Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-150/2024 09.09.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi və Şahbuz Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasın nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Şahbuz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, 07 may 2006cı il tarixdə anadan olmuş Baxşəliyev Ülvü Qorxmaz oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun olaraq izahatında Baxşəliyev Ülvünü onun oğlu olduğunu, oğlunun ikinci qrup əlil olduğunu, oğluna əlilliyə görə ödənilən pulu alması üçün banka müraciət etdiyini, bankdan isə ona qəyyumunun gəlməli olduğunu, oğluna qəyyum təyin edilməsi üçün oğlunun fəaliyyət qabiliyyətli olmamasının müəyyən edilməli olduğunu, oğlu Ülvünün əqli zəif olduğunu, onun kənar şəxsin qulluğuna ehtiyac olduğunu, Ülvünün özünü idarə etmək qabiliyyətində olmadığını göstərərək, sonda Ərizəçi göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qəyyumluq və Himayə Komissiyasın nümayəndəsi Nümayəndə2 izahatında ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi NMR Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli müayinə qərarına əsasən Baxşəliyev Ülvü Qorxmaz oğlu komissiya tərəfindən müayinə olunmuş və ona “əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, üzvi mənşəli affektiv pozğunluq” diaqnozu qoyulmuş və o, əmək qabiliyyətsiz hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 14 avqust 2024cü il tarixli, 296 saylı rəyində qeyd edilmişdir ki, Baxşəliyev Ülvü Qorxmaz oğlu “ağır dərəcəli əqli gerilik” psixi xəstəliyindən əziyyət çəkir. Baxşəliyev Ülvü Qorxmaz oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Baxşəliyev Ülvü Qorxmaz oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. İş materiallarında olan AZ-İ seriyalı, 792058 nömrəli doğum haqqında Şəhadətnamədən görünür ki, Baxşəliyev Ülvü Qorxmaz oğlu 07 may 2006-cı ildə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 71 nömrə ilə qeyd edilmiş, ana qrafasında Ərizəçi, ata qrafasında isə Baxşəliyev Qorxmaz Fərman oğlu yazılmışdır. İş materiallarında olan “Elektron Məhkəmə” Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Ərizəçi Şahbuz rayonu, Kükü kəndində qeydiyyatdadır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatına, iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Baxşəliyev Ülvü Qorxmaz oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Lakin, onun üzərində qəyyum təyin edilməsi məsələsi məhkəmə tərəfindən həll olunmalı olmadığına görə Ülvü baxşəliyevin üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məhkəmə tərəfindən məlumat verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Baxşəliyev Ülvü Qorxmaz oğlunun xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 308, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 07 may 2006-cı ildə anadan olmuş, Şahbuz rayonu, Kükü kəndində qeydiyyatda olan Baxşəliyev Ülvü Qorxmaz oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə Baxşəliyev Ülvü Qorxmaz oğlu üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-150/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-150/2024
09.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver