Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-177/2024 16.12.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X11 iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək atası X8 ölümündən sonra miras qalmış Şahbuz rayonu, Daylaqlı kəndində yerləşən 0.0941 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 104.06 kv.m fərdi yaşayış evindən anası X4 və qardaşı Kərimli (Alkərimov) Sadiq Abış oğlunun ölümündən sonra miras qalmış Şahbuz rayonu, Daylaqlı kəndində yerləşən 0.0941 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 104.06 kv.m fərdi yaşayış evindən ibarət mirasda anası X4 payının tam olması və anasının ölümündən sonra miras əmlakın özünün, İddiaçı tərəfindən qəbul edilməsi və bütün miras əmlakda payının tam olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında iddiasını müdafiə etdiyini, əvvəllər soyadının Alkərimova olduğunu, ərə getdikdən sonra soyadının dəyişərək Abbasova olduğunu, atası X8 15 may 2010-cü il tarixdə vəfat etdiyini, onun ölümündən sonra mübahisə predmeti olan evdə anası X4, qardaşı Kərimli (Alkərimov) Sadiq Abış oğlunun və onun yoldaşı Cavabdeh4 yaşadığını, qardaşı Sadiq Alkərimovun 26 mart 2020-ci il tarixdə vəfat etdiyini, vəfat etmədən öncə qardaşı S.Kərimliin hardasa 2019-cu ilin avqust ayında yoldaşı Cavabdeh4 ilə nikahlarının pozulması barədə məhkəməyə müraciət etdiyini, boşanmaya səbəb isə qardaşı ilə Cavabdeh4 uşaqlarının olmaması və onlar arasında mübahisə olduğunu, lakin qardaşının əsəb-stres xəstəliyindən əziyyət çəkdiyini, buna görə də məhkəmə prosesini başa çatdıra bilmədiyini, qardaşının boşanmaq üçün ərizə verdikdən sonra səhhətinin pisləşdiyini, Cavabdeh4 zəng vurduğunu və ondan qardaşına həkimin təyin etdiyi dərmanları verməsini istədiyini, qardaşının dərman istifadə etməkdən imtina etdiyini, həmin vaxt isə Cavabdeh4 cehiz əşyalarını yığaraq atasının evinə getdiyini, qardaşı rəhmətə getdikdən sonra onun Cavabdeh4 həmin evdə anası ilə qalmasını istədiyini, lakin Cavabdeh4 atasının evinə getdiyini və anasının evdə tək qaldığını, Cavabdeh4 anasına və qardaşına baxmadığını, Cavabdeh4 qardaşları gələrək onu apardığını, qardaşı S.Kərimlinin yas mərasimi zamanı Cavabdeh4 ilk vaxtdan getmək istədiyini bildirdiyini, lakin onun qalması üçün təkid etdiklərini, Cavabdeh4 hardasa 10-15 gün həmin evdə anası ilə qaldığını, sonra isə getdiyini, getdikdən sonra bir neçə dəfə yas mərasimləri üçün gəldiyini, qardaşının Cavabdeh4 40 mərasimində iştirak etdiyi, qonaq kimi gəlib-getdiyini, anası X4 11 iyul 2023-cü il tarixdə vəfat etdiyini, anasının da yas mərasiminə Cavabdeh4 yalnız bir dəfə gəldiyini, anasının ölümündən sonra Cavabdeh4 heç bir dəfə də həmin evə gəlmədiyini bildirmişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərər alaraq iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında əvvəllər soyadının Alkərimova olduğunu, 1986-cı ildə ailə qurduqdan sonra soyadını Süleymanova olaraq dəyişdiyini, atası vəfat etdikdən sonra atasından qalan evdə anası X4, qardaşı Kərimli (Alkərimov) Sadiq Abış oğlunun və onun yoldaşı Cavabdeh4 yaşadığını, Cavabdeh4 ilə qardaşı Sadiq ilə aralarında mübahisə olduğunu, qardaşının isə məhkəməyə boşanmaq üçün müraciət etdiyini, qardaşının əsəb xəstəliyi olduğunu, Cavabdeh4 evi tərk etdiyini və cehizlərini apardığını, sonra bacılarının və özünün təkidi ilə Cavabdeh4 evə qayıtdığını, lakin cehiz əşyalarını gətirmədiyini, qardaşının 26 mart 2020-ci il tarixdə vəfat etdiyini, bundan sonra yas mərasimləri zamanı anasının və Cavabdeh4 həmin evdə yaşadığını, Cavabdeh4 anası ilə qalmasını idtədiklərini, lakin Cavabdeh4 10-15 gün anası ilə birlikdə yaşadığını, daha sonra isə evi tərk edərək atasının evinə getdiyini, aralarında əmlakla bağlı söhbət olmadığını, Cavabdeh4 evdə olan payı barədə heçnə demədiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 izahatında iddiaçının həqiqəti danışmadığını, Sadiq Alkərimovun 26 mart 2020-ci il tarixdə vəfat etdiyini, onun vəfatından sonra həmin evdə yaşadığını, iddiaçının anası ilə həyəti əkib becərdiyini, evin təsərrüfatı ilə anası ilə birlikdə məşğul olduqlarını, Sadiq Alkərimovun məhkəməyə nikahın pozulması ilə bağlı müraciət etdiyini, lakin onun xəstə olması və xəstəxanaya yerləşdirilməsi səbəbindən məhkəmənin keçirilmədiyini, həmin zaman Şahbuz rayonu, Daylaqlı kəndində birlikdə yaşadıqlarını, Sadiq Alkərimovun psixi xəstəliyi olduğunu, S.Kərimliin ona “qarşıdan qurban bayramı gəlir, atanın evinə get, yoxsa sənin başını kəsəcəm” dediyini, Sadiq Alkərimovun dərmanlarını istifadə etmədiyini, ailə quran zaman onun xəstəliyini bilmədiyi, sonradan xəbəri olduğunu, 5 il Sadiq Alkərimovun dərmanlarını bir-bir verdiyini, həmin hadisədən sonra təxminən 2019-cu ilin avqust ayının 18-dən sonra qardaşlarının gələrək onu apardığını, Sadiq Alkərimovun noyabr ayında ona zəng vuraraq gəlib aparacağını bildirdiyini, onun da qəbul etdiyini və evə qayıtdığını, həmin vaxt cehiz əşyaları atasının evində qaldığını, yas mərasimləri zamanı orada qaldığını və iştirak etdiyini, baldızlarının cümə axşamları oraya gəldiklərini, baldızı Gülnarın anasını yanına aparmaq istədiyini, qaynanasının isə ona görə, evdə tək qalmaması üçün getmədiyini, buna görə də qaynanasının qızı ilə getməsi üçün atasının evinə getdiyini, şahidin dedikləri ilə razı olmadığını, əri S.Kərimlinin ölümündən sonra 3-4 ay orada qaldığını, 2024-cü ilin iyun ayının sonlarında evdən getdiyini, həmin vaxtdan orada yaşamadığını, il mərasimində iştirak etmək üçün getdiyini və qayıtdığını, yoldaşından qalan miras əmlakı ilə bağlı rəsmi olaraq dövlət orqanlarına müraciət etmədiyini, baldızları ilə də orada olan payı barədə söhbət olmadığını, yoldaşı öldükdən sonra heçnə tələb etmədiyini, yalnız qaynanasına ona da evin açarını verməsini bildirdiyini, qaynanasının isə açar vermədiyini, qaynanası vəfat etdikdən sonra orada yaşamadığını, Sadiq Alkərimovun vərəsəsi olduğunu, mübahisəli miras əmlakda onun mərhum yoldaşı S.Kərimlinin payının olması, mərhum qaynatası X8 ölümündən sonra mərhum əri S.Kərimlinin qaynatasının ölümündən sonra həmin evdə yaşayaraq miras əmlaka faktiki sahiblik edərək qəbul etdiyini və əri S.Kərimlinin ölümündən sonra isə onun mübahisəli miras əmlakda yaşayaraq ərindən qalmış mirası qəbul etdiyini, əvvəllər əmlakla bağlı tələbi olmadığını, indi isə tələb etdiyini, izahatına əlavəsi olmadığını bildirmiş, əmlakda olan payının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçı tərəfindən dəvət olunan Şahid izahatında Cavabdeh4 ilə qohumluğu olmadığını, digərləri ilə həmkəndli münasibəti olduğunu, həm də uzaq qohum olduqlarını, tarixi dəqiq xatırlamadığını, X8 2010-cü il tarixdə vəfat etdiyini, onun ölümündən sonra evdə X4, Kərimli (Alkərimov) Sadiq Abış oğlunun və onun yoldaşı Cavabdeh4 yaşadığını, Sadiq Alkərimovun təxminən 2-3 il bundan qabaq vəfat etdiyini, X12 vəfat etdikdən sonra isə həmin evdə heç kimin yaşamadığını, yalnız qızlarının evə gələrək evə baxdığını və həyəti suvardığını, Cavabdeh4 həmin evə gəlmədiyini, Sadiq Alkərimovun vəfatından sonra Cavabdeh4 oraya gəlməsini görmədiyini, bir dəfə evin su təchizatında nasazlıq olduğunu su idarəsi əməkdaşlarının gəlib nasazlığı aradan qaldırdığını, lakin orada ev sakinlərindən kimin həmin zaman gəlməsini bilmədiyini, orada daimi yaşayış barədə məlumatı olmadığını, gəlin Cavabdeh4 yas mərasimindən sonra evi tərk etdiyini eşitdiyini, Cavabdeh4 yasdan sonra orada görmədiyini, arxın başına suyu vurmaq üçün gəldikdə Alkərimova Gülarənin qızları ilə orada rastlaşdığını, onların da həyətə su vurduqlarını gördüyünü bildirmişdir. İş materiallarında olan Cavabdeh1 Şahbuz Rayon Məhkəməsinin ünvanına daxil olmuş xx.xx.2024-cü il tarixli teleqramında Şahbuz Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki işə onun iştirak olmadan baxılmasını, mirasın İddiaçı tərəfindən qəbul edildiyini, mirasın İddiaçı tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Cavabdeh2 Şahbuz Rayon Məhkəməsinin ünvanına daxil olmuş xx.xx.2024-cü il tarixli teleqramında Şahbuz Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki işə onun iştirak olmadan baxılmasını, mirasın İddiaçı tərəfindən qəbul edildiyini, mirasın İddiaçı tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Cavabdeh3 Şahbuz Rayon Məhkəməsinin ünvanına daxil olmuş xx.xx.2024-cü il tarixli teleqramında Şahbuz Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki işə onun iştirak olmadan baxılmasını, mirasın İddiaçı tərəfindən qəbul edildiyini, mirasın İddiaçı tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında akt kitabından çıxarışa əsasən X8 01 may 1954-cü ildə doğulması, atasının X9, anasının isə X13 olması müəyyən edilir. İş materiallarında olan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah akt kitabından çıxarışa əsasən X16 ilə X5 xx.xx.1965-ci ildə nikaha daxil olduqları, kitabda 01 nömrə ilə qeyd aparıldığı müəyyən olunur. İş materiallarında olan Şahbuz rayon Sələsüz kənd İcra Nümayəndəliyi tərəfindən verilən AZ-V seriyalı, 213874 nömrəli doğum haqqında şəhadətnamənin təsdqi olunmuş surətindən görünür ki, X14 xx.xx.1965-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ana qrafasında X12, ata qrafasında X16 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 595326 nömrəli doğum haqqında akt kitabından çıxarışa əsasən X10 xx xxxx 1969-cu ildə doğulması, atasının X16, anasının isə X12 olması müəyyən edilir. İş materiallarında olan AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X2 xx.xx.1971-ci ildə doğulması, atasının X16, anasının isə X12 olması müəyyən edilir. İş materiallarında olan AZ-V seriyalı, 213873 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X15 xx.xx.1972-ci ildə doğulması, atasının X16, anasının isə X12 olması müəyyən edilir. İş materiallarında olan 364303 nömrəli doğum haqqında akt kitabından çıxarışa əsasən X18 21 iyun 1975-ci ildə doğulması, atasının X16, anasının isə X12 olması müəyyən edilir. İş materiallarında olan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm akt qeydləri kitabından çıxarışa əsasən X6 xx.xx.1978-ci ildə ölməsi, bu barədə 05 nömrə ilə qeydiyyat aparılması müəyyən edilir. İş materiallarında olan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm akt qeydləri kitabından çıxarışa əsasən X1 xx.xx.1986-cı ildə ölməsi, bu barədə 01 nömrə ilə qeydiyyat aparılması müəyyən edilir. İş materiallarında olan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah akt kitabından çıxarışa əsasən X27 ilə X20 xx.xx.2015-ci ildə nikaha daxil olduqları, kitabda 12 nömrə ilə qeyd aparıldığı müəyyən olunur. İş materiallarında olan AZ-İ seriyalı, 334395 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdə ölməsi, bu barədə 03 nömrə ilə qeyd edildiyi müəyyən olunur. İş materiallarında olan AZ-İ seriyalı, 699618 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X18 xx.xx.2020-ci il tarixdə ölməsi, bu barədə 15 nömrə ilə qeyd edildiyi müəyyən olunur. İş materiallarında olan AZ-İİ seriyalı, 296283 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə ölməsi, bu barədə 70 nömrə ilə qeyd edildiyi müəyyən olunur. İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyəti Daylaqlı kənd İƏDN tərəfindən verilən 09 fevral 2023-cü il tarixli, 25 nömrəli arayışda X8 Şahbuz rayonu, Daylaqlı kəndində yaşaması, xx.xx.2010-cu il tarixdə vəfat etməsi və vərəsələrinin arvadı- X12 (xx.xx.2023-cü ildə ölmüşdür), Cavabdeh1, Cavabdeh3, İddiaçı, Cavabdeh2, X27 (xx.xx.2020-ci ildə ölmüşdür) olması müəyyən olunur. İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyəti Daylaqlı kənd İƏDN tərəfindən verilən 09 fevral 2023-cü il tarixli, 26 nömrəli arayışda X18 Şahbuz rayonu, Daylaqlı kəndində yaşaması, xx.xx.2020-ci il tarixdə vəfat etməsi və vərəsəsinin Cavabdeh4 olması müəyyən olunur. İş materiallarında olan Şahbuz Rayon Daylaqlı Bələdiyyəsi tərəfindən verilən 09 fevral 2023-cü il tarixli, 01 nömrəli arayışdan X8 Şahbuz Rayon Daylaqlı Bələdiyyəsinə vergi borcunun olmaması müəyyən olunur. İş materiallarında olan İddiaçı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Şahbuz rayon Notariat ofisinə ünvanladığı 10 oktyabr 2023-cü il tarixli ərizəsində atası X17 26 may 2010-cu il tarixdə öldüyünü, onun ölümündən sonra Şahbuz rayonu, Daylaqlı kəndində mülkiyyətində olaraq miras qalmış evin anası X4 faktiki olaraq qəbul edərək 11 iyul 2023-cü il tarixədək həmin evdə yaşadığını, anasının ölümündən sonra isə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış əmlakını birinci növbəli vərəsə olaraq özünün qəbul etdiyini, mərhum atası X7 miras qalmış əmlakın anası X4 və onun ölümündən sonra özü tərəfindən birinci növbəli vərəsə olaraq qəbulu barədə ərizəsinin nəzərə alınmasını xahiş etdiyi müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Şahbuz rayon Notariat ofisinin İddiaçı ünvanladığı 18 oktyabr 2023-cü il tarixli, 78 nömrəli məktubunda mərhum X7 miras qalmış Naxçıvan MR, Şahbuz rayonu, Daylaqlı kəndində yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi ilə bağlı müraciətin Şahbuz rayon Notariat Ofisinə daxil olduğunu, ərizədə atanın xx.xx.2010-cu il tarixdə vəfat etdiyini, ondan fərdi yaşayış evinin miras qaldığını, həmin miras əmlakın atanın ölümündən sonra mərhum ana X12 tərəfindən faktiki qəbul edildiyini və ana vəfat etdikdən sonra həmin miras əmlakın İddiaçı qəbul etdiyinin qeyd edildiyi, ərizəyə miras qoyanın ölüm faktını təsdiq edən sənədlər (fiziki şəxsin ölümü haqqında qeydiyyat orqanının verdiyi şəhadətnamə və ya şəxsin ölmüş elan edilməsi, yaxud ölümün qeydə alınması faktı barədə çıxarılmış məhkəmə qərarı), miras qalmış əmlakın hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, ərizəçinin miras qoyanla qohumluq münasibətini təsdiq edən sənədlərin əlavə edilmədiyi, məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan aydın olur ki, Naxçıvan MR, Şahbuz rayonu, Daylaqlı kəndində yerləşən 0.0941 ha olan torpaq sahəsi və 104.06 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 24/4 nömrəli reyestr kitabının 776 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********40-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi: xx.xx.2023). İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyəti Daylaqlı kənd İƏDN tərəfindən verilən 11 sentyabr 2024-cü il tarixli, 78 nömrəli arayışda X4 Şahbuz rayonu, Daylaqlı kəndində yaşaması, xx.xx.2023-cü il tarixdə vəfat etməsi və vərəsələrinin Cavabdeh1, Cavabdeh3, İddiaçı, Cavabdeh2, X27 (xx.xx.2020-ci ildə ölmüşdür) olması, Cavabdeh4 həmin təsərrüfatda qeydiyyatda dayanması müəyyən olunur. İş materiallarında olan “Elektron Məhkəmə” sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Cavabdeh1 Babək rayonu, Nəzərabad kəndində qeydiyyatdadır. İş materiallarında olan “Elektron Məhkəmə” sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Cavabdeh2 Babək rayonu, Didivar kəndində qeydiyyatdadır. İş materiallarında olan “Elektron Məhkəmə” sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Cavabdeh3 Babək rayonu, Vayxır kəndində qeydiyyatdadır. İş materiallarında olan “Elektron Məhkəmə” sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Cavabdeh4 Şahbuz rayonu, Daylaqlı kəndində qeydiyyatdadır. Məhkəmə toplanmış sübutlara, iddiaçının, cavabdehlərin ərizələri və izahatlarına, eyni zamanda şahid ifadəsinə və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə X16 və X4 ümumi paylı mülkiyyətlərində olan miras qalmış Şahbuz rayonu, Daylaqlı kəndində yerləşən 0.0941 ha olan torpaq sahəsi və 104.06 kv.m fərdi yaşayış evindən ibarət mirasın İddiaçı tərəfindən qəbul etməklə, həmin miras əmlakda iddiaçının payının tam olması müəyyən edilməlidir. Belə ki, iş üzrə sübutlarla tam təsdiq olunur ki, X16 və X12 vəfat etdikdən sonra onlardan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onların adına qeydiyyata alınmış Şahbuz rayonu, Daylaqlı kəndində yerləşən həyətyanı torpaq sahəsi və üzərində yerləşən yaşayış evi miras qalmış, miras qoyanın ölməsi ilə vərəsəlik açılan gündən onların qızı İddiaçı miras qalmış həyətyanı torpaq sahəsi və üzərində yerləşən yaşayış evinə sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla birinci növbə vərəsə kimi X16 və X3 qalmış mirasa yiyələnməklə həmin mirası qəbul etmişdir. Belə ki, tərəflərin izahatları və mülki işə əlavə edilmiş qaz, elektrik poçt ödənişlərinin İddiaçı tərəfindən aparılması və təsərrüfatın idarə edilməsi müəyyən olunur ki, bununla da İddiaçı mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə həmin mirası qəbul etmişdir. İş üzrə birinci növbə vərəsələr cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəməyə ərizə ilə müraciət edərək mərhum X16 və X4 ümumi paylı mülkiyyətlərində olan miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə Cavabdeh4 mübahisəli miras əmlakda onun mərhum yoldaşı S.Kərimlinin payının olması, mərhum qaynatası X8 ölümündən sonra mərhum əri S.Kərimlinin qaynatasının ölümündən sonra həmin evdə yaşayaraq miras əmlaka faktiki sahiblik edərək qəbul etməsi və əri S.Kərimlinin ölümündən sonra isə onun mübahisəli miras əmlakda yaşayaraq ərindən qalmış mirası qəbul etməsi barədə tələbinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh4 mərhum əri S.Kərimlinin ölümündən sonra ondan miras qalmış əmlakın onun tərəfindən istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul eməsi və ya Cavabdeh4 tərəfindən miras əmlakın faktiki qəbul etməsi barədə hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Cavabdeh4 məhkəmədə verdiyi izahatında isə ”yoldaşından qalan miras əmlakı ilə bağlı rəsmi olaraq dövlət orqanlarına müraciət etmədiyini, baldızları ilə də orada olan payı barədə söhbət olmadığını, yoldaşı öldükdən sonra heçnə tələb etmədiyini.....əvvəllər əmlakla bağlı tələbinin olmadığını, indi isə tələb etdiyini” göstərmişdir. Məhkəmə ilk olaraq maddi hüquq normalarının tətbiqi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “26” dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilərək, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materialları ilə müəyyən olunur ki, miras qoyan X16 xx.xx.2010-cu il tarixdə, digər miras qoyan X12 isə xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən, yəni miras qoyanlarla iddiaçı arasında hüquq münasibətləri həmin tarixdə yarandığından, hazırki iş üzrə 2000-ci il sentyabr ayının 1-dən qüvvədə olan Mülki Məcəlləsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmçinin qeyd edilən Məcəllənin 1246-ci maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “18” mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi əsaslı olduğundan təmin olunmalı, X16 və X3 miras qalmış Şahbuz rayonu, Daylaqlı kəndində yerləşən xüsusi mülkiyyətə verilmiş 0.0941 ha torpaq sahəsi və üzərində yerləşən 104.06 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakın İddiaçı tərəfindən qəbul etməsi və onun mirasda payının tam olması müəyyən edilməli, iddia qaldırılan zaman ödənilən dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X16 və X3 miras qalmış Şahbuz rayonu, Daylaqlı kəndində yerləşən xüsusi mülkiyyətə verilmiş 0.0941 ha torpaq sahəsi və üzərində yerləşən 104.06 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakın İddiaçı tərəfindən qəbul etməsi və onun mirasda payının tam olması müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-177/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-177/2024
16.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver