Notariat Kontorasında təsdiq olunmuş 4 Ə-10 nömrəli reyestrlə qeydə alınmış bağışlanma müqaviləsinin etibarsız hesab olunması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 24 avqust 2021-ci l tarixdə keçirilən baxış iclasında iddiaçı qismində izahat verən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 ilə 2006-cı ilin iyul ayında rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurublar, onların həmin nikahdan Vüsalə, İnci və Ləman adlı üç övladı vardır, onlar birgə nikahda olan zaman, yəni 2016-cı il tarixdə ünvan 3ində 0.319 ha torpaq sahəsi verilibdir, sonradan ona məlum olubdur ki, həmin torpaq sahəsini Cavabdeh1 onun razılığı və xəbəri olmadan 31 mart 2016-cı il tarixdə X3 bağışlayıbdır. O, torpağın Cavabdeh1 tərəfindən bağışlandığını bilməyibdir və torpağın sənədləşdirilməsində iştirak etməyibdir. O, ümumiyyətlə X6 adında şəxsi tanımır və həyat yoldaşının həmin torpaq sahəsini nə üçün bağışlamasını bilmir, çünki onlara məxsus olan torpaq sahəsi təmənnasız olaraq başqa şəxsə bağışlana bilməz. Əlavə olaraq İddiaçı bildirdi ki, 20 dekabr 2019-cu il tarixdə Şahbuz Rayon Məhkəməsində Cavabdeh1, Cavabdeh3, X6 və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi tələbinə dair iddia ərizəsi ilə müraciət edibdir, həmin iddia tələbinin təmin olunması barədə qərar verilibdir, həmin qətnamədən cavabdeh Məmmədova (Babayeva) Üfalə Teyyub qızı tərəfindən apellyasiya şikayəti verilib, apellyasiyada baxılan zaman cavabdeh ilə məhkəmədən kənar razılıq əldə olunması üçün iddia ərizəsini geri götürübdür, lakin cavabdeh ilə razılıq əldə olunmadığı üçün yenidən məhkəmədə iddia qaldırmaq qərarına gəlibdir, sonda İddiaçı qeyd edilənləri nəzərə alaraq iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən verilən sualları cavablandıran İddiaçı bildirdi ki, iddia tələbində göstərilən torpaq sahəsi Cavabdeh1 ilə birgə nikah dövründə verilibdir, həmin torpaq sahəsinin yoldaşı Cavabdeh1 Ü.Babayevaya bağışlamasını o sonradan bilibdir və həmin torpağın bağışlaması ilə əlaqədar notariusa heç bir ərizə verməyibdir, o ümumiyyətlə notariat ofisində olmayıbdır və orada razılıq verməyibdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin 25.08.2021-ci il tarixdə məhkəmənin ünvanına daxil olan ərizəsində səhhəti ilə əlaqədar məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh qismində iştirak edən Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, həqiqətən də İddiaçı ilə o, 2006-cı ildə evləniblər, onların evliliyindən üç övladları doğulubdur, onlar birgə nikahda olan zaman, yəni 2016-cı ildə Şahbuz rayon Biçənək kəndində 0.319 ha torpaq sahəsi verilibdir, həmin torpaq sahəsini o şəxsi mülkiyyəti bilib X3 bağışlayıbdır, buna görə də onunla İddiaçı arasında ailə problemləri də yaranıbdır, hazırki iş üzrə iddianın təmin edilməsinə etiraz etmir. Sonda Cavabdeh1 göstərilənləri nəzərə alınaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran Cavabdeh1 bildirdi ki, o hazırki mübahisəli torpaq sahəsini özünün şəxsi mülki bilib Babayeva (Məmmədova) Üfalə Teyyub qızına bağışlayıbdır, mübahisəli torpaq sahəsini İddiaçı ilə birgə nikah dövründə əldə edibdir, müqavilə bağlanan zaman İddiaçı Notariat Ofisində olmayıbdır, həmin vaxt Babayeva (Məmmədova) Üfalə Teyyub qızı da Notariat Ofisində olmayıbdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh təşkilat Cavabdeh3nə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin 31 avqust 2021-ci il tarixli ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasını Cavabdeh3ndə görüləcək olan işlərin say çoxluğunu nəzər alaraq onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə digər cavabdeh Babayeva (Məmmədova) Üfalə Teyyub qızına rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdeh təşkilat Şahbuz Rayon Dövlət Notariat Ofisinin nümayəndəsi və digər cavabdeh Babayeva (Məmmədova) Üfalə Teyyub qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh1 Şahbuz rayonu, Biçənək kəndində qeydiyyatdadır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Babayeva (Məmmədova) X4 şəhəri, İstiqlal küçəsi, döngə 1, ev 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Az-İ seriyalı, 174846 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ilə X1 nikahları 04 iyul 2006-cı il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmiş, nikahdan sonra arvada “Quliyeva” soyadı verilmişdir. İş materiallarında olan 31 mart 2016-cı il tarixli Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsi ilə Cavabdeh1 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.319 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə hədiyyə alan Babayeva (Məmmədova) Üfalə Teyyub qızının mülkiyyətinə verilməsi və Şahbuz rayon dövlət notariat kontorunda 4Ə-10 nömrə ilə qeydə alınması müəyyən olunur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 12.04.2019-cu il tarixdə tərtib edilmiş A seriyalı, 013496 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Şahbuz rayonu Biçənək kəndində yerləşən 0.32 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 05.04.2016-cı il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan məlum olur ki, Şahbuz rayonu, Biçənək kəndində yerləşən 0.319 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə **********30 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə Məmmədova (Babayeva) Üfalə Teyyub qızının adına daşınmaz əmlakın dövlət reyestrində 20/3 nömrəli reyestr kitabının 418 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh3nə, Babayeva (Məmmədova) Üfalə Teyyub qızına və Cavabdeh1 qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi” tələbinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3nə, Babayeva (Məmmədova) Üfalə Teyyub qızına və Cavabdeh1 qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İddia ərizəsində iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinə dair 31 mart 2016-cı il tarixli bağışlanma müqaviləsi bağlanılarkən birgə mülkiyyətçi kimi iddiaçının razılığı alınmamış və notarial qaydada razılıq verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 342.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin maddənin məzmunundan görünür ki, iradə ifadəsinə zidd əqd bağlamış tərəfin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq həmin əqdi mübahisələndirmək hüququ var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 31.1 və 31.2-ci maddələrinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 32-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə..., ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33-cü maddəsi ilə ərarvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6.-cı maddəsinin tələbinə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 666-cı maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin ikinci hissəsinə görə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan norma baxımından hesab edir ki, Cavabdeh1 ilə Babayeva (Məmmədova) Üfalə Teyyub qızı arasında mübahisəli torpaq sahəsinə dair 31 mart 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi bağlanan zaman İddiaçı razılığı alınmadan, onun iradə ifadəsinə zidd əqd Şahbuz Rayon Notariat kontorunda təsdiq edilmişdir. Bununla da yuxarıda göstərilən qanunvericiliyin tələblərinə riayət edilmədiyindən İddiaçı hüquqları pozulmuşdur. Cavabdeh tərəf iddiaya qarşı öz etirazını və ya iddianı təkzib edəcək hər-hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2.-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Аzərbaycan Respublikası Мülki-Prosessual Мəcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 ilə Babayeva (Məmmədova) Üfalə Teyyub qızı arasında bağlanmış, 31 mart 2016-cı il tarixdə Şahbuz rayon Dövlət Notariat Kontorasında təsdiq olunmuş və 4Ə-İ-10 saylı reyestrlə qeydə alınmış bağışlanma müqaviləsi etibarsız hesab olunsun. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Məmmədova (Babayeva) Üfalə Teyyub qızına məxsus olan, Şahbuz rayonunun Biçənək kəndində yerləşən 0.319 hektar torpaq sahəsinə verilmiş 05.04.2016-cı il tarixdə rəsmiləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrində 20/3 nömrəli reyestr kitabının 418 nömrəli vərəqində qeydiyyata alınmış **********30 reyestr nömrəli, ********** nömrəli qeydiyyat ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar